Məhkəmə qərarları › İş №1(021)-22/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-22/2022

28.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-22/2022 28.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi, Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs (Hümbətovanın) nümayəndəsi Şahid1 iştirakı ilə xx xxxxxx 1981-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 2-ci qrup əlil, fərdi əməklə məşğul olan, məcburi köçkün, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olan və Bərdə rayonu, Qarabağ qəsəbəsi ev 2-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, cavabdeh kimi ondan 04.02.2020-ci il tarixdən hesablanmaqla 09.02.2020-ci il təvəllüdlü X4 və 03.01.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər üşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq Qasımova (Hümbətova) Şəbinə Elmani qızına ödənilməsinə və 30,00 manat dövlət rüsumunun dövlət büdcəsinə keçirilməinə dair Bərdə Rayon Məhkəməsinin 2(021)-1176/2020 saylı, 10.03.2020-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bərdə Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün ona icra məmuru tərəfindən 08.05.2021-ci il, 01.10.2020-ci il, 03.11.2020-ci il, 18.12.2020-ci il, 22.01.2021-ci il, 12.03.2021-ci il və 16.04.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə barəsində təqdimat verilən 29.04.2021-ci il tarixədək cəmi 3900,00 manat aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, bununla da zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, X8 ilə 27.07.2010-cu ildə ailə qurmuşdur. Birgə nikahdan 09.02.2012-ci il tarixdə Hümbətli Aylin və 03.01.2013-cü il tarixdə Hümbətli Həqiqət adlı iki uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlar mehriban yaşasalar da sonradan münasibətləri pisləşmiş, aralarında tez-tez münaqişələr yaranmış, faktiki olaraq ayırılmış, ər-arvad münasibələri kəsilmişdir. Səbinə Hümbətova aliment tələbinə dair məhkəməyə müraciət etmiş və Bərdə Rayon Məhkəməsinin 10.03.2020-ci il tarixli, 2(021)-1176/2020 saylı qətnaməsinə əsasən nikahları pozulmuş, uşaqların Səbinənin himayəsində qalmasına, 09.02.2012-ci il təvəllüdlü X4 və 03.01.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 04.02.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat, cəmi hər ay 300 manat məbləğində alimentin tutularaq Şəbinə Hümbətovaya ödənilməsi və dövlət rüsumuna görə 30 manat məbləğində pulun dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Maddi vəziyyəti ilə əlaqədar olaraq aliment borcunu tam ödəyə bilməmişdir. 20.10.2020-ci il tarixdə Bərdə Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati qaydada cəlb edilmişdir. Barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün icra məmuru tərəfindən təqdimat verilən 29.04. 2021-ci il tarixə kimi ödənilməmiş alimentin miqdarı cəmi 3900,00 manat təşkil etmişdir. Toylarda meyxana deyib pul qazanır, müğənni kimi fəaliyyət göstərir. 2021-ci ilin may və iyul aylarında 1100,00 manat ödəniş etmişdir. Hazırda zərərçəkmiş şəxsə olan aliment borcunu tam ödədiyini, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Qasımova (Hümbətova) Səbinə Elman qızının nümayəndəsi Şahid1 ifadə verərək göstərmişdir ki, qızı Səbinə 27.07.2010-cu il tarixdə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, birgə nikahlarından 09.02.2012-ci il tarixdə X9 və 03.01.2013-cü il tarixdə X6 adlı iki uşağı anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan ayrılmışlar. Qızı Səbinə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Bərdə rayon Məhkəməsinin 10.03.2020-ci il tarixli, 2(021)-1176/2020 saylı qətnaməsinə əsasən nikahları pozulmuş, uşaqların onun himayəsində qalması, Təqsirləndirilən şəxs 09.02.2012-ci il təvəllüdlü X9 və 03.01.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 04.02.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat, cəmi hər ay 300 manat məbləğində alimentin tutularaq Səbinəyə ödənilməsi və dövlət rüsumuna görə 30 manat məbləğində pulun dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Lakin Təqsirləndirilən şəxs maddi imkanı olduğu halda, uşaqlarına lazımi maddi köməklik etməmiş, cüzi ödəniş etmişdir. Təqsirləndirilən şəxs 20.10.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati qaydada cərimə edilmiş, lakin bundan nəticə çıxarmamışdır. Təqsirləndirilən şəxs 29.04.2021-ci il tarixə kimi ödənilməmiş alimentin miqdarı cəmi 3900,00 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs borcdan istintaq dövründə 1700 manat, məhkəmə istintaqı zamanı isə 2200 manat ödəmiş, ittiham üzrə aliment borcu qalmamışdır. Hazırda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə borclu olduğu aliment borcunu tam ödədiyindən sonuncudan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1176/2020 saylı, 10.03.2020-cu il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs hər ay iki uşağın saxlanılması üçün cəmi 300 manat məbləğində aliment pulu alınaraq X2 xeyrinə ödənilməlidir. Göstərilən icra vərəqəsi 12.03.2020-ci il tarixdə Bərdə rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsini rəhbər tutaraq 12.03.2020-ci il tarixdə icraata başlama haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. Borclu icra sənədinin icrasını təmin etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün barəsində 20.10.2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmiş və Bərdə Rayon Məhkəməsinin 3(021)- 1169/2020 saylı, 20.10.2020-ci il tarixli qərarına əsasən, borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 500 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Bundan sonra borclu yenə də müxtəlif bəhanələr gətirərək icra sənədinin icrasından yayınaraq məhkəmə qərarı üzrə tələbi qərəzli olaraq təmin etməmiş və 23.04.2021-ci il tarixə tələbkara 3900,00 manat məbləğində aliment borcu yaranmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(021)- 1176/2020 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı X3 cavabdeh Təqsirləndirilən şəxs qarşı nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X7 ilə cavabdeh Təqsirləndirilən şəxs arasında 27 iyul 2010-cu ildə Ağdam rayon İcra Hakimiyyəti Başçısının Seyidli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış və 17 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 09 fevral 2012-ci il də anadan olmuş X4 və 03 yanvar 2013-cü ildə anadan olmuş X1 iddiaçı X3 himayəsində qalması, 04 fevral 2020-ci il tarixdən başlayaraq 09 fevral 2012-ci il də anadan olmuş X4 və 03 yanvar 2013-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay hər uşağa 150(bir yüz əlli) manat, cəmi 300(üç yüz) manat miqdarında aliment alınaraq X5 verilməsi, cavabdeh Təqsirləndirilən şəxs dövlət rüsumu hesabına 30(otuz) manat alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 3(021)-1169/2020 saylı 20 oktyabr 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 manat məbləğində inzibati qaydada cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarında olan 03.11.2020-ci, 18.12.2020-ci, 22.01.2021-ci, 12.03.2021-ci və 16.04.2021-ci il tarixli xəbərdarlıqların surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs aliment borcunu ödəməsi üçün rəsmi xəbərdarlıqlar edilmiş, əks halda barəsində Azərbaycan Respublikasının CM-nin 306.1.-cı maddəsi üzrə istintaq orqanına təqdimat veriləcəyi izah edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə, eləcə də işdə olan təkzib olunmaz digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə məhkəmə zərərçəkmiş şəxsin nümayəndəsi Şahid1 ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Zərərçəkmiş şəxs qzının nümayəndəsi Şahid1 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə 29 aprel 2021-ci il tarixədək 3900 manat borcu yaranmış, həmin borcdan istintaq dövründə Təqsirləndirilən şəxs tərəfindən 1700 manat, qalan 2200 manat borcu isə məhkəmə istintaqı dövründə ödəmişdir. Odur ki, verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Dəymiş maddi ziyan tam ödənilmişdir və cinayət təqibinə xitam verilməsini xahiş edir. Göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən Bərdə Rayon Məhkəmənin qanuni qüvvəyə minmiş 10 mart 2020-ci il tarixli, 2(021)-1176/2020 nömrəli qətnaməsi tam icra edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verildiyindən barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başq yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar