Məhkəmə qərarları › İş №1(021)-209/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-209/2023

18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-209/2023 18.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməyən və götürülməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs hədənin icra ediləcəyi üçün real əsaslarla öldürməklə hədələmə və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən xüsusilə qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdə saat 22:40 radələrində narkotik vasitə təsiri altında sərxoş vəziyyətdə ictimai yer hesab edilən Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Məkan” çay evinin içərisində və qarşısında insanların gur toplaşdığı yerdə ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafda olan insanlara heç bir əhəmiyyət verməyib nalayiq söyüşlər işlədib ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi, çay evinin normal iş fəaliyyətinin pozulması və orda olan şəxslər arasında təşviş ilə müşayiət edilən qərəzli hərəkətlər edərək həmin çay evinin inzibatçı işləyən Zərərçəkmiş şəxs əvvəlcədən özü ilə gətirdiyi hər iki tərəfi küt, ucu nisbətən deşici xassəyə malik olan tiyəsinin uzunluğu 250 mm, dəstəyinin uzunluğu 130 mm olan soyuq silah hesab edilməyən suvenir tipli xəncəri aşkar şəkildə nümayiş etdirib Zərərçəkmiş şəxs zor tətbiq etmə hədəsi ilə müşayət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək Zərərçəkmiş şəxs onun tanışı Şahid6 olan 250 manat pul borcunu almaq tələbi ilə əlində olan suvenir tipli xəncər ilə hədənin icra ediləcəyi üçün real əsaslarla öldürəcəyi və sağlamlığına ağır zərər vuracağı ilə hədələyib onu həmin hədə altında çay evinin qarşısında saxladığı Saypa Tiba markalı ** FO *** dövlət qeydiyyat nişanlı avtomobilə iradəsinə zidd olaraq əyləşdirib apararkən Bərdə RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmaqla onun hərəkətlərinin qarşısı alınmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, o, Bərdə şəhərində usta kimi fəaliyyət göstərmişdir. Əvvəllər isə Bərdə şəhərində “köhnə avtovağzal” deyilən yerdə “Dark” çay evini işlədirmiş. O, Bakı şəhərindən qəlyan üçün tütün gətirib Bərdə şəhərində müxtəlif kafelərə satırmış. Belə ki, həmin tütünləri Rəşad adlı satıcı paylayırmış. Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Məkan” çay evini işlədən Ramin adlı şəxs də Rəşaddan 250 manat məbləğində tütün almış. Həmin tütünü təxminən 3 ay bundan qabaq almışdır. Lakin 3 ay keçməsinə baxmayaraq Ramin hər dəfə söz versə də pulu vermirmişdir. O, təxminən hadisədən 10-15 gün qabaq Raminə zəng etmiş və demişdir ki, nə qədər vaxtdır ki, tütün sizə vermişik, pulu niyə vermiriniz? Ramin də demişdir ki, Xəyalə yəqin ki, alıbdır. Sənsən ki, pulu sənə qaytarıram. Lakin imamların 3-ü çıxandan sonra pulu hissə-hissə verəcəkmiş. O, gözləmişdir. Lakin indiyədək Ramindən xəbər çıxmamışdır. 05 avqust 2023-cü il tarixdə Saypa Tiba markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Məkan çay evinin qarşısına gəlmişdir. Avtomobildən düşüb kafeyə girmiş və Ramini çölə çağırmışdır. Ramin kafenin qarşısına gəlmişdir. O, Raminə demişdir ki, pulu bəs niyə vermədin? Ramin də demişdir ki, “Xəyalə gəlsin, özü öz borclarını verər”. O, da demişdir ki, “axı mənə dedin imamların 3-dən sonra verərəm?”. Lakin Ramin yenidən demişdir ki, Xəyalə bilər. Ramin bu sözləri deyərkən arxasını ona çöndərmiş və ona saymamazlıq etmişdir. Buna görə də o, əsəbləşmiş və avtomobilinə tərəf gedib salondan çoxdan ona hədiyyə edilmiş suvenir xəncəri götürmüşdür. Ramin həmin vaxt kafenin içərisinə girmişdir. O, da onun arxasınca əlində suvenir bıçaqla içəri doğru girmişdir. İçəridə bir neçə nəfər şəxs var imiş. o, yaxasından tutmuş. Həmin vaxt digər əlində də bıçaq var imiş. o, Ramini qolundan tutub çölə çıxartmışdır. Bundan sonra Ramin onun avtomobilinə əyləşmişdir. Sonra isə Güloğlular kəndi istiqamətində hərəkət etmişdilər. Avtomobildə olan zaman Raminə demişdir ki, onun pulunu versin, o, Xəyalə gözləyən deyil. Ramin də demişdir ki, pula görə niyə belə edirsən? Gedək versin. O, da demişdir hara deyirsə gedək ver. Onlar, bazarın yuxarı hissəsində 8-ci qapının qarşısında söhbət edib qayıdan zaman PPX avtomobilinin onlara saxla işarəsi verməyini görmüş və bundan sonra onlara yaxınlaşmış polis şöbəsinə dəvət etmişdilər. Təqsirləndirilən şəxs həmçinin ifadəsində hadisə vaxtı əlində suvenir xəncər olduğunu, lakin Raminin böyrünə dirəmədiyini xəncərin sadəcə əlində olduğunu, hadisə xx.xx.2023-cü il tarixdə saat 22:40 radələrində Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Məkan” çay evində və onun qarşısında baş verdiyini, hadisəyə səbəb Raminin ona saymazcasına yanaşması olduğunu, hadisə vaxtı kafedə işçilər və müştərilər olduğunu bildirdi. Yekun olaraq o bildirdi ki, özünü xuliqanlıq hərəkətində təqsirli bilir, hədə-qorxu ilə tələbetmədə təqsirli bilmir. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, ünvan 2 ünvanda yaşayır. Bərdə şəhərində yerləşən “Məkan” adlı kafeni qeyri-rəsmi münasibətdə olduğu X2 icarə əsasında işlədir. O, da özü burda olmadığı üçün kafeyə nəzarət etmişdir. Həmin kafedə hazırda iki nəfər işçiləri varmış. Onlar kafedə çay və qəlyan verirlər. Qəlyanın tütünün müxtəlif adamlardan almışlar. Tütünü ayda bir dəfə almışdılar. Axırıncı dəfə işçiləri adını bilməyidi şəxsdən 250 manat dəyərində tütün almışdılar. Həmin şəxs öz nömrəsini işçilərə vermişdir ki, o, həmin şəxsə zəng etsin. Həmçinin bildirmişdir ki, müdir ona zəng etsin kart atacaq az-az karta pul atar. O, da fikiləşmişdir ki, pul yığılan kimi zəng etsin kartın istəsin. Təxminən 4-5 gün bundan qabaq “Adış” ləqəbli sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona məxsus mobil nömrəyə zəng etmiş və demişdir ki, “Tütünə verəcəyin 250 manat mənə çatacaq”. O, da demişdir ki, bu onun vaxtında olmamışdır, aydınlaşdırıb ona bir söz deyər. Bundan sonra tütün paylayan şəxs yenidən kafeyə gəlmiş pulu istəmişdir. Lakin o, bunu dəqiqləşdirə bilməmişdir. 05 avqust 2023-cü il tarixdə saat 14 radələrində kafeyə gəlmişdir. Kafeyə gəldikdən sonra işçilərə nəzarət edib zalda oturmuşdur. Saat 22:40 radələrində kafedə oturan zaman Adış kafenin içərisinə girmiş. Bundan sonra onu çölə çağırmışdır. O, da Adışla çölə çıxmışdır. Adış ona demişdir ki, “sənə dediyim 250 manat noldu?” o, da demişdir ki, o pulun yiyəsi o gün gəlib pulunu istəyib. Çünki malı ondan almışdılar, pulun da ona verməlidilər. Adış da ona demişdir ki, “bir dənə söz var, onu da biz deyirik, pul bizə çatmalıdır. O da Adgözəlin bu sözünə əhəmiyyət verməmiş kafeyə tərəf getmişdir. Bundan sonra Adgözəl isə öz avtomobilinə tərəf getmişdir. Onun arxasınca Adış əlində xəncərə oxşayan bıçaqla içəri girmişdir. Həmin vaxt içəridə qonaqlar var imiş. Əli ilə onun yaxasından tutmuş onu çölə tərəf aparmışdır. İçəridə olan şəxslər onu əlindən almaq istəyən zaman Adış söyüş söyür və ətrafdakı şəxsləri əlində olan bıçaqla qorxudurmuş. Həmçinin onun ünvanına nalayiq ifadələr işlətmişdr. Sonra çölə çıxarmışloar, avtomobilə əyləşmişlər. Avtomobilə könüllü olaraq oturmuşdur. Bərdə rayonu Güloğlular kəndi istiqamətində gedən zaman yolda Post Patrul Xidmətinin əməkdaşları onları saxlatmış və onları polis şöbəsinə gətirmişdilər. Həmçinin məhkəməyə ərizə təqdim edərək bildirdi ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Məhkəmədən ərizəsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı iş üzrə Şahid2 ifadəsində göstərdi ki, o, Ağdam rayonunda anadan olmuş, lakin uzun illərdir ki, məcburi köçkün kimi Bərdə rayonu Zümürxan kəndində məskunlaşmışdılar. Falken pivə zavodu ilə işləyir. Belə ki, “Falken” markalı pivə çəlləklərin Bərdə rayonuna gətirirlər. O, da həmin pivələri müxtəlif kafelərə, restoranlara paylayır. Adıgözəli Abbasova bir neçə ay qabaq kafe işlədən zaman pivə vermiş, həmin vaxtdan onu tanımışdır. Lakin onunla yaxın münasibəti, dostluğu, həmçinin aralarında münaqişə və yaxud ədavət olmamışdır. Eləcə də “Məkan” çay evini işlədən Ramin adlı şəxsi də 4-5 ildir ki, tanıyır. Ramini də işlətdiyi kafesinə pivə verən zaman tanımışdır. 05 avqust 2023-cü il tarixdə axşam saatlarında onu “Məkan” çay evindən onu çağırmışdılar. O, onlara pivə çəlləyi verəcəkmiş. Həm də pivə aparatında nasazlıq var imiş onu düzəltməli imiş. Bu məqsədlə o, zavoda məxsus Ford markalı avtomobil ilə Bərdə şəhəri, Bakı küçəsində yerləşən Məkan çay evinə getmişdir. O, avtomobildən düşüb çay evinin qarşısına getmişdir. Orda Ramin və Adıgözəl normal söhbət edirmişlər. O, onların hər ikisi ilə salamlaşmışdır. Ramin ona demişdir ki, “keç içəri gəlirəm”. O, içəri girmişdir. İçəridə qızlar demişdilər ki, deyəsən onlar yaxalaşmışlar. O, çölə çıxanda görmüşdür ki, Adıgözəl və Ramin bir-birinin yaxasından tutub mübahisə edirmişlər. Onlar, Adıgözəl və Ramini aralaşdırırmışlar. Ramin içəri girmiş. O, da içəri girmişdir. Bir qədər sonra Adıgözəl əlində uzun bıçaqla içəri girmişdir. İçəri girdikdən sonra Adıgözəl əlində bıçaqla Raminin yaxasından tutmuşdur. Onlar bir-birləri ilə pul üstündə mübahisə edirmişdilər. Lakin o, konkret olaraq söhbətin nədən getdiyini xatırlamır. Həmin vaxt içəridə müştərilər və çay evində işləyən Aygün və Səbinə adlı qızda var imiş. Adıgözəl əlində bıçaqla Ramini mübahisə edə-edə çölə çıxartmış. Sonra isə Ramini öz avtomobilinə əyləşdirmiş və idarə edib harasa çıxıb getmişdilər. Məhkəmə istintaqı zamanı iş üzrə Şahid3 ifadəsində göstərdi ki, həmin gün kafedə olan zaman Adıgözəl əlində xəncərlə kafeyə daxil oldu. O da kafedə olan şəxslərlə birlikdə qorxub bir kənarda durdular. Adıgözəl Ramini çölə çıxartdı. Sonra onlar maşına minib getdilər. Məhkəmə istintaqı zamanı iş üzrə Şahid4 Fərhad oğlu ifadəsində göstərdi ki, Bərdə rayon polis şöbəsinin Post-partul xidməti bölüyünün polis nəfəri işləyir, polis serjantı xüsusi rütbəsindədir. Hər gün saat 09:00 və 20:00-dan olmaqla xidməti fəaliyyətə başlayırlar. Xidmətlərini onlara təyin edilmiş dislokasiya üzrə həyata keçirirlər, bölgülərə əsasən piyada və patrul marşurutları üzrə hərəkət edirlər. 05 avqust 2023-cü il tarixdə saat 20:00dan Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid5 ilə birlikdə patrul xidmətinə başlamışlar. Bərdə şəhəri, Bakı küçəsində dislokasiya üzrə hərəkətdə olan zaman saat 22:50-də Bərdə RPŞ-nin NH-dən radiostansiya vasitəsilə Bərdə rayonu Güloğlular kəndi istiqamətində **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxladılması barədə tapşırıq verilmiş, onlar dərhal deyilən hərəkət istiqamətinə getmişlər, bir qədər sonra bazar sıralarında Güloğlular kəndi istiqamətində ağ rəngli **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğunu görmüşlər, ona saxla işarəsi vermişlər. Avtomobili sürən şəxs onları görəndə dayanmışdır. Avtomobildə sürücü və yanında əyləşən şəxs olmuş, onları polis şöbəsinə aparmışlar. Şahid4 həmçinin ifadəsində avtomobildə sürücünün onun yanında əyləşən sərnişinə hər hansı bir zor tətbiq etdiyini görmədiyini bildirdi. İş üzrə Şahid6 məhkəməyə teleqram göndərərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunan ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Ağdam rayonunda anadan olmuş, lakin uzun illərdir ki, məcburi köçkün kimi ünvan 4 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər qəlyan tütününün satışı ilə məşğul olmuşdur. Belə ki, 1 kiloluq qablarda olan qəlyan tütünlərini Bərdə rayon ərazisində müxtəlif obyektlərə verirmişdir. Təqsirləndirilən şəxs təxminən 1 ilə yaxındır ki, tanıyır. Belə ki, onlar Adıgözəlin işlətdiyi kafeyə qəlyan tütünü vermişdir. Zərərçəkmiş şəxs isə şəxsən tanımış, lakin, onun işlətdiyi kafeni əvvəlcə işlədən Xəyalə adlı xanıma tütün vermişdir. Həmin vaxtdan Xəyalənin ona 550 manat borcu olmuşdur. Bir hissəsin versə də 250 manat qalmışdır. O, həmin kafeyə bir dəfə də pulu istəməyə gələn zaman Xəyalənin orda olmadığını, kafeni Raminin işlətdiyini demişdir. O, da özünə məxsus mobil nömrəsini zəng etmək üçün vermiş, lakin, ona zəng gəlməmişdir. 2023-cü ilin avqust ayının əvvəllərində Adıgözəl ona zəng edərək anasının xəstə olduğunu bildirmiş və ondan borca pul istəmişdir. O, da özündə pul olmadığını bildirmişdir. Lakin Məkan çay evinin ona 250 manat borcu qalmasını, ona deymiş və həmin pulu orada götürməsini demişdir. Bundan sonra Adıgözəl ilə əlaqə saxlamamışdır. Sonradan onun Adıgözəlin Ramindən hədə qorxu ilə pulu istədiyi üçün tutulması barədə məlumatı olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunan ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda qeydiyyatda olmaqla Bərdə şəhəri, B.Hacıyev küçəsində iş yoldaşı ilə birlikdə kirayə yaşayır. Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Məkan” adlı kafedə ofsiant işləyir. Həmin kafedə hazırda iki nəfər işləyirmişlər. Onlar kafedə çay və qəlyan vermişdilər. Qəlyanın tütünün müxtəlif adamlardan alırlar. Tütünü ayda bir dəfə alınır. Lakin konkret kimdən alındığını bilməmişdir. Bu gün, yəni 05 avqust 2023-cü il tarixdə saat 12 radələrində kafeyə gəlib işə başlamışdır. Saat 22:40 radələrində kafedə müştərilərə xidmət edən zaman sonradan adını bildiyi Adıgözəl adlı şəxs əlində xəncərə oxşayan bıçaqla içəri girmişdir. Həmin vaxt içəridə qonaqlar var imiş. O gələn kimi əlində olan bıçağı içəridə olan pivə satan Abdulla adlı və Vüsal adlı şəxslər onun əlindən almaq istəmişdilər. Lakin ala bilməmişdilər. Həmin vaxt adış ləqəbli şəxs bıçağı Raminə dirəyib onu çölə aparmış və öz avtomobilinə əyləşdirib harasa aparmışdır. O, da onun avtomobilinin nömrəsini götürüb DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Məhkəmə iclasında şahid X3 Şahid4 Fərhad oğlu ilə ibtidai istintaqda eyni məzmunlu ifadə verməsi barədə ifadəsi elan olundu. Cinayət işinin 1-ci vərəqəsində olan 07 avqust 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə Qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdə saat 22:40 radələrində narkotik vasitə təsiri altında sərxoş vəziyyətdə Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Məkan” çay evinin içərisində və qarşısında həmin çay evinin inzibatçı işləyən Zərərçəkmiş şəxs onun tanışı Şahid6 olan 250 manat pul borcunu almaq tələbi ilə əlində olan suvenir tipli xəncər ilə hədənin icra ediləcəyi üçün real əsaslarla öldürəcəyi və sağlamlığına ağır zərər vuracağı ilə hədələyib onu həmin hədə altında çay evinin qarşısında saxladığı Saypa Tiba markalı ** FO *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirib apararkən Bərdə RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmaqla onun hərəkətlərinin qarşısı alınması, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 34-35-ci vərəqələrində olan şübhəli şəxsin tutulması haqqında 07 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 134-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli bilinərək 07 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 62-63-cü vərəqələrində olan 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməl Azərbaycan Respublikası CM-nin 134-cü maddəsindən həmin Məcəllənin 134 və 221.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin 65-66-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 221.1-ci maddələri ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 87-91-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 4(021)170/2023 saylı 09 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 07 avqust 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 21-ci vərəqəsində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 07 avqust 2023-cü il tarixli qərardan görünür ki, X6 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 57-59-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsinin məhkəmə-ballistik ekspertizasının 08 avqust 2023cü il tarixli 16/792 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilən predmet kustar üsulla suvenir tipli xəncər formasında hazırlanmışdır və soyuq silah hesab edilmir. (Aparılmış tədqiqatın dəyəri 31.50 manat təşkil edir) Cinayət işinin 114-161-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 1(021)97/2021 saylı 04 avqust 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 25 avqust 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 101-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Bərdə rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş (cəzasının əvvəli həbsə alındığı gün yəni, xx.xx.2020-ci il tarixdən hesablanmaqla) Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası başa çatdığından xx.xx.2021-ci il tarixdə Penitensiar xidmətin 2 saylı İstintaq Təcridxanasından azad edilmişdir. Cinayət işinin 174-cü vərəqəsində olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 160-161-ci vərəqələrində olan Azərbaycan Respublikası Bərdə MTİSdən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qeydiyyatdadır və qeydiyyatda olduğu yerdən müsbət xarakterizə olunur. Cinayət işinin 175-187-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 1 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış – 01 ədəd suvernir tipli xəncər Bərdə RPŞ-nin saxlanc otağına təhvil verilmiş, həmin hadisənin görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 221.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs barışdığından və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödənildiyindən cinayət işi üzrə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs həmin maddəyə əsasən cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs özünün CM-nin 134-cü maddəsi ilə təqsirli bilməməsini, həmçinin Zərərçəkmiş şəxs onu hədə -qorxu ilə tələb etməməsi barədə verdiyi ifadəni həqiqəti əks etdirməyən ifadə kimi qiymətləndirir. Belə ki, Zərərçəkmiş şəxs ərizə ilə polis şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs kafenin içərisinə girərək hədə qorxu gəlib 250 manat pulu vermədiyi halda bıçaqla öldürəcəyi barədə məlumat vermişdir. Həmçinin Zərərçəkmiş şəxs ibtidai istintaqda xəncəri börünə dirədiyini, öldürməklə hədələdiyini bildirmişdir. Məhkəmə bu halı Təqsirləndirilən şəxs CM-nin 134-cü maddəsinin təsiri altına düşməməsi kimi verilmiş ifadə kimi qiymətləndirir. Lakin məhkəmə Zərərçəkmiş şəxs ziyanın tamamilə ödənilməsi və barışıq verməsi barədə ərizəni nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair 25 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin residivi ağırlaşdıran hallar kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)97/2021 saylı 04 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum olunmuş, cəzası başa çatdığından xx.xx.2021-ci il tarixdə Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 1(021)97/2021 saylı 04 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki ittiham olunduğu cinayət əməlini törədərkən cəzadan azad edildiyi gündən iki il müddət keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 avqust 2023-cü il il tarixində Azərbaycan Respublikası CM-nin 134-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuş, 09 avqust 2023-cü il tarixdə əməli Azərbaycan Respublikası CM-nin 134-cü maddəsindən həmin Məcəllənin 134 və 221.1-ci maddəsinə tövsif edilmiş, 09 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 221.1-ci maddələri ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 09 avqust 2023-cü il tarixdə barəsində 02 ay həddində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 07 avqust 2023-cü il tarixdən hesablanmış, məhkəmə hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Ona görə də, cəzasının əvvəli 07 avqust 2023-cü il il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətləndirildiyindən ona cəza təyin olunarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 31.50 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 01 ədəd suvenir tipli xəncər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 07 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 01 ədəd suvenir tipli xəncər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 31.50 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar