Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-40/2025 01.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxx 1998-ci ildə Bərdə rayonu, Qaratəpə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum edilməmiş, Bərdə rayonu, Qaratəpə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü təqsirləndirilir ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır və ağır zərərin vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, 21 mart 2024-cü il tarixində, saat 16:00 radələrində X5 məxsus «VAZ- 21013» minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili təkərin protektoru yeyilmiş vəziyyətdə və yaşayış məntəqəsində müəyyən edilmiş 60 km/saat sürətdən artıq sürətdə, yəni, saatda 70-80 km/saat sürətlə, baş etibarnamə əsasında sürücülük hüququ olmadan ayıq vəziyyətdə idarə edib Bərdə-Ağcabədi avtomobil yolu ilə Bərdə rayonunun Qaratəpə kəndi istiqamətində hərəkətdə olarkən həmin yolun Bərdə rayonu Qaradəmirçi kəndindən keçən hissəsində, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək yolun sol kənarında dayanmış vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan vuraraq, həmçinin idarə etdiyi avtomobili qarşı tərəfdə dayanmış vəziyyətdə olmaqla içərisində hər hansı bir şəxs olmayan Zərərçəkmiş şəxs1 məxsus VAZ-21074 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurmaqla ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs1 sağlamlığına travmatik şok, kəskin qanitirmə ilə müşayiət olunan çanaq sümüklərinin çoxsaylı sınıqları, sağ incik sümüyünün yuxarı 1/3nin sınığı, sağ dizin medial kollateral bağın qopması ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərər vurulmasına, həmçinin özünün idarə etdiyi avtomobildə sərnişin kimi əyləşmiş Zərərçəkmiş şəxs2 sağlamlığına sağ körpücük sümüyünün qəlpəli yerdəyişmiş sınığı, sağ əl pəncəsinin arxa səthinin, sol əl nahiyəsinin İİİ barmağının İ-İİ falanqa oynağının arxa səthinin çapıq toxumaları ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Bərdə rayonu Qaratəpə kəndində ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, rəsmi olaraq heç yerdə işləmir, X10 iştirakçısıdır, “Suqovuşanın azad edilməsi”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. 2022-ci il tarixdə VAZ-21013 minik markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, həmin avtomobili etibarnamə əsasında idarə edir, lakin sürücülük hüququ yoxdur. X13koloji xəstə olduğundan 21 mart 2024-cü il tarixdə saat 14:00 radələrində etibarnamə ilə idarə etdiyi VAZ-21013 minik markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı Bərdə rayon Qaratəpə kəndindən çıxıb atasına dərman almaq məqsədilə Bərdə şəhərinə getmişdir. Bərdə şəhərində yerləşən Bərdə Rayon Mərkəzi Xəstəxanasına gedib oradan dərmanları aldıqdan sonra yaşadığı Qaratəpə kəndinə qayıtmışdır. Bərdə rayonunda yerləşən “Çinqouzun dairəsi” adlanan yerdə üzü Bərdə rayonu Qaradəmirçi kənd istiqamətinə dönən zaman Bərdə rayonu Mustafaağlı kənd sakini, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 yanından keçən zaman sonuncu avtomobilə əl etmiş, o, avtomaşını yolun kənarında saxlamış Zərərçəkmiş şəxs2 avtomobilə əyləşmişdir. Bundan sonra o, avtomaşını idarə etməyə davam etmişdir. Bərdə rayonu Qaradəmirçi kənd yolunda avtomobili idarə edərkən ötmə əməliyyatı edən zaman qarşıda gedən avtomobil sola dönmə işarəsini yandırdığını görüb sürətli hərəkət etdiyi üçün ayağını avtomaşının əyləcinə qoymuşdur. Bu zaman avtomaşının idarə etməsini itirmiş, nəticədə avtomobil yolun kənarında dayanmış tanımadığı şəxslərə dəymişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobil 4 ilə yaxındır onun sahibliyində olmuş və idarə etmiş, hadisə baş verənədək yol patrul xidməti əməkdaşları onun sürücülük hüququnun olmadığını aşkar etməmişdir. Yaşadığı kənddə bir çox sakin avtomobili sürücülük hüququ olmadan idarə etmiş, sürücülük hüququ olmadan avtomobili idarə etməyin hüquq pozuntusu olduğunu bilmişdir. Hadisədən əvvəl o, avtomobili saatda 60-70 km/saat surətlə idarə etmişdir. Hadisə zamanı onun idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 başqa digər hər hansı bir şəxs olmamışdır. O həmçinin hadisədən əvvəl spirtli içki qəbul etmədiyini bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi X3 bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə törədilmiş cinayət əməli sübuta yetirilmişdir. Lakin təqsirləndirilən şəxsin X10 iştirakçısıdır, Respublikanın ərazi bötövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, medalları var, zərərçəkmiş şəxslərlə barışımış, bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini rəhbər tutaraq ona təyin ediləcək cəzanı şərti olaraq tətbiq edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxslərin ifadələri: Məhkəmədə zərərçəkmiş şəxsi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Mustafaağalı kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir. Hadisə baş verən gün Bərdə şəhərindən yaşadığı Bərdə rayonu Mustafaağalı kəndinə getmək üçün Bərdə şəhərində yerləşən “Çınqouzun dairəsi” adlanan yerdə maşın gözləmiş, bu zaman Bərdə rayonu Qaratəpə kəndində yaşayan əvvəllər tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21013 minik markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yanında saxlayıb kəndə gedib getmədiyini soruşmuş, ona kəndə gedəcəyini deyib onun idarə etdiyi avtomobilə əyləşmişdir. Elgiz avtomobili idarə edib Bərdə rayonu Lək kəndi istiqamətinə tərəfə sürmüş, qəflətən idarə etməni itirib yolun kənarında yerləşən sexin qarşısında dayanmış vəziyyətdə olan avtomaşınlara dəyərək yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin vaxtı o, qarşı tərəfdə oturduğu üçün onun sağ tərəf çiyin nahiyəsi avtomaşının yan dirəyinə dəyərək xəsarət almışdır. Hadisədən sonra özündə olmamış, xəstəxanaya yerləşdirilmişdir. Zərərçəkmiş şəxs2 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, hadisə bir anın içərisində olduğundan Təqsirləndirilən şəxs tərəfindən sürət həddinin aşılıb aşılmamasına fikir verməmişdir. Məhkəmədə zərərçəkmiş şəxsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Lək kəndində yaşayır, subaydır, Fövqəladə Hallar Nazirliyinin Bərdə rayonu X4 yanğın söndürən vəzifəsində çalışır. Hadisə baş verən gün özünə Bərdə rayonu Lək- Qaradəmirçi kənd yolunda avtomobil təmiri sexində olmuş, mobil telefon ilə danışan zaman qəflətən arxa tərəfdən avtomobil onu vurmuşdur. Həmin vaxtı huşunu itirmiş, ayıldıqan sonra xəstəxanada olduğunu görmüşdür. Sonradan qəzanı törədən şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs ilə əvvəllər tanışlığı olmamış, aralarında düşmənçilik və ədavət olmamışdır. Həmin hadisə nəticəsində çanaq sümüklərinin sınığı və ayaq nahiyəsin sınıqları xəsarətləri aldığını bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ona vurulmuş maddi zərərin ödənilməsini tələb etsə də sonrakı məhkəmə iclaslarında hadisə nəticəsində ona dəymiş ziyan ödənilməsə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını və vurulmuş ziyanı tələb etmədiyini bildirmişdir. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri B.Hacıyev küçəsi ev 104-də ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, rəsmi olaraq heç yerdə işləmir. Hadisə zamanı sexin içərisində olmuşdur, sexin qarşısında iki avtomobil durduğunu, avtomobillərdən biri VAZ 2106 digəri VAZ 2107 markalı avtomobillər olmuşdur. VAZ 21013 markalı avtomobil həmin sexin qarşısında duran avtomobillərə dəymiş, avtoqəza nəticəsində VAZ 2107 markalı maşın ona dəymiş sol çiyin nayihəsindən xəsarət almış və hadisədən sonra huşunu itirmişdir. Ayıldıqdan sonra Bərdə Rayon Diaqnostika Mərkəzinə yerləşdirildiyini bilmişdir. Müharibə iştirakçısı olduğundan onda huşunu itirmə halları əvvəllər də olmuşdur, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, o, Bərdə rayonu Lək kəndində ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, rəsmi olaraq heç yerdə işləmir. Bərdə rayonu Lək kəndində yerləşən maşınların düzəldilməsi sexində elektrik işləyir. Hadisənin necə baş verdiyini görmədiyini, zərərçəkmiş şəxslərin xəstəxanaya aparılmasına kömək etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, Bərdə şəhərində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, maşın ustasıdır. Hadisə günü avtomobil təmiri sexinin içərisində olduğunu, hadisənin necə baş verdiyini görmədiyini, hadisə yerinə gəldikdə yerdə uzanmış və xəsarət alan şəxslərə köməklik göstərilməsində iştirak etdiyini, yaralanan şəxsləri isə üzdən xatırlamadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Bərdə rayonu Mirzəxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir. VAZ-21063 minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və həmin avtomobili etibarnamə ilə idarə edir. Hadisə baş verən gün avtomobilinin ehtiyat hissələrini düzəltmək üçün Bərdə rayonu Lək-Qaradəmirçi kənd yolunda yerləşən avtomaşınların düzəldilməsi sexinin qarşısında saxlayıb öz işlərini görmək üçün getmişdir. Ona zəng gəlmiş, yol nəqliyyat hadisəsi nəticəsində maşınına başqa maşının dəydiyini öyrənmişdir. O, hadisəni özü görməmişdir. Avtomobilinə maddi ziyan dəydiyini bildirmişdir. İşin yekunlaşmasını və ona sığorta ödənişi edilməsini gözləyir. Özünə heç bir xəsarət yetirilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Tərtər rayonu, Sarıcalı kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, hadisə baş verən gün avtomobil təmiri sexində olub. Hadisə baş verdikdən dərhal sonra səs eşidib sexdən çıxanda yerdə iki nəfər şəxsin uzandığını görmüş, onlara köməklik göstərmiş VAZ 21013, Vaz 2106, VAZ 2107 markalı maşınların toqquşduğunu görmüşdür. Sonradan VAZ 21013 markalı avtomobilin qəza törətməsi barədə eşitmişdir. Hadisə zamanı Şahid9 də xəsarət aldığını görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6, ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Qazıqurdalı kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, təkər ustasıdır. Hadisə baş verən gün avtomobil sexinin arxasında olmuş, bir anlıq səs eşidib sexin qarşısına gəlmiş, sexin qarşısında üç nəfər şəxsin xəsarət aldığını görmüş, xəsarət alanlara köməklik etmişdir. Zərərçəkmiş şəxs1 hadisə vaxtı xəsarət alan şəxslərdən biri kimi xatırladığını bildirdi. Şahid7 oxşar məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. Bərdə RPŞ-dən yol nəqliyyat hadisəsi barədə məlumat aldıqdan sonra hadisə baş verən yerə getmiş, yeganə xatırladığı məlumat qəzanı törədən şəxsin sürücülük hüququnun olmadığıdır. Hadisənin necə baş verməsi, hadisə nəticəsində xəsarət alan şəxslərin kim olması barədə məlumatının olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdiklərini təsdiq etmişdir. Cinayət işinin materiallarına istinadlar: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 21 mart 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə 21 mart 2024-cü il tarixdə, saat 16 radələrində Bərdə rayonu, Lək-Qaradəmirçi kənd yolunda baş vermiş, həmin ərazi yaşayış məntəqəsi olmuş, hadisə yerində yol asfaltbeton örtüklü olmaqla, quru, hamar olmuşdur. Hadisə zamanı VAZ-21013 minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobildə bir nəfər sərnişin olmuş, avtomobildə əlavə yük olmamışdır. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21013 minik markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobillə Bərdə rayonu, Lək-Qaradəmirçi kəndində hərəkət etdiyi yolun hərəkət hissəsinin eni 6 metrdir, yolun hər iki tərəfdən 2 metr yol çiyni vardır. Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21013 minik markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobilin idarəetməsini itirərək yoldan çıxaraq yolun hərəkət istiqamətinə tərəf yolun sol hissəsində yerləşən avtomobillərin təmiri sexinin qarşısında dayanan Zərərçəkmiş şəxs1 və orda dayanmış vəziyyətdə olan VAZ-21074 markalı **-BP-*** markalı dövlət qeydiyyat nişanlı avtomobili və VAZ-21063 markalı **-BH-*** markalı dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə yerində tormoz izi aşkar edilməmişdir. Hadisə yerindən VAZ-21013 minik markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobil yolun əks istiqaməti tərəfdə dayanmışdır. VAZ-21013 minik markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobilin əyləcləri nasaz olmuşdur. Sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyət olmuş, lakin onun avtomobili idarə etmək hüququ olmamış və etibarnamə ilə idarə etmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21013 minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobildə əzik sınıq hissələri olmuşdur. Bundan başqa hadisə yerinə baxış keçirilərkən sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan diskdən və diskə baxış keçirilməsi haqqında 21 mart 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində “VİD-20240331-WA0018” adlı 1 ədəd fayl vardır. Həmin faylı açdıqda 00:23 dəqiqə intervalında videogörüntü qarşıya çıxır. Videogörüntü Bərdə rayonu Alpoud-Qaradəmirçi kənd yolunda 21 mart 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntüsüdür. Həmin videogörüntüdə Bərdə rayonu Qaratəpə kəndində yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21013 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törədib, yolun sol tərəfində avtomobillərin təmiri sexinin qarşısında dayanmış VAZ-21074 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə və avtomobilin yanında dayanmış Zərərçəkmiş şəxs1 dəyməsi aşkar olunmuşdur. DVD diskdəki videoyazıya məhkəmə iclasında proses iştirakçıları ilə birlikdə baxış keçirildi. Məhkəmə-tibbi ekspertizasının 20 sentyabr 2024-cü il tarixli, 07 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ körpücük sümüyünün qəlpəli yerdəyişmiş sınığı, sağ əl pəncəsinin arxa səthinin, sol əl nahiyəsinin İİİ barmağının İ-İİ falanqa oynağının arxa səthinin çapıq toxumaları (əzilmiş yara izləri) olmuşdur. Həmin xəsarət küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin kimi olmaqla törənə bilərdilər, törənmə müddəti 21 mart 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının 29 iyul 2024-cü il tarixli, 583 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – travmatik şok, kəskin qanitirmə ilə müşayiət olunan çanaq sümüklərinin çoxsaylı sınıqları, sağ incik sümüyünün yuxarı 1/3-nin sınığı, sağ dizin medial kollateral bağın qopması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində piyada kimi olmaqla törənə bilərlər, törənmə müddəti qərarda göstərilən 21 mart 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Yol-nəqliyyat hadisələri ekspertizasının 19 avqust 2024-cü il tarixli, 8/1844 nömrəli rəyindən görünür ki - VAZ 21013 markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsi daxilində 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Bərdə Rayon Polis X19 Polis Bölməsindən daxil olmuş 22 mart 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Bərdə rayonu Qaratəpə kənd sakini Təqsirləndirilən şəxs (Ş/v AA*******) sürücülük vəsiqəsinin elektron sistemdə yoxlanılmış, nəticədə Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsinin olmadığı və sürücülük hüququnun olmadığı müəyyən edilmişdir. «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi» 21 mart 2024-cü il tarixli 388 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs 21 mart 2024-cü il tarixdə, saat 18:00 dəqiqədə müayinə olunan zaman alkoqol sərxoşluq əlaməti olmamış, ayıq vəziyyətdə olmuşdur. BD295257 nömrəli nəqliyyat vasitəsinin uçot kartoçkasının surətindən görünür ki, VAZ-21013 minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə mülkiyyət hüququ X5 məxsusdur. 01 mart 2024-cü il tarixli ƏN İX-223264 nömrəli etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs avtomobili sürücülük hüququ olduqda idarə etmək hüququ vardır. 10 oktyabr 2024-cü il tarixli 18-1-28/2-1908/2024 nömrəli Bərdə rayon X8 Hüquqi şəxsin daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxana” X20 Poliklinika şöbəsinin Narkoloji, Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Bərdə rayon İcra Hakimiyyəti başçısının Nazırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 noyabr 2024-cü il tarixli 540 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Qaratəpə kəndində qeydiyyatdadır və yaşayır. Təqsirləndirilən şəxs həmin tarixli xasiyyətnamədə müsbət xarakterizə olunur. Bərdə rayon İcra Hakimiyyəti başçısının Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04 oktyabr 2024-cü il tarixli 278 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs2 Bərdə rayonu, Mustafaağalı kəndində qeydiyyatdadır və yaşayır. Zərərçəkmiş şəxs2 həmin tarixli xasiyyətnamədə müsbət xarakterizə olunur. Ağdam rayon İcra Hakimiyyəti başçısının Qərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04 oktyabr 2024-cü il tarixli 488 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs1 Ağdam rayonu, Baş Qərvənd kəndində qeydiyyatdadır və hazırda Bərdə rayonu Lək kəndində yaşayır. Zərərçəkmiş şəxs1 həmin tarixli xasiyyətnamədə müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 105-106) Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 19 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş, notarial qaydada təsdiq edilmiş ərizədə Təqsirləndirilən şəxs ilə barışdığından ona qarşı heç bir iddiası, şikayəti və tələbi olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs2 Əvil oğlu tərəfindən verilmiş, notarial qaydada təsdiq edilmiş ərizədə Təqsirləndirilən şəxs ilə barışdığından ona qarşı heç bir iddiası, şikayəti və tələbi olmadığını göstərmişdir. Azərbaycan Respublikası Medalının №İ-5110 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Medalının №İ-6644 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Suqovuşanın azad edilməsi” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Medalının №İ-1593 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. Məhkəmənin istinad etdiyi hüquq və gəldiyi nəticə:
1. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, törədilmiş əməl ehtiyatsızlıqdan törədilmişdir. Törədilmiş əməl Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobili idarə edən şəxs tərəfindən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Məhkəmədə tədqiq olunmuş iş materiallarında olan hadisə yerinə baxış protokolundan, videomüşahidə kamerasının görüntülərindən, məhkəmə-tibbi və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının rəylərindən və digər sənədlərdən, həmçinin məhkəmədə dindirilmiş təqsirləndirilən, zərərçəkmiş və şahidlərin ifadələri ilə cinayət əməli sübuta yetirilmişdir.
3. Azərbaycan Respublikasının Ali Məhkəmənin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 11 və 12-ci bəndlərinə əsasən, bu növ cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin Qərarın 19-cu hissəsinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Məhkəmədə baxışı zamanı tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının rəyində qeyd olunub ki, Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin rəydə qeyd olunub ki, Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələbləri, avtomobili yaşayış məntəqəsi daxilində 60 km/saat sürətdən artıq sürətlə idarə etməsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbləri pozulmuşdur. Məhkəmə-tibbi ekspertizasının rəylərindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin kimi olmaqla törənə bilərdilər, törənmə müddəti hadisənin baş verdiyi tarixə uyğun gəlir və dərəcəsinə az ağır zərər vurmaya aiddirlər; Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində piyada kimi olmaqla törənə bilərlər, törənmə müddəti 21 mart 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər.
4. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə əsas və nəqliyyat vasitəsinin idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza təyin edilməlidir.
5. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, X6 iştirakına görə müxtəlif medallarla təltif edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Eyni zamanda zərərçəkmiş şəxslərlə barışması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
6. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
7. Məhkəmə, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın icrasının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini də əsaslı hesab edir. Bu halda əlavə cəza, cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. 8.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Məhkəmənin hökmündə iş üzrə maddi sübutların həlli öz əksini tapmalıdır. İş üzrə maddi sübut qismində tanınmış «VAZ-21013» minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil Bərdə Rayon Polis Şöbəsi tərəfindən sahibi X5 qaytarılmalı, hadisənin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır.
9. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iş üzrə məhkəməyədək icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının xərci olan 128 manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.
10. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamış və onun hüquqlarının müdafiəsi məhkəmə zamanı Bərdə rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
hökmetdi:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.
2. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin.
3. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın.
4. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
5. İş üzrə maddi sübut qismində tanınmış «VAZ-21013» minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 qaytarılsın, hadisənin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın.
6. Məhkəmə məsrəfi hesab edilən 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin.
7. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası cəzanı icra edən müəssisə və orqan tərəfindən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin.
8. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
9. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Bayram Məhərrəmov