Məhkəmə qərarları › İş №1(021)-200/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-200/2021

22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-200/2021 22.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Zahid oğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx xxxxx 1991-ci il tarixdə Bərdə rayonu Ərəblər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgə əmlakını gizli yolla talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 21 fevral 2021-ci il tarixdə saat 20:30 radələrində Zərərçəkmiş şəxs məxsus Bərdə rayonu Güloğlular kəndində yerləşən anbarın qapısında olan qıfılı tapdığı dəmir parçası ilə sındıraraq saxlanc yeri hesab olunan anbara qanunsuz daxil olmaqla, anbarda olan 1080 kiloqram arpanı gizli olaraq talayaraq Zərərçəkmiş şəxs 507 manat 60 qəpik miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayonu Qaradağlı kəndində yaşayır, evlidir və himayəsində azyaşlı övladları var. Rəsmi olaraq heç bir yerdə işləmir. 2020-ci ilin sonlarında Bərdə rayonu Güloğlular kəndində yerləşən “Təzə bazar” adlanan yerin arxa tərəfindəki yem dəyirmanında üyütmə işi ilə məşğul olaraq ailəsini dolandırmağa başlamışdır. Həmin obyekti icarəyə götürməklə arpa və buğda məhsullarını üyüdərək qazanc əldə etmişdir. Zərərçəkmiş şəxs və əmisi Şahid4 təxminən 2-3 ildir tanıyır. Əvvəllər həmin şəxslərin heç biri ilə arasında düşmənçilik və ya ədavət olmamışdır. Toğrul və Mahir işlətdiyi yem dəyirmanının sağ tərəfində yerləşən anbarda kisələrə yığılmış vəziyyətdə saxlanılan arpa və buğda məhsullarının satışını həyata keçirmişlər. Anbar Toğrula məxsus olsa da, əksər vaxt Toğrulun əmisi Mahir həmin anbarda satışla məşğul olmuşdur. 21 fevral 2021-ci il tarixdə maddi imkansızlıq ucbatından, həmçinin sərxoş vəziyyətdə olduğu üçün Toğrulun anbarından arpa məhsulu oğurlamaq və sataraq gəlir əldə etmək qərarına gəlmişdir. Ancaq oğurluq edəcəyi barədə əvvəlcədən heç kimə məlumat verməmişdir. Toğrulun anbarı hər gün adətən saat 16:00-17:00 radələrində bağlandığı üçün həmin vaxta qədər yem dəyirmanında gözləmişdir. Saat 20:30 radələrində anbarda və anbarın ətrafında heç kimin olmadığına əmin olduqdan sonra yem dəyirmanından çıxıb piyada şəkildə anbarın qarşı tərəfinə getmişdir. Anbarın qarşı tərəfində təhlükəsizlik kamerasının quraşdırıldığını bildiyinə görə oradan keçib bir ayağını kameranın quraşdırıldığı yerin aşağı tərəfinə vurulan taxtaya qoymuş və əlini kameraya uzadaraq yuxarı burmuşdur. Lakin həmin vaxt kameraya heç bir zərər yetirməmişdir. Daha sonra anbarın qarşı tərəfinə gəlib dəmir qapıdan kilidin asıldığını görmüş, bir qədər ətrafda dolandıqdan sonra həmin kilidi sındırmaq üçün təxminən 30 santimetr uzunluğunda dəmir parçası taparaq kilidi sındırmışdır. Bundan sonra dəmir parçasını və kilidi xatırlamadığı tərəfə atıb anbara daxil olmuşdur. O, Toğrula böyük miqdarda maddi ziyan vurmaq istəmədiyi üçün cəmi 24 kisə arpa götürüb yem dəyirmanına yığmaq fikrinə düşmüşdür. Buna görə də təxminən 15-20 dəqiqə ərzində bir-bir kisələri qucağına alaraq dəyirmana daşıyıb yığmış, anbarın qapısını örtərək arxa tərəfdən təhlükəsizlik kamerasına yaxınlaşmış və kameranın çəkiliş istiqamətini əvvəlki vəziyyətinə qaytarıb dəyirmana getmişdir. Bunun ardınca istifadəsində olan mobil nömrədən əvvəllər tanıdığı Bərdə rayonu Ərəblər kəndində yaşayan Elmirə zəng edib təcili pula ehtiyacı olduğunu, bu səbəbdən təxminən 1 ton çəkidə arpa satdığını bildirmişdir. Elmir ondan arpanın bir kiloqramını hansı qiymətə satmasını soruşmuş və nəhayət 35 qəpiyə satmaqla bağlı razılığa gəlmişlər. Aralarında baş tutan razılığa əsasən Elmir arpanı yaşadığı kəndə aparacaq yük avtomobilinin və fəhlələrin xərclərinin onun tərəfindən qarşılanacağını demişdir. Elmir ilə razılaşdıqdan sonra sürücü işləyən, əvvəllər də arpa və buğda daşınması ilə məşğul olan tanışı Məhəmməd ilə mobil telefon əlaqəsi saxlamışdır. Telefon danışığı zamanı Məhəmmədə Bərdə rayonu Ərəblər kəndinə arpa məhsulu daşınmalı olduğunu, 2 nəfər fəhlə tapmasını bildirmiş və gəlibgəlməyəcəyini soruşmuşdur. Həmin vaxt Məhəmməd xəstə qohumuna baş çəkdiyinə görə gələ bilməyəcəyini, başqa sürücü tapmasını söyləmişdir. Əvvəlcə, başqa sürücü tapacağını düşünüb telefon danışınığı sonlandırsa da, təxminən yarım saat sonra yenidən Məhəmmədə zəng edib sürücü tapa bilmədiyini demiş və gəlməsində təkid etmişdir. Məhəmməd gələcəyini dedikdən sonra bunun qarşılığında nə qədər pul verməli olduğunu soruşmuşdur. Həmin vaxt Məhəmməd bir qədər kənardan gələcəyi üçün arpanı 30 manat müqabilində daşıyacağını demişdir. O, 30 manat pulu çox hesab edib razılaşmayaraq yalnız 25 manat verə biləcəyini bildirsə də, Məhəmməd razı olmadığından 30 manat verməyə məcbur olmuş və Məhəmməddən 10 manat pula işləyəcək fəhlələr taparaq özü ilə birlikdə dəyirmana gətirməsini istəmişdir. Saat 21:00 radələrində Məhəmməd idarə etdiyi “QAZ- 3129” markalı yük avtomobili ilə yem dəyirmanının qarşısına çatıb adlarını bilmədiyi fəhlələrlə birlikdə avtomobildən düşmüşdür. Həmin vaxt o, dəyirmanın qarşısında Məhəmmədi və fəhlələri gözləmişdir. Məhəmməd ilə görüşdükdən sonra fəhlələrlə köməkləşib 24 kisə arpa məhsulunu avtomobilin yük yerinə yığmışdır. Kisələri avtomobilə yükləyib qurtaranda Məhəmmədə arpa məhsulunu Bərdə rayonu Ərəblər kəndində yaşayan Elmirin yaşadığı evin həyətinə aparacaqlarını, Elmirin pul verəcəyini, özünün və fəhlələrin pulunu götürüb qalanını ona gətirməsini, həmçinin geri qayıtdıqda siqaret almasını tapşırmışdır. Özünün Elmirin evinə gedə bilməməsinin səbəbi avtomobildə yer olmaması olmuşdur. Məhəmməd və fəhlələr çıxıb getdikdən sonra o, bazarın yaxınlığında yerləşən “Faiqin kafesi” kimi tanınan yerə gedib gözləməyə başlamışdır. Təxminən yarım saat sonra Elmir ilə mobil telefon əlaqəsi saxlayıb arpanı alıb-almadığını soruşmuşdur. Bu zaman Elmir ona arpanın həyətinə boşaldıldığını, çəkisinin 1080 kiloqram olduğunu və arpanı gətirən yük avtomobilinin sürücüsünə 350 manat pul verib yola salacağını bildirmişdir. Bundan təxminən 20-25 dəqiqə sonra kafedən çıxıb yavaş-yavaş yem dəyirmanının qarşısına getmişdir. Məhəmməd bir neçə dəqiqə sonra oraya gələrək özünə 30 manat götürdüyünü, fəhlələrin hər birinə 10 manat verdiyini deyib ona bir qutu “Sobranie”, bir qutu “Kent” markalı siqaret və 292 manat 20 qəpik pul vermişdir. Məhəmməd pulu verib avtomobilinə əyləşərək oradan çıxıb getmişdir. O isə pulu alıb hamısını yaşadığı evin kommunal borclarını, həmçinin şəxsi ehtiyaclarını ödəməyə sərf etmişdir. Ertəsi gün axşam saatlarında Bərdə rayon polis şöbəsinin adını bilmədiyi əməkdaşı onunla əlaqə yaradıb polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsinə gəldikdən sonra ondan baş vermiş oğurluq hadisəsi ilə hər hansı əlaqəsinin olub-olmaması soruşulduqda, o, oğurluq hadisəsi törətdiyini könüllü şəkildə etiraf etmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini bildirərək, nəzərə almağı məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bərdə rayonu Güloğlular kəndində yerləşən “Təzə bazar” adlanan yerin arxa tərəfindəki obyektlərin birində arpa və buğda məhsullarının satışını həyata keçirmişdir. Şahid4 onun əmisidir. O, əmisi Mahirin obyektinin yaxınlığında yerləşən anbarda həmin fəaliyyətlə məşğul olaraq ailəsini dolandırır. Sözügedən anbar ona məxsus olsa da, əksər vaxt əmisi Mahir həmin anbarda satışla məşğul olmuşdur. Təqsirləndirilən şəxs 2020-ci ilin sonlarında tanımağa başlamışdır. Əvvəllər Bəxtiyar ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Bəxtiyar ona məxsus anbarın sol tərəfindəki obyekti icarəyə götürməklə arpa və buğda məhsullarını üyüdərək qazanc əldə etmişdir. 22 fevral 2021-ci il tarixdə saat 07:00 radələrində yaşadığı evdə olan zaman əmisi mobil telefon vasitəsilə ona zəng edərək kilidi açıb anbarın içərisinə daxil olmaq istəsə də, anbarın qapısından asılan kilidin yerində olmadığını, anbara daxil olanda isə orada kisələrə yığılmış vəziyyətdə saxlanılan arpa məhsulunun oğurlandığını aşkar etməsi barədə məlumat vermişdir. Yaşadığı ev bazara yaxın məsafədə yerləşdiyindən bir neçə dəqiqə sonra özünü anbarın qarşısına çatdırmışdır. Həmin vaxt əmisi Mahir bazar ərazisində yerləşən obyektlərdə mühafizənin təşkilinə rəhbərlik edən Xaliqə zəng edərək ona məxsus anbarın qapısından asılan kilidin sındırılması və oğurluq edilməsi barədə məlumat vermişdir. Bir qədər sonra oraya gələn Xaliq də anbardan oğurluq edildiyini təsdiqləmişdir. Bundan sonra o, əmisi Mahir və Xaliq ilə birlikdə əmisinə məxsus olan yaxınlıqdakı obyektin qarşı tərəfində quraşdırılmış təhlükəsizlik kameralarının görüntülərini izləmişdir. Bu zaman 21 fevral 2021-ci il tarixdə saat 20:35-də Bəxtiyarın anbarın qarşısından keçdiyini, bir neçə saniyə sonra isə kameranın çəkiliş istiqamətinin dəyişdirildiyini müəyyən etmişlər. Bundan sonra dərhal Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək anbardan oğurluq edilməsi barədə məlumat vermişdir. Həmin gün bir daha oğurluq edilməsindən ehtiyat etdiyi üçün anbarı tamamilə boşaltdırmışdır. Bir qədər sonra isə o, oraya gələn polis əməkdaşları ilə birlikdə baxış keçirilməsində iştirak etmişdir. Bundan başqa o, 22 fevral 2021-ci il tarixli ərizəsində anbardan təxminən 3000 kiloqram arpa məhsulunun oğurlandığını bildirsə də, sonradan anbarda saxlanılan digər kisələri sayanda konkret olaraq 1080 kiloqram çəkidə 507 manat 60 qəpik dəyərində arpa məhsulunun oğurlandığını müəyyən etdiyini bildirdi. Həmçinin notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək, bildirdi ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir, ondan şikayət və tələbi yoxdur, məhkəmədən ərizəsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, təxminən 8 il əvvəl “QAZ-3129” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili almış və həmin avtomobili öz adına sənədləşdirməklə sürücülük vəsiqəsi ilə idarə etməyə başlamışdır. Belə ki, həmin avtomobil vasitəsilə Bərdə şəhərində müxtəlif növ yükləri daşımaqla ailəsini dolandırmışdır. Zərərçəkmiş şəxs və əmisi Şahid4 uzun müddətdir tanısa da, Təqsirləndirilən şəxs 2021-ci ilin əvvəllərində tanımağa başlamışdır. Əvvəllər həmin şəxslərin heç biri ilə arasında düşmənçilik və ya ədavət olmamışdır. Toğrul və Mahir Bərdə rayonu Güloğlular kəndində yerləşən “Təzə bazar” adlanan yerin arxa tərəfindəki anbarda kisələrə yığılmış vəziyyətdə saxlanılan arpa və buğda məhsullarının satışını həyata keçirmişlər. Anbar Toğrula məxsus olsa da, əksər vaxt Toğrulun əmisi Mahir həmin anbarda satışla məşğul olmuşdur. Toğrulun anbarı ilə üzbəüz istiqamətdə yem dəyirmanı kimi fəaliyyət göstərən digər bir obyekt mövcuddur. Həmin obyekt Bəxtiyar tərəfindən işlədilmişdir. Ayrı-ayrı vaxtlarda arpa və buğda məhsulu, eləcə də üyüdülmüş yem daşınmasına ehtiyac olduqda Mahir və Bəxtiyar ona zəng edərək yük avtomobili lazım olduğunu bildirmiş, o da yük daşımaqla qazanc əldə etmişdir. 21 fevral 2021-ci il tarixdə saat 20:00 radələrində o, Bərdə rayonu Saatlı kəndinin ərazisində yerləşən “Balabəy meşəsi” deyilən yerdə yaşayan qohumunun evində olarkən Bəxtiyar istifadəsində olan mobil nömrəyə zəng edərək Bərdə rayonu Ərəblər kəndinə arpa məhsulu daşınmalı olduğunu, 2 nəfər fəhlə tapmasını bildirmiş və bunun üçün gəlib-gəlməyəcəyini soruşmuşdur. Həmin vaxt xəstə qohumuna baş çəkdiyinə görə Bəxtiyara gələ bilməyəcəyini, başqa sürücü tapmasını söyləmişdir. Əvvəlcə, Bəxtiyar onunla razılaşaraq telefon danışınığı sonlandırsa da, təxminən yarım saat sonra yenidən zəng edib sürücü tapa bilmədiyini demiş və gəlməsində təkid etmişdir. O, gələcəyini dedikdə Bəxtiyar ondan bunun qarşılığında nə qədər pul verməli olduğunu soruşmuş, bu zaman Bəxtiyara bir qədər kənardan gələcəyini söyləmiş, bu səbəbdən arpanı daşımaq üçün 30 manat verməsini istəmişdir. Bəxtiyar bununla razılaşmayıb 25 manat verəcəyini desə də, o, razı olmadığı üçün Bəxtiyar dediyi qiymətlə razılaşmış və fəhlələr taparaq işlətdiyi yem dəyirmanına gəlməsini istəmişdir. Bundan sonra o, fəhləliklə məşğul olan tanışı Eldəniz ilə mobil telefon əlaqəsi saxlayıb yem dəyirmanına gedərək avtomobilə arpa yüklədikdən sonra onu Bərdə rayonu Ərəblər kəndinə daşımaq üçün nə qədər pul istədiyini soruşmuşdur. Bu zaman Eldəniz ona qardaşı Şaiq ilə birlikdə gələ biləcəklərini və adambaşına 10 manat istədiklərini demişdir. O, bununla razılaşıb telefon danışığından təxminən yarım saat sonra Eldəniz və Şaiqi götürmək üçün “Oskar” adlı yanacaqdoldurma məntəqəsinin qarşısına getmişdir. Fəhlələr avtomobilə əyləşdikdən sonra avtomobili birbaşa “Təzə bazar” adlanan yerin arxa tərəfindəki yem dəyirmanına sürmüşdür. Saat 21:00 radələrində yem dəyirmanının qarşısına çatıb avtomobildən düşmüşlər. Həmin vaxt dəyirmanın qapısı açıq vəziyyətdə olmuş və Bəxtiyar onları gözləmişdir. Bəxtiyar onlarla görüşdükdən sonra fəhlələrlə köməkləşib 24 kisə arpa məhsulunu avtomobilin yük yerinə yığmışdır. Kisələri avtomobilə yükləyib qurtaranda Bəxtiyar ona arpa məhsulunu Bərdə rayonu Ərəblər kəndində yaşayan Elmirin yaşadığı evin həyətinə aparacağını, Elmirin ona pul verəcəyini, özünün və fəhlələrin pulunu götürüb qalanını ona gətirməsini, həmçinin geri qayıtdıqda siqaret almasını demişdir. Avtomobildə yer olmadığı üçün Bəxtiyar onlarla birlikdə gedə bilməmişdir. O, əvvəllər də Elmirin evinin həyətinə yük daşıdığından həmin evi tanımışdır. Elmirin evinə çatdıqda darvazanın açıq vəziyyətdə olmasını görüb avtomobili həyətdə saxlamışdır. Daha sonra Eldəniz və Şaiq avtomobildən düşüb kisələri boşaltmağa başlamışlar. Elmir kisələrin hamısını çəkib 1079 kiloqram olmasını bilərək Bəxtiyar ilə mobil telefonda danışmış və ona 350 manat pul vermişdir. Avtomobilə əyləşdikdən sonra 350 manat puldan 30 manatını özünə götürüb avtomobili bazar istiqamətində idarə etmişdir. Bəxtiyar ona siqaret almağı tapşırdığı üçün yolun üstündə yerləşən “Qartal Market”in yaxınlığında avtomobili saxlamış və marketdən bir qutu “Sobranie” ilə bir qutu “Kent” markalı siqaretlər alıb 7 manat 80 qəpik xərcləmiş, fəhlələrin hər biri üçün 10 manat pul verdikdən sonra onları yola salmışdır. Daha sonra yem dəyirmanına gedərək Bəxtiyara 292 manat 20 qəpik pul verib evinə getmişdir. Bundan başqa o, nə özünün, nə də fəhlələrin avtomobilinə yüklənən arpa ilə dolu kisələrin Bəxtiyar tərəfindən oğurlanması barədə xəbəri olmadığını, əgər bundan xəbəri olsa idi, həmin kisələri heç vaxt daşımayacağını, baş vermiş oğurluq hadisəsi barədə ertəsi gün günorta saatlarında xəbər tutduğunu, avtomobil ilə Bərdə rayonu Ərəblər kəndinə gedərkən başqa hər hansı şəxs və ya şəxslər ilə əlaqə saxlamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifаdəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Buna görə də həmin şəxslərin heç biri ilə arasında düşmənçilik və ya ədavət olmamışdır. Qardaşı Şahid3 onunla qonşuluqda yaşayır və birlikdə fəhləlik edərək ailələrini dolandırırlar. Şahid1 təxminən 7 il əvvəl tanımağa başlamışdır. Arabir Məhəmməd iş olduqda fəhləlik etmək üçün ona və qardaşına xəbər vermişdir. 21 fevral 2021-ci il tarixdə saat 20:30 radələrində evdə olan zaman Məhəmməd onunla mobil telefon əlaqəsi saxlayıb Bərdə rayonu Güloğlular kəndində yerləşən “Təzə bazar” adlanan yerin arxa tərəfindəki yem dəyirmanına gedərək avtomobilə arpa yüklədikdən sonra onu Bərdə rayonu Ərəblər kəndinə daşımaq üçün nə qədər pul istədiklərini soruşmuşdur. Bu zaman o, Məhəmmədə qardaşı Şaiq ilə birlikdə gələ biləcəyini və adambaşına 10 manat istədiklərini demişdir. Məhəmməd bununla razılaşıb telefon danışığından təxminən yarım saat sonra onu və Şaiqi götürmək üçün “Oskar” adlı yanacaqdoldurma məntəqəsinin qarşısına gəlmişdir. Onlar avtomobilə əyləşdikdən sonra Məhəmməd avtomobili birbaşa sözügedən yem dəyirmanına sürmüşdür. Saat 21:00 radələrində yem dəyirmanının qarşısına çatıb avtomobildən düşmüşlər. Həmin vaxt dəyirmanın qapısı açıq vəziyyətdə olmuş və əvvəllər heç yerdə görmədiyi, sonradan adının Bəxtiyar olmasını bildiyi şəxs onları gözləmişdir. Bəxtiyar Məhəmməd ilə görüşdükdən sonra onlarla köməkləşib 24 kisə arpa məhsulunu avtomobilin yük yerinə yığmışdır. Kisələri avtomobilə yükləyib qurtaranda həmin şəxs Məhəmmədə arpa məhsulunu Bərdə rayonu Ərəblər kəndində yaşayan bir nəfər şəxsin yaşadığı evin həyətinə aparmasını demişdir. Bundan sonra o, Şaiq ilə birlikdə avtomobilin yük yerində oturmuş, Bəxtiyar adlı şəxs onlarla birlikdə getməmişdir. Təxminən 25 dəqiqə sonra Bərdə rayonu Ərəblər kəndində yerləşən, tanımadıqları şəxsin evinə çatmışlar. Məhəmməd avtomobili həyətdə saxladıqdan sonra o və Şaiq avtomobildən düşüb kisələri boşaltmağa başlamışlar. Ev sahibi kisələrin hamısını çəkib 1080 kiloqram çəkiyə malik olmasını bildikdən sonra kiminləsə mobil telefonda danışmışdır. Həmin vaxt qardaşı ilə birlikdə əl-ayaqlarını yumaq və üst-başlarını təmizləməklə məşğul olduqları üçün Məhəmməd ilə ev sahibi arasında hansı söhbətlərin baş tutmasını bilməmişdir. Avtomobilə əyləşdikdən sonra Məhəmməd avtomobili “Təzə bazar” istiqamətində idarə etmiş və evlərinə gedən yolun üstündə yerləşən “Qartal Market”in yaxınlığında avtomobili saxlayaraq siqaret almaq üçün yerə düşmüşdür. Məhəmməd marketdən çıxdıqdan sonra ona və Şaiqə 10 manat pul verərək onları yola salmış, özü isə avtomobilinə əyləşərək çıxıb getmişdir. Bundan başqa o, nə özünün, nə də qardaşının avtomobilə yüklədikləri arpa ilə dolu kisələrin oğurluq yolu ilə əldə olunmasından xəbəri olmadığını, əgər bundan xəbərləri olsa idi, həmin kisələri heç vaxt avtomobilə yükləməyəcəklərini, hadisədən təxminən 10-15 gün sonra təsadüfən Məhəmmədlə rastlaşanda arpa kisələrinin oğurlanması barədə məlumat əldə etdiyini, avtomobil ilə Bərdə rayonu Ərəblər kəndinə gedərkən yolda başqa hər hansı şəxs və ya şəxslər ilə qarşılaşmadıqlarını və əlaqə saxlamadıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 şahid qismində dindirilmiş Şahid2 dediklərini təsdiq edərək oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifаdəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir və təsərrüfatla məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs uşaqlıqdan tanımış, əvvəllər Bəxtiyar ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 21 fevral 2021-ci il tarixdə saat 21:00 radələrində Bəxtiyar ona zəng edib təcili pula ehtiyacı olduğunu, bu səbəbdən təxminən 1 ton çəkidə arpa satdığını bildirmişdir. O, Bəxtiyardan arpanın bir kiloqramını hansı qiymətə satdığını soruşmuş və nəhayət 35 qəpiyə almaqla bağlı razılığa gəlmişlər. Aralarında baş tutan razılığa əsasən o, arpanı yaşadığı kəndə gətirəcək yük avtomobilinin və fəhlələrin xərclərinin Bəxtiyar tərəfindən qarşılanacağını demişdir. Bəxtiyar ilə razılaşdıqdan təxminən yarım saat sonra əvvəllər tanıdığı və sürücü işləməsini bildiyi Məhəmməd tanımadığı iki fəhlə ilə birlikdə “Qaz-3129” markalı yük avtomobili ilə yaşadığı ünvana gəlib Bəxtiyar tərəfindən göndərildiklərini söyləmişdir. Elə bu vaxt Bəxtiyar onunla mobil telefon əlaqəsi saxlayıb arpanı alıbalmadığını soruşmuşdur. O, Bəxtiyara arpanın həyətinə boşaldıldığını, çəkisinin 1080 kiloqram olduğunu, bu səbəbdən Məhəmmədə 350 manat pul verib yola salacağını bildirmişdir. Bundan sonra fəhlələr avtomobildən düşüb kisələri boşaltmağa başlamış və Məhəmmədə 350 manat pul verərək yola saldıqdan sonra mobil telefon vasitəsilə Bəxtiyar ilə əlaqə saxlayaraq bu barədə məlumat vermişdir. Məhəmməd və fəhlələr çıxıb getdikdən sonra arpa məhsulunu yaşadığı evin həyətyanı sahəsində yerləşən əl damının içərisinə yığmışdır. 22 fevral 2021-ci il tarixdə saat 22:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşlarından biri onunla əlaqə saxlayaraq Bəxtiyardan aldığı arpa məhsulunun oğurluq yolu ilə əldə edildiyini deyərək onu Bərdə rayon polis şöbəsinə dəvət etmişdir. Bundan başqa o, aldığı arpa məhsulunun oğurluq yolu ilə əldə olunması barədə məlumatı olmadığını, əgər bu barədə məlumatı olsa idi, heç vaxt həmin kisələri almayacağını, baş vermiş oğurluq hadisəsindən Bərdə rayon polis şöbəsinə dəvət edilən zaman xəbər tutduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 ifаdəsində göstərmişdir ki, Bərdə rayonu Güloğlular kəndində yerləşən “Təzə bazar” adlanan yerin arxa tərəfindəki obyektlərin birində arpa və buğda məhsullarının satışını həyata keçirir. Zərərçəkmiş şəxs onun qardaşıoğludur. Toğrul onun obyektinin yaxınlığında yerləşən anbarda həmin fəaliyyətlə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs Toğrula məxsus anbarın sol tərəfindəki obyekti icarəyə götürməklə arpa və buğda məhsullarını üyüdərək qazanc əldə etmişdir. Bəxtiyarı hadisədən təxminən 1-2 ay əvvəl tanımağa başlamış, əvvəllər nə özü, nə də Toğrul ilə Bəxtiyar arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Sözügedən anbar Toğrula məxsus olsa da, əksər vaxt onun özü həmin anbarda satışla məşğul olmuşdur. 22 fevral 2021-ci il tarixdə saat 07:00 radələrində hər gün olduğu kimi anbara gedib kilidi açaraq içəri daxil olmaq istəmişdir. Bu zaman anbarın qapısından asılan kilidin yerində olmadığını aşkarlamışdır. Qapını açıb içəri daxil olanda orada kisələrə yığılmış vəziyyətdə saxlanılan arpa məhsulundan təxminən 24 kisəsinin yerində olmadığını müəyyən etmişdir. Buna görə də dərhal mobil telefon vasitəsilə Toğrula zəng edərək bu barədə məlumat vermişdir. Toğrulun yaşadığı ev bazara yaxın məsafədə yerləşdiyindən Toğrul bir neçə dəqiqə sonra özünü anbarın qarşısına çatdırmışdır. Daha sonra saat 07:30 radələrində bazar ərazisində yerləşən obyektlərdə mühafizənin təşkilinə rəhbərlik edən Xaliqə zəng edərək qardaşıoğlu Toğrulun anbarının qapısından asılan kilidin sındırılması və oğurluq edilməsi barədə məlumat vermişdir. Xaliq dərhal anbarın qarşısına gəlmiş, daha sonra o, Xaliq və Toğrul ilə birlikdə özünə məxsus olan yaxınlıqdakı obyektin qarşı tərəfində quraşdırılmış təhlükəsizlik kameralarının görüntülərini izləmişdir. Bu zaman 21 fevral 2021ci il tarixdə saat 20:35-də Toğrulun anbarının yanındakı yem dəyirmanını işlədən Bəxtiyarın anbarın qarşısından keçdiyini, bir neçə saniyə sonra isə kameranın çəkiliş istiqamətinin dəyişdirildiyini müəyyən etmişlər. Bundan sonra Toğrul dərhal Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. O, bir qədər sonra hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə baxış keçirilməsində iştirak etmişdir. Bundan başqa o, Toğrulun, əvvəlcə, anbardan 1410 manat dəyərində təxminən 3000 kiloqram arpa məhsulunun oğurlandığını güman edib Bərdə rayon polis şöbəsinə bu şəkildə məlumat versə də, sonradan anbardan 24 kisəyə yığılmış ümumilikdə 507 manat 60 qəpik dəyərində 1080 kiloqram arpa məhsulu oğurlandığını bildiklərini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid5 ifаdəsində göstərmişdir ki, 2015-ci ildən "xxxx" MMC-də manqa komandiri işləyir. Onun vəzifəsi xidməti ərazisində mühafizənin təşkilinə rəhbərliyi həyata keçirməkdən ibarətdir. Bərdə rayonu Güloğlular kəndində yerləşən və insanlar arasında “Təzə bazar” adı ilə tanınan "xxxx" MMC də onun xidməti ərazisinə daxildir. 22 fevral 2021-ci il tarixdə saat 07:30 radələrində bazar ərazisində xidmətdə olan zaman anbarlardan birində arpa və buğda məhsullarının satışı ilə məşğul olan Mahir mobil telefon vasitəsilə ona zəng edərək qardaşıoğlu Zərərçəkmiş şəxs məxsus, kisələrə yığılmış vəziyyətdə saxlanılan arpa və buğda məhsullarının saxlanıldığı anbarın qapısından asılan kilidin sındırılması və oğurluq edilməsi barədə məlumat vermişdir. O, dərhal sözügedən anbarın qarşısına yollanaraq Toğrulun və əmisi Mahirin orada olduqlarını görmüşdür. Anbarın qarşısına çatıb qapısına baxdıqda həqiqətən də kilidin yerində olmadığını aşkarlamışdır. Bundan sonra Toğrul və Mahir ilə birlikdə sonuncuya məxsus olan yaxınlıqdakı obyektin qarşı tərəfindəki təhlükəsizlik kameralarının görüntülərini izləmiş, bu zaman 21 fevral 2021-ci il tarixdə saat 20:35-də Toğrulun anbarının yanındakı yem dəyirmanını işlədən Bəxtiyarın anbarın qarşısından keçdiyini, bir neçə saniyə sonra isə kameranın çəkiliş istiqamətinin dəyişdirildiyini müəyyən etmişdir. Daha sonra Toğrul dərhal Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş və o, bir qədər sonra hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə baxış keçirilməsində iştirak etmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 22 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 22 fevral 2021-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 55-56-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 66-ci vərəqələrində olan 24 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2021-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinin MSY-dən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişir. Cinayət işinin 96-99-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 mart 2021ci il tarixli 9/1201 nömrəli rəyindən görünür ki, 1080 kiloqram arpanın 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 507,60 (1080 kqx0,47 manat) manat müəyyən edilmişdir. Cinayət işinin 110-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 125-ci vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteriza olunmuşdur. Cinayət 143-cü vərəqəsində olan 26.11.2021-ci il taixli Qəbzdən görünür ki, ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış 24 ədəd ağ rəngli sintetik kisələrdə saxlanılan ümumilikdə 1080 kiloqram olan 507.60 manat dəyərində olan arpa məhsulunu Zərərçəkmiş şəxs Bərdə Rayon Pois Şöbəsindən təhvil almışdır. Cinayət işi materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanı tamamilə ödəbildiyini, ondan şikayət və tələbinin olmadığını qeyd edərək, məhkəmədən ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, gənc olmasını, ailəli olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikyət və tələbinin olmamasını, əvvəllər məkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkumluğunun olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunu azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 22 fevral 2021ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 24 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 24 fevral 2021-ci il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı iki gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 50 AZN (əlli) Təqsirləndirilən şəxs oğlundan alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun 22 fevral 2021-ci il tarixindən 24 fevral 2021-ci il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 AZN (əlli manat) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar