Məhkəmə qərarları › İş №1(021)-202/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-202/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-202/2023 07.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X3 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 2001-ci ildə Ağdam rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən ona 01 il 07 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, çəkilməmiş 01 il 07 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmış, Ağdam rayonu Sarıcalı kəndində qeydiyyatda olmaqla Tərtər rayonu Mamırlı kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 04 avqust 2023-cü il tarixdə saat 02 radələrində Bərdə rayonu Əliyanlı kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə, sonra isə həmin həyətdə saxlanc yeri hesab edilən tövləyə, həmin tövlənin üzərində quraşdırılmış dəmir tora mexaniki təsir göstərib tövlənin içərisinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus diri çəkisi 35 kq olan, 8 aylıq 300 manat dəyərində 01 (bir) baş quzunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 300 (üç yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 11 avqust 2023-cü il tarixdə saat 03 radələrində Bərdə rayonu Əliyanlı kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısında heyvanların saxlanılması üçün torpaq sahəsində dəmir torluqla hasarlanmış saxlanc yerinə dəmir torluqdan aşmaqla qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus diri çəkisi 50 kq olan, 6 aylıq, 430 manat dəyərində 01 (bir) baş quzunu gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 430 (dörd yüz otuz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər oğurluq etdiyi üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Yaşadığı kənd Bərdə rayonu Əliyanlı kəndinə yaxın məsafədə yerləşdiyindən 02 avqust 2023-cü il tarixdə Bərdə rayonu Əliyanlı kəndinə gəlmiş, kənddə oğurluq edə biləcəyi yerləri gəzməyə başlamışdır. Əliyanlı kəndində kənd sahəsinin kənarında yaşayış yerinə bitişik tövlə görüb həmin tövləyə girə biləcəyi üçün yaşadığı evə qayıtmışdır. 04 avqust 2023-cü il tarixdə Bərdə rayonu ərazisində yerləşən “Mal bazarı” adlanan yer işlədiyi üçün heyvan oğurlayıb satmaq qərarına gəlmiş, həmin günü saat 02 radələrində yenidən Əliyanlı kəndinə gəlmiş, əvvəlcədən oğurluq etdiyi yeri tanıdığı üçün birbaşa həmin yerə getmiş, Zərərçəkmiş şəxs2 məxsus tövləyə dəmir tordan keçərək tövlədən bir baş xırda buynuzlu quzunu tutub yerə yıxmış, ayaqlarını iplə bağlayıb çiyninə ataraq tövlədən çıxmışdır. Tövlədən çıxdıqdan sonra torpaq sahə ilə gedib Bərdə- Ağdam yoluna çıxaraq həmin yolda tanımadığı taksi saxladıb oğurladığı quzunu həmin avtomaşının yük yerinə qoyub Bərdə rayonu Alpoud kəndində yerləşən “Mal bazarı”na aparmışdır. Quzunu “Mal bazarı”nda tanımadığı şəxsə 220 manata satmışdır. Heyvanı satdıqdan sonra taksi sürücüsünə 10 manat pul vermiş, oradan çıxıb yaşadığı evə getmişdir. Əldə etdiyi pulları öz ehtiyacı üçün xərcləmişdir. Yenidən oğurluq etmək qərarına gəlmiş, 11 avqust 2023-cü il tarixdə mal bazarı günü olduğundan saat 03 radələrində Bərdə rayonu Əliyanlı kəndinə gedib orada əvvəlcədən gördüyü torpaq sahəsinin qırağında ağacların kölgəsində dəmir tor ilə hasarlanmış və xırda buynuzlu heyvanların salındığı yerə gəlib dəmir torun üzərindən həmin heyvanların saxlanıldığı yerə daxil olub oradan bir baş xırda buynuzlu quzunu tutub yerə yıxaraq özü ilə gətirdiyi iplə həmin quzunun ayaqlarını bağlamışdır. Quzunu qucağına götürüb dəmir torun üstündən aşaraq oradan çıxıb quzunu boyun hissəsinə atıb oradan torpaq sahəsinin kənarı ilə Ağdam-Bərdə yoluna çıxmış, yolun kənarında taksi saxladıb taksi sürücüsünə “Mal bazarı”na gedəcəyini və özünə məxsus bir baş quzunu orada satacağını demişdir. Tanımadığı taksi sürücüsü avtomaşının yük yerini açıb oğurladığı quzunu yük yerinə qoymuş və onu Bərdə rayonu Alpoud kəndində yerləşən “Mal bazarı”na aparmışdır. Oğurladığı bir baş quzunu tanımadığı şəxsə 260 manata satmışdır. Həmin puldan 10 manatını taksi sürücüsünə vermişdir. Mal bazarından çıxıb yaşadığı evə gəlmiş, əldə etdiyi pulları öz ehtiyacları üçün xərcləmişdir. Törətdiyi əməlindən peşmandır, söz verir ki, bir daha hər hansı qanunsuz əməl törətməyəcəkdir. Cavan olması nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, 5-6 ay olar ki, iribuynuzlu heyvanlarını satıb xırda buynuzlu heyvanlar alaraq saxlayır. Həmin heyvanları özünə məxsus olan sahədə otarır. Bərdə rayonu Əliyanlı kəndində torpaq sahəsində ev tikmiş, lakin heyvanları saxlamaq üçün tövlə tikməmiş, buna görə də evinin qarşısında torpaq sahəsinin qırağında tut ağaclarının kölgəsində özünə məxsus heyvanları saxlamaq üçün dəmir tordan saxlanc yeri düzəltmişdir. 26 baş heyvanları sahədə otardıqdan sonra həmin saxlanc yerində saxlamışdır. 10 avqust 2023cü il tarixdə axşam saatlarında 26 baş xırda buynuzlu heyvanları otarıb həmin saxlanc yerinə salmışdır. 11 avqust 2023-cü il tarixdə saat 04 radələrində Bərdə rayonu Alpoud kəndində yerləşən “Mal bazarı”na heyvanların içində olan bir baş quzunu seçib aparıb satmaq istəmiş, lakin bazara aparmaq istədiyi həmin quzunun heyvanların içində olmadığını görüb, həmin quzunun dəmir torun arasından çıxıb naməlum istiqamətə getdiyini fikirləşib quzunu axtarmağa başlamışdır. Quzunu tapa bilmədiyi üçün heyvanının oğurlandığını fikirləşib Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin gün Bərdə rayonu Alpoud kəndində yerləşən “Mal bazarı”na gedib oğurlanmış heyvanını orada axtarmış, orada ona məxsus bir baş quzunu tanımadığı şəxsin qarşısında görmüş, həmin şəxsə yaxınlaşaraq heyvanın ona məxsus olduğunu və oğurlandığını demişdir. Həmin şəxs ona məxsus quzunu tanımadığı şəxsdən 260 manata aldığını bildirmişdir. Özünə məxsus olan məxsus qızılı rəngli, diri çəkisi 50 kiloqram, 6 aylıq quzunu götürüb yaşadığı evə gəlmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Qanunauyğun qərar çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanın tam olaraq ödənildiyi, ona görə də Təqsirləndirilən şəxs ilə barışması və ona qarşı heç bir şikayət və tələbinin olmadığını barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, 30 baş xırda buynuzlu heyvanları, yəni qoyunları olmuş, həmin heyvanları özünə məxsus sahədə otarmışdır. Bərdə rayonu Əliyanlı kəndində özünə məxsus evin həyətində heyvanlarını saxlamaq üçün saxlanc yeri düzəltmişdir. 30 baş xırda buynuzlu heyvanları sahədə otardıqdan sonra həmin tövlədə saxlamışdır. 03 avqust 2023-cü il tarixdə axşam saatlarında 30 baş xırda buynuzlu heyvanları otarıb həmin saxlanc yerinə salmış, 04 avqust 2023-cü il tarixdə saat 06 radələrində heyvanları otarmaq üçün sahəyə aparanda heyvanların içində bir baş quzunun olmadığını görmüşdür. Quzunun tövlədən dəmir torun arasından çıxıb naməlum istiqamətə getdiyini fikirləşib quzunu axtarmağa başlamışdır. Quzunu tapa bilmədiyi üçün heyvanının oğurlandığını fikirləşib Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Özünə məxsus olan qızılı rəngli, diri çəkisi 35 kiloqram, 8 aylıq quzunun qiyməti 300 manat dəyərində olmuşdur. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Qanunauyğun qərar çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxs2 ona dəymiş ziyanın tam olaraq ödənildiyi, ona görə də Təqsirləndirilən şəxs ilə barışması və ona qarşı heç bir şikayət və tələbinin olmadığını barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli 9/6484 saylı rəyindən müəyyən edilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: -bir baş, 8 aylıq, diri çəkisi 35 kq quzu-300 manat; -bir baş, 6 aylıq, diri çəkisi 50 kq quzu-430 manat. Beləliklə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 04 avqust 2023-cü il tarixdə saat 02 radələrində Bərdə rayonu Əliyanlı kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə, sonra isə həmin həyətdə saxlanc yeri hesab edilən tövləyə, həmin tövlənin üzərində quraşdırılmış dəmir tora mexaniki təsir göstərib tövlənin içərisinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus diri çəkisi 35 kq olan, 8 aylıq 300 manat dəyərində 01 (bir) baş quzunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 300 (üç yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etməsi; Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 11 avqust 2023-cü il tarixdə saat 03 radələrində Bərdə rayonu Əliyanlı kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısında heyvanların saxlanılması üçün torpaq sahəsində dəmir torluqla hasarlanmış saxlanc yerinə dəmir torluqdan aşmaqla qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus diri çəkisi 50 kq olan, 6 aylıq, 430 manat dəyərində 01 (bir) baş quzunu gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 430 (dörd yüz otuz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Sarıcalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 07 sentyabr 2023-cü il tarixli 5-31-25/3-2- 198-2023 saylı arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Sarıcalı kənd sakinidir və hazırda Tərtər rayonu Mamırlı kəndində yol kənarında müvəqqəti məskunlaşmışdır. Təqsirləndirilən şəxs haqqında istər məcburi köçkün kimi məskunlaşdığı ünvandan və istərsə də, təhsil aldığı tam orta məktəbdən Sarıcalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir narazılıq yaradan ərizə və şikayət daxil olmamışdır. CM-nin 59.1, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsi CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları, əməlində cəzasını ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan: Tərtər Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 1(061)-37/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək saxlandığı 05 ay 12 günün bir günü iki gün hesabı ilə təyin olunan azalığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona 01 il 07 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. -Təqsirləndirilən şəxs Bəhman oğlunun üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. Tərtər Rayon İcra və Probasiya Şöbəsinin 25 sentyabr 2023-cü il tarixli 29/23-66- 02 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 07 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(061)-27/2023 saylı hökmü xx.xx.2023-cü il tarixdə Tərtər Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, lakin məhkum qeydiyyata götürülməmişdir. Məhkum yeni cinayət törətdiyi üçün Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(021)-177/2023 saylı qərarına əsasən həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(061)-27/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 07 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 07 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair Tərtər Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli hökmü qanuni qüvvəyə minmədiyi dövrdə, yəni 04 avqust 2023-cü il tarixdə yenidən CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmiş və Bərdə Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərarına əsasən barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 avqust 2023-cü il tarixdən hesablanmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Bu mənada, müraciətdən görünür ki, təcrübədə çətinliklər yaradan məqam birinci cinayət işi üzrə ittiham hökmünün elan edildiyi vaxtdan onun qanuni qüvvəyə mindiyi anadək olan dövrdə törətdilən cinayətə görə şəxsə cəzanın hökmlərin, yaxud da cinayətlərin məcmusu üzrə təyin edilməsindən ibarətdir.” Qeyd olunan qərarın 1-ci bəndinə əsasən, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən, Tərtər Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 07 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü CMnin 68.1 və 68.1.1-1-ci maddələrinin tələbinə uyğun olaraq azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla, hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalıdır. CM-nin 68.1-ci maddəsinə görə, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-nin 56.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 15 avqust 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 15 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərarından görünür ki, CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 avqust 2023-cü il tarixdən saat 20:00-dan hesablanmışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 15 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 25 avqust 2023-cü il tarixli 9/6484 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan bir baş qızılı rəngli, diri çəkisi 50 kiloqram olan, 6 aylıq quzunun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Tərtər Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 07 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinin tələbinə uyğun olaraq azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla 09 (doqquz) ay 18 (on səkkiz) gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut olan bir baş qızılı rəngli, diri çəkisi 50 kiloqram olan, 6 aylıq quzunun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Hökmdən həbsdə saxlanılan məhkum hökmün surəti ona verildiyi andan, digər proses iştirakçıları isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar