Məhkəmə qərarları › İş №1(021)-23/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-23/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-23/2021 24.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1 sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Müdafiəçi, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1993-cü ildə Bərdə rayonu Hüseynbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, ailəli, “Bərdə rayon Mərkəzi Xəstəxanası” X10 təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Hüseynbəyli kəndində qeydiyyatda olan və Bərdə şəhəri, Təbriz küçəsi ev 17-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs “Bərdə rayon Mərkəzi Xəstəxanası” X10 təsərrüfat müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.4-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilməli olduğu halda, müvafiq normativ hüquqi aktarın şərtlərini pozmaqla qanunsuz şəkildə 2019-cu ilin təxminən noyabr ayının axırlarında Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Bərdə rayon Mərkəzi Xəstəxanası” X10 inzibati binasının həyətində olan meşə fonduna daxil olmayan ümumi dəyəri 2230 (iki min iki yüz otuz) manat olmaqla 13 (on üç) ədəd əncir və 2 (iki) ədəd tut (çəkil) cinsinə mənsub olan ağacları qanunsuz kəsilmədən məlumatı olmayan Şahid5, Şahid6 və Şahid4 kəsici alət olan balta ilə kökdən kəsdirərək təbiətə xeyli miqdarda ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 2019-cu ildən başlayaraq “Bərdə rayon mərkəzi xəstəxanası“ X10 səhiyə müəsissələrində təsərrufat şöbəsinin müdiri vəzifəsində işləmişdir. İşlədiyi müddətdə xəstəxananın həyətindəki işıqları təmir etdirmiş, mühüm təsərrufat işləri ilə məşğul olmuş və səlahiyəti daxilindəki əraziləri abadlaşdırmışdır. 2019cu ilin noyabr-dekabr aylarında “Bərdə rayon Mərkəzi Xəstəxanası“ X10 sabiq baş direktoru Şahid3 ona xəstəxananın həyətində təmizlik işlərinin görülməsi ilə bağlı tapşırıq vermişdir. Özü də həmin ərazidə olan yüksək gərginlikli elektrik naqillərinə maneçilik törədən ağacları kəsdirmək qərarına gəlmişdir. 2020-ci ilin noyabr ayının sonlarında 2-3 gün ərzində “Bərdə rayon Mərkəzi Xəstəxanası” X10 təsərrüfat şöbəsində işləyən fəhlələr Şahid4, Şahid5 və Şahid6 balta ilə qeyd etdiyi ağacların kəsilməsi barədə tapşırıq vermişdir. Onun tapşırığı əsasında fəhlələr xəstəxananın həyətində qoyulmuş elektrik paylayıcısının yanında yabanı halda bitmiş çəkil cinsindən olan ağacı və əncir cinsindən olan ağacı kök boğaz hissəsindən təxminən 1 metr məsafədə kəsmişlər. Həmin ağacların göstərilən şəkildə kəsilmələrinin səbəbi gələcəkdə pöhrələnərkən yüksək gərginlikli elektrik xətlərinin fəaliyyətinə mane olmalarının qarşısını almaq olmuşdur. Bundan başqa onun tapşırığı əsasında xəstəxananın inzibati həyətinin divarının üzəri boyunca uzanan yüksək gərginlikli elektrik xətlərinə toxunan çəkil cinsinə mənsub olan ağaclarının budaqları ağac qayçısı vasitəsilə adlarını qeyd etdiyi fəhlələr tərəfindən budanmışdır. Onun ağacları budatmaqda məqsədi yağışlı və küləkli havalarda elektrik naqillərinin həmin ağaclara toxunaraq qısaqapanmaya səbəb olmasının və bununla da xəstəxanaya elektrik enerjisinin verilməsində fasilələr yaranmasının qarşısını almaq olmuşdur. Həmçinin xəstəxananın həyətini abadlaşdırmaqla həmin ərazidə yeni şam ağacları əkdirmək niyyətində olmuşdur. 2020-ci ilin yanvar ayının əvvəlində işdə olarkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin iki nəfər əməkdaşı xəstəxanaya gələrək özlərini təqdim etmiş və ağacları qanunsuz olaraq kəsdirdiyi üçün ona iradlarını bildirmişlər. Daha sonra həmin əməkdaşlar ona “Bərdə rayon Mərkəzi Xəstəxanası” X10 baş direktoru Şahid3 ilə görüşdüklərini bildirmişlər. Ancaq onların hansı məqsədlə görüşmələri barədə onun heç bir məlumatı olmamışdır. Bunun ardınca həmin əməkdaşlar tərəfindən xəstəxananın həyətindəki ağacların kəsilməsi faktına görə akt tərtib edilmişdir. Lakin aktdan narazı olduğuna görə akta imza etməmişdir. Bundan sonra 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ona öz rəhbərlikləri ilə X10 rəhbərliyinin məsələni aydınlaşdırmasını məsləhət görmüşlər. Onlara xəstəxananın həyətindəki kol-kosu və zibilləri təmizlətdiyini, başqa hər hansı qanunsuz iş görmədiyini, bu səbəbdən aydınlaşdırılası heç bir məsələ olmadığını demişdir. Daha sonra ekologiya idarəsinin əməkdaşları xəstəxananın həyətini tərk edərək çıxıb getmişlər. Tərtib edilmiş aktda kəsilən ağacların sayı və gövdənin diametri düzgün qeyd olunmadığından tərtib edilmiş akta imza etməmişdir. Hazırda dəymiş ziyanı ödəmişdir. Ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs göstərmişdir ki, 2000-ci ildə başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində müxtəlif vəzifələrdə işləmişdir. Hazırda həmin idarədə X6 nəzarət sektorunda baş məsləhətçi-müfəttiş vəzifəsində işləyir. Onun vəzifəsi ətraf mühitin mühafizəsi haqqında qanunun tələblərini pozan fiziki, hüquqi və vəzifəli şəxslər barəsində akt və protokol tərtib etməklə bu barədə məlumat verməkdən ibarətdir. 07 yanvar 2020-ci il tarixdə işlədiyi idarədə Ətraf mühitin monitorinqi və ekoloji maarifləndirmə sektorunda aparıcı məsləhətçi vəzifəsində işləyən Şahid1 və məsləhətçi vəzifəsində işləyən Şahid2 “Ətraf mühitin mühafizəsi haqqında” 08 iyun 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 iyul 2004-cü il tarixli 90 nömrəli qərarına əsasən “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” əsasnaməyə uyğun olaraq Bərdə şəhəri ərazisində xidməti fəaliyyət həyata keçirmişlər. Xidməti fəaliyyət zamanı “Bərdə rayon Mərkəzi Xəstəxanası” X10 həyətində 8 ədəd əncir cinsinə mənsub olan ağacların kök boğazından kəsilməsi faktı aşkar edilmişdir. Buna görə də həmin tarixdə 107 nömrəli akt tərtib edilərək ərazidə çəkilmiş fotoşəkillər akta əlavə edilmişdir. 14 yanvar 2020-ci il tarixdə Şahid1 ilə birlikdə 08 yanvar 2020-ci il tarixli 09 nömrəli monitorinq məlumatı olaraq qeydə alınan 07 yanvar 2020-ci il tarixli 107 nömrəli akt əsasında Bərdə rayon mərkəzi xətəxanasının həyətindəki yaşıllıq sahələrinə baxış keçirmişdir. Həmin yoxlamada onlardan başqa xəstəxanada təsərrüfat şöbəsinin müdiri işləyən Təqsirləndirilən şəxs da iştirak etmişdir. Baxış zamanı monitorinq məlumatında qeyd edilən ağacların kəsilmələri faktını qeyd etmişlər. Belə ki, həmin əraziyə tərəflərindən baxış keçirilərkən 13 ədəd əncir cinsinə mənsub olan ağacın və 2 ədəd tut (çəkil) cinsinə mənsub olan ağacın kökdən kəsilməklə məhv edilməsi və 40 ədəd tut (çəkil) cinsinə mənsub olan ağacın qanunsuz olaraq budanması faktı aşkarlanmışdır. Həmin gün xəstəxananın baş direktoru Şahid3 ilə bu barədə sorğu aparan zaman baş direktor şifahi olaraq ağacların kəsilməsi barədə tapşırığın özü tərəfindən verildiyini, bunun ağacların təmizlik işlərinin aparılmasına və həmin ərazidən keçən elektrik xətlərinə toxunmasına görə həyata keçirildiyini bildirmişdir. Lakin Şahid3 ağacların kəsilməsi, köçürülməsi və budanmasının yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 321 və 421 nömrəli qərarlarının tələblərinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza rəyi alındıqdan sonra həyata keçirilə biləcəyi izah olunmuşdur. Həmçinin baş direktor Şahid3 ağacları kəsdirməsi ilə bağlı yazılı surətdə izahat verməli olduğu bildirilsə də, baş direktor yazılı surətdə izahat və arayış verməkdən imtina etmişdir. Hətta Şahid3 onlarla birlikdə araşdırmada iştirak edən xəstəxananın təsərrüfat şöbəsinin müdiri Təqsirləndirilən şəxs izahat verməməyi və tərtib olunacaq akta imza etməməyi tapşırmışdır. Daha sonra xəstəxananın həyətində qanunsuz olaraq kəsilmiş ağaclar ölçülmüşdür. Bu zaman yaş halda kəsilmiş əncir cinsinə mənsub olan ağacların birinin diametrinin 22 sm, birinin diametrinin 20 sm, birinin diametrinin 18 sm, ikisinin diametrinin 16 sm, dördünün diametrinin 14 sm, ikisinin diametrinin 12 sm, ikisinin diametrinin isə 8 sm, tut (çəkil) cinsinə mənsub olan ağacların birinin diametrinin 18 sm, birinin diametrinin isə 16 sm olduğu müəyyən edilmişdir. Qeyd edilən ərazidəki yaş ağaclar heç bir icazə vərəqi olmadan qanunsuz olaraq kəsilmişdir və “Ətraf mühitin mühafizəsi haqqında” 02 may 2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli və 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli qərarlarının tələbləri pozularaq təbiətə ziyan dəymişdir. Buna görə də tərəflərindən 56322 nömrəli akt tərtib olunmuşdur. Şahid1 ilə aktın sonunu imzalamaqla həmin aktı təsdiq etsələr də, araşdırmada onlarla birlikdə iştirak edən Təqsirləndirilən şəxs həmin aktı imzalamaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs dəymiş ziyanı ödədiyindən sonuncudan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 2019-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin monitorinqi və ekoloji maarifləndirmə sektorunda aparıcı məsləhətçi vəzifəsində işləyir. Vəzifəsi ətraf mühitdə monitorinq keçirmək və ekoloji maarifləndirmə işləri aparmaqdan ibarətdir. 07 yanvar 2020-ci il tarixdə işlədiyi idarədə məsləhətçi vəzifəsində işləyən Şahid2 ilə birlikdə “Ətraf mühitin mühafizəsi haqqında” 08 iyun 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 iyul 2004-cü il tarixli 90 nömrəli qərarına əsasən “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” əsasnaməyə uyğun olaraq Bərdə şəhəri ərazisində xidməti fəaliyyət həyata keçirmişlər. Xidməti fəaliyyət zamanı “Bərdə rayon mərkəzi xəstəxanası” X10 həyətində 8 ədəd əncir cinsinə mənsub olan ağacların kök boğazından kəsilməsi faktını aşkar etmişlər. Buna görə də həmin tarixdə 107 nömrəli akt tərtib edərək ərazidə çəkilmiş fotoşəkilləri akta əlavə etmişlər. 14 yanvar 2020-ci il tarixdə işlədiyi idarədə X6 nəzarət sektorunun baş məsləhətçi-müfəttiş vəzifəsində işləyən Zərərçəkmiş şəxs ilə birlikdə 08 yanvar 2020-ci il tarixli 09 nömrəli monitorinq məlumatı olaraq qeydə alınan 07 yanvar 2020-ci il tarixli 107 nömrəli akt əsasında Bərdə rayon mərkəzi xətəxanasının həyətindəki yaşıllıq sahələrinə baxış keçirmişlər. Həmin yoxlamada onlardan başqa xəstəxanada təsərrüfat şöbəsinin müdiri işləyən Təqsirləndirilən şəxs da iştirak etmişdir. Baxış zamanı monitorinq məlumatında qeyd edilən ağacların kəsilmələri faktını qeyd etmişlər. Belə ki, həmin əraziyə tərəflərindən baxış keçirilərkən 13 ədəd əncir cinsinə mənsub olan ağacın və 2 ədəd tut (çəkil) cinsinə mənsub olan ağacın kökdən kəsilməklə məhv edilməsi və 40 ədəd tut (çəkil) cinsinə mənsub olan ağacın qanunsuz olaraq budanması faktını aşkarlamışlar. Həmin gün xəstəxananın baş direktoru Şahid3 ilə bu barədə sorğu aparan zaman baş direktor ağacların təmizlik işlərinin aparılmasına və həmin ərazidən keçən elektrik xətlərinə toxunmamasına görə həyata keçirildiyini demişdir. Lakin Şahid3 ağacların kəsilməsi, köçürülməsi və budanmasının yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 321 və 421 nömrəli qərarlarının tələblərinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza rəyi alındıqdan sonra həyata keçirilə biləcəyi izah olunmuşdur. Həmçinin baş direktor Şahid3 ağacları kəsdirməsi ilə bağlı yazılı surətdə izahat verməli olduğunu bildirilsə də, baş direktor yazılı surətdə izahat və arayış verməkdən imtina etmişdir. Hətta Şahid3 onlarla birlikdə araşdırmada iştirak edən, xəstəxananın təsərrüfat şöbəsinin müdiri Təqsirləndirilən şəxs izahat verməməyi və tərtib olunacaq akta imza etməməyi tapşırmışdır. Daha sonra xəstəxananın həyətində qanunsuz olaraq kəsilmiş ağaclar tərəfindən ölçülmüşdür. Bu zaman yaş halda kəsilmiş, əncir cinsinə mənsub olan ağacların birinin diametrinin 22 sm, birinin diametrinin 20 sm, birinin diametrinin 18 sm, ikisinin diametrinin 16 sm, dördünün diametrinin 14 sm, ikisinin diametrinin 12 sm, ikisinin diametrinin isə 8 sm, tut (çəkil) cinsinə mənsub olan ağacların birinin diametrinin 18 sm, birinin diametrinin isə 16 sm olduğu müəyyən edilmişdir. Qeyd edilən ərazidəki yaş ağaclar heç bir icazə vərəqi olmadan qanunsuz olaraq kəsilmişdir. Buna görə də tərəflərindən 56322 nömrəli akt tərtib olunmuşdur. O və Zərərçəkmiş şəxs aktın sonunu imzalamaqla həmin aktı təsdiq etsələr də, araşdırmada onlarla birgə iştirak edən Təqsirləndirilən şəxs həmin aktı imzalamaqdan imtina etmişdir. Bütün ölçülər tam dəqiqliyi ilə aparılmış, araşdırılma zamanı məlum olmuşdur ki, ağacların kəsilməsinə təsərrufat müdiri göstəriş verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, 2006-cı ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin monitorinqi və ekoloji maarifləndirmə sektorunda məsləhətçi vəzifəsində işləyir. Vəzifəsi qanunsuz olaraq ağackəsmə hallarını müəyyən etdikdə bu barədə rəhbərliyə məlumat verməkdən ibarətdir. 07 yanvar 2020-ci il tarixdə işlədiyi idarədə aparıcı məsləhətçi vəzifəsində işləyən Şahid1 ilə birlikdə Əsasnaməyə uyğun olaraq Bərdə şəhəri ərazisində xidməti fəaliyyət həyata keçirmişlər. Xidməti fəaliyyət zamanı onlar “Bərdə rayon mərkəzi xəstəxanası” X10 həyətində 8 ədəd əncir cinsinə mənsub olan ağacların kök boğazından kəsilməsi faktını aşkar etmişlər. Buna görə də həmin tarixdə 107 nömrəli akt tərtib edərək ərazidə çəkilmiş fotoşəkilləri akta əlavə etmişlər. Kəsilmiş ağacların yabanı olub-olmamasını bilmir. Ağaclar budanmamış, yer səthindən kəsilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, 2002-ci ildən “Bərdə rayon mərkəzi xəstəxanası” X11 rəsmi olaraq fəhlə işləyir. Vəzifəsi xəstəxananın həyətində salınmış yaşıllıq zonasını abadlaşdırmaqdan, ağacların dibini becərməkdən, suvarmaqdan və onlara qulluq göstərməkdən ibarətdir. 2019-cu ilin noyabr-dekabr aylarında xəstəxananın təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs ona, həmçinin Şahid5 və Şahid6 xəstəxananın həyətində olan əncir və tut (çəkil) cinsinə mənsub ağacların yüksək gərginlikli elektrik xətlərinə mane olduğunu bildirərək onları kəsməklə, ehtiyac olanları isə budamaqla bağlı tapşırıq vermişdir. Ancaq Təqsirləndirilən şəxs onlara ağacların kəsilməsi və budanması ilə bağlı tapşırığın konkret olaraq kim tərəfindən verildiyi ilə bağlı heç bir məlumat verməmişdir.Digər fəhlələr Şahid5 və Şahid6 ilə birlikdə tapşırığı yerinə yetirdikdən sonra işlədikləri sahəni olduğu kimi saxlayaraq çıxıb getmişlər. Çünki təsərrüfat şöbəsinin müdiri onlara ağacların kəsilmiş hissələrinin Bərdə rayon mənzil-kommunal təsərrüfat idarəsinin fəhlələri tərəfindən yığışdırılacağını demişdir. “Bərdə rayon mərkəzi xəstəxanası” X10 həyətində yerləşən ağacları kəsməzdən və budamazdan əvvəl qeyd olunan tapşırığı yerinə yetirməzdən əvvəl onlara heç bir icazə kağızı təqdim edilməmişdir. Ağacları Təqsirləndirilən şəxs şifahi tapşırığı əsasında kəsib budamışlar. Əncir ağacı 3 fazalı yüksək gərginlikli naqillərə dəydiyinə görə dibindən kəsmişlər. Cəmi bir ağac dibindən kəsmişlər. Digər ağaclarda isə budama işləri aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, 2002-ci ildən “Bərdə rayon mərkəzi xəstəxanası” X11 rəsmi olaraq fəhlə işləyir. Vəzifəsi xəstəxananın həyətində salınmış yaşıllıq zonasını abadlaşdırmaqdan, ağacların dibini becərməkdən, suvarmaqdan və onlara qulluq göstərməkdən ibarətdir. 2019-cu ilin noyabr-dekabr aylarında xəstəxananın təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs ona, həmçinin digər fəhlələr Şahid4 və Şahid6 xəstəxananın həyətində olan əncir və tut (çəkil) cinsinə mənsub ağacların yüksək gərginlikli elektrik xətlərinə mane olduğunu bildirərək onları kəsməklə, ehtiyac olanları isə budamaqla bağlı tapşırıq vermişdir. Digər fəhlələr Şahid4 və Şahid6 ilə birlikdə tapşırığı yerinə yetirdikdən sonra işlədikləri sahəni olduğu kimi saxlayaraq çıxıb getmişlər. Çünki təsərrüfat şöbəsinin müdiri onlara ağacların kəsilmiş hissələrinin Bərdə rayon mənzil-kommunal təsərrüfat idarəsinin fəhlələri tərəfindən yığışdırılacağını demişdir. Ağacları budamışlar, bir ədəd əncir ağacını kökündən kəsmişlər. Tut (çəkil) ağaclarını kökündən kəsməmişlər. Tut ağaclarını 3 metr hündürlükdən doğramışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, 2002-ci ildən “Bərdə rayon mərkəzi xəstəxanası” X11 rəsmi olaraq fəhlə işləyir. Vəzifəsi xəstəxananın həyətində salınmış yaşıllıq zonasını abadlaşdırmaqdan, ağacların dibini becərməkdən, suvarmaqdan və onlara qulluq göstərməkdən ibarətdir. 2019-cu ilin noyabr-dekabr aylarında xəstəxananın təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs ona, həmçinin, digər fəhlələr Şahid5 və Şahid4 xəstəxananın həyətində olan əncir və tut (çəkil) cinsinə mənsub ağacların yüksək gərginlikli elektrik xətlərinə mane olduğunu bildirərək onları kəsmək, ehtiyac olanları isə budamaqla bağlı tapşırıq vermişdir. Digər fəhlələr Şahid4 və Şahid5 ilə birlikdə tapşırığı yerinə yetirdikdən sonra işlədikləri sahəni olduğu kimi saxlayaraq çıxıb getmişlər. Təsərrüfat şöbəsinin müdiri onlara ağacların kəsilmiş hissələrinin Bərdə rayon mənzil-kommunal təsərrüfat idarəsinin fəhlələri tərəfindən yığışdırılacağını demişdir. 2019-cu ildə xəstəxananın həyətində bir əncir ağacı kəsilmiş, qalan ağacları budamışlar. 2020-ci il yanvar ayında ağac kəsimi və budanması olmamışdır. İş materiallarında olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” X10 1/141 saylı 03 fevral 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Bərdə rayon Mərkəzi Xəstəxanasının daxili ərazisi 70000 kv, yəni 7,0 hektardır. Qeyd edilən ərazi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X10 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2821 saylı 28.08.2020-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən müəyyən olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş, ARE və TSN 9 saylı RETSİ tərəfindən tərtib edilmiş 14.01.2020-ci il tarixli 56322 nömrəli akt və ona əlavəyə əsasən Bərdə rayonu Mərkəzi Xəstəxanasının həyətində qanunsuz kəsilmiş ağaclara görə, yaşıllığa dəymiş ziyanın hesablanması cədvəlindən istifadə edilməklə 2020-ci ilin yanvar ayına təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada- diametri 22 sm olan 1 ədəd əncir ağacının dəyəri 200 manat, diametri 20 sm olan 1 ədəd əncir ağacının dəyəri 180 manat, diametri 18 sm olan 1 ədəd əncir ağacının dəyəri 180 manat, diametri 16 sm olan 2 ədəd əncir ağacının dəyəri 300 manat, diametri 14 sm olan 4 ədəd əncir ağacının dəyəri 600 manat, diametri 12 sm olan 2 ədəd əncir ağacının dəyəri 240 manat, diametri 8 sm olan 2 ədəd əncir ağacının dəyəri 200 manat, diametri 18 sm olan 1 ədəd tut ağacının dəyəri 180 manat, diametri 16 sm olan 1 ədəd tut ağacının dəyəri 150 manat, cəmi 2230,00 manat müəyyən edilir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəməyə vəsatətlə müraciət edərək 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin 2 fərqli aktı olduğundan və aktlarda kəsilmiş ağacların sayı və diametri ilə bağlı ziddiyyətli məqamlar olduğundan “Bərdə rayon Mərkəzi Xəstəxanası” X10 həyətində kəsilmiş ağaclar olan əraziyə yenidən baxış keçirilməklə, ağacların sayı və diametri yenidən tədqiq edilməsi, aidiyyatı sahədə səlahiyyətli qurumun mütəxəssisinin rəyinin əldə edilməsini xahiş etmiş, Bərdə Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərarına əsasən vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təkrar komisyon məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2130 saylı 17.07.2021-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 421 nömrəli, 27 oktyabr 2016-cı il tarixli qərarında “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası”nda təbiətə dəymiş ziyan götürülmüş (kəsilmiş), zədələnmiş (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilmiş hər bir ağacın diametri, santimetrlə (torpaq sahəsindən götürülməklə) nəzərə alınmaqla müəyyən edilir. Vəsatətə cavab olaraq Mərkəzə daxil olmuş 08.05.2021-ci il tarixli məlumatda qeyd edilənlərə əsasən “Bərdə rayon Mərkəzi Xəstəxanası” X10 həyətindən ağacların kəsilib-kəsilmədiyini, sayını, diametrini və sair müəyyən etmək mümkün olmamışdır. Bərdə Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qərarına əsasən Bərdə Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 1(021)-23/2021 nömrəli qərarında qoyulmuş suallar üzrə ekspert rəyi verilməsi üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/965-9/6723 saylı 20 oktyabr 2021-ci il tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən müəyyən olunur ki, iş üzrə tədqiqat obyektləri kimi təqdim olunan ağaclar yaş və ya quru vəziyyətdə kəsilsə və budansa belə, kəsildiyi və ya budandığı dövrdən hal-hazırkı dövrə qədər müddətdə mühitdən asılı olaraq bioloji inkişaf gedə bilər və yaxud məhv ola bilərdilər. - Göstərilən səbəblərdən və həmin vaxt hadisə yerinə baxış keçirmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X6 Nəzarət Sektorunun 56322 №-li aktında göstərilənlərə əsasən kəsilmiş ağacların hündürlüyü, hansı hündürlükdən kəsilməsi və ya budanması, onların bərpası vəziyyəti, boy artımının dayandırılması dərəcəsinədək zədələnib- zədələnməməsi, kəsilmə periodu (kəsilmiş ağacların hansı vaxtda kəsilməsi) barədə məlumat yoxdur. Odur ki, qərardadda ağacların kəsildiyi halda onların hündürlüyü, ağacların hansı hündürlükdən kəsilməsi və ya budanması, onların bərpası, boy artımının dayandırılması dərəcəsinədək zədələnmiş ağacların ağacların növü, cinsi, sayı və ölçüləri (diametri, hündürlüyü), onların kəsilmə dövrü (burada məqsəd kəsilmiş ağacların fərqli vaxtlarda kəsilməsidir) kimi biologiya sahəsində zəruri olan suallar üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 421 №-li, 27 oktyabr 2016-cı il tarixli qərarında “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nda təbiətə dəymiş ziyan “götürülmüş (kəsilmiş), zədələnmiş (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilmiş hər bir ağacın diametri, santimetrlə (torpaq səthindən götürülməklə) nəzərə alınmaqla müəyyən edilir. - İş materiallarında olan məlumatlarda və rəyin bioloji tədqiqat hissəsində konkret olaraq götürülmüş (kəsilmiş), boy artımının dayandırılması dərəcəsinədək zədələnmiş ağacların sayı, diametri və sair barədə məlumat olmadığından məhkəmə-əmtəəşünaslıq ekspertizası qarşısında qoyulmuş suallara cavab vermək mümkün olmamışdır. Belə ki, konkret olaraq götürülmüş (kəsilmiş), boy artımının dayandırılması dərəcəsinədək zədələnmiş ağacların saylı, diametri və sair barədə mütəxəssis rəyi təqdim edildiyi halda məhkəmə-əmtəəşünaslıq ekspertizası qarşısında qoyulmuş suallara cavab vermək mümkündür. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, xəstəxananın həyətindəki kol-kosu və zibilləri təmizlətdiyini, başqa hər hansı qanunsuz iş görmədiyini, tərtib edilmiş aktda kəsilən ağacların sayı və gövdənin diametri düzgün qeyd olunmadığından tərtib edilmiş akta imza etməməsi ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin bu ifadəsi cinayət işi materiallarında olan sənədlərlə, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələri ilə təkzib olunduğundan məhkəmə həmin ifadəni təqsirləndirilən şəxsin özünü müdafiəsi kimi qiymətləndirmişdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs “Bərdə rayon Mərkəzi Xəstəxanası” X10 təsərrüfat müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.4-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilməli olduğu halda, müvafiq normativ hüquqi aktarın şərtlərini pozmaqla qanunsuz şəkildə 2019-cu ilin təxminən noyabr ayının axırlarında Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Bərdə rayon Mərkəzi Xəstəxanası” X10 inzibati binasının həyətində olan meşə fonduna daxil olmayan ümumi dəyəri 2230 (iki min iki yüz otuz) manat olmaqla 13 (on üç) ədəd əncir və 2 (iki) ədəd tut (çəkil) cinsinə mənsub olan ağacları qanunsuz kəsilmədən məlumatı olmayan Şahid5, Şahid6 və Şahid4 kəsici alət olan balta ilə kökdən kəsdirərək təbiətə xeyli miqdarda ziyan vurması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs kəsilən qovaq ağacının bələdiyyə mülkiyyətində deyil Bərdə rayonu Uğurbəyli Bələdiyyəsinin 24 noyabr 2006-cı il tarixli 07 saylı iclas protokolu ilə X7 mülkiyyətinə verilmiş torpaq sahəsində kəsilməsi ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu ifadəsi cinayət işi materiallarında olan sənədlərlə və şahid ifadəsi ilə təkzib olunduğundan məhkəmə həmin ifadəni təqsirləndirilən şəxsin özünü müdafiəsi kimi qiymətləndirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxsna cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 1169 nömrəli 23 dekabr 2020-ci il tarixli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Hüseynbəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon Mərkəzi Xəstəxanasının direktor əvəzi Təqsirləndirilən şəxs tərəfindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 01.10.2012-ci il tarixdən 01.04.2019-cu il tarixədək Bərdə rayon X3 həkim məntəqəsində sürücü vəzifəsində işləmiş, 14.11.2019-cu ildən təsərrüfat müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs işlədiyi müddətdə özünü nizam-intizamlı, çalışqan, məsuliyyətli işçi kimi göstərmişdir. Səhiyyə şöbəsinin tapşırıqlarına məsuliyyətlə yanaşmışdır. Təqsirləndirilən şəxs anadangəlmə göz qüsuruna görə 3-cü qrup əlildir. İş materiallarında olan DSMF X10 5 saylı regional ərazi filialı tərəfindən verilmiş **********5 saylı 23 dekabr 2020-ci il tarixli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs DSMF X10 5 saylı regional ərazi filialından İİİ qrup əlilliyə görə 110 manat sosial müavinət alır. İş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 dekabr 2019-cu il tarixli AZ-İV 375501 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, 28 noyabr 2019-cu ildə anadan olmuş X5 ata qrafasında atası kimi Təqsirləndirilən şəxs qeyd edilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs iş yerindən müsbət xarakterizə olunmasını, İİİ qrup əlil olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin nümayəndəsinin ondan şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən etmədi. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 22 dekabr 2020-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını zəruri sayır. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs iş yerindən müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin nümayəndəsinin ondan şikayət və tələbinin olmamasını, himayəsində bir azlaşlı uşağının olmasını, İİİ qrup əlil olmasını müstəsna hal hesab edərək Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasına inanaraq onun barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə şərti məhkum etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin anadangəlmə İİİ qrup göz xəstəsi olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, himayəsində yaşayan arvadının heç bir yerdə işləməməsini, ailədə yeganə qazanc gətirən olmasını, onun barəsində sanksiyada nəzərdə tutulmuş müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının tətbiq ediləcəyi halda ailənin maddi vəziyyətinin pisləşəcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində sanksiyada nəzərdə tutulmuş müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini məqsədə uyğun deyildir. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, sınaq müddətində həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (ma.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 28 avqust 2020-ci il tarixli 9/2821 nömrəli, 17 iyul 2021-ci il tarixli 9/2130 saylı və 20 oktyabr 2021-ci il tarixli 7/965-9/6723 saylı bildirişlərdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 200 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 259.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03(üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilərək 01(bir) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş 03(üç) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində onun üzərində nəzarətin həyata keçirilməsi Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Bərdə rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar