Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-32/2025 22.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X15 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Qubadlı rayonu Tinli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 2-də qeydiyyatda olan və Bərdə rayonu Meşəçilik İnstitutu ərazisində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ Siyahısına əsasən, xeyli miqdarda, yəni yəni təmiz çəkisi 9,66 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 03 avqust 2024-cü il tarixdə saat 1750 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu “Meşəçilik İnstitutu” ərazisində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 9,66 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, yadında qalmayan tarixdə evdə olarkən Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları onlara gələrək onun barəsində şikayət olduğunu bildirərək onu Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarının əmrinə tabe olaraq onlarla birlikdə Bərdə RPŞ-nə getmişdir. Orada Bərdə RPŞ-nin əməkdaşları ona təzyiq edərək qarşısına narkotik vasitə olan torba və içərisi narkotik vasitə olan marixuana ilə dolu kibrit qutusu qoyub bildirmişlər ki, ya özü etiraf etsin ki, kibrit qutusu onundur və narkotik istifadəçisidir, ya da onu külli miqrdarda narkotiklə yükləyib tutacaqlar. Ona görə məcbur olub yalandan narkotik istifadəçisi olduğunu, kibrit qutusunda olan narkotikin onun olduğunu etiraf etmişdir. Narkotik vasitədən 2006-2008-ci illərdə istifadə etmiş, hazırda narkotik istifadəçisi deyil. Həmin dövrlər yeznəsi narkotik vasitə satmış, narkotiki ondan alıb istifadə etmişdir. Sonra yeznəsi həbs edilmiş, bundan sonra o da artıq narkotik vasitələrdən istifadə etməmişdir. Onun üzərində narkotik vasitə olmamışdır. Orta təhsili yoxdur, Bərdə RPŞ-də ifadəsində nə yazıblar məlumatı yoxdur. Sadəcə olaraq ona kağızlara imza etdirmişlər. Bərdə RPŞ-də onuun böyrəklərinə bir-iki dəfə yumruqla vurmuşlar. Polis şöbəsində içi narkotik vasitə marixuana ilə dolu olan torbanı görüb qorxmuş və bu səbəbdən kibrit qutusunda olan marixuananın onun olduğunu etiraf etmişdir. Bərdə RPŞ-də ona işgəncə və ya əzab verilməmişdir, ancaq onu yumruqla vurmuşlar, bədənində isə xəsarət izi qalmamışdır. İbtidai istintaq zamanı vəkili gəlməmişdən əvvəl onu döymüşlər. İfadəsinin aşağısında olan yazını özü yazmış, lakin nə yazdığını bilmir. Çünkü yazıb, oxuya bilmir. Onu axşam tərəfi saat 17-18 radələrində Bərdə RPŞ-nə aparmışlar. Həmin vaxt evdə olmuş, anası və arvadı da evdə olmuşlar. Polis əməkdaşları gəlmiş və onu yaşadığı evdən aparmışlar. Yaşadığı evə gələn polis əməkdaşları Şahid1, Müşfiq və Hafiz olmuş, hamısı mülki geyimdə olmuş və şəxsi avtomobildə gəlmişlər. Ona müdafiəçi gəlməmişdən qabaq bildirmişlər ki, videoçəkiliş zamanı desin ki, “kibrit qutusu onundur”. Sonra onu buraxacaqlar evinə getsin. O da, ona tapşırıldığı kimi etmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilmədiyinindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Bərdə rayonu “Meşəçilik institutu” ərazisində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Bir neçə gün əvvəl Bərdə rayonu Alaçadırlı kəndi ərazisində olarkən yerdə 1 (bir) ədəd şübhəli sellofan bükülü görmüşdür. Sellofan bükülü diqqətini çəkdiyi üçün yerdən götürərək onu açıb içərisinə baxdıqda narkotik vasitə hesab edilən marixuana olduğunu aşkar etmişdir. İçərisində narkotik vasitə hesab edilən marixuana olan həmin sellofan bükülünü cibinə qoymuşdur. 03 avqust 2024-cü il tarixdə saat 17:50 radələrində tapdığı narkotik maddə hesab edilən marixuana üzərində olarkən Bərdə rayonu “Meşəçilik institutu” ərazisində tanımadığı 2 nəfər mülki şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu bildirmişlər və onlar birlikdə Bərdə RPŞ-yə gəlmişlər. Polis şöbəsində üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Buna görə də ona müdafiəçi siyahısı təqdim edilmişdir. O, müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmiş və müdafiəçi ilə ünsiyyət saxlamışdır. Daha sonra şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, üzərində olan narkotik vasitəni, əynində olan qara rəngli şalvarın sol yan cibindən çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin narkotik maddə sellofan bükülü ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 9,89 qram olduğu müəyyən olunmuşdur. Daha sonra isə üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik maddə 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb möhürlənmişdir. Üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüş, ekspertizaya göndəriləcəyi bildirilmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilmiş, üzərindən hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 01 (bir) qutu siqaret, 01 (bir) ədəd alışqan, 01 (bir) ədəd ətir, 2 (iki) manatlıq kağız pul əskinasları və 01 (bir) ədəd dəsmal iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş və o, həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd sellofan bükümün içərisində olan narkotik maddə hesab edilən marixuanaya bənzər kütləni bir neçə gün əvvəl Bərdə rayonu Alaçadırlı kəndində yerdən tapmışdır. O, həmin narkotik vasitədən hər hansı bir şəxsə verməmiş və satmamışdır. O, saxlanılaraq Bərdə RPŞ-nə gətirilərkən polis əməkdaşları tərəfindən ona hər hansı zor və ya fiziki quvvə tətbiq olunmamışdır. O, narkotik vasitəni tanıdığından həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, Bərdə Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs üzərində qanunsuz narkotik vasitələr saxlaması və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Onun rəhbərliyi altında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə gətirilmişdir. Bərdə RPŞ-də Təqsirləndirilən şəxs vəkil təqdim edildikdən sonra onun üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilməsi bildirdilmiş, sonuncu buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa könüllü olaraq təqdim edilməsi təklif edilmiş, sonuncu könüllü olaraq masaya yaxınlaşaraq əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunu özü çıxarıb masanın üzərinə qoymuşdur. Kibrit qutusunun içinə baxış keçirilərkən qutunun içərisində narkotik vasitə qurudulmuş marixuana olduğu aşkar edilmişdir. Aşkar edilmiş kütlə qablaşdırılıb götürülmüş və protokollaşdırılaraq imzalanmışdır. Bərdə şəhərini tanımadığından Təqsirləndirilən şəxs rayonun hansı ərazində saxladığını deyə bilmir. Lakin dəqiq deyə bilər ki, Təqsirləndirilən şəxs küçədə saxlamışlar. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı sonuncunun narkotik vasitələrdən istifadə etməsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəsini özü təqdim etmiş və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Videoçəkiliş zamanı Müdafiəçi, polis əməkdaşları Şahid2, Şahid3 və təhqiqatçı iştirak etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs oğludur. Oğlu metal yığımı məntəqəsində işləyir. Hadisə olan günü oğlu işə getməmiş, evdə olmuş, həyətdə iş görmüşdür. Mülki geyimdə olan şəxslər qapılarına gələrək polis əməkdaşları olduqlarını bildirmiş və oğlu Təqsirləndirilən şəxs özləri ilə aparmışlar. Həmin şəxslərdən oğlunu hara apardıqlarını soruşmuş, cavab olaraq narahat olmamasını, söz soruşub buraxacaqlarını bildirmişlər. Polis əməkdaşlarına onlarla getmək istədiyini bildirmiş, polis əməkdaşları narahat olmamasını, oğlunu tez buraxacaqlarını demişlər. Oğlu Təqsirləndirilən şəxs narkotik istifadəçisi deyil. Oğlu evə gəldikdən sonra polis şöbəsində ona kağızlara imza etdirdiklərini və sonra buraxdıqlarını demişdir. Oğlu savadsızdır, yazıb, oxuya bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əridir, 15 ildir ailə həyatı qurmuşlar. Hadisə olan günü evdə olmuşlar. Əri Ruslan həyətdə iş görmüşdür. Polis əməkdaşları gəlib əri Ruslanı yaşadıqları evin həyətindən götürüb aparmışlar. Ərinin narkotik istifadə etdiyini görməmişdir. Bildiyi qədər onlar ailəli olmamışdan qabaq istifadə etmiş, lakin ailəli olduqları dövrdə narkotikdən istifadə etməmişdir. Ruslan hər gün işinə getmiş və işdən sonra evə qayıtmışdır. Polis əməkdaşları yay aylarında, saat 17 radələrində onların yaşadıqları evə gəlmişlər. Özləri polis əməkdaşları olduqlarını bildirmişlər, lakin adlarını bilməmişdir. Əri Təqsirləndirilən şəxs 2 gün Bərdə RPŞ-də saxlayıb buraxmışlar. Ruslan qayıtdıqdan sonra demişdir ki, onu Bərdə RPŞ-də döymüşlər, böyrəklərinə, ayaqlarına vurmuşlar. Ruslana həkimə getməyi təkid etsə də, getməmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 04 avqust 2024-cü il tarixli, 16/830 saylı Rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ‘‘Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9,66 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. -Marixuananın təmiz çəkisi 9,66 qram, tədqiqata sərf edildi 0,04 qram, qalıq 9,62 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserinin 08 oktyabr 2024-cü il tarixli, 1660 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 08 avqust 2024-cü il tarixli 18-1-28/2-1504/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın X1 və Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin verdiyi 05 avqust 2024-cü il tarixli 601 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində üzərində narkotik vasitə olmadığını, narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu, yazıboxumağı bilmədiyini, polis əməkdaşları tərəfindən döyüldüyünü, ibtidai istintaq zamanı onu aldadaraq ifadələrinə imza etdirdiklərini bildirmişdir. Qeyd edilən hal ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin (vəkilin) iştirakı ilə bir neçə dəfə dindirilmiş, üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, lakin müdafiəçisinə (vəkilinə) narkotik vasitənin əslində ona məxsus olmaması və onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması, habelə digər qaydada qanunsuz təzyiq və ya təsirə məruz qalması, o cümlədən, Bərdə RPŞ-də döyülməsi barədə məlumat verməmişdir. Bundan başqa Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin verdiyi 05 avqust 2024-cü il tarixli 601 saylı rəydən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar məhkəmə istintaqı dövründə aparılan araşdırma ilə sübut olunmamışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini özünü müdafiə etmək məqsədi ilə uydurulmuş, gerçəkliyə uyğun olmayan, məhkəməni çaşdırmaq məqsədi güdən ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ Siyahısına əsasən, xeyli miqdarda, yəni təmiz çəkisi 9,66 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlaması, 03 avqust 2024-cü il tarixdə saat 1750 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, “Meşəçilik institutu” ərazisində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 9,66 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən, məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda istinad olunan qanunvericilik normasının tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, o cümlədən başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 oktyabr 2024-cü il tarixli 4477 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2-də yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 oktyabr 2024-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 avqust 2012-ci il tarixli AZ-İİ 923765 saylı, 07 avqust 2012-ci il tarixli AZ-İİ923764 saylı, 07 avqust 2012-ci il tarixli AZ-İİ 923766 saylı və 21 aprel 2015-ci il tarixli AZ-İİİ 512050 saylı Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2010-cu ildə anadan olmuş X3, xx.xx.2011-ci ildə anadan olmuş X4, xx.xx.2012-ci ildə anadan olmuş X6 və xx.xx.2015-ci ildə anadan olmuş X5 “ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs qeyd edilmişdir. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağının olması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Belə olan halda, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Habelə işdə olan xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Bütün bunlar isə onun cinayət törətməyə meyilli olmamasını və cəmiyyət üçün tam yararsız olmamasını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olması kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 15 oktyabr 2024-cü il tarixli Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 1(100)-185/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Bərdə Rayon Məhkəməsinə ünvanlanan 07 yanvar 2025-ci il tarixli 1(104)-160/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 1(100)- 185/2023 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Gəncə Apellyasiya Məhkəməsində 29 fevral 2024-cü il tarixdə baxılaraq apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş, Azəbaycan Respublikası Ali Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qərarına əsasən kassasiya protesti təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 fevral 2024-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 03 avqust 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 03 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 avqust 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. CM-nin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan o, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 04 avqust 2024-cü il tarixli, 16/830 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat 40 qəpik) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 9,62 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 03 avqust 2024-cü il tarixdən 05 avqust 2024cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 9,62 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat 40 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-32/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-32/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver