Məhkəmə qərarları › İş №1(021)-35/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-35/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-35/2024 31.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bərdə rayonu Mustafaağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Mustafaağalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 23,36 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən fərdi yaşayış evində qanunsuz olaraq saxlamış, 15 sentyabr 2023-cü il tarixdə saat 17:35 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı fərdi yaşayış evindən 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 23,36 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə rayonu, Mustafaağalı kəndində anadan olmuş, Bərdə rayonu, Mustafaağalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Rəsmi olaraq heç yerdə işləməmiş, fərdi əməklə məşğul olmuşdur. O, 7 il olar ki, mütəmadi olaraq narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Narkotik vasitənin hər hansı növünü heç kimə təklif etməmiş və satmamışdır. O, 01(bir) ədəd şəffaf rəngli polietilen bükümündə narkotik vasitə olan qurudulmuş marixuananı 05 sentyabr 2023-cü il tarixdə Bərdə rayonu, Qaratəpə kəndi ərazisindən keçən «Kür» çayının kənarında balıq tutan zaman çayın kanarında tapmışdır. Həmin narkotik vasitədən istifadə etdiyi üçün yaşadığı evə gətirib aşkar edilən yerdə istifadə etmək üçün saxlamışdır. Daha sonra müxtəlif vaxtlarda həmin narkotik vasitə olan qurudulmuş marixuanadan şəxsi istifadəsi üçün istifadə etmişdir. Lakin, həmin narkotik vasitədən heç kimə satmamış və bağışlamamışdır. Həmçinin, onda narkotik vasitə olması barədə heç kimə məlumat verməmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olan zaman həyətdən səs gəldiyi üçün həyətə çıxmışdır. Həmin vaxt həyətinin giriş qapısının qarşısında dayanmış şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdikdən sonra onun yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlamağı barədə məlumatlarının olduğunu və ondan yaşadığı evə videoçəkiliş vasitəsi ilə baxış keçirilməsinə hər hansı etirazının olub-olmamasını soruşmuşlar. Həmin vaxt onun yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmaması barədə ərizəsi alınmışdır. Bundan sonra polis əməkdaşı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və yaşadığı evdə, eləcə də həyətyanı sahədə qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olub-olmaması, vardırsa könüllü təqdim etməyi təklif edilmişdir. Həmin vaxt o, yaşadığı fərdi yaşayış evinin içərisində yerləşən yataq otağında şəxsi istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuana saxlaması barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə yataq otağında çarpayının baş tərəfindən döşəyi və yastığı qaldıraraq şəxsi istifadəsi üçün saxladığı 01(bir) ədəd şəffaf rəngli polietilen torbada narkotik vasitə olan qurudulmuş marixuananı könüllü olaraq təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları tərəfindən qeyd olunan kütlə baxış keçirildikdən sonra həmin 01(bir) ədəd şəffaf rəngli polietilen torbada narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilərək polietilen torba ilə birlikdə ümumi çəkisinin 24.65 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra qeyd olunan narkotik vasitə 01 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və üzəri tərəflərindən imzalandıqdan sonra ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Daha sonra polis əməkdaşları tərəfindən fərdi yaşayış evinin digər otaqlarına baxış keçirilsə də lakin qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra o, polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olan zaman üzərində şəxsi axtarış keçiriləcəyi barədə hüquq və vəzifələri izah edilmiş və üzərində olan əşyaların təqdim edilməsi təklifi edilmişdir. Həmin vaxt o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən özünə məxsus içərisində siqaret olan qara rəngli «KENO» markalı siqaret qutusunu və əynində olan şalvarın arxa sol cibində olan 3 ədəd 1 manatlıq pul əskinasları çıxarıb könüllü olaraq masanın üzərinə qoymuşdur. Daha sonra üzərində axtarış aparılsa da, lakin heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş həmin əşyalar əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bununla da şəxsi axtarışın keçirilməsi dayandırılmış və bu barədə protokol tərtib edildikdən sonra o, baxışda iştirak edən iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, yaşadığı evdə saxladığı 01(bir) ədəd şəffaf rəngli polietilen torbada narkotik vasitə olan qurudulmuş marixuananı 05 sentyabr 2023-cü il Bərdə rayonu, Qaratəpə kəndi ərazisindən keçən «Kür» çayının kənarında balıq tutan zaman çayın kanarında tapmışdır. Həmin narkotik vasitədən istifadə etdiyi üçün yaşadığı evə gətirib aşkar edilən yerdə istifadə etmək üçün saxlamışdır və şəxsi istifadəsi üçün istifadə etmişdir. Buna görə də həmin narkotik vasitəni aşkar edilən yerdə saxlamışdır. Lakin bu barədə heç kimin məlumatı olmamışdır. Eyni zaman da həmin vasitədən hər hansı bir şəxsə verməmiş, satmamış və satmaq fikri olmamışdır. Polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilərkən ona qarşı hər hansı zor və ya fiziki qüvvə tətbiq olunmamışdır. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, ailəli olmasını, iki azyaşlı övladının olmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində bildirdi ki, o, Bərdə rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsindədir. 15 sentyabr 2023-cü il tarixdə ona Bərdə rayonu Mustafaağalı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni yaşadığı fərdi yaşayış evində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Mustafaağlı kəndində yerləşən fərdi yaşayış evinin qarşısına digər polis əməkdaşları ilə birlikdə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs səsləyərək həyətin giriş darvazasının qarşısına dəvət etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq yaşadığı evdə saxlaması barədə şübhəli olduğundan fərdi yaşayış evinə videoçəkiliş vasitəsi ilə baxış keçirləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı evə tərəflərindən baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun və digər polis əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon X7 bölməsinin təhqiqatçısı, polis mayoru X8 tərəfindən izah edildikdən sonra yaşadığı evdə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı bir etirazının olubolmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bunun ardınca təhqiqatçı Vəli İsmayılov tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olub-olmaması soruşulmuş, yaşadığı evdə narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, yaşadığı evdə şəxsi istifadəsi üçün narkotik vasitə saxladığını bildirmişdir. Bunun ardınca təhqiqatçı Vəli İsmayılov tərəfindən Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təqdim etməsi təklif edilmişdir. Bunun ardınca birlikdə evin içərisinə daxil olunduqdan sonra Təqsirləndirilən şəxs yataq otağında yerləşən çarpayının baş tərəfindən döşəyi qaldıraraq alt hissəsindən 01(bir) ədəd şəffaf rəngli polietilen bükümü çıxarıb könüllü şəkildə təqdim etmişdir. Həmin vaxt qeyd olunan bükümün içərisinə baxış keçirilmiş və bükümün içərisində narkotik vasitə olan spesifik iyə malik qurudulmuş marixuana aşkar edilmişdir. Bunun ardınca təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qeyd olunan qurudulmuş marixuananı haradan əldə etməsi barədə sorğu edilmişdir. Təqsirləndirilən şəxs isə həmin qurudulmuş marixuananı 10 gün əvvəl Bərdə rayonu, Qaratəpə kəndi ərazisində Kür çayının kənarında balıq tutarkən çayın kənarında 01(bir) ədəd şəffaf rəngli polietilen bükümü tapdığını, gələcəkdə şəxsi istifadəsi üçün həmin bükümü götürməsini, həmin narkotikdən az miqdarda istifadə etdiyini, qalıq hissəsini aşkar olunan yerdə saxladığını, bu barədə heç kimin məlumatı olmadığını və hər hansı bir şəxsə satmadığını bildirmişdir. Bunun ardınca təqdim edilən qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmişdir. Sonra təhqiqatçı tərəfindən həmin kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılıb götürülmüşdür. Bundan sonra qeyd olunan evin digər otaqlarına baxış keçirilsə də əlavə heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sonra təhqiqatçı tərəfindən baxışda iştirak edən iştirakçılara baxışın keçrilməsi ilə əlaqədar hər hansı bir suallarının olub-olmaması sorğu edilmişdir. Lakin, iştirakçılar tərəfindən hər hansı sual daxil olmamışdır. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxış başa çatdığından videoçəkiliş dayandırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Həmin vaxt təhqiqatçı Vəli İsmayılov tərəfindən Təqsirləndirilən şəxs vəkil təyin edildikdən sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, onun və digər polis əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon X7 bölməsinin təhqiqatçısı, polis mayoru X8 tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olubolmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bunun ardınca təhqiqatçı Vəli İsmayılov tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olmadığını bildirmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən qara rəngli 01(bir) qutu “KENO” markalı siqaret qutusunu və əynində olan şalvarın arxa sol cibindən 03(üç) ədəd 01(bir) manatlıq pul əskinaslarını çıxarıb təqdim etmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs üzərində tərəfindən axtarış aparılmış, lakin, heç bir qeyri-qanuni əşya və predmet aşkar edilməmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin əşyalar əhəmiyyət kəsb etmədiyindən şübhəli şəxsin özünə qaytarılmışdır. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 Şahid2 və Şahid1 ilə eyni məzmunlu ifadəsi elan olundu. Cinayət işinin 1-ci vərəqəsində olan 16 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanması və aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində və yaşadığı fərdi yaşayış evində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 17 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 23,36 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 16-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 15 sentyabr 2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 57-58-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 71-72-ci vərəqələrində olan 17 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2023-cü il tarixdə Bərdə RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 43-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 bölməsinin 16 sentyabr 2023-cü il tarixli 16/925 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşayış evindən aşkar edilmiş narkotik vasitəyə bənzər qurudulmuş marixuanaya.” yazılar və imzalar olan kağız paketdəki, 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 23,36 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi-23,36 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq- 23,31 qram. (Aparılmış tədqiqatın dəyəri 32.40 manat təşkil edir) Cinayət işinin 99-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 1674 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 101-102-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 105-ci vərəqəsində olan edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 97-ci vərəqəsində olan Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 116-124-cü vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 27 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə qalıq təmiz çəkisi 23,31 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana, yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01(bir) ədəd «DVD» disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış, qalıq təmiz çəkisi 23,31 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına verilmiş və fərdi yaşayış evinə baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01(bir) ədəd «DVD» disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, əvvəllər məhkumluğunun olmamasını, ailəli olmasını, himayəsində 2 azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixində şübhəli şəxs kimi tutulmuş, 17 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 17 sentyabr 2023-cü il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 23,31 qram kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixindən 17 sentyabr 2023-cü il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 02 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 23,31 qram kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar