Məhkəmə qərarları › İş №1(021)-20/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-20/2023

09.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-20/2023 09.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Bərdə rayonu Balaqəcər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, Bərdə Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti cəza 01(bir) il 11(on bir) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilərək 01 (bir) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmiş, məhkumluğu ödənilmiş, Bərdə rayonu Balaqəcər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla özgə əmlakını gizli yolla talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə 14 yanvar 2022-ci il tarixdə saat 15 radələrində Bərdə rayonu Balaqəcər kəndində yerləşən qonşusu Zərərçəkmiş şəxs övladı Vüsal Ağayevə məxsus fərdi yaşayış evinə həmin evin pəncərəsinin şüşəsini açmaqla qanunsuz daxil olaraq, evdən 1 ədəd 300 manat dəyərində 32 ekran ölçüsündə “LG” markalı televizor, 1 ədəd 230 manat dəyərində kiçik ölçülü xalça, 1 ədəd 50 manat dəyərində “LG” markalı 350 volt-luq tozsoran, 2 ədəd hərəsinin qiyməti 10 manat olan güldanları və 1 ədəd 100 manat dəyərində “Ega” firmasına məxsus 30-luq su motorunu gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs 700 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə rayonu Balaqəcər kəndində anadan olub, hazırda elə həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Subaydır, orta təhsillidir. Rəsmi olaraq heç bir yerdə işləmir. Uzun müddətdir ki, narkotik vasitələri istifadə edir. Sonuncu dəfə Bərdə rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib. 1 il şərti sınaq cəzasına məhkum olunubdur. Zərərçəkmiş şəxs həmkəndlisi və qonşusudur. Mürşüd ilə onun yaşadığı ev onun DİN-nin 102 xidmətinə etdiyi müraciətlə tanış olub. Mahiyyəti üzrə bildirmək istəyir ki, pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlib. Qapı qonşusu Mürşüdün evinin arxasında Mürşüdün oğlu Vüsala məxsus mənzil yerləşirmiş. Vüsalın Bakı şəhərində yaşamasından onun xəbəri olubmuş. Ona görədə Vüsala məxsus mənzilə daxil olmaq qərarına gəlib. 14 yanvar 2022ci il tarixdə saat 15 radələrində Vüsala məxsus ünvanın həyətinə hasardan tullanaraq daxil olub. Ətrafa baxaraq heç kimin olmadığına əmin olduqdan sonra həmin həyətdə yerləşən Vüsala məxsus mənzilə daxil olmaq qərarına gəlib. Mənzilin sağ hissəsində yerləşən pəncərənin mismarlarını əliylə buraraq açıb, şüşəsini çıxardıb. Daha sonra həmin pəncərədən mənzilə daxil olub. Ev 1 böyük otaq, 1 kiçik otaqdan ibarət olub. Böyük otaq boş olduğunu bildirib. O, kiçik otaqdan 1 ədəd kiçik ölçülü gəbə, 1 ədəd sarı rəngli tozsoran və 2 ədəd şüşə güldanı oğurlayıb, pəncərədən həyətə çıxardıb. Pəncərənin şüşəsini yerinə qoyaraq, mismarlarını bərkidib. Daha sonra həyəti gəzməyə başlayıb. Həyətdə olan hamama daxil olub. Həmin hamamda qoşulmamış vəziyyətdə göy rəngli su matoru olmasını görüb. Həmin su matorunu da götürərək, digər oğurladığı əşyalarla birlikdə həmin ünvandan uzaqlaşıb. O, oğurladığı əşyaları əvvəlcə kisəyə yığıb ki, hasardan rahat keçirsin. Oğurladığı əşyaları yaşadıqları kənddə yerləşən bağlıq ərazisində gizlədib. Səhərisi gün oğurladığı əşyaları Bərdə şəhər Köhnə bazar adlanan yerə gətirib. Tanıdığı şəxslərə gəbəni 37 manata, 2 ədəd güldanı 20 manata, su matorunu 5 manata, tozsoranı isə 40 manata satıb. Satdığı şəxslərə satdığı əşyaları özünə məxsus olduğunu bildirib. Oğurladığı əşyaları satdıqdan sonra əldə etdiyi 102 manatı şəxsi ehtiyacları olduğu üçün istifadə etdiyini bildirib. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs yalan danışır, mən həmin ünvana qanunsuz daxil olarkən evdə televizor olmamış, o, televizor oğurlamamışdır. Digər əşyaları da səmimi olaraq etiraf etdiyini bildirmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödməsini və barışmasını nəzərə almağı və ona yungül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bərdə rayon Mirzəxan kəndində anadan olub, hazırda Bərdə rayonu Şirvanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir 4 övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir. Ankoloji xəstəli olduğu üçün təqaüd alaraq dolanır. 14 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edib. Müraciəti ilə bağlı bildirmək istəyir ki, oğlu Vüsala məxsus fərdi yaşayış evi onun yaşadığı evin qonşuluğunda yerləşirmiş. Onların evinin həyətindən setka qapıdan oğluna məxsus mənzilə keçmək mümkün olduğunu bildirib. Oğlu Vüsal Bakı şəhərində işlədiyi üçün həmin mənzil sahibsiz olub. 14 yanvar 2022-ci il tarixdə saat 16-17 radələrində o, oğluna məxsus mənzili yoxlamaq üçün onun həyətinə keçib. Mənzilin qonaq otağının pəncərəsinin olmadığını görüb. Həmin pəncərənin şüşəsini çıxardaraq, pəncərənin altına qoyduqlarını görüb. Pəncərədən içəri boylanıb baxdıq da, 2 il bundan qabaq 300 manata aldığı LG markalı televizorun oğurlanmasını aşkar edib. O, dərhal DİN-nin 102 xidmətinə müraciət edib. Polis əməkdaşları oğlunun yaşadığı ünvana gəliblər. Polis əməkdaşları ilə birlikdə evə pəncərədən daxil olublar. Müəyyən ediblər ki, mənzildən 1 il qabaq 230 manata aldığı xalça, 50 manat dəyərində işlənmiş tozsoran, 2 ədəd gül 10 manat dəyərində güldan oğurlanmışdır. Evdən həyətə çıxarkən 100 manat dəyərində olan su matorunun da oğurlanmasını aşkar ediblər. Həmçinin məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək bildirdi ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 690 manat ziyanı tamamilə ödənilmişdir, onunla barışmışdır, ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bərdə rayonu Uğurbəyli kəndində anadan olmuş, hazırda elə həmin kənddə ailə üzvlərilə birlikdə yaşayır. Subaydır, Ali təhsillidir. 2017-ci il tarixdən DİO-da xidmət edir. Sonuncu vəzifəsində xx.xx.2022-ci il tarixdən Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində çalışır, polis leytenantı rütbəsindədir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Allahverən ilə münaqişə və nifaqı yoxdur. Mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs gətirilməsi ilə bağlı əməliyyat tapşırığının icrası ilə bağlı onun yerinin müəyyən edilməsi ilə bağlı tərəflərindən əməliyyat-axtarış tədbirləri keçirilmiş və Təqsirləndirilən şəxs olduğu yerlə bağlı əməliyyat məlumatı almışlar. O, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri Nəsimi rayonuna yola düşmüşlər. Nəsimi rayonu Azadlıq prospektində yerləşən T.Şevçenko adına salınmış parkda Təqsirləndirilən şəxs aşkar edib Allahverənə yaxınlaşmışlar və ona Bərdə rayonu Polis Şöbəsinin İB-nin icraatında istintaq aparılan cinayət işi üzrə Bərdə rayonu Balaqəcər kəndində yaşayan Zərərçəkmiş şəxs övladı Vüsala məxsus mənzildən oğurluq etməkdə şübhələnildiyini bildirmişlər. Təqsirləndirilən şəxs Vüsala məxsus mənzildən oğurluq etdiyini səmimi olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxs onun tərəfindən Bərdə rayon polis şöbəsinə gətirilərək İstintaq Bölməsinə təhvil verilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1 dediklərini təsdiq edərək oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o, Bərdə rayon Balaqacar kəndində anadan olub, hazırda elə həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir 2 övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs onun oğludur. Allahverənin qonşusu Ağayev Vüsala məxsus mənzildən oğurluq etməsindən xx.xx.2022-ci il tarixdə xəbər tutmuşdur. Həmin tarixdə oğlu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Bakı şəhərində tutularaq polis şöbəsinə gətirilmişdir. Oğlu Təqsirləndirilən şəxs Ağayev Vüsala məxsus mənzildən 1 ədəd LG markalı televizor, 1 ədəd LG markalı tozsoran, 2 ədəd güldan, 1 ədəd gəbə, 1 ədəd su matoru oğurlamışdır. Oğlu Allahverən oğurladığı əşyaları yaşadıqları ünvana gətirməmişdir. Hara apardığından xəbəri olmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə elan olundu. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması, icraata qəbul edilməsi və zərərçəkmiş şəxs qismində tanınma haqqında 08 aprel 2022-ci il tarixli qərardan görünür ki, 14 yanvar 2022-ci il tarixdə saat 17:16 radələrində Bərdə rayonu Şirvanlı İcra Nümayəndəliyi Balaqəcər kəndində yaşayan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, oğlu Vüsala məxsus mənzildən pəncərədən keçmə yolu ilə televizor, xalça və su motorunun oğurlanması faktına görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə başlanmış və icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır. Cinayət işinin 59-cu vərəqəsində olan cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, cinayəti törədən şəxs müəyyən edilmədiyi üçün cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinin tələblərinə əsasən dayandırılmışdır. Cinayət işinin 61-62-ci vərəqələrində olan cinayət işi üzrə icraatın təzələnməsi və icrata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 17 iyul 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş-əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, 14 yanvar 2022-ci il tarixdə Bərdə rayonu Balaqacər kəndində yaşayan Zərərçəkmiş şəxs oğlu Vüsala məxsus mənzilə xx xxxxxx 1995-ci il tarixdə Bərdə rayonu Balaqəcər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkumluğu olmayan, Bərdə rayonu Balaqəcər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq daxil olaraq həmin mənzildən 1 ədəd 230 manat dəyərində xalça, 1 ədəd 50 manat dəyərdində LG markalı tozsoran, 300 manat dəyərində LG markalı 32 ekran ölçüdə televizor, 2 ədəd 10 manat dəyərində güldan, 1 ədəd 100 manat dəyərində su motorunu oğurlamaqla ümumilikdə 700 manat dəyərində maddi ziyan vurmuşdur. Hadisəni törətmiş Təqsirləndirilən şəxs 17 iyul 2022-ci il tarixdə Bakı şəhərində saxlanılıb Bərdə RPŞ-nə gətirilərək İstintaq Bölməsinə təqdim olunmuş, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 66-cı vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 17 iyul 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 17 iyul 2022-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 95-96-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 106-107-ci vərəqələrində olan polisin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 54-56-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 iyun 2022-ci il tarixli 9/3279 nömrəli rəyindən görünür ki, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd “LG” markalı 350 voltluq tozsoranın orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 50,00 manat müəyyən olunur. Digər qərarına təsviri hissəsində göstərilən 03 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, ölçüləri, materialı, əmtəə görünüşü və s.) olmadığı qiymətləndirmə aparmaq mümkün olmadı. Qeyd: tədqiqat obyekti tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. (Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir). Cinayət işinin 142-148-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 1(021)89/2018 saylı 06 avqust 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti cəza 01(bir) il 11(on bir) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində Azərbaycan Respublikasının CMnin 70-ci maddəsi tətbiq edilərək 01 (bir) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş 01(bir) il 11(on bir) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. Cinayət işinin 114-115-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinib, barəsində 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə (01 il şərti sınaq) cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu ildə cəza müddəti başa çatmışdır. Cinayət işinin 139-cu vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X4 müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 153-159-cu vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 19 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 iyun 2022-ci il tarixli 9/3279 nömrəli rəyinin nəzərə alınması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, məhkumluğunun ödənilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2022-ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 19 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 19 iyul 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bərdə Rayon Məhkəməsinin 1(021)209/2022 saylı 27 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət (17 iyul 2022-ci il tarixdən- 19 iyul 2022-ci il tarixədək) nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 50 AZN Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 17 iyul 2022-ci il tarixindən 19 iyul 2022-ci il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar