Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-30/2022 07.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Zahid oğlunun, Müdafiəçi, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Ağdam rayonu Boyəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu Boyəhmədli kəndinə qeydiyyatda olmaqla Bərdə rayonu Cumalar kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə hesab edilən metamfetamini istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,302 qram olan psixotrop maddə hesab edilən metamfetamini qanunsuz əldə edib üzərində saxlamış, 09 iyun 2021-ci il tarixdə saat 23:55 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən Bərdə şəhəri Natavan küçəsində şübhəli şəxs qismində saxlanılmaqla polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd “gümüşü” rəngli falqada şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,302 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Evlidir, himayəsində üç azyaşlı uşaq var. 2021-ci ilin iyun ayının əvvəllərində yaşadığı Bərdə rayonu Cumalar kəndi ərazisində piyada şəkildə gəzərkən yolun kənarında yerdən bir ədəd “gümüşü” rəngli siqaret kağızı bükümü görmüş və həmin büküm diqqətini cəlb etdiyindən bükümü götürərək içərisinə baxmışdır. Uzun müddətdir psixotrop maddələrdən istifadə etdiyi üçün bükümün içərisində olan kütlənin metamfetamin olduğunu bilmişdir. Daha sonra bükümü əynindəki şalvarın sağ yan cibinə qoyaraq oradan uzaqlaşmışdır. Psixotrop maddə tapması barədə heç kimə xəbər vermədən bükümü üzərində saxlamışdır. 08 iyun 2021-ci il tarixdə metamfetamindən istifadə etmək qərarına gəldiyindən bükümü açaraq içərisindəki metamfetamini evdəki şüşə borunun və şüşə flakonun içərisinə tökmüş və limon duzu ilə qarışdıraraq qaynatmaqla istifadə etmişdir. Limon duzunu bir müddət əvvəl mağazadan alıb evdə saxlamışdır. Psixotrop maddəni istifadə etdikdən sonra yerdə qalanını, şüşə borunu və şüşə flakonu şalvarının cibinə qoymuşdur. 09 iyun 2021-ci il tarixdə saat 23:50 radələrində tək şəkildə Bərdə şəhəri Natavan küçəsində gəzişərkən adlarını bilmədiyi iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra polis əməkdaşları ondan ad və soyadını, harada yaşadığını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları özünü şübhəli apardığı üçün onlarla birlikdə Bərdə rayon polis şöbəsinə getməli olduğunu demişlər. Polis şöbəsinə gətirildikdən sonra 10 iyun 2021-ci il tarixdə saat 00:25-də üzərində psixotrop maddə saxlaması şübhəsi ilə əlaqədar şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşlarının iştirakları ilə üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında polis əməkdaşlarından başqa dövlət hesabına təyin edilmiş müdafiəçisi Müdafiəçi də iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına hər hansı etirazının olub-olmaması soruşulmuşdur. O, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını demişdir. Bundan sonra ona üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması barədə sual verilmiş və müsbət halda könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, tapdığı, içərisində metamfetamin olan bükümü, şüşə borunu və şüşə flakonu əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən çıxararaq masanın üzərinə qoymuş və bükümün içərisində metamfetamin olduğunu etiraf etmişdir. Bundan başqa üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi psixotrop maddəni haradan əldə etdiyi soruşulduqda, bükümü Cumalar kəndi ərazisindən tapdığını söyləmişdir. Daha sonra üzərindən aşkarlanan içərisində metamfetamin olan büküm elektron tərəzidə çəkilib zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bunun ardınca şəxsi axtarış və götürmə haqqında protokol tərtib edilərək ucadan oxunmuş və digər iştirakçılarla birlikdə protokolu imzalamışdır. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni yalnız şəxsi istifadəsi üçün saxladığını, heç vaxt kiməsə psixotrop maddə satmadığını, heç vaxt belə bir niyyətinin olmadığını, üzərində psixotrop maddə saxlaması barədə heç kimin məlumatı olmadığını, əvvəllər heç vaxt psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını, heç kimə psixotrop maddə, narkotik vasitə və ya onun prekursorlarını satmadığını bildirdi. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını nəzərə almağı məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstədi ki, 2009-cu ildə daxili işlər orqanlarında xidmət etməyə başlamışdır. Həmin vaxtdan Bərdə rayon polis şöbəsinin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri işləyir, polis serjantı xüsusi rütbəsindədir. 09 iyun 2021-ci il tarixdə saat 23:55 radələrində polis nəfəri Şahid2 ilə birlikdə Bərdə şəhəri Natavan küçəsində xidmətdə olarkən həmin ərazidə olan bir nəfər şəxsin üzərində narkotik vasitə saxlaması şübhəsi yaranmışdır. Buna görə də həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra şəxsin Bərdə rayonu Cumalar kəndində yaşayan Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Daha sonra həmin şəxs tərəflərindən saxlanılaraq Bərdə rayon polis şöbəsinə gətirilmiş və saat 00:25-də şübhəli şəxs qismində tutulmuşdur. Polis şöbəsində onun, digər polis əməkdaşları Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında adlarını qeyd etdiyi polis əməkdaşlarından başqa Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi də iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına hər hansı etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olubolmaması barədə sual verilmiş və olduğu halda könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şüşə boru, bir ədəd şüşə flakon və içərisində psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlə olan bir ədəd “gümüşü” rəngli siqaret kağızı bükümü çıxararaq masanın üzərinə qoymuş və kağız bükümün içərisindəki kütlənin metamfetamin olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində Şahid3 tərəfindən şəxsi axtarış aparılmış, ancaq başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddəni haradan əldə etdiyi soruşulduqda, Təqsirləndirilən şəxs metamfetamini təxminən 2-3 gün əvvəl yaşadığı Bərdə rayonu Cumalar kəndi ərazisində yolun kənarından tapdığını bildirmişdir. Daha sonra şübhəli şəxsin təqdim etdiyi bir ədəd şüşə boru, bir ədəd şüşə flakon və içərisində metamfetaminə bənzər kütlə olan bir ədəd “gümüşü” rəngli siqaret kağızı bükümü elektron tərəzidə çəkilib zərfdə qablaşdırılmış və üzəri möhürlənərək ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olunmuşdur. Ardınca protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılar ilə birgə həmin protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2012-ci ildə daxili işlər orqanlarında xidmət etməyə başlamışdır. Həmin vaxtdan Bərdə rayon polis şöbəsinin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri işləyir, polis serjantı xüsusi rütbəsindədir. 09 iyun 2021-ci il tarixdə saat 23:55 radələrində polis nəfəri Şahid1 ilə birlikdə Bərdə şəhəri Natavan küçəsində xidmətdə olarkən həmin ərazidə olan bir nəfər şəxsin üzərində narkotik vasitə saxlaması şübhəsi yaranmışdır. Buna görə də həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra şəxsin Bərdə rayonu Cumalar kəndində yaşayan Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Daha sonra həmin şəxs tərəflərindən saxlanılaraq 10 iyun 2021-ci il tarixdə saat 00:10 radələrində Bərdə rayon polis şöbəsinə gətirilərək aidiyyəti üzrə təhvil verilmişdir. Sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs həmin gün saat 00:25-də şübhəli şəxs qismində tutulmuş və polis şöbəsində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman içərisində psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlə olan bir ədəd “gümüşü” rəngli siqaret kağızı bükümü götürülmüşdür. Məhkəmə iclasında Şahid3 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verməsi elan olundu. Cinayət işinin 6-cı vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 10 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 10 iyun 2021-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 42-43-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 51-52-ci vərəqələrində olan 11 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinin MSY-ən azad edilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişir. Cinayət işinin 82-83-cü vərəqələrində olan 22 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin 31-34-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 bölməsinin məhkəmə-bioloji ekspertizasının 10 iyun 2021-ci il tarixli 16/540 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs. Təqsirləndirilən şəxs” sözləri yazılmış kağız paketdəki 1 (bir) ədəd “gümüşü” rəngli falqada təmiz çəkisi 0,302 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim olunmuş 1 (bir) ədəd şüşə borunun və 1 (bir) ədəd şüşə flakonun içərisində metamfetaminin izləri vardır, metamfetamin iz şəklində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq və təqdim olunmuş kütlə ilə müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanılmış və müəyyən olunmuşdur ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. (Aparılmış tədqiqatın dəyəri 32.40 manat təşkil edir) Cinayət işinin 86-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin 27.11.2021-ci il tarixli 1433 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 93-99-cu vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 22.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunub götürülmüş psixotrop maddə-təmiz çəkisi 0.302 qram olan metamfetamin tədqiqat prosesində tədqiqata 0, 05 qram sərf olunduğundan, təmiz çəkisi 0,252 qram olan psixotrop maddə - metamfetamin, içərilərində metamfetamin izləri olan 01 ədəd şüşə boru və 01 ədəd şüşə flakon maddi sübut kimi tanınmış və Bərdə rayon polis şöbəsində saxlanması təmin olunmuşdur. Cinayət işinin 77-78-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 89-cu vərəqəsində olan Mirzəxan-Qaraqoyunlu İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteriza olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, ailəli olmasını, himayəsində 3 azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkumluğunun olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunu azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 10 iyun 2021-ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 11 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 11 iyun 2021-ci il tarixdə həbsdən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, 22 noyabr 2021-ci il tarixdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 1 (bir) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Həmçinin ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 AZN Təqsirləndirilən şəxs oğlundan alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 0,252 qram olan psixotrop maddə - metamfetamin, içərilərində metamfetamin izləri olan 01 ədəd şüşə boru və 01 ədəd şüşə flakon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun 10 iyun 2021-ci il tarixindən 11 iyun 2021-ci il tarixinədək kimi həbsdə saxlanıldığı 01 (bir) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 0,252 qram olan psixotrop maddə - metamfetamin, içərilərində metamfetamin izləri olan 01 ədəd şüşə boru və 01 ədəd şüşə flakon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs oğlu ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-30/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-30/2022
07.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver