Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-24/2021 08.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili X2 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1981-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmаqlа həmin ünvаndа yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 180.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış yerinə qanunsuz girməklə özgənin əmlakını açıq yolla talamaqla soyğunçuluq cinayət əməlini törətmişdir. Bеlə ki, о, tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədilə 27 sentyabr 2020-ci il tarixdə saat 04-05 radələrində yaşayış yerinə-Zərərçəkmiş şəxs kirayəyə götürüb yaşadığı Bərdə şəhəri Təzə Məhlələr massivində yerləşən fərdi yaşayış evinin yataq otağına qanunsuz daxil olaraq, sonuncudan pul istəmiş, Zərərçəkmiş şəxs ona otaqdan çölə çıxmasını tələb etdikdən sonra evin giriş otağında masanın qoluna asılmış sonuncuya məxsus çantadan 680 (altı yüz səksən) manat məbləğində pulu açıq yolla talayaraq soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin aludəçisidir. O, müxtəlif elektrikli ev əşyalarını düzəltməklə məşğul olur. Maddi vəziyyəti yaxşı olmadığı üçün həmişəki asan yolla pul əldə etmək məqsədilə 27 sentyabr 2020-ci il tarixdə saat 04- 05 radələrində Bərdə şəhəri Təzə məhlələr yaşayış massivinə getmişdir. Süd zavodunun yaxınlığından keçərkən bir evin işıqlarının yanmadığını görmüş, həmin ünvanın qırmızı rəngli darvazası var idi. Darvaza hündür olduğu üçün o, darvazanın sağında olan turbaya ayağını maneəyə qoyub həyətə tullanmış, həyət qaranlıq olduğu üçün o, alışqanın işığından istifadə edərək, həyətə dolaşmağa başlamışdır. O, mənzilin birinci mərtəbəsinə daxil olmuş, birinci mərtəbənin girəcəyində stulun qoluna qara rəngli qadın çantası taxılmasını görmüş, o, əvvəlcə evdə kiminsə olub-olmamasına əmin olmaq üçün otaqları axtarmaq qərarına gəlmişdir. Evin birinci mərtəbəsinin mərkəzində sol tərəfdəki qapını açıb otağa daxil olmuşdur. Həmin otaq yataq otağı idi, içəridə bir nəfər qadın yatmışdır. Həmin şəxs yuxudan ayılıb onun üzərinə işıq salaraq onu görmüş, üzündə qara rəngli tibbi maskanı görən kimi qorxmağa başlamışdır. O, üzündəki tibbi maskanı çənəsinə çəkib, həmin qadına “mənə pul lazımdı qorxma səni öldürməyə gəlməmişəm”-demişdir. O, həmin şəxsin danışmadını görüb, otaqdan çölə çıxıb qapı ilə üzbəüz stulun qoluna taxılmış qara rəngli qadın çantasının içərisini axtarmağa başlamışdır. Çantanın içərisində olan əşyaları yerə atmışdır. O, çantanın içərisindən 1 ədəd 20 manatlıq əskinas, 4 ədəd 1 manatlıq əskinas götürüb uzaqlaşmaq istəyən zaman həmin qadın qapıda görünmüş, o, həmin qadını görən kimi qaçaraq həyətdən uzaqlaşmışdır. Zərərçəkmiş şəxs məxsus əl çantasının içərisindən 24 manat pulu açıq yolla talayan zaman o, zərərçəkmiş şəxsə zor tətbiq etməmişdir. Zor tətbiq etmək niyyəti olmamışdır. Əməlindən səmimi peşman olmasını, zərəri qismən ödəməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, 27.09.2020-ci il tarixdə icraatıma Bərdə RPŞ-nin müstəntiqi polis baş leytenantı Mətin Qənbərovun raportu daxil olmuşdur. Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3 ilə birlikdə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə şəhəri Fizuli küçəsində həmin küçədə yaşayan Təqsirləndirilən şəxs tutaraq Bərdə RPŞ-nə gətirib İstintaq Bölməsinin sərəncanına təqdim etmişlər. Yolda olan zaman Təqsirləndirilən şəxs 27.09.2020-ci il tarixdə saat 04-05 radələrində Bərdə şəhəri Təzə məhlələr yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə qanunsuz olaraq daxil olub, sonuncuya məxsus əl çantasından 24 manat pulu soyğunçuluq edərək ələ keçirməsini səmimi olaraq etiraf etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 da Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəlləninm 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydada həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə cinayət proses iştirakçılarının fikirlərini dinləyib zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Aftandil ilə əvvəllər heç bir münaqişə və nifaqı olmamışdır. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Bərdə RPŞ-nə o, müraciət etmişdir. 27.09.2020-ci il tarixdə 04-05 radələrində yaşadığı Bərdə şəhəri Təzə məhlələr adlanan yaşayış massivində yerləşən fərdi yaşayış evinin yataq otağında yatmışdır. Otağın içərisində səs eşidib yuxudan ayılıb, işığı yandırmış,, otaqda üzündə qara rəngli tibbi maska olan sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsin dayanmasını görmüşdür. Həmin şəxs ona “qorxma səni öldürməyə gəlməmişəm, mənə pul lazımdı”-demişdir. O, həmin şəxsə otağı tərk etməsini bildirmiş, o, yataqdan durub, otağdan çölə çıxmış, otağın qapısı ilə üzbəüz çöldə stulun qoluna taxdığı əl çantasının yerdə dağınıq halda olduğunu görmüşdür. O, çantasını axtarıb içərisinə qoyduğu 680 manat pulun çantada olmadığını görmüşdür. Ona görə də dərhal əvvəllcə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. 5 dəqiqə sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirib, əl barmaq izləri götürmüşlər. Həmin tarixdə saat 10 radələrində onu Bərdə RPŞ-nə dəvət etmişlər. O, Bərdə RPŞ-nə gəldikdə ona yaşadığı ünvana qanunsuz daxil olaraq soyğunçuluq edən Təqsirləndirilən şəxs tutularaq istintaq bölməsinə təhvil verilməsini bildirmişlər. Hadisə zamanı xəsarət almamış, hadisədən bir gün qabaq, yəni 26.09.2020-ci il tarixdə tanışı Şahid1 1000 manat borca pul almışdır. Həmin 1000 manat pulun 320 manatına ev üçün bazarlıq etmiş, ona görə də pulunun dəqiq sayını bilirmiş. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən Şahid1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Bərdə şəhərindən tanıyır. Yaqutla birlikdə dəfələrlə alverlə məşğul olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Aftandillə əvvəllər münaqişəsi və nifaqı olmamışdır. 26 sentyabr 2020-ci il tarixdə saat 10 radələrində tanışı Zərərçəkmiş şəxs ona zəng edərək, borca 1000 manat pul istəmiş, həmin pulu 1 ay ərzində alver edib qaytaracağını bildirmişdir. O, bundan əvvəl də bir neçə dəfə Yaquta borca pul vermiş, Yaqut dediyi vaxtda borcunu qaytarmışdır. Ona görə də o, Yaqut 1000 manatı gəlib götürə biləcəyini demişdir. Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən şəhər poliklinikasının qarşısında Yaqut ilə görüşüb 1000 manat pulu ona vermişdir. Səhərisi gün eşitmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinə naməlum şəxs qanunsuz girərək, Yaquta məxsus çantadan 680 manat pulu götürüb çıxıb getmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etdi. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin tərəfindən 16.06.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 04 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Bərdə şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1-də yaşayır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. Cinayət işinə əlavə edilmiş 27 sentyabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş foto cədvəldən görünür ki, naməlum şəxsin Zərərçəkmiş şəxs icarəyə götürüb yaşadığı Bərdə şəhəri Təzə məhlələr adlanan yaşayış massivində yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq sonuncuya məxsus çantadan 680 manat pulu açıq yolla talayaraq soyğunçuluq etmişlər. Cinayət işinə əlavə edilmiş 27 sentyabr 2020-ci il tarixli “Baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 manat pulu təqdim edərək, həmin pulu 27 sentyabr 2020-ci il tarixdə Bərdə şəhəri Təzə məhlələr yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq həmin ünvanın həyətində stula asılmış çantanın içərisindən götürdüyünü bildirmişdir. 27 sentyabr 2020-ci il tarixli “Götürmə aparılması haqqında” qərarla 1 ədəd A98459875 seriyalı 20 manatlıq, 4 ədəd F29190257, F36609015, F36155525, F33569281 seriyalı 1 manatlıq, ümumilikdə 24 manatlıq əskinas tərəfimdən götürülərək cinayət işinə əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin 08.02.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığn məhdudlaşdırılması cəzasını 21.06.2020-ci il tarixədək 05 ay 26 gününü çəkmiş, çəkilməmiş 10 ay 12 gün cəzası qalmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədilə 27 sentyabr 2020-ci il tarixdə saat 04-05 radələrində yaşayış yerinə-Zərərçəkmiş şəxs kirayəyə götürüb yaşadığı Bərdə şəhəri Təzə Məhlələr massivində yerləşən fərdi yaşayış evinin yataq otağına qanunsuz daxil olaraq, sonuncudan pul istəmiş, Zərərçəkmiş şəxs ona otaqdan çölə çıxmasını tələb etdikdən sonra evin giriş otağında masanın qoluna asılmış sonuncuya məxsus çantadan 680 (altı yüz səksən) manat məbləğində pulu açıq yolla talayaraq soyğunçuluq etmişdir. Bundan başqa, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətlərin оnların tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxslərin öz ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq zamanı CM-in 180.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs оğlunun əməllərinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs оğlunun təqsirləndirildiyi CM-in 180.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edən zamanı xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxs əvvəllər də qəsdən törədilən cinayət əməlləri törətmiş, məhkumluğu ödənilməmiş, islah olunmamış və yenidən hazırki cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edən zaman CM-in 62 və ya 70-ci maddələrinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun zərəri qismən ödəməsini CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməllərini etiraf etməsi, etdiyi əməllərindən səmimi peşmançılıq hissi keçirməsi, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərini etiraf etməsi, onların ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılıqlarını bildirməsi tutduğu əməllərə görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxslər tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə onuda qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 04 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-in 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Belə olan halda məhkəmə qeyd edir ki, Bərdə Rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli hökmü ilə hazırki iş üzrə Təqsirləndirilən şəxs оğlu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun əməlində residivlik yaranmır. Bundan başqa, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27.09.2020-ci il tarixədə şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzasından çıxılmalıdır. Həmçinin, Bərdə rayon İcra və Probasiya Şöbəsinin 08.02.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığn məhdudlaşdırılması cəzasını 21.06.2020-ci il tarixədək 05 ay 26 gününü çəkmiş, çəkilməmiş 10 ay 12 gün cəzası qalmışdır. CM-in 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Belə olan halda, Təqsirləndirilən şəxs CM-in 180.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bərdə Rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş qalan 10 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəzayla birləşdirilərək qəti cəza təyin edilməli və Cinayət Məcəllənin 68.1.1- 1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “polisin nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməli, təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalında həbsə alınmalı və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 08 fevral 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus çantadan götürülmüş 1 ədəd A98459875 seriyalı 20 manatlıq, 4 ədəd F29190257, F36609015, F36155525, F33569281 seriyalı 1 manatlıq, ümumilikdə 24 manatlıq əskinasın saxlanılması üçün zərərçəkmiş şəxsə verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əmələrini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 27.09.2020-ci il tarixədə şübhəli şəxs kimi tutulduğu 1 (bir) gün müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Bərdə Rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli hökmü hökmü ilə ona təyin edilmiş və ödənilməmiş qalan 10 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla 05 (beş) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və ona qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “polisin nəzarət altına vermə” iltizam qətimkan tədbiri ləğv edilsin və onun haqqında “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs оğlu dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 08 fevral 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus çantadan götürülmüş 1 ədəd A98459875 seriyalı 20 manatlıq, 4 ədəd F29190257, F36609015, F36155525, F33569281 seriyalı 1 manatlıq, ümumilikdə 24 manatlıq əskinasın saxlanılması üçün zərərçəkmiş şəxsə verilməsi nəzərə alınsın. Hökmün icrası Bərdə rayon Polis Şöbəsinə və Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: imzа vаr Əsli ilə düzdür Hаkim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №1(021)-24/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-24/2021
08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver