Məhkəmə qərarları › İş №1(021)-24/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-24/2022

13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-24/2022 13.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət itihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 01 avqust 1994-cü il tarixdə Bərdə rayonunun Kolayır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, hal-hazırda Bərdə rayonunun Kolayır kəndində qeydiyyatda olan və orada yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 04 noyabr 2016-cı il tarixdən etibarən hər ay 100 (bir yüz) manat məbləğində sabit aliment pulun Zərərçəkmiş şəxs ödənilməsinə dair Bərdə Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli, 2(021)-6825/2016 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsinin 11 dekabr 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 24 yanvar 2020-ci il, 24 fevral 2020-ci il, 08 iyun 2020-ci il, 09 sentyabr 2020-ci il və 15 yanvar 2021-ci il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, hərəkətlərindən nəticə çıxarmamış, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 03 fevral 2021-ci il tarixədək şəxsi maraqları naminə cəmi 5000 (beş min) manat məbləğində aliment borcunu tələbkara ödəməyərək zərər şəkmiş şəxs Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla yanaşı, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ilə ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 13 may 2014-cü ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan 2016-cı ildə Seyidəli adlı övladları anadan olmuşdur. Bir müddət mehriban yaşamışlar. Münasibətləri pozulduğundan və xasiyyətləri uyğun gəlmədiyindən 08 dekabr 2016-cı il tarixdə isə rəsmi boşanmışlar. Bərdə Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 08 dekabr 2016-cı il tarixli, 2(021)-6825/2016 nömrəli qətnaməsinə əsasən 04 noyabr 2016-cı il tarixdən hesablanmaqla 25 iyul 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində aliment ondan tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə Rayon Məhkəməsinin 11.12.2019-cu il tarixli, 3(021)-1076/2019 sayı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müdətinə inzibati qaydada həbs edilmişdir. Dəfələrlə icra orqanı tərəfindən ona alimentin ödənilməsi barədə xəbərdarlıqlar olmasına baxmayaraq həmin məhkəmə qətnaməsini icrasını təmin etməmişdir. Təqdimat verilənədək, yəni 03 fevral 2021ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs 5000,00 manat məbləğində aliment borcu yaranmışdır. Lakin o indiyədək həmin məbləğdən tələbkara heç bir ödəniş edə bilməmişdir. O alimenti ödəməkdən imtina etmir. O 2016-cı ildən 2019-cu ilədək öz yaşadığı Kolayır kəndində yaşamaqla orada fəhlə işləmiş və gündəlik 8-10 manat qazanc əldə etmiş və öz ehtiyaclarına xərcləmişdir. 2019-cu ildən 2021-ci ilin sentyabr ayının 20-sinədək Bakı şəhərində Biləcəri qəsəbəsində «Ağsarayın» yanında yerləşən həyət evlərinin tikintisində fəhlə işləməklə gündəlik 15 manat qazancı olmuşdu. Həmin illərdə qazancını Bakıda kirayə qaldığı evin kirayəsinə və özünün gündəlik tələbatını ödəmək üçün xərcləmişdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 13 may 2014-cü ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 25 iyul 2016-cı il tarixdə Seyidəli adlı övladları anadan olmuşdur. Bir müddət mehriban yaşamışlar. Münasibətləri pozulduğundan və xasiyyətləri uyğun gəlmədiyindən 08 dekabr 2016-cı il tarixdə isə rəsmi boşanmışlar. Bərdə Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli, 2(021)-6825/2016 saylı qətnaməsi ilə 25 iyul 2016ci il təvəllüdlü Seyidəlinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün borclu Təqsirləndirilən şəxs 04 noyabr 2016-cı il tarixdən etibarən hər ay 100,00 manat məbləğində sabit aliment pulu alınaraq ona ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğin ona ödənilməsi üçün borcluya rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Qətnaməni icra etməsi üçün borcluya Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq o, qətnaməni icra etməmişdir. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqına məhkəməyə müraciət etmişdir. Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli, 3(021)-352/2017 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün, həmin məhkəmənin 14 dekabr 2018-ci il tarixli, 3(021)-1343/2018 saylı qərarı ilə 15 (on beş) gün, daha sonra isə 11 dekabr 2019-cu il tarixli, 3(021)-1076/2019 sayı qərarına əsasən 10 (on) gün müddətinə həbs edilmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra icra məmuru borclunun ünvanına yeni bildirişlər göndərərək qətnamənin icrası üçün ona yenidən müddət təyin etmişdir. Lakin bütün bunlara baxmayaraq borclu indiyədək aliment borcunu ona ödəməmişdir. Təqsirləndirilən şəxs cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 03 fevral 2021-ci il tarixədək ona 5000,00 manat məbləğində aliment borcu yaranmışdır. Lakin borclu indiyədək həmin məbləğdən ona heç bir ödəniş etməmişdir. Bütün bunlar isə göstərir ki, Təqsirləndirilən şəxs qərəzli şəkildə aliment pulunu ona ödəmir və bunu aşkar şəkildə bildirir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli, 2(021)-6825/2016 saylı qətnaməsi ilə borclu Təqsirləndirilən şəxs 04.11.2016-cı il tarixdən hesablanmaqla 25 iyul 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün onun inzibati məsuliyyətə cəlb olunması üçün Bərdə Rayon Məhkəməsinə inzibati protokol verilmişdir. Bərdə Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli, 3(021)-352/2017 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün, həmin məhkəmənin 14.12.2018-ci il tarixli, 3(021)-1343/2018 saylı qərarı ilə 15 (on beş) gün, daha sonra isə 11.12.2019-cu il tarixli, 3(021)-1076/2019 sayı qərarına əsasən 10 (on) gün müddətinə həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs həmin inzibati qərardan Apellyasiya Məhkəməsinə şikayət etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra, borclu olduğu alimentin ödənilməsi tərəfindən təmin edilməsə, barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar olunmuş, lakin borclu yenə də, qanunsuz hərəkətlərini davam etdirmişdir. Belə ki, borclu Rafiq İsayev indiyədək tələbkar Zərərçəkmiş şəxs borcundan heç bir ödəniş etməmişdir. Bununla da, borclu Rafiq İsayev qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan təqdimat verilən günədək qərəzli olaraq icra etməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X4 18 Saylı Ərazi Məşğulluq Mərkəzi filialının 16 may 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində qeydiyyatdan keçməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 24 yanvar 2020-ci il, 24 fevral 2020-ci il, 08 iyun 2020-ci il, 09 sentyabr 2020-ci il və 15 yanvar 2021-ci il tarixli xəbərdarlıq məktublarından, eyni zamanda Bərdə rayon Məhkəməsinin 11 dekabr 2019-cu tarixli, 3(021)-1076/2019 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından, habelə Təqsirləndirilən şəxs fərdi qaydada fəhləliklə məşğul olmaqla qazanc əldə edərək alimenti ödəməkdən mütəmadi olaraq boyun qaçırmasından və iş üzrə toplanmış digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən qanuni qüvvəyə minmiş Bərdə Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli, 2(021)-6825/2016 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, İsayev X5 Şəhər Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancından 15 faiz dövlət nəfinə pul tutulmaqla 1 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, Bərdə rayon icra və probasiya şöbəsinin 27 may 2021-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli, 816 VQD nömrəli Qanunun təsiri dairəsinə düşərək Təqsirləndirilən şəxs göstərilən cəzadan azad edilərək və Bərdə rayon icra və probasiya şöbəsinin islah işlərinə məhkum edilmiş şəxslərin qeydiyyat kitabından çıxarılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş, xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. 27 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs məhkəmədən yayındığı üçün barəsində axtarış elan edilməklə cinayət işinin icraatı dayandırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 25 fevral 2022-ci il tarixli Bərdə rayon Polis şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2022-ci il tarixdə tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Gəncə 02 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs 25 iyul 2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 04 noyabr 2016-cı il tarixdən etibarən hər ay 100 (bir yüz) manat məbləğində sabit aliment pulun Zərərçəkmiş şəxs ödənilməsinə dair Bərdə Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli, 2(021)-6825/2016 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsinin 11 dekabr 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 24 yanvar 2020-ci il, 24 fevral 2020-ci il, 08 iyun 2020-ci il, 09 sentyabr 2020-ci il və 15 yanvar 2021-ci il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, hərəkətlərindən nəticə çıxarmamış, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 03 fevral 2021-ci il tarixədək şəxsi maraqları naminə cəmi 5000 (beş min) manat məbləğində aliment borcunu tələbkara ödəməyərək zərər şəkmiş şəxs Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla yanaşı, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqa tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “...cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir.” Avropa İnsan Hüquqları Məhkəməsinin “X9rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarıda qeyd edilən qərarlarda müəyyən olunmuş hüquqi prinsiplərə istinad edərək məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə niyə azadlığın məhdudlaşdırılması cəzası deyil, məhz azadlıqdan məhrum etmə cəzasını təyin etməsini onunla əsaslandırır ki, 24 yanvar 2020-ci il, 24 fevral 2020-ci il, 08 iyun 2020-ci il, 09 sentyabr 2020-ci il və 15 yanvar 2021-ci il tarixli xəbərdarlıq məktublarından, eyni zamanda Bərdə rayon Məhkəməsinin 11 dekabr 2019-cu tarixli, 3(021)-1076/2019 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından, habelə Təqsirləndirilən şəxs fərdi qaydada fəhləliklə məşğul olmaqla qazanc əldə edərək alimenti ödəməkdən mütəmadi olaraq boyun qaçırmasından və iş üzrə toplanmış digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən qanuni qüvvəyə minmiş Bərdə Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli, 2(021)-6825/2016 saylı qətnaməsini qərəzli olaraq icra etməmiş və bu hal da ona əvvəllər təyin edilmiş cəzanın onun islah edilməsində yetərli qədər təsirli olmadığını sübut etmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin snaksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə məhz nə səbəbə azadlıqdan məhrum etmə cəzasını təyin etdiyini onunla əsaslandırır ki, təqsirləndirilən şəxsin aliment ödəməli olduğu övladı xəstə olmağına baxmayaraq həmin borcun ödənilməsini təmin etmək üçün real addımlar atmamış, məhkəmədə müxtəlif vədlər verərək borcun aylığa bölündüyü zaman ödəyə biləcəyəni bildirmiş, bundan sonra ümumiyyətlə cəza çəkəcəksə aliment ödəməyəcəyi kimi ziddiyyətli fikirlər səsləndirmişdir. Bundan başqa, şəxsin barəsində bir neçə dəfə inzibati həbs tənbeh tədbirləri tətbiq edilmiş, lakin sonuncu bundan heç bir nəticə çıxartmamış, nəticə etibarılə 05 may 2021-ci il tarixə yığılmış aliment borcu 5000 manat təşkil etmişdir. Məhz bu səbəbdən də məhkəmə sanksiyada mövcud olan azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər alternativ cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Bundan başqa məhkəmə qeyd edir ki, əməlin qanunvericilikdə nəzərdə tutulmuş cinayət hesab edilməsi və cinayət tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv cəhətini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv cəhətini xarakterizə edən motiv, məqsəd və s. aiddir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 25 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar