Məhkəmə qərarları › İş №1(021)-207/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-207/2025

17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-207/2025 17.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X5 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəlilzadə Mehran Anar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxx 1962-ci il tarixdə Bərdə rayonu Hüseynbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin cərrahiyyə şöbəsinin həkim-ümumi cərrahı işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 314.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü ilin aprel ayının 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında» 21 fevral 2024-cü il tarixli Sərəncamının yerinə yetirilməsini təmin etmək məqsədilə Bərdə Rayon İcra Hakimiyyəti başçısının «2006-cı ildə doğulmuş, çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü ilin aprel ayının 1-dən 30dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında» 29 mart 2024-cü il tarixli, 42A nömrəli sərəncamına əsasən, müddətli həqiqi hərbi xidmətə 2024-cü ilin aprel çağırışı zamanı həkim-cərrah olaraq hərbi-həkim komissiyasının üzvü təyin edilib həmin vəzifədə xidmət edərkən vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib səhlənkarlıq edərək 2024-cü ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə çağırılacaq, «Aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış hər iki ayağın İİİ (ücüncü) dərəcəli boylama yastıayaqlılığı» xəstəliyindən əziyyət çəkən, xx xxxxx 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs SHXÇDX-nin Bərdə rayon şöbəsində fəaliyyət göstərən hərbi-həkim komissiyası tərəfindən müayinə zamanı onda «Yastıpəncəlik» diaqnozlu xəstəlik aşkar olunduğundan, şöbə tərəfindən ona «Bərdə Rayon Mərkəzi Xəstəxanası» X3 müayinə olunması məqsədi ilə 13 mart 2024-cü il tarixli 216 nömrəli göndəriş verilmişdir. Həmin göndəriş Təqsirləndirilən şəxs təqdim olunmasına baxmayaraq, çağırışçı Zərərçəkmiş şəxs onun tərəfindən aidiyyəti üzrə xəstəxanada fəaliyyət göstərən rentgen müayinəsindən keçirilməsini təmin etməmiş, çağırışçı Zərərçəkmiş şəxs yalnız Bərdə rayonunda fəaliyyət göstərən «X4»nda «Sağ ayaq tağının yan proyeksiyalı Rg-da ikinci dərəcəli yastıpəncəlilik qeyd edilir. Deformasiya bucağı 158 dərəcə, ayaq tağının hündürlüyü 18 mm-ə bərabərdir. Sol ayaq tağının yan proyeksiyalı Rg-da ikinci dərəcəli yastıpəncəlilik qeyd edilir. Deformasiya bucağı 156 dərəcə, ayaq tağının hündürlüyü 19 mm-ə bərabərdir» qeydləri ilə müəyyən edilən rentgen müayinəsinin 12 mart 2024-cü il tarixli nəticələrinə dair tibbi sənədlə kifayətlənmiş, həmin tibbi sənəd əsasında «İkitərəfli 2-ci dərəcəli yastıpəncəlilik, funksiya pozğunluğu olmadan» diaqnoz təyin edərək 16 mart 2024-cü il tarixli 2772 nömrəli «Sağlamlıq vəziyyətinin müayinə edilməsi» aktının tərtib olunmasını təmin etmişdir. Təqsirləndirilən şəxs tərəfindən çağırışçı Zərərçəkmiş şəxs rentgen müayinəsinə cəlb ediləcəyi, zərurət olduğu halda təkrar ixtisaslı müayinəyə göndəriləcəyi halda onda olan «Aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış hər iki ayağın İİİ (ücüncü) dərəcəli boylama yastıayaqlılığı» diaqnozlu xəstəliyin aşkar edilməsinin mümkün olması və sonuncu həmin vaxt qeyd olunan xəstəliklə «Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» olmasına baxmayaraq, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs olan həmin xəstəliyi aşkar edib hərbi xidmətə yararlılıq kateqoriyasını təyin edən son ekspert rəyinin verilməsi üçün sonuncunu rentgen müayinəsinə cəlb etməklə, zərurət olduğu halda təkrar ixtisaslı müayinəyə göndərməsini təmin etməklə xəstəliyin tam diaqnozu müəyyən olunduqdan sonra Zərərçəkmiş şəxs hərbi xidmətə yararlılıq dərəcəsini təyin etməli olduğu halda, Zərərçəkmiş şəxs həmin xəstəlik üzrə müayinəyə cəlb edilməsini təmin etməyərək hərbi xidmətə yararlı-A3 hesab edilməsi barədə 19 aprel 2024-cü il tarixdə tibbi rəy tərtib etmişdir. Həmin rəy əsasında Zərərçəkmiş şəxs 19 aprel 2024-cü il tarixdə qanunsuz olaraq müddətli həqiqi hərbi xidmətə çağırılmış və xidmət aparmaq üçün Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən N nömrəli hərbi hissəsinə göndərilmişdir. Zərərçəkmiş şəxs bir neçə ay gənc əsgər kimi həmin hərbi hissədə xidmət etdikdən sonra 28 iyun 2024-cü il tarixdən xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin Şəmkir rayonunda yerləşən N nömrəli hərbi hissəsinə göndərilmiş və həmin hərbi hissədə əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətə başladıqdan sonra böyrək nahiyəsində olan ağrılar səbəbindən 06 oktyabr 2024-cü il tarixdə 230 nömrəli hərbi hospitala, 23 oktyabr 2024-cü il və 19 noyabr 2024-cü il tarixlərində isə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin 61c maddəsinin İİ qrafasına və «Hərbi həkim ekspertizası haqqında Əsasnamə»yə qoşma olan ƏTC-yə (əlavə tədbirlər cədvəli) əsasən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinkasının hərbi həkim komissiyasının 12 dekabr 2024-cü il tarixli qərarı ilə «Aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış hər iki ayağın İİİ (ücüncü) dərəcəli boylama yastıayaqlılığı» diaqnozu ilə «Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» hesab edilməklə 07 yanvar 2025-ci il tarixdə Silahlı Qüvvələrin sıralarından tərxis olunmuş, bununla Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib Zərərçəkmiş şəxs ayağına əsgər çəkməsi geyinməklə 19 aprel 2024-cü il tarixdən 07 yanvar 2025-ci il tarixədək qanunsuz olaraq hərbi xidmətə, yəni günün nizam qaydalarına uyğun olaraq idman hərəkətlərinin yerinə yetirilməsinə, o cümlədən qaçışlara, sıra yerişlərinə, döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə əlaqədar təlimlərə, növbətçiliyə və xidməti zərurətlə əlaqədar digər işlərə cəlb edilməsinə səbəb olmaqla onun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla səhlənkarlıq etmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, çağırışçı Zərərçəkmiş şəxs 2024-cü ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı həmin vaxtlarda rayon Hərbi həkim komissiyasının həkim cərrahı kimi müayinə etmiş, həmin vaxt çağırışçı Zərərçəkmiş şəxs «X4» özəl tibb müəsissəsinin rentgenoloji müayinəsinin rəyi ilə bərabər SHXÇDX-nin Bərdə rayon şöbəsinin 13 mart 2024-cü il tarixli 216 nömrəli göndərişi ilə ona müraciət etmişdir. Sonuncunun yastıpəncəliliyini vizual olaraq görmüş, lakin yastıpəncəliliyin dərəcəsini vizual olaraq müəyyən etmək mümkün olmadığından, dərəcə yalnız rentgenoloji müayinə ilə müəyyən edilmişdir. «X4» özəl tibb müəssisəsində aparılmış rentgenoloji müayinənin nəticəsini görmüş, rentgenoloq tərəfindən tərtib edilmiş həmin rəydə sağ pəncə deformasiya bucağı 158 dərəcə, ayaqtağının hündürlüyü 18 mm, sol pəncə deformasiya bucağı 156 dərəcə, ayaqtağının hündürlüyü 19 mm göstərilmiş, yəni həkim rentgenoloq xəstənin hər iki ayağında İİİ dərəcəli deyil, İİ dərəcəli yastıpəncəliliyə uyğun göstəricilər müəyyən etmişdir. Həmin tibbi sənədi qəbul etmişdir. «X4» rentgenoloji kabineti olan tibb müəsissəsi olduğundan, həmin rəyə etibar edərək əlavə tibbi müayinələrə göndərməyə ehtiyac bilməyib çağırışçı Zərərçəkmiş şəxs yenidən «Bərdə Rayon Mərkəzi Xəstəxanası»nda təkrar rentgenoloji müayinəyə göndərməmişdir. Sonuncunu müayinə edərkən birmənalı şəkildə rentgenoloqun rəyinə əsaslanaraq ona «İkitərəfli ikinci dərəcəli yastıpəncəlilik. Funksiya pozğunluğu olmadan» diaqnozunu təyin edərək 16 mart 2024-cü il tarixli, 2772 nömrəli «Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı»nı tərtib etmiş və bu diaqnoz əsasında Zərərçəkmiş şəxs hərbi xidmətə məhdud yararlı kimi qiymətləndirilmişdir. 63 yaşı var, səhvini başa düşür, əməlindən peşmandır. Yaşını nəzərə alaraq barəsində amnistiya aktı tətbiq etməklə cəzadan azad olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, uşaq yaşlarından ayağının altı düz olmuş, ayaq üstə uzun müddət qaldıqda ayaqlarında və belində ağrılar hiss etmişdir. Hərbi xidmətdən əvvəl bununla bağlı hər hansı tibb müəssisəsinə müraciət etməmişdir. 2024-cü ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə göndərilməsi ilə əlaqədar olaraq SHXÇDX-nin Bərdə rayon şöbəsinə çağırılmış, şöbədə Hərbi həkim komissiyasının üzvləri tərəfindən ona bədən baxışı keçirilmiş, bu zaman «yastıpəncəlilik»lə bağlı «Bərdə Rayon Mərkəzi Xəstəxanası»nda müayinə olunması məqsədi ilə ona göndəriş verilmişdir. Göndəriş əsasında xəstəxanada digər çağırışçılar kimi qan və sidikdən analiz vermiş, qarın boşluğunun ultrasəsi, eləcə də döş qəfəsinin rentgen müayinəsi aparılmışdır. Bundan sonra orada müayinə olunmasına dair ona verilmiş tibbi sənədləri SHXÇDX-nin Bərdə rayon şöbəsinə təqdim etmişdir. SHXÇDX-nin Bərdə rayon şöbəsinin əməkdaşı onu digər çağırışçılarla birlikdə müayinə olunmaq üçün «X4»na aparmış, orada ayaqüstə hər iki ayağı rentgen müayinəsindən keçirilmişdir. Bütün müayinələrdən sonra onun hərbi xidmətə yararlı olması barədə qərar verilmişdir. 19 aprel 2024-cü il tarixdə SHXÇDX-nin Bərdə rayon şöbəsinə gedərək digər çağırışçılarla birlikdə müddətli həqiqi hərbi xidmət keçmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmiş, bir müddət həmin hərbi hissədə gənc əsgər kimi xidmət etdikdən sonra 28 iyun 2024-cü il tarixdə xidmətini Şəmkir rayonunda yerləşən N nömrəli hərbi hissədə davam etdirmişdir. N nömrəli hərbi hissədə xidmətə başladıqdan bir müddət sonra böyrəyində olan ağrılar kəskinləşməyə başladığından 17 sentyabr 2024-cü il tarixdə N nömrəli hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş və ətraflı müayinə olunmaq üçün 06 oktyabr 2024-cü il tarixdə Gəncə şəhərində yerləşən 230 nömrəli hərbi hospitala aparılmış, orada böyrəyində yaranmış ağrılarla bağlı müalicə olunmuşdur. Müalicə zamanı ayağının altında olan ağrılar barədə məlumat vermişdir. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilmiş və hərbi hospitalda uzun sürən müalicə və müayinələrdən sonra ona «Aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış hər iki ayağın İİİ (ücüncü) dərəcəli boylama yastıayaqlılığı» diaqnozu qoyulmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi həkim komissiyasının qərarı ilə «Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» kimi qiymətləndirilmişdir. Hərbi xidmətə göndərilməsinin doqquz ayının tamamında xəstəliyi ilə əlaqədar hərbi xidmətdən tərxis olunaraq ehtiyata buraxılmışdır. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında ona 15 gün müddətində tərxis olunacağı bildirilsə də, N ay sonra hərbi hissədən tərxis olunmuşdur. Təqsirləndirilən şəxsin səhvi nəticəsində əsassız olaraq doqquz ay hərbi xidmət keçmiş, nəticədə səhhətində problem yaranmışdır. Təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs oğludur. Uşaq yaşlarından oğlunun ayağının altının düz olmasını bilmişlər, lakin hərbi xidmətdən əvvəl bununla bağlı hər hansı tibb müəssisəsinə müraciət etməmiş, oğlunu müalicə etdirməmişlər. Oğlu Zərərçəkmiş şəxs 2024-cü ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə göndərilməsi ilə əlaqədar olaraq SHXÇDX-nin Bərdə rayon şöbəsinə çağırılmış, şöbədə Hərbi həkim komissiyasının üzvləri tərəfindən müayinə olunmuş və ona bədən baxışı keçirilmiş, «yastıpəncəlilik»lə bağlı «Bərdə Rayon Mərkəzi Xəstəxanası»nda müayinə olunması məqsədi ilə ona göndəriş verilmişdir. Həmin göndəriş əsasında oğlu qan və sidikdən analiz vermiş, qarın boşluğunun ultrasəsi, eləcə də döş qəfəsinin rentgen müayinəsi aparılmışdır. Oğlu «X4»na müraciət etmiş, orada hər iki ayağı rentgen müayinəsi olunmuşdur. Bütün müayinələrdən sonra onun hərbi xidmətə yararlı olması barədə qərar verilmişdir. 19 aprel 2024-cü il tarixdə oğlu çağırışçılarla birlikdə müddətli həqiqi hərbi xidmət keçmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. Bir müddət həmin hərbi hissədə xidmət etdikdən sonra xidmətini N nömrəli hərbi hissədə davam etdirmişdir. Oğlunun yanına gedərkən oğlu ayağında olan ağrılarla bağlı tibb məntəqəsinə müraciət etdiyini və ətraflı müayinə olunması üçün Gəncə şəhərində yerləşən hərbi hospitala göndəriləcəyini bildirmişdir. Hərbi həkim komissiyası oğlunun «Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» olması barədə qərar vermişdir. Oğlu 08 yanvar 2025-ci il tarixdə xəstəliyi ilə əlaqədar olaraq hərbi xidmətdən tərxis olunaraq ehtiyata buraxılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş SHXÇDX Bərdə rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2024-cü ilin aprel çağırışına cəlb edilərək müayinələrdən keçmək üçün «Bərdə Rayon Mərkəzi Xəstəxanası»na göndərilmiş, sonuncu müayinələrdən keçdikdən sonra SHXÇDX-nin Bərdə rayon şöbəsində təşkil olunmuş Hərbi həkim komissiyasından keçərkən ayağının altında yastıpəncəlilik olduğuna görə müayinə olunmaq üçün göndəriş əsasında «Bərdə Rayon Mərkəzi Xəstəxanası»na göndərilmişdir. Zərərçəkmiş şəxs «X4»da rentgenoloji müayinədən keçmişdir. Rəy «Bərdə Rayon Mərkəzi Xəstəxanası»na təqdim edilmiş, bunun əsasında həmin vaxt xidmətin Hərbi həkim komissiyasının üzvü həkim-cərrah Təqsirləndirilən şəxs tərəfindən «Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı» tərtib edilmişdir. «Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı» əsasında Zərərçəkmiş şəxs «İkitərəfli İİ dərəcəli yastıpəncəlilik, funksiyanın pozğunluğu olmadan» diaqnozu qoyularaq xəstəliklər cədvəlinin 68 ç A-3 hərbi xidmətə yararlı hesab edilmiş və hərbi hissəyə təhvil verilmişdir. Zərərçəkmiş şəxs həkim müayinəsindən keçdikdən sonra təkrar müayinə üçün müraciət etməmişdir. «Bərdə Rayon Mərkəzi Xəstəxanası»nda rentgen aparatı köhnə olduğundan Zərərçəkmiş şəxs “Ömürdən Pay” klinikasında rentgendən keçmişdir. Zərərçəkmiş şəxs “Ömürdən Pay” klinikasında rentgendən keçsə də, «Sağlamlıq vəziyyətinin müayinə edilməsi» aktı “Bərdə Rayon Mərkəzi Xəsytəxanası”nın həkim-cərrahı Təqsirləndirilən şəxs tərəfindən verilmişdir. İş materiallarında olan: 16 mart 2024-cü il tarixli, 2772 nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi” aktından görünür ki, Zərərçəkmiş şəxs “İkitərəfli 2-ci dərəcəli yastıpəncəlik, funksiya pozğunluğu olmadan” diaqnozu qoyulmuşdur. Müayinəni həkim Təqsirləndirilən şəxs həyata keçirmişdir. “Ömürdən Pay” Klinikasının müayinə sənədindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü ildə “Ömürdən Pay” Klinikasında müayinədən keçmiş və müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs Sağ ayaq tağının proyeksiyalı Rg-da ikinci dərəcəli yastıpəncəlik qeyd edilir. Deformasiya bucağı 158 dərəcə, ayaq tağının hündürlüyü 18 mm-ə bərabərdir. -Sol ayaq tağının yan proyeksiyalı Rg-da ikinci dərəcəli yastıpəncəlik qeyd edilir. Deformasiya bucağı 156 dərəcə, ayaq tağının hündürlüyü 10 mm-ə bərabərdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X1”nin xx.xx.2025-ci il tarixli, K/74-2025 nömrəli Rəyindən görünür ki, Zərərçəkmiş şəxs hazırda “Aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış hər iki ayağın İİİ (üçüncü) dərəcəli boylama yastıayaqlılığı. Çoxsaylı kariyes. Sidik daşı xəstəliyi. Sağ sidik axarının daşı (4 mm). Sağtərəfli hidronefroz İ mərhələ” diaqnozlu xəstəlik var və bu xəstəliklərdən “Aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış hər iki ayağın İİİ (üçüncü) dərəcəli boylama yastıayaqlılığı” xəstəliyinə görə “Xəstəliklər cədvəli”nin 61 c maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilir. Qeyd edilən xəstəliklərdən “hər iki ayağın yastıayaqlılığı” xəstəliyi anadangəlmə inkişafla bağlı olub, zaman keçdikcə dərəcəsi tədricən artmış və hazırda xəstəliyin son mərhələsində onda mövcuddur. -Zərərçəkmiş şəxs qeyd edilən xəstəlikdən başqa hərbi xidmətə yararsız hesab olunmasına səbəb olan hər hansı digər xəstəlik olmamışdır, bu xəstəliklə onun adına tərtib edilmiş tibbi sənədlərdəki qeydlər uyğunluq təşkil edir. -Zərərçəkmiş şəxs 19 aprel 2024-cü il tarixdə hərbi xidmətə çağırılarkən “Aşıqqayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış hər iki ayağın İİİ (üçüncü) dərəcəli boylama yastıayaqlılığı” diaqnozlu xəstəlik onda olmuş və bu xəstəliklə, o, “Xəstəliklər cədvəli”nin 68c maddəsinin İ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” olmuşdur. Hərbi xidmətə çağırılarkən Zərərçəkmiş şəxs hərbi xidmətə yararsız hesab edilməsinə səbəb olan digər hər hansı bir xəstəlik olmamışdır. Zərərçəkmiş şəxs aşkar edilmiş “Sidik daşı xəstəliyi. Sağ sidik axarının daşı (4 mm). Sağtərəfli hidronefroz İ mərhələ” diaqnozlu xəstəliklər hərbi xidmət dövründə inkişaf etmiş və onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmir. -Zərərçəkmiş şəxs 19 aprel 2024-cü il tarixdən 08 yanvar 2025-ci il tarixədək hərbi xidmətdə olduğu dövrdə “Aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış hər iki ayağın İİİ (üçüncü) dərəcəli boylama yastıayaqlılığı. Çoxsaylı kariyes. Sidik daşı xəstəliyi. Sağ sidik axarının daşı (4mm). Sağtərəfli hidronefroz İ mərhələ” diaqnozlu xəstəlik olmuş və bu xəstəliklərdən “Aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış hər iki ayağın İİİ (üçüncü) dərəcəli boylama yastıayaqlılığı” xəstəliyinə görə “Xəstəliklər cədvəli”nin 61 c maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” olmuşdur. -Alışov X2 Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərkən “Aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış hər iki ayağın İİİ (üçüncü) dərəcəli boylama yastıayaqlılığı” diaqnozu düzgün təyin edilmişdir, diaqnozun qoyulması zamanı aparılan müayinə metodları düzgün seçilmişdir, bu müayinə metodları həmin diaqnozun qoyulması üçün kifayət edir, qeyd edilən diaqnoz stasionar və ya ambulator müayinələrlə təyin edilə bilər, əlavə tibbi müayinələrin keçirilməsinə zərurət olmamışdır, qoyulmuş diaqnozla adına tərtib edilmiş tibbi sənədlərdəki qeydlər uyğunluq təşkil edir. -Zərərçəkmiş şəxs 19 aprel 2024-cü il tarixdə hərbi xidmətə çağırılarkən hərbi xidmətə yararsız hesab edilməsinə səbəb olan “Aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış hər iki ayağın İİİ (üçüncü) dərəcəli boylama yastıayaqlılığı” diaqnozlu xəstəlik onda olmuşdur. Lakin Zərərçəkmiş şəxs hərbi xidmətə çağırışla əlaqədar Bərdə RMX-da müayinələrdən keçərkən onda olmuş “yastıayaqlılığın” dərəcəsi həkim-rentgenoloq və həkim- travmatoloq tərəfindən düzgün təyin edilməmişdir. Zərərçəkmiş şəxs Bərdə RMX-da müayinəsi zamanı aşkar edilmiş göstəricilərin (sağ ayaq pəncəsində deformasiya bucaqı 156 dərəcə, ayaq tağının hündürlüyü 18 mm, sol ayaq pəncəsində deformasiya bucaqı 156 dərəcə, ayaq tağının hündürülüyü 19 mm), onun hərbi xidmətdə olduğu müddətdə MN BKH-da xx.xx.2024-cü il tarixdə aparılmış müayinəsi zamanı aşkar edilmiş göstəricilərə qədər (sağ pəncənin uzunluğu 176 mm, deformasiya bucağı 160 dərəcə, sol ayaq tağının hündürlüyü 15 mm, sol ayaq pəncəsinin uzunluğu 178 mm, deformasiya bucaqı 164 dərəcə, sol ayaq tağının hündürülüyü 13 mm) dərəcənin artması mümkün hesab edilmir. SHXÇDX-nin Bərdə rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən Zərərçəkmiş şəxs şəhadətləndirilməsi təyin edilmiş diaqnoz üzrə düzgün hesab edilir, hərbi xidmətə çağırılarkən onun hərbi xidmətə yararlılıq kateqoriyasının düzgün müəyyən edilməməsi “yastıayaqlılığın” dərəcəsinin düzgün təyin edilməməsi ilə əlaqədar olmuşdur. Məhkəmə Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM): 139.0.4-cü maddəsinə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxs, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikasının CM-nin 314.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 314.1-ci maddəsinə görə səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, özünü CM-nin 314.1-ci maddəsi ilə təqsirli bildiyini, 1962-ci il təvəllüdlü olmaqla 63 yaşının olduğunu qeyd edərək, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməli və onun Azərbaycan Respublikasının CM-nin 314.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin: 39.1 və 39.1.12-ci maddələrinə görə, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-cü maddəsinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə görə, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.14. bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər; 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşının 60-dan yuxarı olması yuxarıda qeyd edilən amnistiya qərarının 1.14-cü bəndi, tərəfindən törədilən CM-nin 314.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğundan amnistiya qərarının 5.1-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 1.14 və 5.1-ci bəndlərinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının CPM-nin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 314.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə "Konstitusiya və Suverenlik ili" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.14 və 5.1-ci bəndlərinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar