Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-211/2023 14.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X5 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi X2 iştirakı ilə, xx xxxx 1999-cu ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 02 il 02 ay 20 gün müddətə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmış, Bərdə şəhəri Səttarxan küçəsi ev 4-də qeydiyyatda olan və Bərdə şəhəri Füzuli küçəsində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ Siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumi təmiz çəkisi 315 qram çəkidə tərkibində narkotik maddələr olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 01 ədəd qara rəngli sellofan paketin içərisində olan 01 (bir) ədəd ağ rəngli sellofan bükümdə qanunsuz olaraq əldə edib üzərində saxlamış, 08 avqust 2023-cü il tarixdə saat təxminən 1000 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri Füzuli küçəsində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni qoltuqaltı hissəsində saxladığı 01 ədəd qara rəngli sellofan paketin içərisində olan 01 ağ rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 315 qram çəkidə tərkibində narkotik maddələr olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən 2 il olar ki, narkotik vasitə istifadə edir. Goranboy Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsində onun üzərinə elektron nəzarət vasitəsi quraşdırılmışdır. 08 avqust 2023-cü ildə saat 22-23 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları yaşadığı evə gəlmiş və onu atasına zamin durması üçün Bərdə Rayon Polis Şöbəsinə aparmışlar. Polis əməkdaşları birldirmişlər ki, onu 48 saat saxlayıb buraxacaqlar. Üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu döyərək üzərinə narkotik vasitə qoymuş və ona təzyiq göstərərək narkotik vasitənin ona məxsus olduğunu etiraf etməyə onu məcbur etmişlər. Bundan sonra video çəkilişdən istifadə edərək üzərinə baxış keçirilmiş, özü üstünə qoyulmuş narkotik vasitəni çıxararaq polis əməkdaşlarına təqdim etmiş və narkotik vasitəni Bərdə şəhəri Füzuli küçəsində, yaşadığı ərazinin yaxınlığından tapdığını bildirmişdir. Əslində isə onun üzərində ümumiyyətlə narkotik vasitə olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumamış, sadəcə imzalamışdır. Qeyd etdiklərinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, sonuncu həmin ifadəsində göstərmişdir ki, Bərdə şəhəri Füzuli küçəsində yaşayır. Uzun müddət narkotik vasitələrin müxtəlif növlərindən istifadə etmiş, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. xx.xx.2022-ci il tarixdə Goranboy Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respubliaksının CM-nin 234.1-ci maddəsi ilə təqsirli blinib 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bərdə şəhəri Füzuli küçəsinin yaxınlığında piyada gəzərkən yerdə bir ədəd torba olduğunu görmüş, həmin torba diqqətini çəkdiyi üçün yerdən götürərək onu açıb içərisinə baxdıqda içərisində şəffaf rəngli sellofan bükümdə narkotik vasitə hesab edilən marixuanaya bənzətdiyi kütlə olduğunu görmüşdür. Narkotik vasitə istifadə etdiyi üçün həmin torbanı götürərək yaşadığı evə qayıtmaq istəmiş, bu zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu söyləyib onu Bərdə RPŞ-nə gətirmişlər. Şöbədə ona üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra ona müdafiəçilərin siyahısı təqdim edilmiş, müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmiş və ona təqdim edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. O, şübhəli şəxs qismində tutulduqdan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı qoltuqaltında saxladığı 01 ədəd torbanı könüllü olaraq təqdim etmiş, həmin torbanın içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən həmin polietilen torbanın içərisinə baxış keçirilmiş, 01 ədəd polietilen torbada olan narkotik maddə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 335 qram olduğu müəyyən olunmuşdur. Daha sonra isə üzərindən aşkar edilmiş 01 ədəd polietilen torbada olan narkotik vasitə olan marixuanaya bənzər kütlə 1 ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmışdır. Protokol tərtib edilmiş və o, həmin protokola imza etmişdir. O, saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə gətirilərkən, o cümlədən polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən ona hər hansı zor və ya fiziki qüvvə tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadə verərək göstərdi ki, 08 avqust 2023cü il tarixdə Bərdə rayonu ərazisində narkotik vasitələrin əldə edilməsi və saxlanmasında şübhəli bilinən Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. 08 avqust 2023cü il saat 1000-da Təqsirləndirilən şəxs Bərdə şəhəri Füzuli küçəsində saxlanılmış və Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 və Bərdə RPŞ-nin KTQ-nin baş inspektoru Şahid2 iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuş, sonuncu heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Sonuncu masaya yaxınlaşıb sağ qoltuqaltında saxladığı 1 ədəd polietileni masanın üzərinə qoyaraq içərisində sellofan büküm və həmin bükümün içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Təhiqiqatçı tərəfindən həmin polietilenə və içərisindəki sellofan bağlamaya baxış keçirilərkən spesifik qoxuya malik narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə bənzər kütləni haradan əldə etdiyi soruşulduqda, həmin kütləni Bərdə şəhəri Füzuli küçəsində yaşadığı ərazinin yaxınlığından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və ümümi çəkisi 335 qram olmuşdur. Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd polietilen kütlə ilə birlikdə kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Tərəflərindən Təqsirləndirilən şəxs heç bir zorakı hərəkət, təzyiq və təsir göstərilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Bərdə RPŞ-nin Kriminalistik Tədqiqatlar qrupunun ekspert-kriminalisti Şahid2 və Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 Şahid3 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 09 avqust 2023-cü il tarixli 16/798 saylı rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş marixuanaya bənzər kütlə.” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara sellofan paketdə olan digər 1 (bir) ədəd ağ rəngli sellofan bükümdə, təmiz çəkisi 315 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. -Qeyd: Marixuananın təmiz çəkisi 315 qram, tədqiqata sərf edildi 0,04 qram, qalıq 314,96 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 05 oktyabr 2023-cü il tarixli 1649 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli 18-1-28/2-1220/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX”-nın Poliklinika şöbəsinin narkoloji kabinetində xx.xx.2022-ci il tarixində “Heroin qəbulu” diaqnozu ilə qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs “Bərdə RMX”-nın ruhiəsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində üzərində ümumiyyətlə narkotik vasitə olmadığını, narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu və polis əməkdaşları tərəfindən döyülərək ona təzyiq və təsir göstərildiyini, bu səbəbdən də narkotik vasitənin ona məxsus olduğunu etiraf etməyə məcbur olduğunu bildirmişdir. Qeyd olunan halların araşdırılması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə 2 saylı İstintaq Təcridxanasına və Bərdə Rayon Polis Şöbəsinə sorğular göndərilmiş, Gəncə 2 saylı İstintaq Təcridxanası tərəfindən məhkəməyə göndərilən Təqsirləndirilən şəxs məxsus 7059/2023/1271 saylı Tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs Gəncə 2 saylı İstintaq Təcridxanasına yerləşdirilərkən tibbi müayinədən keçirilmiş, lakin üzərində xəsarət aşkar edilməmişdir. Tibbi sənədin “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə” məlumat bölməsindən görünür ki, Təqsirləndirilən şəxs sağ saidində çoxsaylı özü-özünə müxtəlif ölçüdə köhnə çapıq toxumaları aşkar edilmişdir. Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabından görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2023-cü ildə saat 1330-da Bərdə RPŞ-də tibbi müayinədən keçirilmiş, lakin üzərində xəsarət aşkar edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin (vəkilin) iştirakı ilə bir neçə dəfə dindirilmiş, lakin müdafiəçisinə (vəkilinə) polis əməkdaşları tərəfindən döyülməsi, o cümlədən digər qaydada təzyiq və təsirə məruz qalması barədə məlumat verməmişdir. Məhkəmə istintaqı zamanı ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs sağ saidində aşkar edilmiş köhnə çapıq toxumalarının əvvəllər özü tərəfindən törədildiyini bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar məhkəmə istintaqı dövründə aparılan araşdırma ilə sübut olunmamışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini özünü müdafiə etmək məqsədi ilə uydurulmuş, gerçəkliyə uyğun olmayan, məhkəməni çaşdırmaq məqsədi güdən ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ Siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 315 qram çəkidə tərkibində narkotik maddələr olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 01 ədəd qara rəngli sellofan paketin içərisində olan 01(bir) ədəd ağ rəngli sellofan bükümdə qanunsuz olaraq əldə edib üzərində saxlaması, 08 avqust 2023-cü il tarixdə saat təxminən 1000 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri Füzuli küçəsində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni qoltuqaltı hissəsində saxladığı 01 ədəd qara rəngli sellofan paketin içərisində olan 01 ağ rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 315 qram çəkidə tərkibində narkotik maddələr olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə Şəhəri üzrə İcra Nümayəndəsinin 05 oktyabr 2023-cü il tarixli 4902 saylı Arayışından və eyni tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri Füzuli küçəsi ev 11-də yaşayır. Təqsirləndirilən şəxs Bərdə şəhəri Füzuli küçəsində yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Onun barəsində Bərdə Şəhər İcra Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Goranboy Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. -Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və qəti olaraq ona 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin 06 oktyabr 2023-cü il tarixli 1125/01 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək cəzasının 03 ay 06 gününü çəkmiş və 02 il 02 ay 20 gün çəkilməmiş cəzası qalmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsi ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmadan yenidən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmənin qənaətinə görə, bu hal onu göstərir ki, həmin hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsiri olmamışdır və Təqsirləndirilən şəxs cinayət törətməyə meylli şəxsdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin: 67.1-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 02 (iki) ay 20 (iyirmi) günün iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 08 avqust 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 4(021)-172/2023 saylı qərarından görünür ki, vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli 08 avqust 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan o, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 09 avqust 2023-cü il tarixli 16/798 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat 40 qəpik) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 314,96 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 02 (iki) ay 20 (iyirmi) günün iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 10 (on) gün azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 08 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 314,96 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat 40 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən təqsirləndirilən şəxs rəsmi qaydada aldığı, digər proses iştirakçıları isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-211/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-211/2023
14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver