Məhkəmə qərarları › İş №1(021)-39/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-39/2023

11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-39/2023 11.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1971-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bərdə rayonu Mirzəcəfərli kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1 və 264cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, 15 may 2022-ci il tarixdə saat 00:10 radələrində «X5» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq orta dərəcəli sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21154” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə st.Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu ərazisindən keçən 50-ci kilometrliyində, «X5» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda yolun hərəkət hissəsinin sağ tərəfində piyadanın dayanmasını nəzərə almalı və daim hərəkət şəraitinə nəzarət etməklə piyada ilə təhlükəsiz yan məsafə seçərək hərəkətini davam etdirməli olduğu halda bunu etməyərək, 60-70 km/saat sürətlə Bəhrəmtəpə istiqamətində yolun sağ hərəkət zolağı ilə hərəkətdə olan zaman, yolun sağından soluna doğru 1,3 metr məsafədə dayanmış vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs1 avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə o, ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs1 sağ bud sümüyünün orta 1/3-nin qəlpəli yerini dəyişmiş sınığı, sağ said sümüklərinin yuxarı 1/3-nin yerdəyişmiş sınığı ilə müşayiət edilən, həyat üçün təhlükəli olan az ağır dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törədərək, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra o, "X5" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən hadisə haqqında müvafiq orqanlara xəbər verməli olduğu halda, o, "X5" Azərbaycan Respublikası Qanununun bu tələblərini də pozaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək ifadələrində göstərmişdir ki, Bərdə rayonu Mirzəcəfərli kəndində yaşayır, rəsmi olaraq hər hansı bir işdə işləmir, fərədi əməklə məşğul olmişdur. BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hadisə zamanı idarə etmiş olduğu “VAZ 21154” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil onundur, avtomobili pul verib baş etibarnamə ilə almışdır. 14 may 2022-ci il tarixdə axşam saatlarında o, Bərdə rayonu ərazisində yerləşən “Muğan” adlı yeməkxanada oturub yemək yebib spirtli içki qəbul etmişdir. Sonra içkili halda avtomobilin sükan arxasına oturmuş, avtomobili idarə edib Bərdə rayonu Güloğlular kəndinə getmək üçün Bəhrəmtəpə istiqamətində hərəkətimi davam etdirmişdir. 14 may 2022-ci il tarixdən 15 may 2022-ci il tarixə keçən gecə saat təxminən 00:10 radələrində idarə etdiyi “VAZ 21154” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə st.Mingəçevir- Bəhrəmtəpə yolunun Bərdə rayonu ərazisi ilə yolun sağ hərəkət zolağı ilə 60-70 km/saat sürətlə Bəhrəmtəpə istiqamətində hərəkətdə olan zaman avtomobili nəyəsə dəydiyini hiss etmişdir. O, avtomobilin sürətini azaldıb, güzgüdən arxaya baxmış, lakin bir şey görməmişdir, düşünmüşdür ki, avtomobil hansısa bir heyvana dəymişdir. Buna görə də avtomobili saxlamayıb uzaqlaşıb yoluna davam etmişdir. Sonra o, yaşadığı evə getmişdir. Evdə olan zaman polislər onlara gəlmişlər bildirmişlər ki, idarə etdiyi avtomobillə piyadan vurmuşdur. Onda bilmişdir ki, yolun sağında dayanan bir avtomobili sürtüb piyadanı vurmuşdur. O, avtomobili gələn polislərə təqdim etmiş. Sonra sərxoşluğu yoxlanılmış, sərxoş olmağı məlum olmuşdur. Hadisə zamanı o, sərxoş olmuş, özündə olmamış, ona görə də yolun sağında avtomobil və piyada dayandığına fikir verməmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət və tələb yoxdur. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Ağdam rayonu Mərzili kəndində qeydiyyatdadır, Ağcabədi şəhəri 556 saylı şəhərcik, ev 1, mənzil 60-da yaşayır. 15 may 2022-ci il tarixdə saat təxminən 00:10 radələrində idarə etidiyi “QAZ 24” yük markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobillə 2010-cu il təvəllüdlü oğlu Şahid2 ilə birlikdə st.Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu ərazisi avtomobilində meyvə yükü ilə Zaqatala rayonuna st.Mingəçevir istiqamətində hərəkətdə olmuşdur. Onun avtomobili yolda nasazlamış, o, avtomobili Bərdə rayonu ərazisində yolun sağ çiynində saxlamış və oğlu Hüseylə birlikdə avtomobildən düşmüşlər. Həmin vaxtı o, görmüşdür ki, st.Mingəçevir istiqamətindən “QAZ 31” markalı avtomobil gəlir, bunu görüb ona kömək etməsi məqsədilə əl etmiş, həmin şəxs avtomobili Bəhrəmtəpə istiqamətinin sağında yol çiynində saxlamışdır. O, həmin avtomobilə sürücü tərəfdən yaxınlaşıb sürücüsü ilə söhbət edən zaman biranlığa st, Mingəçevir istiqamətindən gələn bir avtomobil onu vurub Bəhrəmtəpə istiqamətində getmişdir, o, yerə yıxılmış, xəsarət almışdır. Sonradan gələn tanımadığı şəxlər ona köməklik etmişlər yol avtomobili ilə Bərdə rayon diaqnostika mərkəzinə aparmışlar. Sonradan ona məlum olmuşdur ki, onu əvvəllər tanımadığı adını sonradan bildiyi Xəqani adlı şəxs idarə etdiyi markasını və qeydiyyat nişanını sonradan bildiyi “VAZ 21154” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurduqdan sonra hadisə yerindən qaçıb getmişdir. Hal-hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə rayonu dəymədağıldı kəndində yaşayır. Onun “QAZ 310290” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobillə yük daşımaqla işləyir. 15 may 2022-ci il tarixdə gecə saatlarında o, tək idarə etdiyi avtomobillə Bərdə rayonu Qarağacı kəndindən çıxıb Şirvanlı kəndinə getmək üçün hərəkətdə olmuşdur. Saat təxminən 00:10 radələrində idarə etdiyi avtomobillə st.Mingəçevir Bəhrəmtəpə yolu ilə Bəhrəmtəpə istiqamətində hərəkətdə olan zaman Bərdə rayonu ərazisində əks istiqamətdə kapotu açıq vəziyyətdə olan qeydiyyat nişanını bilmədiyi “QAZ 24” markalı avtomobilin dyandığını görmüşdür. Həmin avtomobilə yaxınlaşmağa az qalmış bir nəfər əli ilə ona işarə edib avtomobili saxlamasını bildirmişdir. O, avtomobili yolun sağında saxlamış, ona əl edən şəxs sol tərəfdən yaxınlaşmış və avtomobilin solunda dayanmışdır. Həmin şəxs ona bildirmişdir ki, avtomobilində naasazlıq olubdur. O, avtomobildən düşməmiş həmin şəxəslə danışan zaman st.Mingəçevir istiqamətindən gələn qeydiyyat nişanını bilmədiyi boz metallik rəngli “VAZ 21154” markalı avtomobil onun avtomobilin arxa sol yan yan hissəsindən sürtüb keçərək onun avtomobilin solunda dayanmış piyadanı vurub dayanmadan hadisə yerindən Bəhrəmtəpə istiqamətində hərəkətini davam etdirib getmişdir. Onun avtomobilinin solunda dayanmış piyada xəsarət almışdır. O, əvvəlcə 103 təcili tibbi yardıma zəng etmiş, sonra 102 polis xidmətinə zəng edib məlumat vermişdir. Hadisə yerini tibbi yardım gılib xəsarət alanı xəstəxanaya aparmışdır. Sonra hadisə yerinə polislər gəlmiş onun iştirakı ilə müstəntiq tərəfindən hadisə yerinə baxış keçşirilmişdir. Hadisə zamanı o, xəsarət almamışdır. Hadisə nəticəsində onun avtomobilinə ciddi zədə dəyməmişdir. Avtomobillə bağlı onun heç kimdən şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmə iclas zalında ifadəsi tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ağcabədi şəhəri 556 saylı şəhərcik, ev 1, mənzil 60-da yaşayır. Zərərçəkmiş şəxs1 atasıdır. 15 may 2022-ci il tarixdə saat təxminən saat 00:10 radələrində atası ilə bilrikdə atasının idarə etdiyi “QAZ 24” yük markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobillə st.Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu ərazisi avtomobildə meyvə yükü ilə Zaqatala rayonuna st.Mingəçevir istiqamətində hərəkətdə olmuşlar. Onların avtomobili yolda nasazlamış, atası avtomobili Bərdə rayonu ərazisində yolun sağ çiynində saxlamış və avtomobildən düşmüşlər. Həmin xaxtı görmüşlər ki, st.Mingəçevir istiqamətindən “QAZ 31” markalı avtomobil gəlir, atası kömək etməsi məqsədilə həmin avtomobilə əl etmiş, həmin avtomobil Bəhrəmtəpə istiqamətinin sağında yol çiynində dayanmışdır. Atası həmin avtomobilə sürücü tərəfdən yaxınlaşmış, o, da həmin avtomobilin sağında dayanmışdır. Atası “QAZ 31” markalı avtomobilin sürücsü ilə danışan zaman biranlığa st,Mingəçevir istiqamətindən gələn bir avtomobil atasını vurub Bəhrəmtəpə istiqamətində getmişdir. Atası xəsarət almış, yerə yıxılmışdır. Sonradan hadisə yerinə gələn tanımadığı şəxlərin köməyi ilə atasını yol avtomobilinə qoyub Bərdə rayon diaqnostika mərkəzinə aparmışlar. Sonradan məlum olmuşdur ki, atasını adını sonradan bildiyi Xəqani adlı şəxs idarə etdiyi markasını və qeydiyyat nişanını sonradan bildiyi “VAZ 21154” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurduqdan sonra hadisə yerindən qaçıb getmişdir. Cinayət işi materiallarından görünür ki, həmin fakt üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazriliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisəsinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin sabiq müstəntiqi, polis kapitanı Şahin Osmanov tərəfindən 23 may 2022-ci tarixdə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddəsi ilə cinayət işi başlamışdır. Cinayət işi materiallarına əlavə edilmiş “hadisə yerinə baxış protokolundan” görünür ki, yolun ümumi eni 8 metr, hərəkət hissənin eni 7 metrdir. Yolun kənarlarında eni 2 metr olan yol çiyinləri vardır. Hərəkət hissəsi iki zolaqdan ibarətdir, zolaqlar biri-birindən ağ rəngli qırıqqırıq üfüqi nişanlama xətləri ilə ayrılır, yolun kənarlarında hərəkət hissəinin sərhədləyən sarı rəngli üfüqi nişanlama xətləri vardır. Yolun örtüyü asfaltdır. Hadisə zamanı asfaltın üzəri quru və üfüqi olmuş, görünüşdə məhdudiyyət olmamış, yolun defekti yoxdur. Hadisə yeri yaşayış məntəqəsindən kənar əraziyə daxildir, maksimal sürət həddi 90 km/saat sürətdir. Hadisə yerində baxış protokolu tərtib edilərək şəkli və sxemi çəkilmişdir. Cinayət işi materiallarından görünür ki, cinayət işinin istintaqını aparmış Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin X3 dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin sabiq müstəntiqi, polis kapitanı Şahin Osmanov xidməti iş yerini dəyişdiyindən, 07 iyul 2022-ci il tarixdə cinayət işinin istintaqının aparılması X3 dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin rəisi tərəfindən Ceyhun Axundova həvalə olunmuş və həmin tarixdə cinyət işi icraatına qəbul edilərək istintaq aparılmışdır. Cinayət işi materiallarından görünür ki, 22 avqust 2022-ci il tarixdə cinayət işinin istintaq müddəti Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun qərarı ilə 23 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işi materiallarından görünür ki, 01 oktyabr 2022-ci il tarixdə işinin icraatı Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən dayandırılmlş, 21 noyabr 2022-ci il tarixdə cinayət işinin icraatı təzələnərək icraatına qəbul edilərək istintaq aparılmışdır Cinayət işinin materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətini təyin edən 15 may 2022-ci il tarixli 654 nömrəli tibbi müayinə protokolundan müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən daxil olmuş 18 iyul 2022-ci il tarixli 313-4407-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs BC 25524 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi 26 dekabr 2021-ci il tarixdən 26 dekabr 2031-ci il tarixədək verilmişdir və o, sürücülük hüququndan məhrum edilməmişdir. Cinayət işi materiallarından görünür ki, istintaq zərurəti ilə əlaqədar olaraq, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həmin yerdən keçən avtomobillərin, həmçinin hadisəni bilavasitə görən şəxslərin dairəsini müəyyən edərək ifadələrinin alınması məqsədi ilə Bərdə rayon Polis Şöbəsinə əməliyyat tapşırığı verilsə də bununla bağlı hər hansı bir müsbət nəticə əldə edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Rspublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış təlabnamədən sürücü, Təqsirləndirilən şəxs hər hansı bir məhkumluğunun, barəsində təqsirləndirici materiallar olmadığı müəyyən edilmişdir Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə-tibb ekspertizasının 31 oktyabr 2022-ci il tarixli 868 nömrəli rəyindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ bud sümüyünün orta 1/3-nin qəlpəli yerini dəyişmiş sınığı, sağ said sümüklərinin yuxarı 1/3-nin yerdəyişmiş sınığı – küt əşyanın təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, törənmə müddəti 15 may 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 17 iyun 2022-ci il tarixli 8/1369 nömrəli rəyindən müəyyən edilmişdir ki, “VAZ 21154” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X5» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə, onun hərəkətlərində «X5» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. - Sürücü Təqsirləndirilən şəxs haldisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində «X5» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işi materiallarından görünür ki iş üzrə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə ifadəsində öz müdafiəsi ilə bağlı gətirdiyi dəlillər, yəni avtomobilin nəyəsə dəydiyini hiss etməsi, avtomobilin sürətini azaldıb, güzgüdən arxaya baxaraq, lakin bir şey görməməsini, avtomobilin hansısa bir heyvana dəyməsini. Buna görə də avtomobili saxlamayıb uzaqlaşıb yoluna davam etməsini bildirməsi barədə gətirdiyi dəlillər aparılmış təkzibedilməz istintaqla öz təsdiqini tapmadığından vəsatət əsassız olduğundan tam rədd edilmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, o, 15 may 2022-ci il tarixdə saat 00:10 radələrində «X5» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq orta dərəcəli sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21154” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə st.Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu ərazisindən keçən 50-ci kilometrliyində, «X5» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda yolun hərəkət hissəsinin sağ tərəfində piyadanın dayanmasını nəzərə almalı və daim hərəkət şəraitinə nəzarət etməklə piyada ilə təhlükəsiz yan məsafə seçərək hərəkətini davam etdirməli olduğu halda bunu etməyərək, 60-70 km/saat sürətlə Bəhrəmtəpə istiqamətində yolun sağ hərəkət zolağı ilə hərəkətdə olan zaman, yolun sağından soluna doğru 1,3 metr məsafədə dayanmış vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs1 avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə o, ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs1 sağ bud sümüyünün orta 1/3-nin qəlpəli yerini dəyişmiş sınığı, sağ said sümüklərinin yuxarı 1/3-nin yerdəyişmiş sınığı ilə müşayiət edilən, həyat üçün təhlükəli olan az ağır dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törədərək, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra o, "X5" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən hadisə haqqında müvafiq orqanlara xəbər verməli olduğu halda, o, "X5" Azərbaycan Respublikası Qanununun bu tələblərini də pozaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.- 1.1 və 264-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını, ona qarşı şikayətinin və tələbinin olmamasını, eləcə də cəzasını yüngülləşdirən ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarıda qeyd edilən qərarlarda müəyyən olunmuş hüquqi prinsiplərə istinad edərək məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 264cü maddəsi ilə isə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Bir hərəkətlə (hərəkətsizliklə) bu Məcəllənin iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır. Şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Belə ki, iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş notarial qaydada ərizədən görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Bəhrəm oğlu ilə barışmış və ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkumun qətimkan tədbiri kimi həbsdə saxlanma vaxtı, cəzaçəkmə müəssisələrindən gətirilmə vaxtı cəzanın icrası müddətinə hesablanır. Məhkumun bir gündən artıq icazəsiz məntəqə tipli cəzaçəkmə müəssisəsinin ərazisində olmaması cəzanın icrası müddətinə hesablanmır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərinin hər ikisinin də sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə kimi əlavə cəzalar olduğundan məhkəmə həmin cəzaların cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq həmin cəzaların təyin edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarına əsasən cəzaların az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə və ya təyin olunmuş cəzaların tamamilə və ya qismən toplama yolu ilə birləşdirilməsi məsələsini həll edərkən məhkəmələr həm cinayətlərin hər birinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həm də şəxsin törətdiyi bütün cinayətlərin məcmu halında yüksək təhlükəli olmasını nəzərə almalıdırlar. Qanun cinayətlərin məcmusu üzrə müxtəlif növ cəzaların toplanılmasını istisna etmədiyindən, belə hallarda Cinayət Məcəlləsinin 68-ci maddəsində təsbit edilən qaydalar tətbiq edilməlidir. Cinayətlərdən birinə görə cərimə, digərinə görə daha ağır cəza növü təyin edilirsə, əgər cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayət daxildirsə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə müvafiq olaraq qəti cəza cərimə və daha ağır cəzanın tam və yaxud qismən toplanılması yolu ilə təyin edilir. Cinayətlərin məcmusu istənilən variantlarda böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərdən təşkil olunursa, bu halda Cinayət Məcəlləsinin 66.2-ci maddəsi tətbiq olunur və məhkəmənin mülahizəsinə görə cəzaların, o cümlədən cərimə cəzası ilə daha ağır cəzanın tam və yaxud qismən toplanılması və ya az ciddi cəzanın (yəni, o cümlədən cərimənin) daha ciddi cəza ilə əhatə olunması üsullarından biri tətbiq edilir. Cərimə, habelə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə cəzalarının ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzaları ilə toplanılması zamanı bu cəzaların vahid cəzaya çevrilməsi mümkün olmadığından, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən həmin cəzalar (o cümlədən qəti olaraq təyin olunmuş cərimə və daha ağır cəza) müstəqil icra olunmalı, hökmün nəticəvi hissəsində buna dair müddəa əks etdirilməlidir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur.Lakin iş materiallarından görünür ki, iş üzrə 85 manat ekspertiza xərci vardır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Bundan başqa cinayət işi materiallarından görünür ki, “VAZ 21154” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum cəzası ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-21154” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. HаkimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar