Məhkəmə qərarları › İş №1(021)-33/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-33/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-33/2024 16.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X10 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Bərdə rayon Əliyanlı Bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1958-ci ildə Bərdə rayonu Əliyanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Əliyanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə ona görə ittiham elan edilmişdir ki, o, 2021-ci ildə dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdən və vaxtdan başlayaraq 2023-cü ilin sentyabr ayının ortalarına kimi olan müddət ərzində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bərdə rayonu Əliyanlı kəndində yerləşən Əliyanlı Bələdiyyəsinin mülkiyyətində olan 3 ha torpaq sahəsinin 2,5 ha sahəsini özbaşına tutaraq üzərində yonca və taxil bitkiləri əkib-becərərək torpaq üzərində Əliyanlı bələdiyyəsinin mülkiyyət huququnu pozmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Bərdə rayonu Əliyanlı kəndində yerləşən yeni qəbirstanlıq ərazisində nəzarət və abadlaşdırma işlərinin aparılmasını 2021-ci il tarixdə Bərdə rayon Əliyanlı Bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs ona tapşırmışdır. Belə ki, əvvəllər qəbiristanlığın ərazisi baxımsız olduğundan kolluq və alaq otları ərazini basmışdı. Kənd camaatının xahişi və təklifi ilə Bələdiyyə sədri bu işi ona həvalə etdi. Lakin ona gördüyü işə görə əmək haqqı ödənilmir. Kənd qəbirstanlığı 3 ha torpaq sahəsindən ibarətdir və onun boş olan 2,5 ha ərazisində yonca əkmişdir. Torpaq sahəsindən əldə etdiyi gəlirdən qəbirstanlığın təmiz saxlanılmasında, abadlıq işlərinin aparılmasında, orada kolların, digər bitkilərin təmizlənməsində, o cümlədən alaq otlarına qarşı dərmanların alınıb istifadə edilməsində, qəbiristanlığın hasarının təmir edilməsində istifadə etmişdir. Torpaq sahəsini özbaşına zəbt etməmiş, bələdiyyə sədrinin və kənd sakinlərinin təklifi və xahişi ilə qəbiristanlığa nəzarət etmiş, habelə torpaqdan istifadə edərək əldə etdiyi gəlirlə abadlıq, təmizlik işləri görmüşdür. İstifadə etdiyi torpaqdan il ərzində cəmi 800 ədəd ot kipi əldə etmişdir ki, həmin ot kiplərinin satışından əldə etdiyi gəlirlə qəbiristanlığı abadlaşdırmışdır. Onun torpaq sahəsini zəbt etmək kimi niyyəti və məqsədi olmamışdır. Heç bir təqsiri olmadığından barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Bərdə rayonu Əliyanlı Bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs göstərdi ki, iki ildən artıqdır ki, Bərdə rayonu Əliyanlı Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Bələdiyyə sədri seçilməmişdən əvvəl kənd sakinlərinin xahişi ilə Təqsirləndirilən şəxs kənd qəbiristanlığına gözətçi təyin edilmişdir. Kənd sakinlərinin Təqsirləndirilən şəxs heç bir narazılığı olmamış, belə ki, Təqsirləndirilən şəxs gözətçi təyin edildikdən sonra qəbiristanlıq ərazisi daim təmiz, səliqəli və baxımlı olmuşdur. Təqsirləndirilən şəxs qəbristanlıq ərazisində olan boş torpaq sahəsinə yonca əkmiş, oradan götürdüyü gəliri qəbristanlıq ərazisinin abadlaşdırılmasına xərcləmişdir. Qəbiristanlıqda gözətçi işləmək Təqsirləndirilən şəxs şifahi olaraq tapşırılmış, Əliyanlı Bələdiyyəsi ilə Təqsirləndirilən şəxs arasında heç bir müqavilə bağlanmamış, müqavilə bağlanması üçün Bərdə Regional Ədliyyə İdarəsinə müraciət etmiş, lakin həmin idarədən ona bildirmişlər ki, yararsız torpaq olduğuna görə icarə müqaviləsinin bağlanması mümkün deyildir. Qəbiristanlıq torpağının özəlləşdirilməsi mümkün deyil. Bələdiyyə olaraq Təqsirləndirilən şəxs şikayətləri yoxdur. Qəbiristanlığın torpağı yararsız torpaq kimi qeydiyyatda olmuşdur. Əliyanlı Bələdiyyəsinin torpağı Təqsirləndirilən şəxs tərəfindən zəbt edilməmiş, bələdiyyəyə heç bir ziyan dəyməmişdir və Əliyanlı Bələdiyyəsi bu işdə özünü zərərçəkmiş şəxs hesab etmir. Əvvəllər qəbristanlığın ərazisi kolluq, tikanlıq və alaqlıq olduğuna və təmizlənmədiyinə görə qəbiristanlıq ərazisinə girmək mümkün olmamışdır. Lakin Təqsirləndirilən şəxs gözətçi təyin edildikdən sonra qəbristanlıq ərazisini abadlaşdırmış, təmiz və səliqəli saxlamışdır. Təqsirləndirilən şəxs gözətçi işlədiyi yeni qəbiristanlığın abadlaşdırılması işlərinə bələdiyyə tərəfindən heç bir vəsait ayrılmamışdır. Bütün təmir, abadlaşdırma, təmizlik işlərini Təqsirləndirilən şəxs qəbristanlıq ərazisinə aid olan boş torpaq sahəsindən götürdüyü gəlir hesabına aparmışdır. Əliyanlı Bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə Təqsirləndirilən şəxs qəbiristanlıqda gözətçi işləməsi ilə bağlı Bələdiyyəyə heç bir şikayət və ya narazılıq daxil olmamışdır. Əksinə, kənd camaatının təkidli təklif və xahişləri ilə Təqsirləndirilən şəxs bu çətin işi boynuna götürmüşdür. Əgər Təqsirləndirilən şəxs qəbiristanlıq torpağında abadlaşdırma işləri aparmasaydı həmin torpaq sahəsi yararsız, baxımsız torpaq kimi qalardı. Qəbiristanlıq ərazisi baxımsız qalanda ora girmək mümkün olmur, çünki, ot, alaq, tikan və kol qəbiristanlığa girməyə imkan vermir. Bu gün isə məhz Təqsirləndirilən şəxs zəhmətinin sayəsində kənd qəbiristanlığı təmiz və abad haldadır. Ona görə Təqsirləndirilən şəxs heç bir təqsiri olmadığından barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır. Bərdə rayonu Əliyanlı kəndində kənd qəbiristanlığı üçün 3 ha torpaq sahəsi ayrılmış, kənd caamatının təklifi və razılığı ilə qəbiristanlığa nəzarətin edilməsi Təqsirləndirilən şəxs həvalə edilmiş, sonuncu qəbiristanlıqda gözətçi işləmişdir. Təqsirləndirilən şəxs qəbiristanlığın təmiz saxlanılmasına və qəbiristanlığın abadlaşmasına baxmış, orada olan boş torpaq sahəsini əkib-becərmiş, həmin torpaq sahəsindən əldə etdiyi gəliri isə kənd qəbiristanlığının təmiz saxlanılması və abadlaşdırılması işində istifadə etmişdir. Kənd sakinlərindən heç kim Təqsirləndirilən şəxs işindən narazı olmamış, əksinə belə bir abadlıq işlərini təmənnasız olaraq görməsi bəyənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, Bərdə rayonu Əliyanlı kənd sakinləri tərəfindən İbişov X1 qəbiristanlığına gözətçi təyin edilmiş, sonuncunun işi qəbiristanlıqda abadlaşdırma və təmizlik işlərinin görülməsindən ibarət olmuşdur. Bütün bu işləri Təqsirləndirilən şəxs təmənnasız olaraq etmişdir. Kənd sakinləri Təqsirləndirilən şəxs qəbiristanlığın boş olan ərazisindən istifadə etməsinə etiraz etməmişlər. Təqsirləndirilən şəxs qəbiristanlığın boş olan torpaq sahəsini əkib-becərmiş, torpaq sahəsindən əldə etdiyi gəliri isə kənd qəbiristanlığının təmiz saxlanılmasına və abadlaşdırılmasına istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərdi ki, Bərdə rayonu Əliyanlı kənd sakinləri tərəfindən İbişov X1 qəbiristanlığına gözətçi təyin edilmiş, sonuncunun işi qəbiristanlıqda abadlaşdırma və təmizlik işlərinin görülməsindən ibarət olmuşdur. Kənd sakinləri Təqsirləndirilən şəxs qəbiristanlıq torpağından istifadə etməsinə etiraz etməmişlər. Təqsirləndirilən şəxs qəbiristanlığın boş olan torpaq sahəsini əkibbecərmiş, torpaq sahəsindən əldə etdiyi gəliri isə kənd qəbiristanlığının təmiz saxlanılmasına və abadlaşdırılmasına sərf etmişdir. Qəbiristanlıqda təmizlik işləri aparılmayanda oranı kol-kos basır, qəbiristanlığa girmək mümkün olmur. Təqsirləndirilən şəxs bütün gün qəbiristanlıqdan çıxmır, orada abadlıq və təmizlik işləri ilə məşğul olur. Əliyanlı kənd sakinləri Təqsirləndirilən şəxs kənd qəbiristanlığını təmiz və abad vəziyyətdə saxlamasına görə ondan çox razıdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, 2015ci ildən Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun müdiri vəzifəsində işləyir. İdarə tərəfindən torpaqların istifadə edilməsi ilə bağlı monitorinqlər aparır. 31 iyul 2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi Şahid2 və Bərdə rayonu Əliyanlı Bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs ilə birgə Əliyanlı kəndinin ərazisində yerləşən kənd qəbirstanlığına ayrılmış, Bələdiyyə mülkü olan 3 ha torpaq sahəsinin 2.5 ha hissəsində monitorinq aparmış, həmin vaxt bələdiyyə mülkiyyətində olan 3 ha torpaq sahəsinin 2,5 ha hissəsinin istifadə, mülkiyyət və icarə hüququ olmadan, yəni qanunsuz olaraq əkilibbecərilməsi müəyyən olunmuşdur. Bu barədə tərəflərindən Akt tərtib edilmişdir. Akt tərtib edilərkən Bərdə rayonu Əliyanlı kəndində yaşayan Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin 2.5 ha hissəsini heç bir istifadə, icarə və ya mülkiyyət hüququ olmadan əkibbecərməsi müəyyən edilmişdir. İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun müdiri Şahid1, Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi Şahid2 və Bərdə rayon Əliyanlı Bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs iştirakları ilə tərtib edilmiş 31 iyul 2023-cü il tarixli Aktdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi şöbəsinin əməkdaşları tərəfindən Bərdə rayonu Əliyanlı bələdiyyəsi ərazisində monitorinq həyata keçirirkən müəyyən edilmişdir ki, Bərdə rayonu Əliyanlı kənd sakini Təqsirləndirilən şəxs Bərdə rayonu Əliyanlı bələdiyyəsinin mülkiyyətində olan, qəbiristanlıq ərazisinin təqribən 2,5 hektar (koordinat x:681889.66; y:4467655.75) hissəsində yonca və taxıl əkmişdir. Əliyanlı bələdiyyəsinin sədrinin bildirdiyinə görə Təqsirləndirilən şəxs Bərdə rayon Əliyanlı kəndində yeni salınmış qəbristanlıq ərazisində nəzarət və abadlaşdırma işləri ilə məşğul olur və əkin işlərindən əldə etdiyi gəlirdən abadlaşdırma işlərində istifadə edir. İstifadə etdiyi torpaq sahəsinə dair heç bir istifadə, icarə, mülkiyyət hüququnun olmadığı müəyyən olundu. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 07 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış Bərdə rayonu Əliyanlı kəndində yeni kənd qəbristanlığının ərazisində bələdiyyəyə məxsus 2,5 ha torpaq sahəsində aparılmışdır. Qəbristanlığın ərazisində dəmir materialdan iki taylı, hər iki tayının üzərində ay və 8 guşəli ulduz formasında naxış vardır. Qəbristanlığın ətrafı dəmir toxumalarla örtülmüşdür. Qapıdan daxil olduqda sol tərəfdə qəbir daşları, ön paralel istiqamətdə çardaq, sağ tərəfdə ağaclar vardır. Qəbir daşlarının bitdiyi yerdən 4 metr irəlidə yonca əkilmiş torpaq sahəsi vardır. Bərdə rayonu Əliyanlı Bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs yonca əkilmiş torpaq sahəsini işarə edərək həmin torpaq sahəsinin 3 ha olduğunu, 2,5 ha torpaq sahəsində Təqsirləndirilən şəxs yonca əkdiyini, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğunu, qəbristanlıq ərazisi üçün ayrıldığını, Təqsirləndirilən şəxs ilə aralarında alqı-satqı, istifadə müqaviləsi olmadığını, mülkiyyət hüququnun olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs 2,5 ha torpaq sahəsini əli ilə əyani şəkildə göstərərək 3 ildir ki, ərazidə yonca, taxıl əkdiyini, biçimi son dəfə may ayında apardığını, torpağa dair mülkiyyət, istifadə, icarə hüququnun olmadığını, Əliyanlı Bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs icazə alaraq əkib-becərdiyini, torpağın qəbristanlıq ərazisində nəzarət və abadlaşdırma işi görmək üçün bələdiyyə tərəfindən ayrıldığını, torpaq sahəsindən əldə etdiyi gəliri qəbristanlığın abadlaşdırılması üçün istifadə etdiyini, hazırda torpaq sahəsində yonca əkdiyini bildirmişdir. Yonca əkilmiş torpaq sahəsində sağ tərəf dəmir örtüklə örtülmüş, çinar ağacları vardır. Yonca sahəsinin sağ tərəfində taxıl biçimi olmuşdur. Bərdə Rayon Əliyanlı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 1998-ci ildə islahat aparılan zaman Əliyanlı kəndində yeni qəbristanlıq salınması üçün 3.0 ha torpaq sahəsi ayrılmışdır. Yeni ayrılmış qəbristanlıq ərazisi bir neçə il baxımsız qaldığı üçün alaq otları və kol bitkiləri ilə örtülmüşdür. Bələdiyyə yarandıqdan sonra Əliyanlı Bələdiyyəsi tərəfindən qəbristanlıq ərazisi təmizlənmiş və abadlaşdırılmışdır. Əliyanlı kənd icma qrupunun fəaliyyəti nəticəsində Azərbaycan kənd İnvestisiya layihəsi xətti ilə qəbristanlığın ərazisi tamamilə hasarlanmışdır. 2019-cu ildən Əliyanlı Bələdiyyəsinin və kənd sakinlərinin birgə iştirakı (təşəbbüsü) ilə qəbristanlıq ərazisinin təmiz və abad saxlanılması işi Əliyanlı kənd sakini Təqsirləndirilən şəxs tapşırılmışdır. Təqsirləndirilən şəxs 2019-cu ildən sözügedən qəbristanlığa nəzarət edir və qəbristanlığın boş olan sahəsindən istifadə edir. Odur ki, tərəflərindən kənd sakini Təqsirləndirilən şəxs qəbristanlığın boş qalan ərazisinə nəzarət edib, qəbristanlığın ərazisinin təmiz (abad) saxlanılması həvalə olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Bərdə rayon Əliyanlı Bələdiyyəsinin mülkiyyətində olan 3 ha qəbiristanlıq torpağının 2,5 ha hissəsinin qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmasından ibarət olan əməlinin əhəmiyyətliliyi, ictimai təhlükəliliyi, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməsi və ya zərər yetirmək təhlükəsi yaratması ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə qanuni və əsaslı deyildir. Bu, aşağıda qeyd edilənlərdən irəli gəlir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “X2rşı”, “X3rşı”, “Ermi İtaliyaya qarşı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öhdəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Qərarında qeyd etmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bərdə rayonu Əliyanlı kəndində yerləşən Əliyanlı Bələdiyyəsinin mülkiyyətində olan 3 ha torpaq sahəsinin 2,5 ha sahəsini özbaşına tutaraq üzərində yonca və taxil bitkiləri əkib-becərərək torpaq üzərində Əliyanlı Bələdiyyəsinin mülkiyyət huququnu pozmuşdur. Qeyd olunan hərəkətlərinə görə Təqsirləndirilən şəxs CM-in 188.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Lakin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 188.1-ci maddəsinin əlamətləri formal cəhətdən mövcud olsa da, lakin onun həmin hərəkətləri az əhəmiyyətli olmuşdur, ictimai təhlükəli deyil, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməmiş və ya zərər yetirmək təhlükəsi yaratmamışdır. CM-nin 14.2-ci maddəsinə əsasən, cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Göründüyü kimi, az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan əməllər cinayət hesab edilmir. CM-nə görə, ictimai təhlükəlilik yalnız cinayət sayılan əməllərə şamil edilir. İctimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münasibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır. İctimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır. İctimai təhlükəliliyin dərəcəsi yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallarda cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Qanunvericilikdə ictimai təhlükəlilik əlaməti mövcud olmadığına görə cinayət sayılmayan az əhəmiyyətli əməli xarakterizə edən iki meyar müəyyən edilmişdir:

1. CM-in xüsusi hissəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinin formal olaraq az əhəmiyyətli sayılan əməldə mövcud olması;

2. İctimai təhlükəlilik əlaməti mövcud olmadığı üçün belə əməlin şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirə bilməməsi və ya zərər yetirmək təhlükəsi yarada bilməməsi. Əməlin az əhəmiyyətli sayılmasını baş vermiş əməldə təzahür edən əlamətlər şərtləndirə bilər (cinayətin törədilmə üsulu, cinayətin motiv və məqsədi, başa çatdırılması səviyyəsi və s.). Qanunla bir sıra cinayətlərin zəruri tərkib əlaməti qismində vurulmuş ziyanın əhəmiyyətli, külli və ya xüsusilə külli miqdarda olması tələb olunur. Belə hallarda vurulmuş faktiki ziyan əhəmiyyətli, külli və ya xüsusilə külli miqdarda olmadıqda, törədilmiş əməl formal cəhətdən də Məcəllədə nəzərdə tutulan cinayət tərkibini yaratmır. Cinayət əməli məcburi qaydada cəzalanmalı əməldir. CM-in 14.1-ci maddəsində cinayətə “bu Məcəllə ilə cəza təhdidi altında” əməl kimi qiymət verilir. Qanunla ictimai təhlükəli sayılan əmələ görə müvafiq cəza növü nəzərdə tutan sanksiya müəyyən edilmişdir. CM-in 41.1-ci maddəsində cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi tədbir kimi müəyyən edilir. Cəza cinayət törətməkdə təqsirli sayılan şəxsə tətbiq olunmaqla onun barəsində qanunla müəyyən edilən məhrumiyyətlər yaratmaqda və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasında ifadə olunur. Törədilən əmələ görə cəza tətbiq etmək mümkün deyilsə, belə əməl cinayət sayıla bilməz. Cinayət qanunvericiliyində təqsirli şəxsin cinayət cəzasından azad edilməsini nəzərdə tutan müvafiq maddələrin mövcud olması əməlin cəzalanmalı olmasının cinayət əməlinin zəruri əlaməti sayılmasını istisna etmir. Cəza və əməlin cəzalanmalı olması anlayışlarını eyniləşdirmək olmaz. Cəza törədilmiş cinayət əməlinin hüquqi nəticəsi olmaqla, cinayət hüququnda müstəqil kateqoriyadır. Qanunverici orqan ilk dəfə olaraq CMin 14.1-ci maddəsində cinayət hüququnda cinayət əməlinin əlamətlərini tam əhatə etməklə üç müstəqil institutu birləşdirmişdir. Bu anlayışlar isə cinayət qanunu, cinayət və cəzadan ibarətdir. Törədilmiş əməlin az əhəmiyyətli sayılmasının müəyyən edilməsi isə təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının səlahiyyətinə aiddir. Baş vermiş əməldə az əhəmiyyətlilik əlaməti aşkar edildikdə, cinayət işi başlanmır, başlanmış cinayət işinə isə əməldə cinayət tərkibi olmadığından bəraətverici əsaslarla xitam verilir, məhkəmə baxışı zamanı isə bəraət hökmü çıxarılır. Məhkəmə hazırki işin faktiki hallarını və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun hərəkətlərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutma əməli formal cəhətdən mövcud olsa da, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirmədiyindən və ya zərər yetirmək təhlükəsi yaratmadığından bu əməl CM-nin 14.2-ci maddəsinə əsasən ictimai təhlükəli sayılmayan az əhəmiyyətli kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs həmin əməli cinayət hesab oluna bilməz. İstintaq orqanı onun əməlinin cinayət hüquqi qiymətləndirilməsində səhvə yol vermişdir. Çünki baş vermiş hadisənin məqsədi və motivi, törədilməsi üsulu, eləcə də nəticələri məhkəmənin bu nəticəyə gəlməsinə əsas verir. İşin ibtidai istintaq orqanı tərəfindən müəyyən edilmiş gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Əliyanlı Bələdiyyəsinin mülkiyyətində olan, kənd qəbiristanlığı üçün ayrılmış 3 ha torpaq sahəsini özbaşına tutmamış, kənd bələdiyyəsinin və kənd sakinlərinin razılığı ilə qəbiristanlıqda abadlıq işləri aparılması üçün qəbiristanlıq torpağının istifadəsiz qalmış boş olan (faktiki olaraq qəbiristanlığın qəbirlər mövcud olan hissəsindən kənarda yerləşən) 2,5 ha hissəsini əkib-becərməklə əldə etdiyi gəliri qəbiristanlığın abadlaşdırılması və təmiz saxlanılması işlərinə xərcləmişdir. Zərərçəkmiş şəxs Bərdə rayon Əliyanlı Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında verdiyi ifadəsində də Təqsirləndirilən şəxs Əliyanlı Bələdiyyəsinin mülkiyyətində olan, kənd qəbiristanlığına ayrılmış torpaq sahəsinin 2,5 ha hissəsini qanunsuz zəbt etmədiyini, bələdiyyənin və kənd sakinlərinin razılığı ilə qəbiristanlığın abadlaşdırılması və təmiz saxlanılması məqsədi ilə ona verildiyini, Təqsirləndirilən şəxs həmin torpaq sahəsindən əldə etdiyi gəlirlə qəbiristanlığın abadlaşdırılmasını və təmiz saxlanılmasını təmin etdiyini bildirmişdir. Həm Bələdiyyə sədri, həm də şahid qismində dindirilən kənd sakinləri ifadələrində göstərdilər ki, əgər Təqsirləndirilən şəxs qəbiristanlıq ərazisinə nəzarət etməsəydi və abadlaşdırmasaydı ərazini, o cümlədən boş olan təqsirləndirilən şəxsin istifadə etdiyi 2,5 ha sahəni alaq otları və kol-kos tutar, baxımsızlıq nəticəsində isə hətta qəbiristanlığa girmək belə mümkün olmazdı. Belə olan halda, Təqsirləndirilən şəxs bu əməli törətməkdə məqsədi bələdiyyə torpağını qanunsuz zəbt etmə olmamış, kənd bələdiyyəsinin və kənd sakinlərinin istəyi və razılığı ilə kənd qəbiristanlığının abadlaşdırılması olmuşdur. CM-in: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verib belə nəticəyə gəlir ki, onun hərəkətlərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutma əməlləri formal cəhətdən mövcud olsa da, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirmədiyindən və və zərər yetirmək təhlükəsi yaratmadığından CM-nin 14.2-ci maddəsinə əsasən onun əməli ictimai təhlükəli sayılmayan az əhəmiyyətli əməl kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 28.5-ci maddəsinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri-digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). Məhz yuxarıda sadalananları nəzərə alan məhkəmə gəldiyi nəticəni ədalətli və əsaslı sayır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 62-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmə baxışı nəticəsində CM-in 14-cü maddəsində göstərilən hal (təqsirləndirilən şəxsə istinad edilən hərəkət və ya hərəkətsizlikdə cinayət qanununda nəzərdə tutulmuş əməlin əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə əməlin ictimai təhlükəli olmadığı, yəni şəxsiyyətə, cəmiyyətə və ya dövlətə zərər yetirmək təhlükəsi yaratmadığı) və yaxud CM-in 36-40-cı maddələrində nəzərdə tutulmuş müvafiq olaraq zəruri müdafiə, cinayət törətmiş şəxs tutularkən ona zərər vurulması, son zərurət, əsaslı risk, əmrin və ya sərəncamın yerinə yetirilməməsi kimi hallar müəyyən edildikdə, bunlar əməldə cinayət tərkibinin olmaması kimi qiymətləndirilməli, müvafiq olaraq da şəxsə bəraət verilməsini (dövlət ittihamçısı ittihamdan imtina etdikdə həmin əsasla cinayət təqibinə xitam verilməsini) şərtləndirən əsas kimi nəzərdən keçirilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin olması məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. CPM-in: 21.1.-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 21.2.-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3.-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 138.2-ci maddəsinə görə, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikasının Konstitusiyasının: 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 2 və 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyası normaları hüququn digər normalarından təcrid olunmuş şəkildə deyil, beynəlxalq hüququn müvafiq normaları nəzərə alınmaqla təfsir və tətbiq edilməlidir. Beynəlxalq müqavilələrin, o cümlədən «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyası normalarının təfsiri zamanı onun konteksti ilə yanaşı, müqavilənin sonrakı tətbiqi təcrübəsinə istinad edilməlidir. İnsan Hüquqularının və X5 Haqqında Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndinə əsasən, heç kəs törədildiyi zaman milli və ya beynəlxaq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Azərbaycan Respublikasının CPM-nin: 1.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. 12.1-ci maddəsində göstərilir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A(İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiə üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. İnsan Hüquqlarının və X5 Haqqinda Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı işüzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir». “Taxqet Belçikaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 13 yanvar 2009-cu il tarixli Qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən “Xalqa” izah edilsin, təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və ya inkar cavab verməsinin səbəbləri göstərilsin. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Məhkəmə yuxarıda qeyd olunan maddi və prossesual hüquq normalarının məzmununa əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından ona elan edilmiş Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin: 42.1-ci maddəsinə görə, cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətə aidiyyəti sübuta yetirilmədikdə və ya şəxsin təqsirliliyi sübuta yetirlmədikdə təqsirləndirilən şəxsə bəraət verilməlidir. 42.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 42.2.3-cü maddəsində göstərilmişdir ki, həmin Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və prosessual əsas kimi CPM-in 42.1.2-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində cinayət tərkibi əlamətləri olmadığından CM-in 188.1-ci maddəsi ilə ona, əməlində cinayət tərkibi olmadığından bəraət verilməlidir. CPM-nin: 55.1-ci maddəsinə görə, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 55.2-ci maddəsinə görə, haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. 350.1-ci maddəsinə görə, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 356.5-ci maddəsinə əsasən, bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-nin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs CM-nin 188.1-ci maddəsi ilə bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur.

Nəticəvi hissə

Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 350, 353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə bəraət verilmiş Təqsirləndirilən şəxs həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar