Məhkəmə qərarları › İş №1(021)-37/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-37/2025

11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-37/2025 11.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs, müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 8 noyabr 1996-cı ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və naməlum tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 959-İİQ nömrəli Qanunu ilə dövriyyəsi qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş İ saylı siyahıya daxil edilmiş 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi xeyli miqdarda, yəni 0,433 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz əldə edib, üzərində saxlamışdır. 23 sentyabr 2024-cü il tarixdə saat 19:50 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri Bakı küçəsində şübhəli şəxs qismində saxlanılıb, Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış keçirilməsi zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibinin üzərində yerləşən xırda həcmli cibindən 01 ədəd şəffaf sellofan kəsiyi bükümünün içərisində təmiz çəkisi 0,433 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadələri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tutulduğu gün, yəni 23 sentyabr 2024-cü il tarixdə axşamüstü gölün kənarına getmiş, orada sellofana bükülü əşya görmüş, həmin bükülünün içərisində narkotik vasitə olduğunu görüb, onu cibinə qoyaraq, həmin ərazidən uzaqlaşmışdır. O, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Narkotik vasitəni heç kimə satmamış və satmaq məqsədilə təklif etməmiş, heç kim ondan narkotik vasitənin satılmasını istəməmişdir. Üzərində narkotik vasitənin gəzdirdiyi barədə heç kimin xəbəri olmamışdır. Əvvəllər həmin gölün yaxınlığında və ya başqa yerdə oxşar hadisə baş verməyib, yəni o, narkotik vasitə tapmayıb. Həmin gün axşam saatlarında polis əməkdaşları onu Bərdə şəhəri Bakı küçəsində saxlayaraq polis şöbəsinə gətirmişlər, orada üzərinə şəxsi axtarış keçirilmiş, narkotik vasitəni polis əməkdaşlarına təhvil vermişdir. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, valideynləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Rəsmi olaraq heç yerdə işləməsə də, fərdi qaydada fəhləliklə məşğul olur. O, təxminən 2 ilə yaxındır ki, narkotik vasitə olan «kakos» adlanan heroindən çəkmə və iynəni bədəninə vurma yolu ilə istifadə edir. Lakin narkotik vasitə olan heroini heç kimə təklif etməmiş və satmamışdır. 23 sentyabr 2024-cü il tarixində, təxminən saat 13 radələrində yaşadığı Koroğlu küçəsinin yaxınlığından keçən Tərtər çayının kənarından 01 ədəd şəffaf sellofan kəsiyi bükülünü görüb, onu cəlb etdiyi üçün həmin bükülünü götürüb, içərisinə baxmış, narkotik vasitə olan heroindən istifadə etdiyi üçün heroinin olduğunu görmüşdür. O, həmin 01 ədəd şəffaf rəngli sellofan kəsiyi bükülünü cibinə qoyub, oradan uzaqlaşmış və istifadə etmək üçün üzərində saxlamışdır. Lakin həmin narkotik vasitədən heç kimə satmaq və pay vermək fikri olmamışdır. Həmçinin həmin narkotik vasitənin üzərində olması barədə heç kimin məlumatı olmamışdır. 23 sentyabr 2024-cü il tarixdə, saat 19:50 radələrində isə o, Bərdə şəhəri, Bakı küçəsi ilə yaşadığı evə gedərkən polis əməkdaşları ona yaxınlaşıb, qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamağı barədə şübhəli şəxs olduğundan onu Bərdə rayon Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis şöbəsinin inzibati binasına getmişdir. Orada ona dövlət hesabına vəkil təqdim olunmuş, polis əməkdaşı tərəfindən vəkilinin iştirakı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, daha sonra üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilib, etirazının olub-olmaması soruşulmuşdur. O, etirazının olmadığını bildirdikdən sonra polis əməkdaşı ondan üzərində hər hansı narkotik vasitənin olub-olmamasını soruşmuşdur. Həmin vaxt o, üzərində, yəni əynində olan qara rəngli cins şalvarının sağ yan cibinin üzərində yerləşən xırda həcmli cibinin içərisində «kakos» kimi tanınan narkotik vasitə olan heroinin olduğunu bildirmişdir. Buna görə də polis əməkdaşı üzərində olan əşyaların könüllü olaraq təqdim etməyini bildirmişdir. O, da əynində olan qara rəngli cins şalvarının sağ yan cibinin üzərində yerləşən xırda həcmli cibinin içərisində gəzdirdiyi içərisində narkotik vasitə olan heroinin olduğu 1 ədəd şəffaf rəngli sellofan kəsiyi bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd «Redmi 9» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin mobil telefonun arxa rezin qabığının arxasına qoyduğu özünə məxsus «Uni Bank»a aid 5243 7544 4467 3626 nömrəli və «Kapita Bank»a aid 5239 1517 2038 8845 nömrəli plastik bank kartları olmuşdur. Həmçinin, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən özünə məxsus 1 ədəd «West» markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşı tərəfindən həmin 1 ədəd şəffaf rəngli sellofan kəsiyi bükülünün içərisinə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin narkotik vasitə polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilərkən ümumi çəkisi 0,53 qram olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən həmin 1 ədəd şəffaf rəngli sellofan kəsiyi bükümün içərisində olan heroin 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənərək ekpertizaya göndərilməsi üçün götürülmüşdür. Təqdim etdiyi 1 (bir) ədəd «Redmi 9» markalı mobil telefonu, özünə məxsus «Uni Bank»a aid 5243 7544 4467 3626 nömrəli və «Kapital Bank»a aid 5239 1517 2038 8845 nömrəli plastik bank kartları iş üçün əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüşdür. Lakin 1 ədəd «West» markalı siqaret qutusunun içərisindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilmədiyindən özünə qaytarılıb verilmişdir. Daha sonra onun üzərində şəxsi axtarış keçirilsə də, digər hər hansı qanunsuz əşya və predmet aşkar olunmamışdır. Daha sonra polis əməkdaşı tərəfindən ona və baxışda iştirak edən iştirakçılara baxışın keçirilməsi ilə əlaqədar hər hansı bir sualın olub-olmaması barədə sorğu edilsə də onun və iştirakçılar tərəfindən hər hansı sual daxil olmamışdır. Bununla da üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs məhkəməyədək ifadəsində bildirmişdir ki, o, təxminən 2 ilə yaxındır ki, narkotik vasitə olan heroindən çəkmə və şpris iynəsi ilə bədəninə vurma yolu ilə istifadə etsə də, narkotik vasitənin digər vasitələrindən istifadə etməmişdir. Ona polis əməkdaşları tərəfindən heç bir təzyiq və zor tədbiq olunmamışdır. O, bundan başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, narkotik vasitə qəbul etdiyini heç kim bilməmişdir. O, narkotik vasitə olan heroindən gizli şəkildə qəbul etmişdir. O, üzərində saxladığı narkotik vasitədən heç kəsə satmamış və hər hansı bir şəxsə verməmişdir. Üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd «Redmi 9» markalı mobil telefon və içərisində olan ***-***- **-** saylı mobil nömrə, həmçinin «Uni Bank»a aid 5243 7544 4467 3626 nömrəli və «Kapital Bank»a aid 5239 1517 2038 8845 nömrəli plastik bank kartları özünə məxsus olmuşdur. Etdiyi cinayət əməlindən peşmandır. O, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibbi Ekspertiza və Patolojı Anatomiya» Birliyi hüquqi şəxsin Bərdə rayon şöbəsində 23 sentyabr 2024-cü il tarixdə məhkəmə-tibbi ekspertiza mərkəzində müayinə olunan zaman bədəni üzərində aşkar edilmiş xəsarətləri o, 23 sentyabr 2024-cü il tarixdə şübhəhli şəxs qismində tutulmamışdan bir neçə gün əvvəl yaşadığı evin həyətyanı sahəsində iş görərkən xəsarət almışdır. Belə ki, o, yaşadığı evdə işləyərkən yıxılması nəticəsində ekspertiza rəyində göstərilən xəsarətləri almışdır. Təqsirləndirilən şəxs istintaqa verdiyi və məhkəmə iclasında elan edilən ifadəsini təsdiq edərək ifadəsinə əlavəsinin olmadığını bildirmişdir. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, Bərdə Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Məhkəməyə verdiyi ifadəsində Bərdə rayon Polis Şöbəsində verdiyi ifadəsini təsdiq etmiş, bildirmişdir ki, 2024-cü ilin təxminən sentyabr ayında təqsirləndirilən şəxs, üzərində narkotik vasitə saxladığı ehtimalına görə Bərdə şəhəri Bakı küçəsində saxlanılmış, polis şöbəsinə dəvət olunmuşdur. Üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs 0.53 qram narkotik vasitə heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxsin qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ona verilən suala cavab olaraq bildirmişdir ki, o, Bərdə Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 23 sentyabr 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Bərdə rayonu, Bakı küçəsində saxlanılar polis şöbəsinə gətirildiyini, salanılarkən müqavimət göstərmədiyini, üzərinə təhqiqatçı tərəfindən baxış keçirilərək 0.53 qr çəkidə narkotik vasitə heroin aşkar olunmuşdur. Şahid3 verilən suala cavab olaraq bildirmişdir ki, o, Bərdə rayon X7 Patrul Xidmət bölüyünün polis nəfəri vəzifəsində çalışır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilikləri olmamışdır. 2024-cü ilin sentyabr ayında Bərdə Rayon Polis Şöbəsinin təhqiqatçısı ona zəng edərək video çəkiliş vasitəsilə istintaq hərəkətinin həyata keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış zamanı video çəkilişini o, özü həyata keçirmiş, təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə könüllü şəkildə təhvil verilmişdir. Üzərindən çıxan əşyanın narkotik vasitə olduğu təqsirləndirilən şəxs tərəfindən etiraf edilmişdir. Cinayət işinin materiallarına istinadlar: Şəxsi axtarış və götürmə haqqında 23 sentyabr 2024-cü il tarixli protokoldan, protokola əlavə edilmiş DVD diskdən və həmin diskə baxışın keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibinin üzərində yerləşən xırda həcmli cibinin içərisindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümünün içərisində təmiz çəkisi 0,53 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizanın 24 sentyabr 2024-cü il tarixli 16/990 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut…» sözlər və imzalar olan kağız paketdəki 1 ədəd iç-içə qoyulmuş şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,433 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında» Qanunu ilə təsdiq olunmuş siyahılara əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin 1-ci siyahının 1-ci bəndinə, yəni «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»ə daxildir. Heroinin təmiz çəkisi – 0,433 qram, tədqiqata cəmi sərf edilən hissə 0,05 qram, qalıq hissəsi 0,383 qram təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2024-cü il tarixli 1848 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X10 aid «Bərdə rayon Mərkəzi Xəstəxanası» X8 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon X1 şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında deyil. Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər İcra nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli 4152 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Koroğlu küçəsi, ev 9 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şübhəli şəxsin tutulması barədə 23 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixində şübhəli şəxs qismində tutulmuşdur. 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən xx.xx.2024-cü il tarixli məlumatından və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)-243/2021 nömrəli hökmün surətindən görünür ki, Əliyev X4 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İbtidai istintaqı həyata keçirən müstəntiqin “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından və iş materiallarında olan qəbzdən (səh.88) görünür ki, şəxsi axtarış istintaq hərəkəti zamanı götürülmüş, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd «Redmi 9» markalı mobil telefon, özünə məxsus «Uni Bank»a aid 5243 7544 4467 3626 nömrəli və «Kapital Bank»a aid 5239 1517 2038 8845 nömrəli plastik bank kartları xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxsin özünə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 78/01 nömrəli məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-243/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bərdə rayon İcra və Probasiya şöbəsində nəzarətə götürülmüş, Bərdə Rayon Məhkəməsinin 7(021)-48/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Bərdə rayon İcra və Probasiya şöbəsində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərin qeydiyyat kitabından qeydiyyatdan çıxarılmışdır. Hazırda Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair Bərdə rayon İcra və Probasiya şöbəsində icra olunmamış hökm üzrə cəza qeydə alınmamışdır. Məhkəmənin istinad etdiyi hüquq və gəldiyi nəticə:

1. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, törədilmiş əməl qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Törədilmiş əməl Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

2. Belə ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımanı ehtiva edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larda narkotik vasitə heroin İ nömrəli siyahıya daxildir. Həmin siyahı üzrə şəxsin məsuliyyətə cəlb edilməsinə əsas verən heroinin təmiz halda aşağı həddi 0.15 qram həddində müəyyən edilir.

3. Məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir

4. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi.

5. Məhkəmə cəzanın məqsədlərinə nail olunması baxımından təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir.

6. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaqı həyata keçirən müstəntiqin 25 sentyabr 2024-cü il tarixli qərarı ilə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin tutulduğu 2 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hazırkı hökmün elan edildiyi gündən hesablanmalıdır.

7. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd kağız zərfin içərisində olan 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə qalıq təmiz çəkisi 0,383 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməlidir.

8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iş üzrə məhkəməyədək icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının xərci olan 32,40 manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.

9. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə ona hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bərdə Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 8 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi daxil olduğu Bərdə Rayon Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024cü il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,

HÖKMETDİ:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.

2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 2 (iki) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın.

3. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 fevral 2025-ci il tarixdən hesablansın.

4. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına yerləşdirilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

5. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin.

7. İş üzrə maddi sübut qismində tanınmış 1 (bir) ədəd kağız zərfin içində olan 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə qalıq təmiz çəkisi 0,383 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin.

8. Məhkəmə məsrəfi hesab edilən 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin.

9. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi daxil olduğu Bərdə rayon Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində pul köçürülsün

10. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

11. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar