Məhkəmə qərarları › İş №1(021)-222/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-222/2023

14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-222/2023 14.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1975-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bərdə rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmiş, Bərdə şəhəri, Gəncə küçəsi, ev 2 ünvanında qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Bərdə rayonu, Uğurbəyli kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir оndаn ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə" Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən təmiz çəkisi 435 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində qanunsuz olaraq saxlamış, 21 avqust 2023-cü il tarixdə saat 11:45 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən «Lider İnşaat» tikinti materialları mağazasının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon Polis şöbəsinin inzibati binasına gətirilib orada saat 12:45 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan 1 (bir) ədəd qaraqırmızı rəngli sellofan paketin içərisində satış məqsədilə saxladığı təmiz çəkisi 435 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, əvvəllər narkotik vasitə olan heroinə görə məhkum olunduğunu, hazırki narkotik vasitənin polis tərəfindən məcburi etiraf etdirilmək məqsədilə onun üzərinə qoyulduğunu bildirmiş, lakin məhkəmə iclasında qeyd etmişdir ki, narkotik vasitəni etiraf edərkən ona polis əməkdaşları tərəfindən hər hansı fiziki zorakılıq və psixoloji təzyiq, şiddət göstərilməmişdir. Bundan başqa sədrlik edənin sualına cavabında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı narkotik vasitənin qanunsuz etirafı ilə bağlı hər hansı hüquq-mühafizə və ya prokurorluq orqanlarına müraciət etmədiyini bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədən özünün 21 avqust 2023-cü il tarixdə saat 11:45-də Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Lider İnşaat” tikinti materialları mağazasının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmasına dair həmin vaxt ətrafda olan təhlükəsiz şəhər kameralarının videogörüntülərinin əldə edilməsinə dair məhkəməyə şifahi vəsatət vermişdir. Məhkəmə işin obyektiv, ədalətli və hərtərəfli araşdırılmasında həmin videogörüntünün mühüm sübut əhəmiyyətinə malik ola biləcəyini nəzərə alaraq şifahi vəsatəti təmin edərək göstərilən videogörüntünün əldə edilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya- Kommunikasiya İdarəsinə yazılı sorğu ilə müraciət etmişdir, lakin məhkəmədə işə baxılan müddətdə sorğuya hər hansı cavab gəlməmiş və videogörüntülər məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkəmə iclasında təqsirləndirilən şəxs üzərinə polis şöbəsində axtarış keçirilərkən çəkilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilməsini və baxış keçirilərkən oradakı vasitənin narkotik vasitə olmayacağının görünəcəyini qeyd etmişdir. Məhkəmə tərəflərin fikirlərini nəzərə alaraq yerində müşavirə etdikdən sonra videogörüntüyə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilməsini məqsədəuyğun hesab etməmişdir. Belə ki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş vasitənin narkotik vasitə olub-olmaması baxış nəticəsində deyil, bununla bağlı ibitdai araşdırma orqanı tərəfindən təyin olunmaqla keçirilən məhkəmə-bioloji ekspertizasının rəyi ilə müəyyən olunur. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında olan ziddiyyəti nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü CM-nin 234.2-ci maddəsi ilə tam təqsirli bilərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Uğurbəyli kəndində yaşayır. Evlidir, fərdi əməklə məşğul olur. O, əvvəllər Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmiş, lakin məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. 21 avqust 2023-cü il tarixdə, saat 11:45 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən «Lider İnşaat» tikinti materialları mağazasının yaxınlığında saxlanılaraq həmin gün saat 12:00 radələrində rayon polis şöbəsnin inzibati binasına gətirilmişdir. Polis şöbəsinə gətirildikdən sonra onun şübhəli şəxs qismində tutulmağı barədə qərar qəbul edilərək hüquqlarının müdafiə edilməsi üçün Bərdə rayonu, Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət edilərək ona təqdim edilmişdir. Həmin vaxt polis əməkdaşı üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi barədə hüquq və vəzifələri izah edilmişdir. Daha sonra videoçəkiliş vasitəsi ilə müdafiəçisi və digər polis əməkdaşlarının iştirakı ilə üzərində olan əşyaların təqdim edilməsi təklifi edilmişdir. Həmin vaxt o, qarşısında olan masaya yaxınlaşıb könüllü olaraq sağ əlində olan 1 (bir) ədəd qara-qırmızı rəngli sellofan torbanı masanın üzərinə qoyaraq içərisində qurudulmuş marixuana olmasını demişdir. Həmin kütlə elektron tərəzidə çəkilərək 450 qram olması müəyyən edildikdən sonra onun və baxışda iştirak edən iştirakçıların iştirakı ilə müvafiq qaydada qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və qablaşdırılmanın üzəri imzalanaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra üzərindən aşkar edilmiş 1 qutu «ARGO» markalı siqaret qutusu və 1 ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Daha sonra üzərində başqa hər hansı qanunsuz əşya və predmetin olub olmaması soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində başqa qanunsuz əşya və predmet olmadığını bildirdikdən sonra polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilsə də lakin başqa qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Daha sonra ona həmin narkotik vasitə olan qurudulmuş marixuananı haradan əldə etməyi barədə sorğu edilən zaman o, həmin narkotik vasitəni 21 avqust 2023-cü il tarixdə təxminən saat 11 radələrində Bərdə şəhəri ərazisində yerləşən «Xan Meşəsi» adlanan ərazidən yerdən tapdığını, özü narkotik aludəçisi olduğu üçün yaşadığı evə aparmaq istəməsi barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşı tərəfindən ona və baxışda iştirak edən iştirakçılara baxışın keçirilməsi ilə əlaqədar hər hansı bir suallarının olub-olmaması soruşulmuş, həmin vaxt nə onun nədə ki, iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bununla da onun üzərində şəxsi axtarış başa çatdığından videoçəkiliş dayandırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən aşkar edilərək götürülmüş 1 ədəd qara-qırmızı rəngli sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuananı 21 avqust 2023-cü il tarixdə saat 11 radələrində Bərdə şəhəri ərazisində yerləşən «Xan Meşəsi» adlanan ərazidən yerdən tapmışdır. O, həmin narkotik vasitəni tapdıqdan sonra hər hansı şəxsə tapmağı barədə məlumat verməmiş və ya hər hansı şəxsə satmamışdır. Həmçinin həmin vaxt o, tək olmuş və yanında heç kim olmamışdır. O, həmin narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyi üçün üzərində saxlamışdır. Belə ki, həmin narkotik vasitəni yaşadığı evə aparmaqda məqsədi şəxsi istifadəsi üçün gizli şəkildə istifadə etmək olmuşdur. Həmin narkotik vasitədən hər hansı bir şəxsə satmamış və satmaq məqsədi olmamışdır. Həmçinin onun narkotik vasitə istifadə etməyi barədə ailə üzvlərinin və ya digər şəxslərin heç bir məlumatı olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və ya polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor və ya fiziki qüvvə tətbiq olunmamışdır. Törətmiş olduğu cinayət əməlinə görə əməlindən peşmandır. Məhkəmədən əməlindən peşman olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Bərdə RPŞ-nin əməkdaşları Şahid3 və Şahid2 ifadələrində göstərmişlər ki, 22 avqust 2023-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla Bərdə rayonu, Uğurbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 11:45 radələrində polis əməkdaşları Bərdə RPŞnin KTQ-nun baş inspektor kriminalisti, polis kapitanı Şahid2, Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri, polis baş serjantı Şahid3 və Bərdə rayon X4 Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs Bərdə şəhəri, H.Əliyev prospektində saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə məlumat verib üzərinə rayon polis şöbəsinin inzibati binasında videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyini və onu bu barədə tərtib edilmiş qərarla tanış etmişdir. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olan zaman şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və adları qeyd edilən polis əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon X9 bölməsinin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb sağ əlində olan 01 (bir) ədəd qara-qırımızı rəngli sellofan paketi masanın üzərinə qoyduqdan sonra əynində olan şalvarın sol yan cibindən 1 (bir) qutu "ARGO" markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ cibindən 1 (bir) ədəd alışqanı çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd qara-qırmızı rəngli sellofan paketin içərisinə baxış keçirilərkən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Həmin qurudulmuş marixuana sellofan paketlə birlikdə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 450 qram olması müəyyən edilmişdir. Bundan sonra baş təhqiqatçı Vüsal Bayramov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd qara-qırmızı rəngli sellofan paket qablaşdırılmış, üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya göndəriləcəyi bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı qanunsuz əşya və predmetin olub olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində başqa qanunsuz əşya və predmet olmadığını bildirdikdən sonra Təqsirləndirilən şəxs üzərinə onun tərəfindən baxış keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra 1 qutu «ARGO» markalı siqaret və 1 ədəd alışqan heç bir sübut əhəmiyyəti daşımadığı üçün Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsi barədə sorğulur edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 21 avqust 2023-cü tarixdə Bərdə rayonu ərazisində yerləşən «Xan Meşəsi» adlanan ərazidən yerdən tapması barədə məlumat vermişdir. Bununla da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış başa çatdığından videoçəkiliş dayandırılmışdır. Məhkəmə istintaqı zamanı digər Şahid1 üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməmişdir. Məhkəmə həmin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan edilməsi yolu ilə tədqiqini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən CPM-in 317-ci maddəsinə əsasən ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilmiş Şahid1 da digər şahidlər Şahid3 və Şahid2 ilə eyni məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 bölməsinin 22 avqust 2023-cü il tarixli 16/834 nömrəli məhkəmə-bioloji ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan qara-qırmızı rəngli sellofan paketdəki, təmiz çəkisi 435 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 18 sentyabr 2023-cü il tarixli, 1562 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. «Şəxsi axtarış və götürmə keçirilməsi haqqında» 21 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən qara-qırmızı rəngli sellofan paketdəki, təmiz çəkisi 450 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 (bir) ədəd "DVD" diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. «Diskə baxış keçirilməsi haqqında» 22 avqust 2023-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 9 dəqiqə 51 saniyə müddətində davam edən videogörüntülərdə Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən üzərindən götürülmüş qara-qırmızı rəngli sellofan paketdəki, təmiz çəkisi 450 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktı öz əksini tapmışdır. Azercell Telekom MMC tərəfindən Bərdə rayon Polis Şöbəsinə ünvanlanmış 05 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, ********** saylı mobil nömrədə qərarda göstərilən müddətdə mövcud olan zəng və SMS siyahısına, SMS mətnlərinə, abunəçilərə və əhatə dairəsinə dair məlumatlar 1 ədəd CD diskdə istintaqa təqdim edilmişdir. Diskə baxış keçirilməsi haqqında 09 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC tərəfindən Bərdə rayon Polis Şöbəsinə 09 oktyabr 2023-cü il tarixli 22638 nömrəli məktubla daxil olmuş 01 ədəd CD diskə baxış keçirilərkən diskin içərisində yerləşən adları yazılan fayllara daxil olub baxış keçirdikdə Təqsirləndirilən şəxs adına qeydə alınmış və istifadəsində olmuş GSM nömrələrinə daxil olmuş və həmin nömrədən göndərilmiş zəng və SMS-lərə aid məlumatlarda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Bərdə rayon Mərkəzi Xəstəxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX- nın Poliklinikasının Narkoloji kabinetində xx.xx.2012, xx.xx.2021 və xx.xx.2023-cü il tarixlərdə «Heroin» qəbulu diaqnozu ilə dispanser qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 710 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Uğurbəyli kəndində həyat yoldaşı X3, övladları xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2004-cü il təvəllüdlü X11 ilə birlikdə yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Bərdə rayonu, Uğurbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin, həmçinin, narkotik prekursorlarını, psixotrop maddə və heroin satmasını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitə və ya onun prekursorlarını satdığı hər hansı şəxs və ya şəxslər müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnəmədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2021- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə 02 il azadlığı məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, sənədlər, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 26-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Həmin qərarın 37-ci bəndində qeyd edilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülən satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə" Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən təmiz çəkisi 435 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində qanunsuz olaraq saxlaması öz təsdiqini tapmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd olunan hallardan heç biri öz təsdiqini tapmamışdır. İstər Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi zamanı verdiyi ifadələrindən, istərsə də şahidlərin ifadələrindən, müstəntiqin əməliyyat tapşırığı ilə bağlı Bərdə RPŞ-dən ünvanlanmış cavab məktubundan, həmçinin təqsirləndirilən şəxs barədə verilmiş məhkəmə-narkoloji ekspertizasının rəyindən də müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə deyil, istifadə etmək üçün əldə etmişdir. İbtidai istintaq orqanı tərəfindən hazırki cinayət işi üzrə narkotik vasitə olan qurudulmuş marixuananın alıcıları müəyyən edilməmiş və təsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə həyata keçirilərkən narkotik vasitələrin hazırlanması və çəkilməsi üçün elektron tərəzi və digər avadanlıqlar aşkar edilməmişdir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs ittihamla özünü təqsirli bilməməsi və məhkəmə istintaqı zamanı narkotik vasitənin polis tərəfindən təşkil edilərək ona təqdim edilməsi və onun narkotik vasitənin ona məxsus olmamasını bildirməsi ilə əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində və üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən aparılmış videoçəkilişdə narkotik vasitəni etiraf etməsini və ibtidai istintaq zamanı polis əməkdaşlarının ona fiziki və psixoloji zorakılıq və şiddət göstərməməsini, onun narkotik vasitənin məcburi etiraf etdirilməsi ilə bağlı hər hansı hüquq-mühafizə, prokurorluq və məhkəmə orqanlarına şikayət etməməsi və bununla bağlı mötəbər sübutlar təqdim edilməməsini və təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələr özünümüdafiə xarakteri daşıyır və şəxsin cinayət məsuliyyətindən və cəzadan yayınmaq məqsədinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, evli və himayəsində iki uşağının olmasını və ailənin yeganə qazanc gətirən şəxsi olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İttiham aktında təqsirləndirilən şəxsin Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzasının sonu ilə azad edilməsi və məhkumluğunun qanunla müəyyən edilmiş qaydada ödənilməməsi və götürülməməsi qeydi ilə əlaqədar bildirir ki, CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X13rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:45-də Bərdə rayon X9 Bölməsinin təhqiqatçısı, polis mayoru X5 tərəfindən AR.CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(021)-181/2023 saylı qərarı ilə barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu tarix olan xx.xx.2023-cü il tarixdən etibarən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəksi 434,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürməni özündə əks etdirən 01 (bir) ədəd DVD disk və təqsirləndirilən şəxsin mobil telefon danışıqları, yazışma və SMS mətnlərini özündə əks etdirən 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci olan aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi ziyan yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs оğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 21 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəksi 434,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk və 01 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 30,40 (otuz manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar