Məhkəmə qərarları › İş №1(021)-42/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-42/2021

22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-42/2021 22.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili X1 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1963-cü ildə Bərdə rayonu Yeni Əyricə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Bərdə rayonu Yeni Əyricə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28.01.2021-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs Bərdə rayonu Yeni Əyricə kəndində Zərərçəkmiş şəxs yaşadığı evin həyət darvazasının qarşısında aralarında şəxsi münasibətlər zəmnində yaranmış münaqişə zamanı sonuncunun baş nahiyəsinə ağac parçası ilə bir dəfə və dodaq nahiyəsinə yumuruq zərbəsi ilə bir dəfə vurmuş, nəticədə Zərərçəkmiş şəxs sol qulaq seyvanının bayır büküşünün arxa səthinin, sol qulaq arxası nahiyələrinin sıyrıqları diş səthinin əzilmiş yarası ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər almışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü ismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs xeyli müddətdir ki, tanıyır. Qadilin onun barəsində yazmış olduğu ərizə və izahatla tanış olmuşdur. O, heyvanlarımı otarmaq üçün Cavanşir adlı şəxsin otlaq sahəsini icarəyə götürərək sübh tezdən qoyunları otlaq sahəsinə gətirir. Qadilgil özləri də Cavanşirin fermasında heyvanlara baxırlar. Bir müddət əvvəl Qadilgil Cavanşirə guya onun Cavanşirin heyvanlarına baxan digər Afaq adlı şəxsi içirtdiyini, onun isə sərxoş halda Qadilgil ilə münaqişə etdiyini bildirmişdirlər. Cavanşir isə bu barədə onun oğlu Nemətə bildirmişdir. Nemət isə bu barədə ona məlumat vermişdir. 28.01.2021-ci il tarixdə saat təxminən 10 radələrində qoyunları otlağa aparırmış. Qadilgilin evinin yanından keçən zaman Qadil ilə onların evlərinin qarşısında rastlaşmışdır. O, Qadilə onun haqqında Cavanşirə nə üçün yalan məlumat verdiyini deyərək ona irad bildirmişdir. Bu zaman Qadil onun ünvanına nalayiq ifadə işlətmişdir. O, isə əsəbləşərək əlində olan ağacla bir dəfə onun baş nahiyəsinə vurmuşdur. Lakin, Qadil nalayiq ifadələrini davam etdirdiyi üçün bir dəfə də yumuruqla onun dodaq nahiyəsindən vurmuşdur. Qadil ilə onlar aralaşdıqdan sonra Qadilin arvadı Afət çölə çıxmışdır. Hadisə 28.01.2021-ci il tarixdə saat təxminən 10 radələrində Bərdə rayonu Yeni Əyricə kəndində Qadiligilin yaşadıqları evin qarşısında baş vermişdir. Hadisə zamanı hadisəni Qadilin arvadı Afət görmüşdür. Hadisə təxminən 3-5 dəqiqə ərzində davam etmişdir. Ətraflarına kənar şəxslər toplaşmamışdırlar. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 28.01.2021ci il tarixdə yaşadıqları evdən çıxaraq piyada kənddə yerləşən dükana tərəf gedirmiş. Yaşadıqları evin qapısından çıxmışdır ki, onlarla eyni kənddə yaşayan Feruz adlı şəxs otardığı qoyunlarını qabağına qataraq aparırmış. Feruz bir neçə dəfə sərxoş halda ona və ailəsinə qarşı nalayiq ifadələr işlətdiyi üçün Yeni Əyricə kəndindən olan Cavanşir adlı şəxsə ondan şikayət etmişdir. Buna görə də Feruz onun yanından keçən zaman ünvanına nalayiq ifadə işlətdərək onun barəsində Cavanşirə şikayət etməyinə etiraz etmişdir. O, isə Feruza ona nalayiq ifadə işlətməsinə görə etiraz edən zaman Fehruz əlində olan ağacla bir dəfə baş nahiyəsinə vurmuşdur. Daha sonra isə yaxasından tutaraq dodaq nahiyəsinə yumuruqla bir dəfə vurmuşdur. Həmin vaxt həyət darvazasının qarsında olan arvadı Afət onlara yaxınlaşaraq onları aralaşdırmışdır. Daha sonra o evə gəlmişdir. Bir müddət sonra isə Azərbaycan Respublikasının DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə 28.01.2021-ci il tarixdə saat təxminən 10 radələrində Bərdə rayonu Yeni Əyricə kəndində yaşadıqları evin həyət darvazasının qarşısında baş vermişdir. Hadisə zamanı hadisəni arvadı Afət görmüşdür. Hadisə təxminən 3-5 dəqiqə ərzində davam etmişdir. Ətraflarına kənar şəxslər toplaşmamışdırlar. Təqsirləndirilən şəxslə aramızda əvvəllər heç bir ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs onun baş nahiyəsinə ağacla, dodaq nahiyəsinə yumuruqla vurduqdan sonra bu hərəkətlərini davam etdirməmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir. Bir müddət əvvəl Feruz adlı həmkəndliləri sərxoş halda onlara narahatçılıqlar yaratdığı üçün onun barəsində Cavanşir adlı həmkəndlilərinə şikayət etmişlər. Cavanşir isə Feruza öz iradlarını bildirmişdir. 28.01.2021-ci il tarixdə saat təxminən 10 radələrində Qadil kənddə olan dükana getmək üçün həyətdən çıxmışdır. O, isə həmin vaxt həyət darvazsının yanında olmuşdur. Təxminən 1 dəqiqə ərzində küçədən səs eşidib çölə çıxmışdır. Bu zaman Feruzun Qadilin yaxasından tutub yumuruqla vurmasını görmüşdür. O, onlara yaxınlaşıb Qadili evə aparmışdır. Bu zaman Qadilin sol qulaq nahiyəsinin arxasından və dodaq nahiyəsindən xəsarətlər almasını görmüşdür. Hadisə 28.01.2021-ci il tarixdə saat təxminən 10 radələrində Bərdə rayonu Yeni Əyricə kəndində yaşadığımız evin həyət darvazasının qarşısında baş vermişdir. Hadisə zamanı hadisəni o görmüşdür. Hadisə təxminən 3-5 dəqiqə ərzində davam etmişdir. Ətraflarına kənar şəxslər toplaşmamışdırlar. Materiala əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Materiala əlavə edilmiş Bərdə RİHB-nın Yeni Əyricə kənd İƏD üzrə nümayəndəliyindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Yeni Əyricə kəndində yaşayır. Materiala əlavə edilmiş Bərdə RİHB-nın Bəyimsarov kənd İƏD üzrə nümayəndəliyindən alınmış xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Materiala əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 28.01.2021-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs Bərdə rayonu Yeni Əyricə kəndində Zərərçəkmiş şəxs yaşadığı evin həyət darvazasının qarşısında aralarında şəxsi münasibətlər zəmnində yaranmış münaqişə zamanı sonuncunun baş nahiyəsinə ağac parçası ilə bir dəfə və dodaq nahiyəsinə yumuruq zərbəsi ilə bir dəfə vurmuş, nəticədə Zərərçəkmiş şəxs sol qulaq seyvanının bayır büküşünün arxa səthinin, sol qulaq arxası nahiyələrinin sıyrıqları diş səthinin əzilmiş yarası ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər almışdır. Həmçinin, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1 və 43.3-cü maddələrinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş üzrə ekspertiza xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: imza var Əsli ilə düzdür Hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar