Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-43/2022 08.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxslərin müdafiəçi X5, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1980-cı ildə Bərdə rayonu Mehdili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Mehdili kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri, xx xxxx 1966-cı ildə Kəlbəcər rayonu Zar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu Zar kəndində qeydiyyatda olan və Bərdə rayonu Şatırlı kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə, qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək, 14 oktyabr 2021-ci il tarixdə gecə saat 23 radələrində Zərərçəkmiş şəxs Bərdə rayonunun Çəmənli kəndində yerləşən iri və xırdabuynuzlu heyvanlarını saxladığı fermasında olmamasından istifadə edərək, fermanın həyətində yerləşən tövləsinə, yəni saxlanc yerinə, sonuncu yerin qapısı iplə bağlandığından qapının ipini açaraq həmin yerdən saxlanc yerinə gizli daxil olaraq, oradan 1 başının qiyməti 270 manat olan 2 illik, diri çəkisi 50 kq, təmiz ət çəkisi 25 kq olan 2 baş cəmi- 540 manat qiymətində ana qoyun heyvanlarını qanunsuz və gizli yolla talayıb Zərərçəkmiş şəxs Bah oğluna maddi ziyan vurmaqla oğurluq etmişlər. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların göstərilən cinayət əməlini törətmələri məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, 10 ilə yaxındır Bərdə rayonu Çəmənli kəndi ərazisində, kəndin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs fermasında fəhlə işləyir. Oğurluq hadisəsindən 1 ay əvvəl fermadan işdən çıxmışdır. Fermadan işdən çıxdıqdan sonra isə iş olmadığından heç bir yerdə işləməmiş, ancaq şəxsi təsərüfatında olan heyvanlarını saxlamaqla məşğul olmuşdur. 14 oktyabr 2021-ci il tarixdə təxminən saat 22 radələrində evində olarkən Vidadi ona zəng etmiş, sonuncuya Rafayılın fermasından köçüb getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 3 il olar ki, tanıyır. Vidadinin özünə məxsus VAZ-2106 markalı 32 BG-463 dövlət qeydiyyat nişanlı avtomobili olmuş, avtomobillə taksi kimi fəaliyyət göstərmişdir. Vidadi telefonda ona fermanın yolunu yaxşı tanıdığını, birlikdə oradan 2 baş qoyun oğrayıb satıb pulunu bölməyi təklif etmişdir. Vidadi ona fermanın arxasında yolda maşını ilə gözləyəcəyini, fermaya girib iki baş ana qoyun oğurlayıb çölə çıxarıb onun maşının yanına gəlməsini demişdir. Əvvəlcədən razılaşmışlar ki, qoyunlardan birini özü, birini də Vidadi 15 götürəcəkdir. Saat 22 radələrində Vidadi maşını ilə onun yaşadığı Mehdili kəndinə gəlmişdir. Vidadi telefonda ona demişdir ki, evdəkilər hara getdiyini soruşsa desin ki, Vidadi ilə onun maşınında Ağcabədiyə müştəri var, onu yoldaşlı düşürüb gəlirlər. Özü də evdən çıxanda həyat yoldaşına, evdə olanlara belə demişdir. Bundan sonra avtomobil yoluna çıxmış və Vidadinin maşınında qabaq sağ oturacaqda oturmuşdur. Vidadi maşını idarə etmiş, Bərdə rayonu Çəmənli kəndində olan Rafayıl adlı şəxsin fermasının arxa tərəfinə yola çıxmışlar. Gecə saat 23 radələrində tövlənin iplə bağlı qapısını açıb tövləyə girmiş və orada 70-80 xırdabuynuzlu heyvanların içərisindən 2 baş ana qoyunu seçmişdir. Qoyunları pres ipi ilə baş-başa bağlayıb tövlədən çölə çıxarmış, tövlənin arxasında olan dəmir qapını açıb yola çıxarıb yolla apararkən Vidadi ona zəng etmişdir. Sonuncuya heyvanları tövlədən çıxardığını, yolla gətirdiyini bildirmişdir. Heyvanları yolla gətirərkən Vidadi qarşısına gəlmiş və iki nəfər adam gəldiyini bildirmişdir. Vidadi gələnlərindən birinin Rafayılın oğlu Fehruz, o birinin isə onun qardaşı oğlu Vüqar olduğunu bildirmişdir. Onlar heyvanları orada qoyub maşına minib qaçıb Bərdə şəhərinə gəlmişlər. “Çinqoz” deyilən yerdə Vidadi onu maşından düşürmüş və evlərinə başqa maşınla getməsini bildirdirmişdir. “Çinqoz”dan sürücüsünü tanımadığı taksi ilə evlərinə getmişdir. Səhvini başa düşür, tutduğu əməldən peşimandır. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, Təqsirləndirilən şəxs1 1 ildən çoxdur tanıyır, onunla heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. 14 oktyabr 2021-ci il tarixdə təxminən saat 17 radələrində Qabil ona zəng etmiş, Mehdili kəndinə gəlməsini xahiş etmişdir. İdarə etdiyi VAZ-2106 markalı 32 BG-463 dövlət qeydiyyat nişanlı avtomobili ilə Yevlax rayonunun Xaldan qəsəbəsində olduğunu bildirmişdir. Qabil axşam saat 21 radələrində Mehdili kəndinə gəlməsini, Çəmənli kəndinə gedəcəyini demişdir. Həmin saatda Mehdili kəndinə gəlib Qabili maşınına götürərkən, haraya getdiyini soruşmuşdur. Qabil əvvəllər Çəmənli kəndində işlədiyi fermadan 2 baş qoyun oğurlamaq, heyvanın birni özünə birini də ona verəcəyini demişdir. Qabilin oğurluq etmək təklifi ilə razılaşmışdır. Qabil avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. Oğurluğa gedərkən Qabil onun yolda maşınında qalacağını söyləmiş, Qoyunları tövlədən özünün çıxaracağını demişdir. Saat 23 radələrində fermaya çatmışlar. Özü yolda maşınını saxlayıb gözləmiş, Qabil isə fermaya daxil olub oradan 2 baş heyvanı yola çıxarmışdır. Həmin vaxt yolda əvvəllər tanıdığı Fehruz və Vüqarın gəldiyini görmüşdür. Həmin şəxsləri görən kimi heyvanları maşına mindirməyərək, maşını sürüb, Qabili də maşına götürüb, Bərdə şəhərinə gətirib “Çinqoz” adlanan yerdə maşından düşürmüşdür. Qabilə oradan başqa maşınla çıxıb getməsini demişdir. Qabil heyvanları fermanın arxa qapısından maşın yoluna çıxarıb hardasa 70-80 metr maşın yolu ilə fermadan uzaqlaşandan sonra həmin şəxsləri görüb oğurluq etdiklərini onlar bilməsin deyə heyvanları orada qoyub qaçıb getmişlər. Səhvini başa düşür, tutduğu əməldən peşimandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Bərdə rayonunun Çəmənli kəndinin yaxınlığında ferması var, fermda iri və xırdabuynuzlu heyvanlar saxlayır. 14 oktyabr 2021-ci il tarixdə təxminən saat 20 radələrində fermanın qapılarını bağlayıb yaşadığı Çəmənli kəndində yerləşən evinə getmişdir. Gecə saat 23 radələrində oğlu Şahid1 Rafayıl oğlu və qardaşı oğlu Şahid3 oğlu balıq tutmaqdan evə gələrkən, Təqsirləndirilən şəxs2 məxsus VAZ-2106 markalı avtomobilin yolun kənarında dayandığını, iki baş qoyun heyvanını maşına mindirmək istədiklərini görmüşlər. Onlar yaxınlaşarkən Vidadi və Qabil maşına əyləşərək qaçıb getmiş, qoyunlar orada qalmışdır. Fehruz və Vüqar yaxınlaşıb qoyunlara baxarkən həmin heyvanların onun heyvanları olduğunu görmüşdür. Fehruz böyük qardaşı Vüsala zəng edib bildirmişdir ki, fermadan oğurluq olmuşdur. Vüsal da ona zəng vurub fermadan oğurluq olduğunu bildirmişdir. Ondan qabaq Vüsal həmin yerə gəlmiş, özü gələrkən qoyunların pres ipi ilə bağlandığını görmüş, Vüsala qoyunlara bağlanmış ipləri kəsməsini demişdir. Vüsal qoyunlara bağlanmış ipləri kəsərək fermaya aparmışdır. Səhər açılan kimi Bərdə rayon Polis şöbəsinə gəlib bu barədə ərizə yazıb polis şöbəsinə təqdim etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizələr təqdim edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, onlardan heç bir şikayət və tələbinin olmadığını gösrətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Rafayıl oğlu ifadə verərək göstərmişdir ki, atası Zərərçəkmiş şəxs Bərdə rayonu Çəmənli kəndinin yaxınlığında ferması var, fermada iri və xırdabuynuzlu heyvanlar saxlayır. Bərdə rayonu Şatırlı kəndində yaşayan Təqsirləndirilən şəxs2 və Bərdə rayonu Mehdili kənd sakini Təqsirləndirilən şəxs1 tanıyır, onlarla heç bir ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur. 14 oktyabr 2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsindən təxminən 1 ay əvvəllə qədər Təqsirləndirilən şəxs1 atasının fermasında çoban işləmişdir. 14 oktyabr 2021-ci il tarixdə təxminən saat 20 radələrində atası Rafayıl fermanın qapılarını bağlayıb yaşadığı Çəmənli kəndində yerləşən evlərinə getmişdir. Həmin gecə əmisi oğlu Şahid3 ilə saat 21 radələrində fermanın yaxınlığında olan su kanalından balıq tutmağa getmişlər. Saat 23 radələrində fermalarının arxasından keçən maşın yolu ilə evlərinə piyada gələrkən, yolda VAZ-2106 markalı maşının dayandığı yerdən fermanın arxasına tərəf getdiyini və fermadan bir nəfərin iki baş qoyun heyvanlarını çıxarılıb maşına tərəf gətirildiyini görmüşlər. Diqqət edib maşının Vidadinin maşını olduğunu, heyvanları baş-başa pres ipi ilə bağlanıb Vidadinin VAZ-2106 markalı avtomobilinə tərəf gətirən şəxsin isə Təqsirləndirilən şəxs1 olduğunu görmüşlər. Onların gördüyünü görən Vidadi və Qabil maşına minərək qaçıb getmişlər. Əmisi oğlu Vüqar ilə heyvanlara yaxınlaşıb baxarkən onların fermasının, yəni atasının fermasının qoyunları olduğunu görmüşlər. 2 baş ana qoyunlar pres ipi ilə baş-başa bağlı vəziyyətdə olmuşlar. Böyük qardaşı Vüsala zəng edib fermadan oğurluq olduğunu demişdir. Qardaşı Vüsal da atası Rafayıla zəng edib, fermadan oğurluq olması barədə məlumat vermişdir. Həmin yerə atası Rəfayıldan qabaq qardaşı Vüsal gəlmişdir. Atası Rafayıl gəldikdən sonra qardaşı Vüsala demişdir ki, qoyunların bağlandığı ipləri kəssin. Vüsal da ipləri kəsmiş heyvanları aparıb atasının fermasının tövləsinə salmışdır. 15 oktyabr 2021-ci il tarixdə atası Rafayıl Bərdə rayon Polis şöbəsinə gedib hadisə barədə ərizə yazıb vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 Şahid1 Rafayıl oğlunun ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Rafayıl oğlu ifadə verərək göstərmişdir ki, atası Zərərçəkmiş şəxs Bərdə rayonu Çəmənli kəndinin yaxınlığında ferması var, atası Rafayıl orada iri və xırdabuynuzlu heyvanlar saxlayır. Bərdə rayonu Şatırlı kəndində yaşayan Təqsirləndirilən şəxs2 və Bərdə rayonu Mehdili kənd sakini Təqsirləndirilən şəxs1 tanıyır, onlarla heç bir ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur. 14 oktyabr 2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsindən təxminən 1 ay əvvəllə qədər Təqsirləndirilən şəxs1 atasının fermasında çoban işləmişdir. Oğurluq hadisəsindən bir ay əvvəl Qabil özü fermada işləməkdən imtina edərək işdən çıxmışdır. 14 oktyabr 2021-ci il tarixdə saat 21 radələrində qardaşı Fehruz əmisi oğlu Vüqarla fermanın yaxınlığından olan su kanalından balıq tutmaqdan gələrkən, yolda VAZ-2106 markalı maşının dayandığı yerdən fermanın arxasına tərəf getdiyini və onun ön nömrəsinin 32 ilə başladığını görmüşlər. Diqqətlə baxanda avtomobilin Təqsirləndirilən şəxs2 məxsus avtomobil olduğunu, Təqsirləndirilən şəxs1 fermadan iki baş qoyun heyvanlarını çıxarıb maşına tərəf gətirdiyini görmüşlər. Vüqarla Fehruzun onları gördüklərini görən Vidadi və Qabillə birlikdə qaçıb getmişlər. Heyvanlar isə orada qalmışlar. Əmisi oğlu Vüqar və qardaşı Fehruz heyvanlara yaxınlaşıb baxarkən atası Rafayılın qoyunları olduğunu görmüşlər. 2 baş ana qoyunlar pres ipi ilə baş-başa bağlı vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/8465 saylı 21 dekabr 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 2 baş, hər biri 2 illik, hər birinin diri çəkisi 50 kq, təmiz ət çəkisi 25 kq olan ana qoyunun 2021-ci ilin oktyabr ayına olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən 540 manat (2 baş x 270 manat) müəyyən edilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə, qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək, 14 oktyabr 2021-ci il tarixdə gecə saat 23 radələrində Zərərçəkmiş şəxs Bərdə rayonunun Çəmənli kəndində yerləşən iri və xırdabuynuzlu heyvanlarını saxladığı fermasında olmamasından istifadə edərək, fermanın həyətində yerləşən tövləsinə, yəni saxlanc yerinə, sonuncu yerin qapısı iplə bağlandığından qapının ipini açaraq həmin yerdən saxlanc yerinə gizli daxil olaraq, oradan 1 başının qiyməti 270 manat olan 2 illik, diri çəkisi 50 kq, təmiz ət çəkisi 25 kq olan 2 baş cəmi- 540 manat qiymətində ana qoyun heyvanlarını qanunsuz və gizli yolla talayıb Zərərçəkmiş şəxs Bah oğluna maddi ziyan vurmaqla oğurluq etmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özlərinin etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mehdili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 yanvar 2022-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Bərdə rayonu Mehdili kəndində yaşayır. Təqsirləndirilən şəxs1 özünü ailədə və cəmiyyətdə daim nizam-intizamlı aparmışdır. Bacarıqlı və işgüzar olmaqla üzərinə düşən bütün işlərin öhdəsindən layiqincə gəlir. Özünə və qohum-əqrəbələrinə qarşı çox diqqətlidir. Onun barəsində nümayəndəliyə heç bir mənfi məlumat daxil olmamışdır. İş materiallarında olan AA1450733 seriyalı və AA1450732 seriyalı şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, 14.12.2006-cı ildə anadan olmuş X2 və 17.12.2012-ci ildə anadan olmuş X3 atası Təqsirləndirilən şəxs1dur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində 2 nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 31.10.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 21 oktyabr 2021-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Bərdə rayonu, Şatırlı kənd İƏD-nin Kürdborakı kəndində yaşayır. Təqsirləndirilən şəxs2 məcburi köçkün olandan sonra Bərdə rayonu Kürdborakı kəndində məskunlaşmış, həmin vaxtdan Kürdborakı kəndində yaşayır. Vidadi Hümbətov kəndin bütün xeyir, şər işlərində yaxından iştirak edən bir şəxsdir. Onunla bərabər ərazidə bütün ictimai işlərdə fəal iştirak etmişdir. Demək olar ki, kəndin bütün əhalisinin hörmətini qazanmışdır. Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan AA 316772 saylı məcburi köçkün vəsiqəsi surətindən müəyyən olunur ki, Hünbətov X4 rayonundan məcburi köçkündür. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, Kəlbəcər rayonundan məcburi köçkün olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 31.10.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini, habelə onların məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onların davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 15 oktyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 15 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 17 oktyabr 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə rayon Polis şöbəsinin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 15 oktyabr 2021-ci ildən 17 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla qəti cəza təyin edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 15 oktyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 15 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 17 oktyabr 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə rayon Polis şöbəsinin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 15 oktyabr 2021-ci ildən 17 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 21 dekabr 2021-ci il tarixli 9/8465 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs1 - Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04(dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01(bir) il 05(beş) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək təkr etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 - Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 03(üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04(dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01(bir) il 02(iki) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək təkr etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-43/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-43/2022
08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver