Məhkəmə qərarları › İş №1(021)-26/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-26/2022

19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-26/2022 19.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1984-cü ildə Bərdə rayonu Qaradəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdə elektrik vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Qaradəmirçi kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs oğlu 18 avqust 2021-ci il tarixdə yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxması ilə bağlı analizin cavabının “pozitiv” nəticəsinə görə 14 gün müddətinə Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən yaşadığı ünvanda ev şəraitində özünütəcrid qaydaları çərçivəsində epidemiyanın yayılmaması üçün heç kəslə təmasda olmamaq şərti ilə izolyasiya olunaraq müalicəsini davam etdirməli olduğu halda, buna əməl etməyərək epidemiya əleyhinə rejimi və karantin rejimlərini pozub müalicənin 13-cü günündə, yəni 30 avqust 2021-ci il tarixdə saat 10 radələrində yaşadığı və izolyasiya olunduğu evi xəstə olduğunu bilə-bilə aktiv koronavirus xəstəsi olan anası Şahid3 üçün dərman preparatları almaqdan ötrü tərk edərək “VAZ 2107” markalı 09 BP- 773 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Polad Aptek”-ə gedib içəri daxil olaraq əczaçı X3 ilə, dərman preparatları aldıqdan sonra isə Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən, icarə əsasında işlətdiyi avtoyuma məntəqəsinə gedərək orada işləyən Şahid1 ilə təmasda və ünsiyyətdə olmaqla yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, 2021-ci ilin avqust ayının ortalarında səhhətində narahatlıq yaranmışdır. 17 avqust 2021-ci il tarixdə xəstəxanaya gedib koronavirus testi vermişdir. Həkimlər testin nəticəsi bilinənədək karantin rejimi qaydalarına ciddi riayət etməsini və tibbi maskadan daim istifadə etməsini məsləhət görmüşlər. Xəstəxanadan çıxdıqdan sonra birbaşa yaşadığı evə getmişdir. 18 avqust 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə TƏBİB tərəfindən verdiyi testin nəticəsinin “pozitiv” olması ilə bağlı mesaj göndərilmişdir. Həmin mesajda ona karantin müddətində yaşayış yerini tərk etməməli olduğu, əks halda barəsində qanunvericiliyə uyğun olaraq inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməklə tədbir görüləcəyi göstərilmişdir. Koronavirusa yoluxduğuna görə yaşadığı evdə izolyasiya edilərək müalicə olunmağa başlamışdır. İki həftəlik karantin müddəti 31 avqust 2021-ci il tarixdə başa çatacağı üçün arvadı və iki azyaşlı uşağını qayınatasının evinə göndərmişdir. Karantinin ikinci günündə anası Şahid3 da xəstəxanaya gedib koronavirus testi vermiş və həmin testin də nəticəsi “pozitiv” olmuşdur. Bu səbəbdən anası ilə birlikdə evdə izolyasiya olunub müalicə qəbul etmişdir. 30 avqust 2021-ci il tarixdə saat 1000 radələrində anasının dərmanları qurtardığından dərman almaq məqsədilə özünə məxsus “VAZ-2107” markalı avtomobil ilə Bərdə şəhərində yerləşən “Sarayın kruqu” adlandırılan ərazidəki “Polad Aptek”ə getmişdir. Tibbi maska taxıb aptekdən dərmanları aldıqdan sonra kəndə qayıtmış və kəndin girişində, yolun sol tərəfində yerləşən, icarə əsasında işlətdiyi avtomobilyuma məntəqəsinə baş çəkmişdir. Həmin vaxt bacısıoğlu İlkin orada avtomobil yumaqla məşğul olmuşdur. İlkin ilə aralı məsafədən salamlaşıb yaxınlıqdakı oturacaqda oturandan bir qədər sonra polis əməkdaşları ona yaxınlaşmışlar. Bir qədər sonra isə Bərdə rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım stansiyasının həkimi Şahid7 gəlmişdir. Polis əməkdaşlarının və həkimin iştirakı ilə olduğu yerə videoçəkiliş aparılmaqla baxış keçirilərək ondan “COVİD-19” infeksiyasına yoluxduğu halda nə üçün yaşadığı evi özbaşına tərk etdiyi, digər insanların həyatı üçün təhlükə yaratdığı soruşulmuş, özü isə dərman almaq üçün məcbur qalıb evi tərk etdiyini bildirmişdir. Polis əməkdaşları ona yaşadığı ünvanı tərk etməməli olduğunu, əks halda barəsində qanunamüvafiq tədbir görüləcəyini izah etmişlər. Polis əməkdaşlarının haqlı iradı ilə razılaşaraq yaşadığı evə qayıtmış və izolyasiya müddəti başa çatanadək bir də evdən çıxmamışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, himayəsində iki azyaşlı uşağı olmaqla onlardan birinin xəstə olduğunu qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs dayısıdır. Qardaşı ilə birlikdə dayısının icarə əsasında işlətdiyi Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən avtomobilyuma məntəqəsində işləyir. Dayısı Təqsirləndirilən şəxs hərdən həmin məntəqəyə gələrək onlara baş çəkmişdir. 30 avqust 2021-ci il tarixdə səhər saatlarında məntəqədə işləyərkən dayısı “VAZ-2107” markalı avtomobil ilə onun işlədiyi yerə gəlmiş, həmin vaxt avtomobil yumaqla məşğul olmuşdur. Dayısı ilə bir qədər aralıdan salamlaşmış, daha sonra dayısı orada olan oturacaqda əyləşmişdir. Bir qədər sonra bir neçə polis əməkdaşı oraya gələrək dayısına yaxınlaşmış, özlərinin Bərdə rayon Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmiş və dayısından nə üçün aktiv koronavirus xəstəsi olduğu halda yaşadığı evi tərk etdiyini soruşmuşlar. Həmin vaxt dayısının “COVİD-19” virusuna yoluxduğunu bilmişdir. Bu zaman orada yanında həmkəndlisi Elmir də olmuşdur. Daha sonra təcili-tibbi yardım avtomobili ilə həkim gəlmiş, polis əməkdaşları dayısı ilə sorğu-sual etdikdən sonra protokol tərtib etmiş və iştirakçı kimi həmin protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 2021-ci ilin avqust ayının ortalarında oğlu Təqsirləndirilən şəxs səhhətində narahatçılıq yaranmış, boğazı ağrımış və tez-tez öskürmüşdür. Orxan koronavirusa yoluxmasından şübhələndiyindən xəstəxanaya gedib test vermək qərarına gəlmiş, 17 avqust 2021-ci il tarixdə xəstəxanaya gedərək test vermişdir. 18 avqust 2021-ci il tarixdə Orxanın mobil telefonuna verdiyi testin nəticəsinin “pozitiv” olması barədə mesaj gəlmişdir. Orxan “COVİD-19” infeksiyasına yoluxduğundan ev şəraitində müalicə almağa başlamışdır. İki gün sonra isə onun özünün də səhhətində narahatçılıq yaranmış, bu səbəbdən test vermək qərarına gəlmişdir. Bərdə rayon Mərkəzi Xəstəxanasına gedib yaxma üsulu ilə test verdikdən sonra ertəsi gün ona da verdiyi testin nəticəsinin “pozitiv” olması barədə məlumat verilmişdir. Bunu öyrəndikdən sonra özünü digər insanlardan təcrid etmiş və ev şəraitində müalicə olunmağa başlamışdır. Yaşlı insan olduğundan xəstəliyi ağır keçmiş, 30 avqust 2021-ci il tarixdə dərmanları bitdiyindən Orxan dərman almaq üçün özünə məxsus avtomobil ilə Bərdə şəhərinə getmişdir. Bir neçə saat sonra Orxan evə qayıdanda polis əməkdaşları tərəfindən saxlanıldığını, virusa yoluxduğu halda niyə evi tərk etməsi barədə sual-cavab edildiyini və bu barədə sənədləşmə aparıldığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, Bərdə rayon Polis şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili işləyir. Dünyada yayılmış “COVİD-19” infeksiyasına yoluxaraq evdə müalicə olunması qeyd edilən şəxslərin karantinə alındaqları 14 gün müddətində karantin qaydalarına riayət etmələri, yəni yaşadıqları yeri tərk edib-etməmələri barədə mütəmadi olaraq Bərdə rayonu ərazisində müvafiq yoxlamalar aparılması barədə göstərişə uyğun olaraq digər polis əməkdaları ilə birlikdə yoxlamalar həyata keçirmişdir. Gündəlik olaraq “Bərdə rayon Mərkəzi Xəstəxanası” X5 “COVİD-19” infeksiyasına yoluxmuş Bərdə rayon sakinlərinin siyahısı polis şöbəsinə təqdim edilmiş və polis əməkdaşları tərəfindən həmin siyahı əsasında müvafiq yoxlamalar aparılmışdır. Virusa yoluxmuş rayon sakinlərindən hər hansı biri üzərlərində istifadələrində olan mobil telefon nömrələri ilə birlikdə yaşadıqları ünvanı tərk etdiyi halda bu barədə mərkəzləşdirilmiş sistemə məlumat daxil olmuş və həmin işə nəzarət edən əməkdaşlar rayon polis şöbəsinin rəhbərliyinə və digər aidiyyəti əməkdaşlara məlumat vermişlər. 30 avqust 2021-ci il tarixdə xidməti ərazisində olarkən Bərdə rayonu Qaradəmirçi kənd sakini Təqsirləndirilən şəxs yaşadığı ünvanı tərk edərək Bərdə şəhərinə gəlməsi və yaşadığı kənddə yerləşən avtomobilyuma məntəqəsinə qayıtması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında dərhal həmin ünvana getmişdir. Həmin məntəqəyə çatdıqda aktiv koronavirus xəstəsi olan Təqsirləndirilən şəxs orada ayaqüstə dayandığını görmüşdür. Bu səbəbdən dərhal Bərdə rayon Polis şöbəsinin növbətçi hissəsinə məlumat vermiş, bir qədər gözlədikdən sonra növbədə olan əməliyyatistintaq qrupunun üzvləri və xəstəxananın təcili-tibbi yardım stansiyasının həkimi Şahid7 həmin yerə gəlmişlər. Onlar birlikdə qeyd olunan avtomobilyuma məntəqəsinə yaxınlaşmış, Şahid1 adlı şəxsin Təqsirləndirilən şəxs bir qədər aralıda avtomobil yuduğunu görmüşlər. Polis əməkdaşları və həkimin iştirakları ilə Təqsirləndirilən şəxs yaxınlaşaraq həmin şəxsə “COVİD-19” virusuna yoluxduğu üçün ev şəraitində müalicə alaraq izolyasiya olunması izah edilmiş, ardınca nə üçün virusa yoluxduğunu bilə-bilə yaşadığı evi tərk edərək digər insanların xəstəliyə yoluxması üçün real təhlükə yaratdığını soruşulmuşdur. Təqsirləndirilən şəxs etdiyi əməli dərk etdiyini bildirmiş, lakin heç bir əsaslı səbəb göstərməmişdir. Bunun ardınca bir daha Təqsirləndirilən şəxs müalicə olunması üçün yaşadığı evi tərk etməməli olduğu izah edilmiş, digər insanların virusa yoluxması üçün real təhlükə yaratmaması bildirilmiş və barəsində qanunamüvafiq tədbirlər görüləcəyi qeyd olunmuşdur. Baş verənlər videoçəkiliş aparılmaqla qeydə alınmış, sonda Təqsirləndirilən şəxs həkimin müşayiəti altında yaşadığı ünvana göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid4 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyinin “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X9 31 avqust 2021-ci il tarixli 893 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlunun 18.08.2021-ci il tarixli ********** protokol nömrəli “COVİD-19” testi “pozitiv” çıxmışdır. 31.08.2021-ci il tarixdə xəstənin karantin müddəti bitir. Beləliklə, Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il tarixdə yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxması ilə bağlı analizin cavabının “pozitiv” nəticəsinə görə 14 gün müddətinə Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən yaşadığı ünvanda ev şəraitində özünütəcrid qaydaları çərçivəsində epidemiyanın yayılmaması üçün heç kəslə təmasda olmamaq şərti ilə izolyasiya olunaraq müalicəsini davam etdirməli olduğu halda, buna əməl etməyərək epidemiya əleyhinə rejimi və karantin rejimlərini pozub müalicənin 13-cü günündə, yəni 30 avqust 2021-ci il tarixdə saat 10 radələrində yaşadığı və izolyasiya olunduğu evi xəstə olduğunu bilə-bilə aktiv koronavirus xəstəsi olan anası Şahid3 üçün dərman preparatları almaqdan ötrü tərk edərək “VAZ 2107” markalı 09 BP- 773 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Polad Aptek”-ə gedib içəri daxil olaraq əczaçı X3 ilə, dərman preparatları aldıqdan sonra isə Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən, icarə əsasında işlətdiyi avtoyuma məntəqəsinə gedərək orada işləyən Şahid1 ilə təmasda və ünsiyyətdə olmaqla yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1245 saylı 23 noyabr 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Qaradəmirçi kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 12029851 seriyalı 07.06.2016-cı il tarixli və AZE 12029815 seriyalı 07.06.2016-cı il tarixli şəxsiyyət vəsiqələri surətlərindən müəyyən olunur ki, 30 iyul 2007-ci ildə anadan olmuş X1 və 19 sentyabr 2008-ci ildə anadan olmuş X2 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 20.10.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar