Məhkəmə qərarları › İş №1(021)-29/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-29/2022

17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-29/2022 17.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1998-ci ildə Ağdam rayonu Cəvahirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu Cəvahirli kəndində qeydiyyatda olan və Bərdə şəhəri, N.Nərimanov küçəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 03 mart 2021-ci il tarixdə saat 1300 radələrində qonaq kimi qaldığı Bərdə rayonu Lək kəndində yaşayan qohumu Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qonaq otağındakı divanın alt hissəsində olan çaynikin içərisində saxlanılan 14,5 qram çəkili 1087,50 (bir min səksən yeddi manat əlli qəpik) manat dəyərində olan bir ədəd tros formalı qızıl boyunbağını gizli yolla talayaraq sonuncuya 1087,50 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, yaşadığı atası evində söz-söhbət yarandığından 02 mart 2021-ci il tarixdə Lək kəndində yaşayan bibisi Rənanın evinə getmişdir. Atası bibisi Rənaya onu evə buraxmamasını tapşırdığı üçün Rəna ona evində qalmağa icazə verməmişdir. Qalmağa yeri olmadığından atasının bibisiqızı Sadət onu öz evinə dəvət etmişdir. Həmin gün Sadətin əri Saday ilə birlikdə yaşadığı evində gecələmişdir. 03 mart 2021-ci il tarixdə saat 1100 radələrində Saday və Sadət evdən çıxıb həyətə getdiklərindən evdə tək qalmışdır. Evin qonaq otağında olan divanın üstündə oturarkən əlindəki mobil nömrə yerə düşmüşdür. Nömrəni yerdən götürmək üçün əyilib baxanda divanın altında çaynik görmüşdür. Əlini uzadıb çayniki götürmüş və çaynikin içərisinə baxarkən oradan 1 ədəd qızıl boyunbağı aşkar etmişdir. Həmin dövrdə çoxlu borcu olduğundan boyunbağını oğurlamaq fikrinə düşmüşdür. Buna görə də boyunbağını götürüb şalvarının cibinə qoymuş və evdən çölə çıxmışdır. Yolda Saday ilə rastlaşanda gəzib bir azdan qayıdacağını demişdir. Bərdə şəhərinə getmiş, birbaşa avtovağzalın həyətindəki mağazalardan birində qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul olan Toğrul adlı şəxsin yanına gedib satılıq boyunbağı olduğunu demişdir. Toğrula şəxsiyyət vəsiqəsinin surətini verə biləcəyini söyləsə də, Toğrul onu tanıdığı üçün buna ehtiyac olmadığını bildirmişdir. Toğrul boyunbağını tərəzidə çəkib 14,5 qram olduğunu bildikdən sonra ona boyunbağı üçün 780 manat pul ödəyə biləcəyini demişdir. Razılaşıb həmin pulu Toğruldan alaraq Bakı şəhərinə getmiş və “Sulutəpə” deyilən yerdə kirayə ev tutaraq yaşamağa başlamışdır. Təxminən 3 ay fəhləliklə məşğul olduqdan sonra iyun ayında Bərdə rayonuna qayıtmış, bir müddət sonra isə Goranboy rayonuna gedərək Mətanətin evində yaşamağa başlamışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs arvadının dayısının nəvəsidir. 02 mart 2021ci il tarixdə axşam saatlarında yaşadıqları evdə olarkən Lətif arvadı Sadətə zəng edərək Bərdə rayonu Lək kəndindəki meşədə olduğunu, gecə qalmağa yeri olmadığını, mümkündürsə gecəni onların evində keçirmək istədiyini bildirmişdir. Saat 23 radələri olduğundan məcbur qalıb Lətifin onların evində qalmasına razılıq vermişdir. Bir müddət sonra Lətif onların evinə gəlmiş, arvadı Sadət Lətif üçün yemək bişirsə də, Lətif yeməyi yemədən yatmışdır. Ertəsi gün, yəni 03 mart 2021-ci il tarixdə səhər saatlarında Lətif yuxudan oyanmış və günorta saatlarınadək onlarla birlikdə qalmışdır. Həmin gün saat 13 radələrində hər üçü, yəni, özü, arvadı və Lətif evin içərisində oturmuşlar. Bir qədər sonra o, evdən çıxıb inəyin yerini dəyişmək üçün getmiş, arvadı da onunla birlikdə evin həyətinə çıxaraq inəyin yerini dəyişməkdə ona köməklik göstərmişdir. Lətif həyətə çıxıb onların başlarının inəyə qarışdığını gördükdən sonra yenidən evə daxil olmuşdur. Təxminən 20 dəqiqə ərzində onlar inəklə məşğul olmuş, daha sonra evin yaxınlığında yerləşən yonca sahəsinə getmişdir. Sahədə olarkən arvadı Sadət qaçaraq onun yanına gəlmiş və ona Lətifin sağollaşıb evdən çıxdığını, evdən çıxan kimi qaçmağa başladığını, Lətifin qaçması şübhə yaratdığından tez evə girib baxdığını, bu zaman evdə olan qızıl boğunbağının Lətif tərəfindən oğurlanmasını aşkar etdiyini demişdir. Lətifin qohumları ilə əlaqə saxlayıb bu barədə məlumat vermişlər. Sonradan Lətifin onların evindən oğurladığı qızıl boyunbağını avtovağzalın həyətində yerləşən, Toğrul adlı şəxsin işlətdiyi qızıl mağazasına satdığını müəyyən etmişlər. Bu səbəbdən mobil telefon vasitəsilə Toğrula zəng etmiş, Toğrul mobil telefonda ona Lətifdən 780 manat qarşılığında qızıl boyunbağı aldığını, boyunbağının hazırda mağazada olduğunu demişdir. Toğrula həmin boyunbağının oğurluq olduğunu, bu səbəbdən özündə saxlamasını bildirmişdir. Lakin Lətifdən xəbər çıxmadığını görüb Bərdə rayon Polis şöbəsinə şikayət etmişdir. Hazırda ona dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs dayısının nəvəsidir. 02 mart 2021-ci il tarixdə axşam saatlarında yaşadıqları evdə olarkən Lətif ona zəng edərək Bərdə rayonu Lək kəndindəki meşədə olduğunu, gecə qalmağa yeri olmadığını, mümkündürsə gecəni onların evində keçirmək istədiyini bildirmişdir. Saat 23 radələri olduğundan məcbur qalıb Lətifin onların evində qalmasına razılıq vermişdir. Lətif onların evinə gəlmiş, sonuncuya yemək bişirsə də, yeməyi yemədən yatmışdır. Səhəri gün, yəni 03 mart 2021-ci il tarixdə səhər saatlarında Lətif yuxudan oyanmış və günorta saatlarınadək onlarla birlikdə qalmışdır. Saat 13 radələrində hər üçü, yəni, özü, əri Saday və Lətif evin içərisində oturmuşlar. Bir qədər sonra Saday evdən çıxıb inəyin yerini dəyişmək üçün getmiş, özü də onunla birlikdə evin həyətinə çıxaraq inəyin yerini dəyişməkdə ona köməklik göstərmişdir. Lətif həyətə çıxıb onların başlarının inəyə qarışdığını gördükdən sonra yenidən evə daxil olmuşdur. Təxminən 20 dəqiqə ərzində onlar inəklə məşğul olmuş, daha sonra əri Saday evin yaxınlığında yerləşən yonca sahəsinə getmişdir. Əri Saday sahədə olarkən Lətifin onunla sağollaşıb evdən çıxmış, evdən çıxan kimi qaçmağa başlamışdır. Bu səbəbdən Lətifən şübhələnmiş, evə girib baxarkən divanın altına qoyduğu boyunbağının yerində olmadığını görmüşdür. Qızılın Lətif tərəfindən oğurlandığını başa düşmüş və sahəyə gedərək bu barədə əri Sadaya məlumat vermişdir. Sonradan onlara məlum olmuşdur ki, Lətif qızıl boyunbağını Bərdə rayon Avtovağzalında yerləşən qızıl mağazasında işləyən Toğrul adlı şəsə 780 manata satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaq yaşlarından tanıyır, sonuncu ilə qonşu kimi münasibəti olmuşdur. Təxminən 5 ildir Bərdə şəhərində yerləşən avtovağzalın həyətində “EFE Model” adlı qızıl mağazasında müqavilə əsasında satıcı işləyir. Mağaza onun adına olsa da, mağazanın müdiri Şahid3dur. Mağazada qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul olur və hər ay 400-500 manat məbləğində əmək haqqı alır. Qızıl satmaq məqsədilə mağazaya gələn şəxslər olduqda onlardan qızılı hardan əldə etmələri barədə soruşur, sonra isə həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini çıxarıb özündə saxlayır. Qızıl-zinət əşyalarının mağazaya mədaxili və məxarici barədə sənədləşmə aparılmır. 03 mart 2021-ci il tarixdə saat 11-12 radələrində Lətif onun işlədiyi mağazaya gəlmiş, özü ilə “traktor” adlandırdıqları qızıl boyunbağı gətirmiş və ehtiyacı olduğundan satmaq istədiyini bildirmişdir. Lətifi tanıdığından heç bir sənəd tələb etmədən 14,23 qram çəkidə qızıl boyunbağını 780 manat qarşılığında alaraq mağazaya qoymuşdur. Qızılı Lətifdən alarkən kassa əməliyyatı aparmamışdır. Axşam saatlarında tanımadığı şəxs onun mobil telefonuna zəng edərək Lətifin qohumu olduğunu və qohumunun evindən oğurladığı qızıl-zinət əşyasını ona satdığını demişdir. Lətifdən qızıl boyunbağı almasını etiraf etmişdir. Zəng edən şəxs ondan boyunbağını geri almağın mümkün olub-olmadığını soruşduqda, müdirdən bu barədə soruşub deyə biləcəyini bildirmişdir. Bir qədər sonra başqa bir nəfər də onun mobil telefonuna zəng edərək eyni məsələ barəsində xəbər almış, həmin şəxsdə də oxşar şəkildə cavab vermişdir. Daha sonra Sadət adlı qadın onunla danışaraq aldığı boyunbağı üçün ödədiyi pulu ödəyib əşyanı geri götürmək istədiklərini söyləmiş, özü də müdir ilə danışacağını, əgər boyunbağı ərintiyə göndərilməyibsə, pulu ödəyib götürə biləcəklərini demişdir. Səhəri gün Anara zəng edib bu barədə məlumat vermiş, aldığı boyunbağının oğurluq yolu ilə əldə edildiyini və sahibinin pulu ödəyərək boyunbağını geri almaq istədiyini demişdir. Lakin Anar boyunbağını ərintiyə göndərdiyini bildirmişdir. Sadət adlı xanım yenə ona zəng etmiş, özü isə həmin xanıma qızıl-zinət əşyasının ərintiyə göndərilməsi barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onun Bərdə şəhərində yerləşən avtovağzalın həyətində “EFE Model” adlı mağazası var. Şahid2 təxminən 9 ildir həmin mağazada qızılzinət əşyalarının alqı-satqısını həyata keçirir. Mağaza hər gün saat 08 radələrindən 17 radələrinədək fəaliyyət göstərir. Qızıl satmaq məqsədilə mağazaya gələn şəxslər olduqda onlardan qızılı hardan əldə etmələri barədə soruşulur, sonra isə həmin şəxslərin şəxsiyyət vəsiqəsinin surətini çıxarıb özlərində saxlayırlar. 03 mart 2021-ci il tarixdə gün ərzində yaşadığı evdə olmuş, axşam saatlarında Toğrul ilə hesablaşmaq məqsədilə mağazaya getmişdir. Toğrul həmin gün aldığı qızıl-zinət əşyalarını ona təqdim etmiş, özü isə həmin əşyaları Toğruldan təhvil almışdır. Bir qədər sonra Bakı şəhərindən qızıl-zinət əşyalarını almaq üçün gələn tanımadığı şəxslər mağazaya daxil olmuş, həmin şəxslərin təklif etdikləri qiymət onu qane etdiyi üçün Toğruldan təhvil aldığı qızılların hamısını satmışdır. Həmin gün saat 20 radələrində Toğrul mobil telefon vasitəsilə ona zəng edərək aldığı qızılzinət əşyalarından birinin oğurluq olduğunu söyləmiş, oğurlanmış əşyanın sahiblərinin dediyinə görə, Lətif adlı şəxs qızılı oğurlayaraq mağazaya satmışdır. Toğrula qızılların hamısını Bakı şəhərindən gələn şəxslərə satdığını bildirmişdir. Satıcısı tərəfindən alqısatqı nəğd şəklində aparıldığından məxaric orderi və mədaxil orderi olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/8464 saylı 29 noyabr 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 583 əyarlı rus istehsalı olan tros formalı qızılın 2021-ci ilin mart ayına olan tarixə 1 qramının qiyməti 75 manat olduğunu nəzərə alaraq, 14,5 qramının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1087,50 manat müəyyən olunur. Beləliklə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 03 mart 2021-ci il tarixdə saat 1300 radələrində qonaq kimi qaldığı Bərdə rayonu Lək kəndində yaşayan qohumu Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qonaq otağındakı divanın alt hissəsində olan çaynikin içərisində saxlanılan 14,5 qram çəkili 1087,50 manat dəyərində olan bir ədəd tros formalı qızıl boyunbağını gizli yolla talayaraq Zərərçəkmiş şəxs 1087,50 manat maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Ağdam rayon İcra Hakimiyyəti Başçısının Göytəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 169 saylı 28 sentyabr 2021-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Göytəpə kənd İƏD-nin Cəvahirli kəndində daimi qeydiyyatdadır. Özünü nizam intizamlı bir şəxs kimi aparmış, başqalarına nümunə olmuşdur. O, kənd ağsaqqallarının hörmətini saxlamış, lazım gəldikdə onlara lazımi köməkliklər göstərmişdir. Nümayəndəlik tərəfindən ona tapşırılan hər hansı bir ictimai vəzifənin öhdəsindən layiqincə gəlmişdir. Onun barəsində nümayəndəliyə hüquq və mühafizə orqanları tərəfindən heç bir təqsirləndirici rəsmi sənəd daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 20 sentyabr 2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, habelə onun məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 14 sentyabr 2021ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında Bərdə Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 16 sentyabr 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayon Polis şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qətimkan tədbirinin dəyişdirilməsi haqqında 07 dekabr 2021ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2021-ci ildən 16 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02(iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 29 noyabr 2021-ci il tarixli 9/8464 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 sentyabr 2021-ci il tarixdən 16 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02(iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla üzərində qəti olaraq 01(bir) il 05(beş) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2000-dan növbəti gün saat 0800-dək təkr etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar