Məhkəmə qərarları › İş №1(021)-41/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-41/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-41/2025 08.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 2002-ci ildə Bərdə rayonu, Qazaxlar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işsiz, məhkum edilməmiş, Bərdə rayonu, Qazaxlar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü təqsirləndirilir ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik fadə edən, şəxs üzərində zor tətbiq olunması və özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törtəmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 10 iyul 2024-cü il tarixdə saat 12:30 radələrində ictimai yer hesab edilən Bərdə şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən Qarabağ Regional Təhsil İdarəsinin inzibati binasının 2-ci mərtəbəsində yerləşən idarə müdiri vəzifəsini icra edən Zərərçəkmiş şəxs1 xidməti iş otağına gəlib qardaşı Şahid3 Bərdə rayonu, Qazaxlar kənd orta məktəbində gözətçi vəzifəsinə təyin edilmədiyini bəhanə edib heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1la mübahisə edib uca səslə nalayiq ifadələr işlədib əlini otaqda olan masanın üzərinə bərkdən vurub Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək yaxa nahiyyəsindən tutub sonuncuya qəsdən fizik ağrı yetirərək öz hərəkətlərini davam etdirib səs-küy yaratdığı üçün həmin səs-küyə oraya toplaşan şəxslərə və ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədi ilə çoxsaylı insanların gözü qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya, əxlaq və mənəviyyat normalarına qarşı əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs1 xidməti otağının və ona bitişik olan yardımçı otağın qapılarına yumruq zərbələri endirib həmin qapıları zədələyərək Qarabağ Regional Təhsil İdarəsinə ümumilikdə hər iki qapı üçün 240 (iki yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla və həmin hərəkətləri ilə idarənin 10 dəqiqə müddət ərzində iş rejimini pozmaqla müşayiət edilən xuliqanlıq etmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, hadisə baş verən günü Qarabağ Regional Təhsil İdarəsinə qardaşına iş verilməsi üçün getmişdir, orda Zərərçəkmiş şəxs1 ona bildirmişdir, işi başqa şəxsə vermişdir, işi niyə başqa şəxsə verməsinin səbəbini soruşmuşdur, əsəbləşərək, əlini stolun üstünə vurmuşdur, Zərərçəkmiş şəxs1 onun ünvanına nalayiq ifadələr işlətmiş, çölə çıxmasını tələb etmişdir, qardaşına gözətçi işi verilməsi üçün anası ərizə ilə müraciət etmişdir, ərizəni araşdıracaqlarını bildirib, bir daha yaxınşalmamalarını, özlərinin məlumat verəcəklərini bildirsələr də işi onların xəbəri olmadan başqa şəxsə vermişdir, işi verdikləri şəxs hərbi xidmətə yararsız olmuşdur, əlini stola vuran zaman Zərərçəkmiş şəxs1 ayağa qalxaraq onu təhqir etmiş, o, da Zərərçəkmiş şəxs1 yaxasından tutaraq onu bir dəfə vurmuşdur. Bundan sonra otağa gələn şəxslər onu çölə çıxartmış, otaqda qardaşı qalmışdır, səs-küy eşitmişdir, qapını açıb içəri girmək istəmiş, görmüşdür ki, qapı bağlıdır, qapını açmaq üçün iki və ya üç dəfə qapıya zərbələr vurmuşdur, Qarabağ Regional Təhsil İdarəsinə atası və qardaşı ilə getmişdir, gözətçi işində əvvəllər işləyən şəxs həmkəndlisi olmuşdur, təqaüdə çıxmışdır, kəndli olduqlarından boş iş yeri olmasından xəbər tutmuşdur. Qarabağ Regional Təhsil Şöbəsinə gedəndə də məqsədi niyə işi onun Qarabağda döyüşməsi, torpaqların qorunmasında iştirak etməsi, anasının şəhid bacısı olması nəzərə alınmadan, hərbi xidmətdən yayınmış, yararsız bir şəxsə verildiyinin səbəbini soruşmaq olmuşdur. Onlar bir neçə dəfə idarəyə getsələrdə, ərizə ilə müracit etsələr də işin onlara veriləcəyinə söz verilməmişdir. İşlə bağlı məktəbin direktoruna da müraciət etmişdir, direktor işə qəbul edilən şəxsin şəhid ailəsi olduğunu bildirmişdir. Təhsil Şöbəsinin müdirinə və orda işləyən digər şəxslərə qarşı heç bir zorakılıq hərəkəti etməmiş, söyməmiş, təhqir etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki,o, 2-ci Qarabağ müharibəsi iştirakçısı olduğundan «Vətən uğrunda, Cəbrayılın azad olunmasına görə, Qubadlının azad olunmasına görə, Zəngilanın azad olunmasına görə və Cəsur döyüşçü» medalları ilə təltif edilmişdir. 2024-cü ilin əvvəllərində yaşadığı kənddə yerləşən Bərdə rayonu Qazaxlar kənd tam orta məktəbinin gözətçisi işləyən şəxs təqaüdə çıxdığından həmin ştat boşalmışdır. Onlar, yəni o və atası, qardaşı Şahid3 həmin məktəbdə vakant olan gözətçi vəzifəsinə işə düzəlməsi üçün Qarabağ Regional Təhsil İdarəsinə bir neçə dəfə müraciət etmişlər. Lakin, müraciətləri təmin olunmayaraq həmin işə həmkəndlisi X3 götürmüşlər. Onlar bu xəbəri eşitdikdən sonra bir neçə dəfə də Qarabağ Regional Təhsil İdarəsinə müraciət etsələr də, həmin idarənin müdir müavini vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 hər dəfəsində onlara biraz da səbirli olmalarını bildirirək qardaşı Musanı işə götürmək üçün müəyyən bəhanələrlə müddəti uzatmışdır. xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində qardaşı Şahid3 və atası Şahid4lə birlikdə Qarabağ Regional Təhsil İdarəsinə getmişlər. Həmin idarənin müdir müavini Zərərçəkmiş şəxs1 onları qəbul etmişdir. Anar müəllimin iş otağında olarkən ondan qardaşı Musanı hansı səbəbdən həmin işə götürmədiyini soruşmuşlar. Anar müəllim onlara cavab olaraq işə götürdüyü Valeh adlı şəxsin Şəhidin bacısının yoldaşı olduğunu bildirmişdir. O da Zərərçəkmiş şəxs1 cavab olaraq qazi olduğunu, dayısının da şəhid olduğunu, nəyə görə işə götürdükləri Valeh adlı şəxsə onlardan daha çox üstünlük verildiyini soruşmuşdur. Zərərçəkmiş şəxs1 səs tonunu qaldırmaqla ona cavab olaraq dediklərini bir daha təkrarlamışdır. O, həmin vaxt əsəbləşərək sağ əlini oturduğu masanın üzərinə bərkdən vururaq ayağa qalxıb Zərərçəkmiş şəxs1 nə üçün onlara qarşı hörmətsizlik elədiyini uca səslə bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 da ayağa qalmış, ona yaxınlaşaraq yaxa nahiyyəsindən tutmuş, onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 onun sol çiyin nahiyyəsinə bir dəfə yumruq zərbəsi endirmişdir. O da Zərərçəkmiş şəxs1 boyun nahiyyəsinə şillə zərbəsi endirmişdir. Həmin vaxt otaqda o, atası, qardaşı Musa və Zərərçəkmiş şəxs1 var imiş. Həmin vaxt atası və qardaşı onları aralaşdırırmışlar. Ardınca idarənin bir neçə nəfər işçisi otaqda olan səs-küyə gəlmişlər. Atası Şahid4 onu çölə çıxartdıqda qardaşı Musa, Zərərçəkmiş şəxs1 və otaqdaki səs-küyə gələn həmin idarənin digər işçiləri Zərərçəkmiş şəxs1 otağında qalmışlar. Qapı içəridən bağlanmışdır. İçəridə səs-küy artdığından o, həmin anda qapının bağlı olduğunu bilib qapını sındırmaq üçün qapıya 3 dəfə yumruq zərbəsi endirmiş və uca səslə qışqıraraq qapını açmalarını bildirmişdir. O, qapıya yumruq zərbələri endirdikdən bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs1 otağında olan işçilərindən biri qapını içəridən açmışdır. Həmin vaxt o və atası qardaşı Musanı götürüb idarənin inzibati binasından çıxmaq istədikdə Zərərçəkmiş şəxs1 iş otağına bitişik olan köməkçi otağının da qapısının bağlı olduğunu zənn edib oraya da 1 dəfə yumruq zərbəsi endirmiş, daha sonra həmin qapının açıq olduğunu bilmişdir. Onlar, yəni o, atası və qardaşı Musa idarənin inzibati binasının daxilində uca səslə danışaraq öz narazılıqlarını bildirib oranı tərk etmişlər. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, hadisə təxminən 5-10 dəqiqə davam etmiş, hadisə yerinə idarədə işləyən digər bir neçə nəfər işçilər gəlmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs1 onun sol çiyin nahiyyəsinə bir dəfə yumruq zərbəsi endirmiş və yaxa nahiyyəsindən tutaraq onu itələmişdir. Baş vermiş hadisə zamanı o, Zərərçəkmiş şəxs1 boyun nahiyyəsinə bir dəfə şillə zərbəsi endirmişdir. O, hadisə vaxtı otaqda olan səs-küyə gələn idarənin işçilərini tanımırmış. Onun həmin şəxslərlə heç bir mübahisəsi baş verməmişdir. O, xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar ilkin müraciətində Zərərçəkmiş şəxs1 5-6 nəfər işçisi ilə birlikdə onların üzərinə hücum edib onları döydüklərini, dava zamanı o və atasının xəsarət aldıqlarını bildirsə də, həmin vaxt həyəcanlı olduğundan ilkin müraciətində o cür bildirmişdir. xx.xx.2024-cü il tarixdə Qarabağ Regional Təhsil İdarəsində baş vermiş hadisə zamanı atasını heç kim döyməmişdir. Hər hansısa bir şəxs tərəfindən atasına qarşı zor tətbiq olunmamışdır. Sadəcə olaraq mübahisə zamanı Zərərçəkmiş şəxs1 yalnız onun sol çiyin nahiyyəsinə bir dəfə yumruq zərbəsi endirmiş və yaxa nahiyyəsindən tutaraq onu itələmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi və məhkəmə iclasında elan edilən ifadəsini təsdiq edərək ifadəsinə əlavəsinin olmadığını bildirmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi: Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin iyun ayının 20-dən etibarən həmin idarənin inzibati təşkilat sektorunun baş məsləhətçisi vəzifəsində işləyir. Əvvəllər Təqsirləndirilən şəxs dəfələrlə Qarabağ Regional Təhsil İdarəsinə qəbula gəlmişdir. 10 iyul 2024-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs, qardaşı Musa, atası Amil yenə idarəyə gəlmiş, səs-küy aslmış, iş tələb etmişlər. Həmin gün zorakılıq hərəkətləri etməklə, Şəmsəddin müdirə əl qaldırmışdır. Qarabağ Regional Təhsil İdarəsində işə qəbul prosesinə əsasən vətəndaş vakant olan və yaxud vakant olmayan boş iş yerinə görə boş iş yerinin olduğu müəssisənin rəhbərliyinə müraciət edir, işə qəbul mərhələli şəkildə aparılır. Əvvəlcə şəhid ailələri, sonra qazilər, veteranlar və az təminatlı ailələr yerləşdirilir. Mübahisəsi gedən gözətçi işinə qəbul edilmiş şəxs şəhid ailəsidir, statusu təqsirləndirilən şəxsin ailəsinin statusundan daha yüksəkdir. İşə götürmədə üstünlük şəhid ailəsinə verildiyindən, birinci işlə həmin şəxs təmin edilmişdir. Təqsirləndirilən şəxs idarənin rəhbərliyinə əl qaldırmış, həmçinin idarə binasına əmlak ziyanı vurmuşdur. İki ədəd qapı yararsız vəziyyətdədir, hazırda qapılar dəyişdirilməmişdir, qapılar öz rəngində vinillənmişdir. Maddi ziyan ödənilməyib. Məhkəmənin 11 fevral 2025-ci il tarixdə keçirilmiş iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin aprel ayından Qarabağ Regional Təhsil İdarəsində idarə müdirinin müavini vəzifəsinə təyin olunmuşdur. 2023-cü ilin oktyabr ayının 17-dən həmin idarənin müdiri vəzifəsini müvəqqət icra edir. Təqsirləndirilən şəxs, qardaşı Şahid3 və ataları Şahid4 işlə bağlı müracitələrinə görə bir neçə dəfə qəbul etmiş, buna görə də onları tanımışdır. Təqsirləndirilən şəxs onun Qarabağ Regional Təhsil İdarəsində onun işlədiyi dövrdə işlə bağlı müraciət etdiyindən, onun müraciəti cavablandırılmışdır. Lakin bununla kifayətlənməyib, hadisə baş verən günü Şəmsəddin, atası Musa, qardaşı X9 Təhsil İdarəsində onun xidməti otağında ona hücum etmiş, zor tətbiq edərək, yumruq atmışdır, onun tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir cavabdeh verilməmişdir, törətdiyi hadisə ilə qanun çərçivəsində cavablandırılacağını bildirmişdir. Şəmsəddini onun iş otağından atası, qardaşı və idarənin işçiləri çıxartmışdır. Təqsirləndirilən şəxs əsəbi halda İdarənin əmlakına ziyan vurmuş, iki ədəd qapını sındırmışdır. Qapıların sındırılmasında qardaşı və atası da iştirak etmişdir. Müharibədə iştirak etdiyindən, gənc olduğundan Şəmsəddin Abdulayevdən şikayəti və tələbi yoxdur, bağışlanmasını məhkəmədən xahiş etmişdir. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Qarabağ Regional Təhsil İdarəsində işləyir. Hadisə baş verən günü nahar fasiləsinə bir neçə dəqiqə qalmış səs-küy eşitmişdir, öz iş otağından çıxmış, görmüşdür ki, səs–küy Qarabağ reginal Təhsil idarəsinin müdiri vəzifələrini icra edən Zərərçəkmiş şəxs1 otağından gəlir. Zərərçəkmiş şəxs1 otağına getmiş, görmüşdür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaxasından yapışmışdır, həmin vaxtı orda Şəmsəddin, atası, qardaşı, və idarənin işçiləri olmuşdur, həm Şəmsəddinin atasının, həm də işçilərin köməyi ilə Şəmsəddini cölə çıxartmışlar, özü də otaqdan çıxmamışdır, görmüşdür ki, Şəmsəddin çöldən qapını açmağa çalışır, buna görə də qapını içəridən bağlamışdır. Hadisə zamanı Şəmsəddinin Zərərçəkmiş şəxs1 yaxasından yapışdığını görmüş, bir-birnə xəsarət yetirmələrini görməmişdir, onun hadisə yerinə gələnə qədər nə baş verdiyini, tərəflərin bir birinə xəsarət yetirib-yetirməməsini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10, Şahid8, Şahid1, Şahid7, Şahid5, Şahid9 şahid qismində dindirilmiş X4, ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, onun gözətçi işi ilə təmin edilməsi üçün X8 İdarəsinə və Bərdə rayon Qazaxlar kənd orta məktəbinin direktoruna müraciət etmişlər, bu barədə anası ərizədə yazmışdır, lakin onu işlə təmin etməmiş, əksinə həmin boş yerə başqa bir şəxs işə götürülmüşdür. Buna görə də hadisə günü Qarabağ Regional Təhsil İdarəsinə getmişlər, orda qardaşı Şəmsəddin niyə onun işə götürülmədiyini soruşmuşdur, lakin Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Zərərçəkmiş şəxs1 işə götürülən şəxsin onlardan əvvəl iş üçün müraciət etdiyini bildirmişdir, qardaşı Şəmsəddin əsəbləşmiş, əlini stola vurmuşdr, Zərərçəkmiş şəxs1 ayağa durmuşdur, onların ünvanına nalayiq ifadələr işlətmişdir, qardaşı Zərərçəkmiş şəxs1 yumruq atmışdır, səs-küyə idarənin işçiləri gəlmiş, qardaşı Şəmsəddini atasının köməkliyi ilə otaqdan çıarılmışdır, o, isə içərdə qalmışdır, qardaşı çöldən qapıya bir neçə dəfə zərbə endirmişdir, qapılar sınmışdır. Qardaşı, o və atası tərəfindən İdarənin işçilərinə qarşı zorakılıq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, o, Şuşa rayonundan məcburi köçkündür, müvəqqəti olaraq Bərdə rayonunda məcburi köçkün kimi qeydiyyatdadır. Qarabağ Regional Təhsil İdarəsində mühafizəçi olmuşdur, Daxili İşlər Nazirliyi Bərdə Rayon Polis Şöbəsinin mühafzə bölməsinin əməkdaşıdır. Hadisə baş verən günü günorta vaxtı, nahardan qabaq Şəmsəddin, atası, qardaşı ilə gəlib, Zərərçəkmiş şəxs1 iş otağına daxil olmuşdur, Anar Məcdiov onları qəbul etmişdir, bir neçə gün əvvəldə onların idarəyə gəlməsini və səs-küy yaratdıqlarını bildiyindən onların arxasınca çıxmış, bir neçə dəqiqədən sonra Müdirin iş otağında səs-küy çıxdığını eşitmiş, o və idarənin işçiləri yaxınlaşmış, Şəmsəddingili müdirin iş otağından kənarlaşdırmağa çalışmışdırlar, qapını kimin sındırdığını görməmişdir, o, gələndə artıq qapı sındırılmışdır, dəqiq kimin tərəfindən sındırıldığını bilmir. Müdirin iş otağında baş verən hadisəni görməmişdir. Şahid6 məhkəməyə ərizə göndərərək, Bakı şəhərində yaşamaqla hərbi müəssisədə çalışdığını, buna görə məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cinayət işinin materiallarına istinadlar: Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surtindən görünür, Təqsirləndirilən şəxs xx xxxxx 2002-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surtindən görünür, Şahid3 1 yanvar 1999-cu ildə doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surtindən görünür, Şahid4 7 dekabr 1972-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surtindən görünür, Zərərçəkmiş şəxs1 16 dekabr 1984-cü ildə doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surtindən görünür, Şahid1 xx xxxx 1984-cü ildə doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surtindən görünür, Şahid5 xx xxxxxxx 1995-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası vəytəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surtindən görünür, Şahid2 6 iyul 1989-cu ildə doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surtindən görünür, Şahid6 Qələndər oğlu 5 avqust 1992-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surtindən görünür, Şahid7 11 iyun 1994-cü ildə doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surtindən görünür, Şahid8 1 aprel 2000-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası vəytəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surtindən görünür, Şahid9 6 avqust 1996-cı ildə doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surtindən görünür, Şahid10 2 yanvar 1998-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surtindən görünür, Nümayəndə xx xxxx 1977-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surtindən görünür, Şahid11 xx xxx 1991-ci ildə doğulmuşdur. “Hadisəsi yerinə baxış keçirilməsi haqqında” 10 iyul 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış Bərdə rayonu. Divanlı kəndində yerləşən Qarabağ Regional Təhsil İdarəsində keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 həmin tarixdə idarənin ikinci mərtəbəsində yerləşən öz xidməti otağına Təqsirləndirilən şəxs, Şahid3 və Şahid4 tərəfindən daxil olunaraq onunla mübahisə etdikdən sonra hər hansı səbəb olmadan onun xidməti otağının giriş qapılarının qəsdən vurularaq sındırıldığını bildirmişdir. Məhkəmə-tibbi ekspertizasının 11 iyul 2024-cü il tarixli 524 nömrəli rəyindən görünür ki, Şahid4 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-sol al nahiyyəsinin səthi dəri kəsilməsi kəsici xassəyə malik olan əşyanın təsirindən tərənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 11 iyul 2024-cü il tarixli 525 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-boyunun sol yan-arxa səthinin, sağ saidin aşağı, orta 1/3-nin ön səthlərinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 sentyabr 2024-cü il tarixli 9/7067 saylı rəyindən görünür ki, Qarabağ Regional Təhsil İdarəsinin inzibati binasının otaqlarının 01 ədəd şabalıdı rəng 2 metr x 81,5 sm, qalınlığı 4 sm olan qapının qiyməti 120 manat, 01 ədəd şabalıdı rəng 2 metr x 81 sm. qalınlığı 4 sm olan qapının qiyməti 120 manat olmaqla qapıların orta istismar müddəti və orta istismar intensivliyii parametrlərinə uyğun olaraq 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 240,00 manat müəyyən olunmuşdur. Əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə Bərdə rayonu, Divanlı kəndində yerləşən Qarabağ Regional Təhsil İdarəsində baş verən hadisə zamanı silah və ya silah qismində istifadə edilə bilən əşya və ya predmetdən istifadə edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(cild 1, iş vərəqə 210). Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Barda rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 05 noyabr 2024-cü il tarixli 18-1-28/2-2095/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs "Barda RMX" Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. (cild 1, iş vərəqə 214) Bərdə rayonu, İcra Hakimiyyəti başçısının Xasili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bədə rayonu, Qazaxlar kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 212-213) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli 2358 nömrəli Sərəncamından görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli 2349 nömrəli Sərəncamından görünür ki, Təqsirləndirilən şəxs “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Şübhəli şəxs qismində tutma haqqında 28 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində kifayət qədər əsaslı şübhələr olduğu üçün onun şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Şübhəli şəxs qismində tutulma haqqında 28 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2024-cü il saat 17.35-də şübhəsli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında 29 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin MSY-dən azad olunması və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Qarabağ Regional Təhsil idarəsi zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Nümayəndə iş üzrə zərəçəkmiş qismində tanınmış hüquqi şəxs Qarabağ regional Təhsil İdarəsinin nümayəndəsi qismində tanınmışdır. Məhkəmənin istinad etdiyi hüquq və gəldiyi nəticə:

1. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, törədilmiş əməl qəsdən törədilmişdir. Törədilmiş əməl Cinayət Məcəlləsinin 15ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir.

2. Cinayət Məcəlləsinin 221.1-ci maddəsində xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarı) Maddənin dispozisiyasında qeyd olunmuş ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər nəzərdə tutulur. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarı). Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qardaşı Şahid3 Bərdə rayonu, Qazaxlar kənd orta məktəbində gözətçi vəzifəsinə təyin edilmədiyini əsas gətirib, xuliqanlıq motivindən irəli gələrək, Qarabağ Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Zərərçəkmiş şəxs1 xidməti iş otağında mübahisə edib, uca səslə nalayiq ifadələr işlədib, etdiyi hərəkətlər nəticəsində səs-küy yaratdığı üçün həmin səs-küyə idarə işçilərinin toplaşmasına səbəb olmuş, idarənin normal iş fəaliyyətini pozmuşdur, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya laqeydlik, etinasızlıq nümayiş etdirmiş, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmişdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. (“Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli Ali Məhkəmənin Plenum Qərarı) Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarı). Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək yaxa nahiyəsindən tutması sonuncuya zor tətbiq etmək hədəsi kimi, yəni zor tətbiq edəcəyi ilə qorxutma, onun şüuruna və iradəsinə psixi təsir göstərmə kimi qiymətləndirilir. Bundan sonra Qarabağ Regional Təhsil İdarəsində Zərərçəkmiş şəxs1 xidməti orağının və ona bitişik olan yardımçı otağın qapılarına yumruq zərbələri endirib həmin qapılarda dəliklərin əmələ gəlməsinə səbəb olma, bununla da idarəyə məxsus əmlakın məhv edilməsi, yəni sonradan bərpa olmayacağı dərəcədə zərər vurma kimi qiymətləndirilir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, əmlaka dəymiş ziyanın məbləği 240 manat kimi qiymətləndirilmişdir.

3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəllənin) 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə tədqiq olunmuş iş materiallarında olan hadisə yerinə baxış protokolundan, məhkəmə-tibbi və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəylərindən və digər sənədlərdən, həmçinin məhkəmədə dindirilmiş təqsirləndirilən, zərərçəkmiş və şahidlərin ifadələri ilə cinayət əməli sübuta yetirilmişdir.

4. Məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.

5. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi zaman döyüş əməliyyatlarında iştirak etməsini, döyüşlər zamanı vəzifə borcunu şərəflə yerinə yetirməsinə görə təltif olduğunu, habelə ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, törətmiş əməldə özünü təqsirli bilərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi.

6. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək Bərdə rayonu, Qazaxlar kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.

7. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 6 ay olaraq müəyyən edilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə görə, həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırdığı vaxtdan hesablanır. Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub, 29 oktyabr tarixdə ona ittiham elan olunub və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 1 gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 2 gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır.

8. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

9. Cinayət-Prosessual Məcəllənin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iş üzrə məhkəməyədək icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının xərci olan 50 manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.

10. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 8 iş saatı həcmində hüquqi yardımla bağlı daxil olduğu Bərdə rayon Vəkil Bürosunun hesabına 48 manat məbləğində pul köçürülməlidir.

11. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, təqsirləndirilən şəxsin hərəkətləri nəticəsində Qarabağ Regional Təhsil İdarəsinin iki qapısına dəymiş ziyan ümumilikdə 240 manat məbləğində qiymətləndirilmişdir. Cinayət-Prosessual Məcəllənin 181.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə bilavasitə vurulmuş ziyana görə mülki iddia verməyə haqlıdırlar. Həmin məcəllənin 180.2-ci maddəsinə görə, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Hazırki iş üzrə məhkəməyə mülki iddia daxil olmamışdır. Zərərçəkmiş hüquqi şəxs Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə maddi ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,

hökmetdi:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin.

2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 1 (bir) gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın.

3. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək Bərdə rayonu, Qazaxlar kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun.

4. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin.

5. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın.

6. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

7. Məhkəmə məsrəfi hesab edilən 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin.

8. Zərərçəkmiş hüquqi şəxs Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə maddi ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin.

10. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

11. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar