Məhkəmə qərarları › İş №1(021)-42/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-42/2022

02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-42/2022 02.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1991-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, H.Əliyev prospekti, ev 6-da qeydiyyatda olan və ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materiallarına məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 03.01.2022-ci il tarixdə saat 1800 radələrində ünvan 1 ünvanında yerləşən Şahid2 məxsus fərdi yaşayış evinin qonaq otağında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmuşdur və daha sonra evdə olan dabankeşlə Zərərçəkmiş şəxs sol əl nahiyəsinə qəsdən vuraraq sonuncuya baş beyin silkələnməsi ilə müşayət olunan sağ gözətrafı nahiyənin qançırı, sağ said, sol said, sağ əl nahiyələrinin sıyrıqları ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, Şahid1 qaynı, Zərərçəkmiş şəxs qaynı arvadıdır. Zərərçəkmiş şəxs ilə heç bir qərəzliliyi və düşmənçiliyi yoxdur. Həyat yoldaşı Muradla birgə qaytanası Şahid2 məxsus evdə yaşayırlar. 03.01.2022-ci il tarixdə həyat yoldaşı Muradla birgə dayısı evinə qonaq getmiş və həmin gün axşam saat 1800 radələrində öz yaşadıqları evə qayıtmışlar. Evə qayıdarkən qaynı Elmuraz və arvadı Səidənin onlarda olduğunu görmüşdür. Səidə və əri Elmuraz onlara kirayə evdə yaşamağı təklif etmiş və həmin vaxt Səidə ilə aralarında sözlə mübahisə yaranmış və mübahisə zamanı Səidə onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Aralarında dava baş vermiş və özünü müdafiə etmək üçün qonaq otağında olan qabankeşlə Səidənin sol əl nahiyəsinə vurmuşdur. Onlar arasında baş verən mübahisə zamanı həyat yoldaşı Murad, qaynı Elnuraz, qaynatası Aydın onları aralamış və sakitləşdirməyə çalışmışlar. Himayəsində 2 azyaşlı uşağının olduğunu qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qaynı arvadıdır. Sonuncu ilə heç bir qərəzliliyi və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs ailə üzvləri ilə birgə hal hazırda həyat yoldaşı Elmurazın ata evində yaşayırlar. 03.01.2022-ci il tarixdə həyat yoldaşı Elmurazla birgə qaynanası Lətifə Mahmudova xəstə olduğundan onun yanına getmişlər. Həmin vaxt qaynı Murad və arvadı Aybəniz evdə olmamışlar. Bir neçə saat qaynanası Lətifənin yanında oturmuş, axşam saat 18 radələrində qaynı Murad və arvadı Aybəniz evə qayıtmışlar. Onlar həmin vaxt qonaq otağında olmuşlar, Aybəniz heç bir səbəb olmadan onunla mübahisə etməyə başlamış və hansı səbəbdən onların evinə getdiklərini soruşmuşdur. Özü isə qaynanası Lətifənin xəstə olduğu üçün onun yanına gəldiklərini bildirmişdir. Aybənizə evin qaynatasına məxsus olduğunu bildirmişdir. Aybəniz öz hərəkətlərini davam etdirmiş və buna görədə aralarında mübahisə baş vermiş və mübahisə zamanı Aybəniz qəflətən yumruqla onun sifət və sağ göz nahiyəsinə vuraraq onu döymüş, sonra isə evin qonaq otağında olan dabankeçlə sol əlinin üst nahiyəsinə vuraraq onu döymüşdür. Həyat yoldaşı Elnuraz, qaynı Murad, qaynatası Aydın onları aralamış və sakitləşdirməyə çalışmışlar. Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət edərək hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ilə aralarında baş verən mübahisə təxminən 5-6 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs ilə barışmadığını qeyd edərək sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, özünə məxsus evdə arvadı Lətifə, oğlu Murad, gəlini Aybəniz və iki azyaşlı nəvələri ilə birgə yaşayır. Lakin gəlini Aybəniz və oğlu Murad yaşadığı evdə mütamadi olaraq mübahisələr yaradır və həmin şəxslər ona məxsus evi onlara verməsini istəyirlər və digər oğlu Elmurazın ailə üzvlərinin həmin evə gəlməsini istəmirlər. Lakin buna baxmayaraq Elmurazın onun evinə gəlib- getməsinə etirazı olmadığını bildirmişdir. Buna görə də bir neçə dəfə aralarında sözlə mübahisə baş vermişdir. 03.01.2022-ci il tarixdə oğlu Murad və ailə üzvləri birgə qonaq getmiş, həmin gün günorta saatlarında digər oğlu Elmuraz və gəlini Səidə onun evinə qonaq gəlmişlər və axşam saatlarınadək orada olmuşlar. Axşam saat 18 radələrində Murad və arvadı Aybəniz evə qayıtmışlar. Onlar həmin vaxt qonaq otağında oturmuş, evə gəldikdə Aybəniz heçbir səbəb olmadan Səidə ilə mübahisə etməyə başlamış, özü də onları sakişləşdirməyə çalışmışdır. Lakin buna baxmayaraq Aybəniz öz hərəkətlərini davam etdirmişdir. Mübahisə zamanı Aybəniz qəflətən yumruqla Səidənin sifətinin sağ göz nahiyəsinə vuraraq onu döymüş, sonra isə Aybəniz evin qonaq otağında olan dabankeşlə Səidənin sol əlinin üst nahiyəsinə vuraraq onu döymüşdür. Həmin vaxt oğlu Murad, qızı Mətanət və oğlu Elmurazla birlikdə onları aralamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Şahid3, Zərərçəkmiş şəxs isə digər qardaşı Şahid1 arvadıdır. Onlarla ədavəti, düşmənçiliyi yoxdur. 03 yanvar 2022-ci ildə xalası evində olmuşdur. Səidə ona zəng etmiş və Aybənizin onu döydüyünü demişdir. Dərhal atası evinə gəlmiş, həmin vaxt dava-dalaş olmamış, Səidə ilə Aybəniz sözlə mübahisə etmişlər. Səidənin gözünün altı qaralmış, lakin Aybənizin onu vurduğunu görməmişdir. Orada olarkən Aybınizin atasını və qardaşı Elmurazı söyüb təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs arvadı, Şahid1 qardaşı, Zərərçəkmiş şəxs isə qardaşı arvadıdır. Zərərçəkmiş şəxs ilə heç bir qərəzliliyi və düşmənçiliyi yoxdur. Həyat yoldaşı Aybənizlə birgə atası Şahid2 məxsus evdə yaşayırlar. 03.01.2022-ci il tarixdə Aybənizlə sonuncunun dayısı evinə qonaq getmiş və həmin gün axşam saat 18 radələrində öz yaşadıqları evə qayıtmışlar. Evə qayıdarkən qardaşı Elmuraz və arvadı Səidənin onlarda olduğunu görmüşdür. Səidə və əri Elmuraz onlara kirayə evdə yaşamağı təklif etmiş və həmin vaxt Səidə ilə Aybəniz arasında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Səidə Aybənizin ünvanına nalayiq ifadələr işlədərək söyüb təhqir etmişdir. Aralarında dava olmuş, Aybəniz özünü müdafiə etmək üçün qonaq otağında olan qabankeşlə Səidənin sol əl nahiyəsinə vurmuşdur. Atası, qardaşı və bacısı ilə birlikdə onları aralamış və sakitləşdirməyə çalışmışlar. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 göstərmişdir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs gəlinləridir. Oğlu Murad və gəlini Aybəniz ilə bir evdə yaşayır. 03 yanvar 2022-ci ildə xəstə olmuş, oğlu Elmuraz və gəlini Səidə ona baş çəkmək üçün yaşadığı evə gəlmiş, həmin vaxt oğlu Murad və gəlini Aybəniz evdə olmamış, qonaq getmişlər. Təxminən saat 1800 radələrində Muradla Aybəniz evə gəlmiş, Səidənin onlarda olduğunu görüb onunla mübahisə etməyə başlamışdır. Özü xəstə olduğundan və başqa otaqda uzandığından dava-dalaşı görməmişdir. Aybəniz onun olduğu otağa keçərək dabankeşi götürüb çıxmışdır. Sonradan Səidənin gözünün şişdiyini, üzünün cırıldığını görmüşdür. Ancaq Səidəni kimin vurduğunu görməmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X3 Bərdə rayonlararası mərkəzinin verdiyi 04 yanvar 2022-ci il tarixli 03 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər–baş beyin silkələnməsi ilə müşayət olunan sağ gözətrafı nahiyənin qançırı, sağ said, sol said, sağ əl nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 03.01.2022-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Zərərçəkmiş şəxs vurmadığını, özünü müdafiə etdiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 03 yanvar 2022-ci il tarixdə zərərçəkmiş şəxslə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs vurması və ona xəsarət yetirməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, Məhkəmə-Tibbi Ekspertiza və X3 Bərdə rayonlararası mərkəzinin verdiyi 04 yanvar 2022-ci il tarixli 03 saylı rəylə öz təsdiqini tapmışdır. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 03.01.2022-ci il tarixdə saat 18 radələrində ünvan 1 ünvanında yerləşən Şahid2 məxsus fərdi yaşayış evinin qonaq otağında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmuşdur və daha sonra evdə olan dabankeşlə Zərərçəkmiş şəxs sol əl nahiyəsinə qəsdən vuraraq sonuncuya baş beyin silkələnməsi ilə müşayət olunan sağ gözətrafı nahiyənin qançırı, sağ said, sol said, sağ əl nahiyələrinin sıyrıqları ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməsi, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi 05 yanvar 2022-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 1-də yaşayır. Ailə üzvləri: əri-1988-ci il təvəllüdlü Şahid3, oğlu-2012-ci il təvəllüdlü X1 və qızı-2013-cü il təvəlüdlü X2 ibarətdir. Təqsirləndirilən şəxs küçədə yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 06 yanvar 2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işlər növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun işləməyə başladığı və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasını iş yeri üzrə çəksin, cəzasının əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar