Məhkəmə qərarları › İş №1(021)-27/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-27/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-27/2024 13.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X16 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxx 1993-cü ildə Bərdə rayonu Qasımbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Qasımbəyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ Siyahısına əsasən, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 21,55 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 6 (altı) ədəd kibrit qutularında qanunsuz əldə edərək üzərində saxlamış, 02 may 2023-cü il tarixdə, saat 2050 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri H.Aslanov küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib orada saat 2205 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 6 (altı) ədəd kibrit qutularında satış məqsədilə saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 3,81 qram, 3,42 qram, 4,16 qram, 3,13 qram, 3,51 qram, 3,52 qram, ümumi çəkisi 21,55 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik maddə olan qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2023-cü il tarixdə yaşadığı kəndin kənarında «Çaylaq» adlanan ərazidə balıq tutarkən bir ədəd bağlı vəziyyətdə olan sellofan paketi görüb, diqqətini çəkdiyindən paketi yerdən götürmüşdür. Sellofan paketin içərisinə baxarkən ümumilikdə 06 (altı) ədəd kibrit qutularının olduğunu və qutuların içərisinə baxdıqda qurudulmuş marixuananın olduğunu görmüşdür. Ətrafda heç kimin olmadığını görüb qutuların birindən götürüb istifadə etmişdir. 06 (altı) ədəd kibrit qutularını yenidən sellofan torbanın içərisinə qoyub əynində olan qara rəngli gödəkçənin sol iç cibinə qoyub yaşadığı evə getmişdir. Bu barədə ailə üzvlərinin və hər hansı bir şəxsin məlumatı olmamışdır. Kibrit qutularını gödəkçənin cibində saxlamışdır. Səhəri gün, yəni, xx.xx.2023-cü il tarixdə, təxminən saat 20 radələrində Bərdə şəhəri H.Aslanov küçəsində yerləşən yeməkxanada qohumu «Akaş» ləqəbli X11, əmisi oğlu Şahid2 və tanımadığı 3 nəfər şəxslə birlikdə oturub çay içərkən polis əməkdaşlarının yeməkxanaya daxil olduqlarını görmüşdür. Üzərində olan qara rəngli gödəkçənin sol iç cibində saxladığı 06 (altı) ədəd kibrit qutusunun içərisində olan qurudulmuş marixuana olduğundan qorxub qaçmaq istəmişdir. Lakin ayağı ilişdiyi üçün yerə yıxılmış və nəticədə başı yerə dəymişdir. Polis əməkdaşları isə ona yaxınlaşaraq qanunsuz olaraq narkotik vasitlərin üzərində saxlanılmasında və əldə edilməsində şübhəli bilindiyindən onu polis şöbəsinə dəvət etmişlər. Etiraz etməmiş və yanında olan həmin şəxslərlə birlikdə onu rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsində olarkən polis əməkdaşı üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilicəyi barədə ona məlumat vermiş, heç bir etiraz etməmişdir. Müdafiəçisinin iştirakı ilə üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddənin olubolmaması, vardırsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Üzərində olan qara rəngli gödəkçənn sol iç cibindən içərisində ümumilikdə 6 (altı) ədəd kibrit qutusunun içərsində qurudulmuş marixuana olan sellofan torbanı çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları tərəfindən sellofan torpabının içərisinə baxış keçirən zaman 6 (altı) ədəd kibrit qutusunda olan qurudulmuş marixuana aşkar edilmişdir. Kibrit qutusunda olan qurudulmuş marixuanalar ilkin olaraq ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşı onun üzərini yoxlayan zaman üzərindən özünə məxsus 2 (iki) manat pul, 1 (bir) ədəd içərisində ***-***-**-** saylı mobil nömrə olan «Samsung» markalı mobil telefon, 1 (bir) ədəd avtomobil açarı və 1 (bir) ədəd «Palİ Mail» markalı siqaret aşkar edilmişdir. Həmin əşyalardan başqa üzərindən hər hansı bir qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Söz verir ki, bundan sonra bir daha hər hansı qanunsuz əməllərlə məşğul olmayacaqdır. Qeyd etdiklərinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid5 ifadə verərək göstərdi ki, Bərdə rayonu Kətəlparaq kənd sakinləri X5, X4, Bərdə rayonu Qasımbəyli kənd sakinləri X6, Təqsirləndirilən şəxs, Bərdə rayonu Qurdlar kənd sakini Şahid1 və Bərdə rayonu Qasımbəyli kənd sakini Şahid2 birlikdə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Özü və digər polis əməkdaşları tərəfindən 02 may 2023-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində X12, X9, X11, Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 ilə birlikdə 02 may 2023-cü il tarixdə saat 21 radələrində Bərdə şəhəri H.Aslanov küçəsində yerləşən kafedə olarkən saxlanılmışlar və onlar Bərdə RPŞ-nə gətirilmişlər. Həmin şəxslərin üzərlərinə ayrılıqda baxış keçirilmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi, Bərdə RPŞ-nin PPXB-nin polis nəfərləri X14 və Şahid4, habelə onun özünün iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olubolmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra sonuncuya üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 1 (bir) ədəd sellofan paketin içərisində ümumilikdə 06 (altı) ədəd kibrit qutularını masanın üzərinə qoymuşdur. Kibrit qutularının içərisinə baxış keçirərkən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Bundan sonra 06 (altı) ədəd kibrit qutularının içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə kibrit qutuları ilə birlikdə elektron tərəzidə çəkilmiş, ağ rəngli bir ədəd zərfin içərisinə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən üzərindən 2 (iki) ədəd əskinaslar olmaqla 2 (iki) manat pul, 1 (bir) ədəd «Samsung» markah mobil telefon, 1 (bir) ədəd avtomobil açarı, 1 (bir) qutu «Palİ Mail» markalı siqaret aşkar edilmişdir. Bundan başqa digər hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs kütləni haradan əldə etməsi barədə sorğu edilmiş, sonuncu üzərindən aşkar edilmiş həmin kütləni yaşadığı Bərdə rayonu Qasımbəyli kəndi ərazisində «Çaylaq» kimi adlanan yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs sifət nahiyəsində xəsarət olması ilə bağlı sorğu edilmiş, sonuncu saxlanılarkən polis əməkdaşlarını görən zaman üzərində qeyd olunan narkotik vasitə olduğu üçün qaçmağa cəhd göstərdiyini, həmin vaxt yıxılaraq baş nahiyəsinin yerə dəydiyini və xəsarəti aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs etiraf edilməyə məcbur edilməsi üçün ona qarşı hər hansı təsir və ya təzyiq edilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Bərdə Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri X14 Şahid5 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasına gəlməyən şahid X7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş, sonuncu həmin ifadəsində göstəmişdir ki, X9 və X1, yəni qohumlarıdır. Şahid2 isə az müddətdir tanıyır. Aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. X8 az müddətdir Pərvinin vasitəsilə tanıyır. Sərdarın Pərvinin dayısı olmasını bilmişdir. Təqsirləndirilən şəxs əyani olaraq tanımır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Bərdə şəhəri H.Aslanov küçəsində yerləşən “Asqo” kimi tanıdığı şəxsə məxsus adsız kafedə qohumları Pərviz, Vüsal, dostu Pərvin, Pərvinin dayısı Sərdar və Pərvinin əmisi oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yemək yemişlər. Bu vaxt Bərdə Rayon Polis Şöbəsinin polis əməkdaşları onlar oturduqları yerə daxil olmuş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək onları Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis söbəsinə gəldikdən sonra könüllü olaraq müdafiəçi seçmək hüququnun olduğunu ona bildirmişlər. Bunun ardınca polis şöbəsində müdafiəçinin və digər şəxslərin iştirakı ilə üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra onu sərbəst buraxmışlar. Sonradan öyrənmişdir ki, üzərlərinə səxsi axtarış zamanı, qohumları Pərvizin, Vüsalın, dostu Pərvinin dayısı Sərdarın və Təqsirləndirilən şəxs üzərlərindən narkotik vasitə aşkar edilmişdir. Onlarla birlikdə kafedə olarkən onların üzərlərində narkotik vasitə olmasından xəbərsiz olmuşdur. Özü narkotik vasitədən istifadə etmir və satışı ilə mıəşğul olmur. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 03 may 2023-cü il tarixli, 16/469 saylı rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitəyə bənzər kütlələr” yazı və imzalar olan kağız paketdəki 6 (altı) ədəd kibrit qutularında, ayrı-ayrıllıqda təmiz çəkiləri 3,81 qram, 3,42 qram, 4,16 qram, 3,13 qram, 3,51 qram, 3,52 qram, ümumi təmiz çəkisi 21,55 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. -Qeyd: Marixuananın təmiz çəkisi 21,55 qram, tədqiqata sərf edildi 0,12 qram, qalıq 21,43 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 27 may 2023-cü il tarixli, 924 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaanmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-Tibbi Ekspertiza və X3 Bərdə rayonlararası mərkəzinin verdiyi 05 may 2023-cü il tarixli 325 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol gözyuvasıaltı, sağ və sol gözyuvasıüstü nahiyələrinin qançırları, sol gözün bayır bucağı nahiyənin qansızması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü ilə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. “Toplanmış sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” 25 oktyabr 2023-cü il tarixli qərarın 8-ci bəndinə əsasən iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə öz ehtiyatsızlığı nəticəsində xəsarət alması ilə bağlı cinayət hadisəsi müəyyən olunmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş və bununla bağlı material ayrılaraq Bərdə Rayon Prokurorluğuna göndərilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ Siyahısına əsasən, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 21,55 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 6 (altı) ədəd kibrit qutularında qanunsuz əldə edərək üzərində saxlaması, 02 may 2023-cü il tarixdə, saat 2050 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri H.Aslanov küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib orada saat 2205 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 6 (altı) ədəd kibrit qutularında satış məqsədilə saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 3,81 qram, 3,42 qram, 4,16 qram, 3,13 qram, 3,51 qram, 3,52 qram, ümumi çəkisi 21,55 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd inzibati ərazi vahidi üzrə nümayəndəsinin 04 avqust 2023-cü il tarixli, 1634 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon İHB-nın Kələntərli kənd İƏD üzrə nümayəndəliyinin Qasımbəyli kəndində rəsmi qeydiyyatdadır və yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd inzibati ərazi vahidi üzrə nümayəndəsinin verdiyi 04 avqust 2023-cü il tarixli xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs əməlindən peşmandır, yaşayış yerindən müsbət xarakterizə olunur. Belə olan halda, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 29 may 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Habelə məhkəmə iclasında Təqsirləndirilən şəxs bir daha hər hansı qanunsuz əməllərlə məşğul olmayacağına vəd verərək ona rəhm edilməsini xahiş etdi. O, ilk dəfə cinayət törətmişdir. İşdə olan xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Bütün bunlar isə onun cinayət törətməyə meyilli olmamasını və cəmiyyət üçün tam yararsız olmamasını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ilk dəfə cinayət törətməsi, bir daha hər hansı qanunsuz əməllərlə məşğul olmayacağına vəd verməsi onun cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olması kimi nəzərə alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 02 may 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 02 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 4(021)-98/2023 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının CMnin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin 03 (üç) ay həddində, yəni 02 avqust 2023-cü il tarixədək müəyyən edilməsi, həbs etmənin əvvəlinin 02 may 2023-cü il tarixdən saat 21:00-dan hesablanması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 may 2023-cü il tarixli, 4(104)-83/2023 saylı qərarından görünür ki, şikayət qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli, 4(021)-98/2023 saylı qərarı ləğv edilmiş, vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalında həbsdən dərhal azad edilməsi, Təqsirləndirilən şəxs barəsində əvvəli 12 may 2023-cü il tarixdən hesablanılmaqla 2 (iki) ay 21 (iyirmi bir) gün, yəni 2 avqust 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbirinin seçilməsi, onun üzərinə ev dustaqlığı qətimkan tədbiri dövründə istintaqın aparıldığı və məhkəmədə işə baxıldığı dövrdə qanunla müəyyən edilmiş hallar istisna olmaqla yaşadığı ünvandan axşam saat 22:00-dan səhər saat 08:00-dək kənara çıxmamaq, yaşadığı ərazinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə qanunla müəyyən edilmiş hallar istisna olmaqla cinayət işi üzrə icraatda iştirak edən şəxslərlə əlaqə yaratmamaq (saxlamamaq) və ünsiyyət qurmamaq vəzifəsi qoyulması, qərarın icrasının Bərdə RPŞ-nə tapşırılması qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 02 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 avqust 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan o, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 03 may 2023-cü il tarixli, 16/469 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat 40 qəpik) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 21,43 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 may 2023-cü il tarixdən 12 may 2023-cü il tarixədək həbsdə olduğu 10 (on) gün müddətin və 12 may 2023-cü il tarixdən 02 avqust 2023-cü il tarixədək ev dustaqlığında olduğu 02 (iki) ay 20 (iyirmi) gün, cəmi 03 (üç) ay müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 06 (altı) ay müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0600-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 21,43 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat 40 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar