Məhkəmə qərarları › İş №1(021)-33/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-33/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-33/2023 28.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən – Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1972-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, məhkumluğu olmayan, Bərdə rayonu, Lək kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumilikdə 25.07 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, 06 sentyabr 2022-ci il tarixdə saat 16:30 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2ində şübhəli şəxs qismində saxlanılaraq Bərdə RPŞ-yə gətirilmiş, polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən 1 ədəd sellofan bükümdə olan təmiz çəkisi 25.07 qram maddə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2ində anadan olmuş, hazırda həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, 1 övladı var, fərdi əməklə məşğul olaraq dolanır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində piyada hərəkətdə olarkən mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etdiklərini bildirib onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Bərdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində hüquq və vəzifələri izah olunduqdan sonra ona vəkili Müdafiəçi təqdim edilmişdir. Bundan sonra şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak edən şəxslər proses iştirakçılarına təqdim olunmuş və ondan etirazı olub-olmaması soruşulmuş, heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, hüquqlarının aydın olunduğunu bildirmişdir. Daha sonra video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, həmin vaxt könüllü olaraq əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan torbada olan narkotik vasitəni stolun üzərinə qoymuş və “nəşə”marixuana olduğunu bildirmişdir. Bir ədəd sellofan torbada olan narkotik vasitə olan marixuana elektron tərəzidə çəkilərək ümumi çəkisinin 25,07 qram olması müəyyən olunmuşdur. Büküm proses iştirakçılarının iştirakı ilə müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılmış, DİN-in 94 saylı möhürü ilə möhürləndikdən sonra o və digər iştirakçılar həmin qablaşdırmanın üzərinə imza etmişlər. Üzərindən başqa hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Qeyd olunan narkotik vasitəni meşədən tapmış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Əməlindən səmimi peşman olmasını və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, Bərdə rayon polis şöbəsinin CAB-ın əməliyyat müvəkkilidir, polis baş leytenantı xüsusi rütbəsindədir. 06 sentyabr 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinə Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatları daxil olduğu üçün Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və 06 sentyabr 2022-ci il tarixdə saat 16:30 radələrində adı çəkilən şəxsin Bərdə rayonu, Lək kəndində olması müəyyən edilmişdir. Bundan sonra Bərdə RPŞ-in PPXB-in polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə həmin əraziyə getmişlər. Bərdə rayonu, Lək kəndində Təqsirləndirilən şəxs yaxınlaşaraq qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımasında şübhəli olması barədə onlara əməliyyat məlumatının daxil olduğunu bildirərək onu Bərdə RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Bərdə RPŞ-nə gəlmişdir. Bərdə RPŞ-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün dövlət hesabına Müdafiəçi qismində dəvət edilmişdir. Bundan sonra yenidən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs hüquqlarının ona aydın olduğunu bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulmuş, əgər varsa təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ sellofana bükülmüş bükülünü çıxardaraq masaya qoyaraq “nəyşə” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli sellofana bükülmüş bükülüyə baxış keçirildikdə həmin 1 ədəd bükülünün içərisində qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş və həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin sellofan ilə birlikdə 25,07 qram olması müəyyən edilmişdir. Daha sonra həmin sellofan zərfdə qablaşdırılmış və üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilərək həmin narkotik vasitəni meşədən öz şəxsi istifadəsi üçün yığdığını bildirmişdir. Daha sonra keçirilmiş şəxsi axtarış və baxış başa çatmış, videoçəkiliş dayandırılmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarına əlavə edilmiş Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 16/1073 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotikə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd sellofan paketdə təmiz çəkisi 25,07 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 10 noyabr 2022-ci il tarixli 1884 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş 06 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bərdə RPŞ-nin inzibati binasının xidməti otağında, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd kəskin spesifik iyli, narkotik maddəyə bənzə kütlə aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin cavabından görünür ki, Bərdə rayonu, Lək kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni aldığı əldə etdiyi şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyataxtarış tədbirləri həyata keçirilmiş, ancaq müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və satması barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyataxtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Həmçinin, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs adına Azercell, Bakcell, Nar mobile mobil operatorlarından nömrə qeydiyyat edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 29 sentyabr 2022-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bərdə RPŞ-in tərəfindən xx.xx.2019-cu il tarixli qərarına əsasən CPM-in 29,02, 85, 157, 143-146 maddələr rəhbər tutularaq CM 221.2.1, 221.3 maddəsindən CM 22.1-ci maddəsinə tövsif edilib, CM-in 221.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həbsdən azad edilmişdir. Hazırda məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 650 saylı videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” diskə baxış keçirilərkən həmin diskdə sözügedən istintaq hərəkətinin əks etdirən 1 ədəd videogörüntünün olması və həmin görüntüdə müvafiq istintaq hərəkətinin həyata keçirilməsi öz əksini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun 1-ci siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumilikdə 25.07 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, 06 sentyabr 2022-ci il tarixdə saat 16:30 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2ində şübhəli şəxs qismində saxlanılaraq Bərdə RPŞ-yə gətirilmiş, polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən 1 ədəd sellofan bükümdə olan təmiz çəkisi 25.07 qram maddə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətlər saxlama kimi başa düşülməlidir. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam şəkildə sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq zamanı AR.CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, AR.CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, onun təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının da nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs оğlunun cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs оğlunun əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə ünvan 2i ünvanındakı yaşayış yerini axşam saat 23:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmk və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı onun yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 25.07 qram, lakin ekspertiza tədqiqatından sonra qalıq qalmış 25.05 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 30,40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə Bərdə rayonu, Lək kəndi ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 25.07 qram ekspert tədqiqatdan sonra qalıq qalmış 25.05 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə-kimyəvi ekspertiza tədqiqatı ilə əlaqədar 30,40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar