Məhkəmə qərarları › İş №1(021)-203/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-203/2022

19.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-203/2022 19.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bərdə rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə həmin vaxt qüvvədə olan CM-nin 129.1-ci hissəsi ilə 02 (iki) il əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum edilmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, yəni əkib yetişdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının sonlarında Bərdə şəhəri, M.Müşviq küçəsi ev 59 ünvanında yerləşən yaşadığı evin həyətyanı sahəsindəki yarımçıq tikilidə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Аzərbaycan Respublikasının Qanununun İİİ siyahısınа əsasən xeyli miqdarda yəni, 7 (yeddi) ədəd ümumi təmiz çəkisi 2250 qram оlan əkilib-yetişdirilməsi və toplanması qadağan olunan narkotik tərkibli çətənə (kannabis) bitkisini qanunsuz əkib-yetişdirməklə kultivasiya etmiş, 25 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bərdə şəhəri, M.Müşviq küçəsi ev 59 ünvanında yerləşən yaşadığı evin həyətyanı sahəsindəki yarımçıq tikiliyə baxış keçirilən zaman onun tərəfindən kultivasiya edilmiş 7 (yeddi) ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 25 sentyabr 2022-ci il tarixdə saat 16:15 radələrində evdə olan zaman, ünvan 2 ünvanına gələrək həyətində çətənə kollarının əkilməsi barədə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. O, polis əməkdaşlarına etiraz etmədən ərizə ilə Bərdə rayon polis şöbəsinə müraciət edərək həyətyani sahəyə baxış keçirilməsinə etiraz etmədiyini və polis əməkdaşlarına həyətində əkmiş olduğu 7 ədəd çətənə kolunu göstərmişdir. Həmin çətənə kolları 2022-ci ilin may ayının sonlarında həyətində şitil formasında bitmişdir. O, şitilləri oradan çıxardaraq başqa yerdə əkmiş və xüsusi qayda qulluq etmişdir ki, gələcəkdə həmin çətənə kollarını qurudaraq istifadə etsin. O, başında olan xəstəlikdən müalicə aldığı üçün qurudulmuş marixuana çəkən zaman beyni sakitləşirmiş buna görədə həmin qurudulmuş marixuanadan şəxsi istifadəsi üçün qəbul etmişdir. Polis əməkdaşları çətənə kolların çıxararaq götürdükdən sonra yaşadığı evə baxış keçirilmiş və evdən hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. O, polis şöbəsinə gətirilmiş, vəkil təqdim olunmuş, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Həmçinin bildirdi ki, şəxsi istifadəsi üçün çətənə kollarını əkmiş, əkdiyi çətənə qurudaraq həmin qurudulmuş kollardan istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı bir zorakılıq tətbiq edilməmişdir. Onun üzərinə yalnız Bərdə RPŞ-də təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə almağı və ona yungül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə kollarının əkib becərməsi və üzərində saxlaması barədə məlumat daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 15:40 radələrində Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkili polis kapitanı Şahid2 və KTQ-nin baş inspektoru, polis baş leytenantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, M.Müşviq küçəsi ev 59 ünvanına getmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanda ona yaxınlaşaraq özlərini təqdim edərək həyətində çətənə kollarının əkilməsi barədə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, M.Müşviq küçəsi ev 59 ünvanına baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirdikdən sonra onların iştirakı ilə Bərdə RPŞ-nin təhqiqatçısı polis mayoru Vəli İsmayılov tərəfindən Bərdə şəhəri, M.Müşviq küçəsi ev 59 ünvanına baxış keçirilmişdir. Baxış keçirilməsinə başlanılan zaman Təqsirləndirilən şəxs bir daha heç bir etirazının olmadığını bildirmiş və ondan yaşadığı fərdi yaşayış evində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs isə onlara bildirmişdir ki, evin arxa tərəfində olan yarım tikilinin sağ tərəfində çökəkdə 7 ədəd çətənə kolları vardır. Həmin kollara baxış keçirilən zaman müəyyən olunmuşdur ki, kolların dibində peyin vardır, həmin kollar kökündə bir-bir çıxarılaraq sayılaraq uzunluqları ölçülmüşdür. Toplanan bitkilər sayılaraq kisəyə yığılan bitkilərin cəmi 7(yeddi) ədəd olduğu müəyyən edilmişdir. Həmin bitkilərin uzunluğu 190 sm, 237 sm, 175 sm, 230 sm, 216 sm, 232 sm, 220 sm olduqları müəyyən edilmişdir. Sonra kollar ümumilikdə çəkilmiş və ümumi çəkisi 2755 qram olduğu müəyyən edilmiş və imzaları ilə təsdiq olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə dəvət edilmiş, Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Bərdə RPŞ-nin inzibati binasına gəlmiş, Bərdə RPŞ-də ona hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına Bərdə Vəkillər Birosunun vəkili X3 dəvət edilmiş, vəkilin iştirakı ilə ona hüquqları izah olunmuş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən ”Viceroy” markalı siqaret qutusunu, kibrit, 10 manatlıq və iki ədəd iki manatlıq əskinas çıxararaq təqdim etmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş digər əşya aşkar edilmir. Onun üzərindən aşkar edilmiş ”Viceroy” markalı siqaret qutusunu, kibrit, 10 manatlıq və iki ədəd iki manatlıq əskinas özünə qaytarılmışdır. Bununla da şəxsi axtarış yekunlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun dediyi xüsusatları təstiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzində aparıcı aqranom işlədiyini, Onun vəzifəsi Bərdə rayonu ərazisində bitkiçiliklə bağlı xəstəliklərin öyrənilməsi, aşkara çıxarılması və zərərsizləşdirilməsinin təşkil edilməsindən ibarətdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamır. Buna görə də həmin şəxs ilə arasında heç bir düşmənçilik və ya ədavət yoxdur. 25 sentyabr 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onunla əlaqə saxlayaraq ünvan 6 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli bitkilər əkib-becərməsi şübhəsi olduğunu bildirərək onu şəxsin yaşadığı ünvana baxış keçirilməsi məqsədilə dəvət etmişlər. O, baxış keçirilməsində aqronom kimi iştirak etmişdir. Həmin gün saat 16:00 radələrində onun və Bərdə rayon polis şöbəsinin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, M.Müşviq küçəsi ev 59 ünvanına yollanmışlar. Polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs evinin darvazası qarşısına gəldikdən sonra Təqsirləndirilən şəxs evin darvazası qarşısına çıxanda sonuncuya yaşadığı evin həyətində narkotik tərkibli çətənə kollarını kultivasiya etməsi məlumatına görə onun yaşadığı evə baxış keçirilməli olduğu bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı etirazları olub-olmamaları soruşulmuşdur. Təqsirləndirilən şəxs ərizə yazaraq imzamaqla buna heç bir etirazı olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə daxil olmuşdur. Baxış keçirilməsinə başlanılan zaman Təqsirləndirilən şəxs bir daha heç bir etirazının olmadığını bildirmiş və ondan yaşadığı fərdi yaşayış evində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, evin arxa tərəfində olan yarım tikilinin sağ tərəfində çökəkdə 7 ədəd çətənə kolları vardır. Ardınca o, həmin kollara baxış keçirmiş, polis əməkdaşlarına aqrotexniki qaydada qulluq edildiyini bildirmiş, kollar nömrələnmiş, bir-bir gövdələrindən tutub çıxarılmış və sayılaraq 07 ədəd olduqları müəyyən edilmişdir. Kollar sayıldıqdan sonra tərəzidə çəkilərək kütlələri müəyyənləşdirilmiş və ekspertiza tədqiqatına göndəriləcəkləri bildirilərək qablaşdırılmışdır. Bununla da Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi başa çatdırılmışdır. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və baxış keçirilməsində iştirak edən digər şəxslərlə birlikdə protokolu imzalamışdır. Cinayət işinin 23-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 25 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 25 sentyabr 2022-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 61-62-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 72-73-cü vərəqələrində olan 27 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Bərdə Rayon Polis X2 Yerindən azad edilmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X6 Mərkəzinin aqronomu- Şahid4 tərəfindən verilmiş 25 sentyabr 2022ci il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin yarımçıq tikilinin içərisindən baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edilmiş və becərilmiş 7 ədəd çətənə kolu aşkar edilmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 26 sentyabr 2022-ci il tarixli 16/1147 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilən çətənə kolları 7 (yeddi) ədəd yazı və imzalar olan iki ədəd sintetik kisədən ibarət bağlamadakı, ümumi sayı 7 (yeddi) ədəd, ümumi çəkisi 2250 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəsisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. (Aparılmış tədqiqatın dəyəri 60.80 manat təşkil edir) Cinayət işinin 88-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin xx.xx.2022-ci il tarixli 1448 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 85-ci vərəqəsində olan Bərdə RİHB-nın Samux kənd Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 99-cu vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X8 tərəfindən verilmiş 957 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasınının ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin 100-cü vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X8 tərəfindən verilmiş 1030 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasınının narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin 97-98-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 129-cu maddəsinin 1-ci hissəsi, 23-1 ilə təqsirli bilinib 02 il əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum olunmuşdur, məhkumluğu yoxdur. Cinayət işinin 115-121-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs fərdi yaşayış evinin arxasında yerləşən yarımçıq tikilidən aşkar olunmuş 7 (yeddi) ədəd ümumi təmiz çəkisi 2250 qram, ekspert tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 2249.86 qram olan bitki nümunələri əkib-becərməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi maddi sübut kimi tanınmış və Bərdə Rayon Polis Şöbəsində saxlanması təmin olunmuşdur. Baxış götürmə, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, ailəli olmasını, 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi müəyyən olunmur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 sentyabr 2022-ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 27 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 27 sentyabr 2022-ci il tarixdə həbsdən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət (25 sentyabr 2022-ci il tarixdən- 27 sentyabr 2022-ci il tarixədək) nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində proflaktiki qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 60.80 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 2249.86 qram olan bitki nümunələri əkib-becərməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25 sentyabr 2022-ci il tarixindən 27 sentyabr 2022-ci il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 2249.86 qram olan bitki nümunələri əkib-becərməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində proflaktiki qeydiyyata alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 60.80 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar