Məhkəmə qərarları › İş №1(021)-43/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-43/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-43/2024 13.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X8 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1966-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə şəhəri Fizuli küçəsi ev 57-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 244.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 244.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, 2019-cu ilin əvvəllərindən 2023-cü ilin iyun ayına kimi olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə, tamah məqsədilə fahişəliklə məşğul olmaq və müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olmaq üçün təqdim edilməsi ilə bağlı özünə məxsus olan və ünvan 1 ünvanında yerləşən kafenin otaqlarını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz etmiş, bundan sonra kafeyə müştəri kimi gələn Şahid8, Şahid6, Şahid7, Şahid9 və qeyrilərinin Şahid1, X1, Şahid3, Şahid5, Şahid4 və şəxsiyyəti istintaqa məlum olmayan fahişəliklə məşğul olan digər qadınlarla kafenin otaqlarında cinsi əlaqədə olmalarına şərait yaratmış və bunun müqabilində orada fahişəliklə məşğul olan hər bir qadından 10 manat məbləğində pul almaqla ödənişli əsaslarla fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edib saxlamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 244.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Bərdə şəhərində yaşayır. Bərdə şəhərində “Köhnə bazar” adlanan ərazidə mülkiyyətində yeməkxana var. X7 adlı şəxsə işlətmək üçün icarəyə vermiş, sonuncu hər ay ona 800 manat icarə haqqı ödəmişdir. Sədi Əliyevi yeməkxananı icarəyə verəndə tanımışdır. Yeməkxananı icarəyə verdikdən sonra Sədi Əliyevin yeməkxananı nə cür işlətməsinə nəzarət etməmiş, yeməkxananın nə cür işlədilməsindən xəbəri olmamışdır. Aldığı məlumata görə orada qadınlarda olmuşdur. Orada dəftər olmuş, həmin dəftərə satılan malların miqdarı, dəyəri qeyd olunmuşdur. Yeməkxanada çay, pivə, yüngül yeməklər verilmişdir. Yeməkxanada 2 otaq, otaqlarda stol, stul olmuşdur. Otaqlar yemək yemək, çay icmək üçün nəzərdə tutulmuşdur. Otaqlara çarpayıları o qoymamış, çarpayı olan otaqda qarovulçu istirahət etmişdir. Yeməkxanada 1- 2 nəfər işləyən qadın olmuş, həmin qadınlar hər gün ona hərəsi 10-15 manat pul vermişlər. Səhvini başa düşür, tutduğu əməldən peşmandır. Yaşının çox olmasının və nəvələrinin olmasının nəzərə alınmasını, ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilsə də, ifadəsində təqsirini tam etiraf etməmişdir. Ona görə də məhkəmə sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsini oxuyub elan etmişdir. O, həmin ifadəsində göstərmişdir ki, Bərdə şəhəri ərazisində yerləşən “Köhnə bazar” adlanan ərazidə ona məxsus kafe olmuş, həmin kafedə çay, spirtli içki pivə, yemək və s. satmışdır. Kafeni təxminən 2019-cu ilin əvvəllərindən işlətmişdir. Əvvəllər həmin kafeni müxtəlif şəxslərə icarəyə vermiş, kafeni işlətdikdən sonra kafe hər gün saat 08:00-dan 20:00-dək fəaliyyət göstərmişdir. Kafedə ümumilikdə üç otaq olmuş, həmin otaqlardan ikisini çarpayı, stol və stul ilə təchiz etmişdir. Kafedə xidmətçi işləyən qadınlar müştərilərlə özləri danışıb müştərilərlə ona məxsus kafedə yerləşən çarpayı ilə təchiz olunmuş otaqlarda cinsi əlaqədə olmuşlar. Həmin qadınlar özləri fahişəliklə məşğul olmuş, o, sadəcə qadınların ona məxsus kafedə müştərilərlə cinsi əlaqədə olmalarına şərait yaratmışdır. Belə ki, kafeyə pivə, çay içməyə və yaxud da, yemək yeməyə gələn müştərilər özləri qadınlarla danışıb qadınların razılığını aldıqdan sonra ona məxsus kafenin otaqlarında cinsi əlaqədə olmuşlar. Bunun müqabilində həmin müştərilər qadınlara 10-20 manat pul ödəmişlər. Fahişəliklə məşğul olan qadınlar da ona məxsus kafedə cinsi əlaqədə olduqlarına görə ona 5-10 manat pul ödəmişlər. Belə ki, kafedə xidmət göstərən qadınlar gün ərzində 6-7 müşətəri ilə cinsi əlaqədə olmuşlar. Günün sonunda isə hər qadın ona təxminən 30-40 manat pul ödəmişdir. Qadınlar ona məxsus kafedə göstərdikləri xidmətə görə pul ödəmiş, lakin onlar kafedə müxtəlif enerji içkilərinin müştərilərə satdıqlarına görə pul əldə etmişlər. Belə ki, o, enerji içkilərini 2 manata satmış, həmin xidmətçilər isə onun üzərinə 1 manat qoyub müştəriyə satmışlar. Kafeni 2023-cü ilin iyun ayına kimi işlətmiş, 2023-cü ilin iyun ayından kafe fəaliyyətini dayandırmışdır. X3 Bərdə rayon sakini kimi tanımış, ona məxsus Bərdə şəhəri ərazisindəki “Köhnə bazar” adlanan ərazidə yerləşən kafeni 1000 manat pul müqabilində Sədi adlı şəxsə icarəyə vermişdir. Sədi kafeni ondan icarəyə götürdükdən sonra müəyyən müddət ərzində tanışları olan Gülşən, Şəmsiyyə və s. qadınları orada fahişəliyə cəlb etmişdir. Sədi təxminən 1 ay ərzində həmin kafedə işlədikdən sonra kafeni yenidən özü işlətməyə başlamışdır. Həmin vaxtdan sonra Sədi yenə də, tanışı olan həmin qadınları kafeyə gətirib orada fahişəliyə cəlb etmişdir. Onlara şərait yaratdığına görə isə Sədi günün sonunda ona 50-60 manat pul ödəmişdir. Lakin Sədinin qadınlardan onları fahişəliyə cəlb etdiyinə görə hansı məbləğdə pul alması barədə məlumatı olmamışdır. Onun özü isə hər hansı bir qadını fahişəliyə cəlb etməmiş, qadınların pul müqabilində cinsi əlaqədə olmasına şərait yaratdığına görə müştərilərdən pul almamış, ona pulu yalnız fahişəliklə məşğul olan qadınlar vermişlər. Müştərilər yalnız onlara təqdim etdiyi içkinin, yeməyin və s. pulunu ona ödəmişlər. O, kafenin otaqlarını digər bir şəxsə cinsi əlaqədə olması üçün verməmiş, yalnız orada xidmət göstərən qadınlar kafenin otağında müştərilərlə cinsi əlaqədə olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərdi ki, əvvəllər tanıdığı qızların vasitəsi ilə Bərdə şəhərinə işləmək üçün gəlib getmişdir. Lakin həmin dövrlər Təqsirləndirilən şəxs tanımamışdır. Sonuncunu sonralar tanımış və bilmişdir ki, Bərdə şəhərində “Köhnə bazar” ərazisində yeməkxanası var və gəlib həmin kafedə işləmişdir. Təqsirləndirilən şəxs ona hər gün 15 manat maaş vermişdir. İki gün yeməkxanada xidmətçi işlədikdən sonra orada olan qızların pul müqabilində gələn müştərilərlə cinsi əlaqədə olduqlarını görmüş və qərar vermişdir ki, o da pul müqabilində yeməkxanaya gələn kişilərlə cinsi əlaqədə olsun. Yeməkxanada müştərilərlə cinsi əlaqədə olmaq üçün şərait olmuşdur. Onu pul müqabilində cinsi əlaqədə olmağa heç kim məcbur və təhrik etməmişdir. Bir gün pul müqabilində müştərilərlə görüşmüş, daha sonra yeməkxana bağlanmışdır. Dəftərin arasına o da pul qoymuşdur. Təqsirləndirilən şəxs yeməkxanaya gəlib-getmişdir. Yeməkxananı onlar özləri lazımi qaydada səhər açıb axşam bağlamışlar. Orada olan qızlar müştərilərlə pul müqabilində cinsi əlaqədə olmuş, özü də pul müqabilində cinsi əlaqədə olmağa başlamışdır. Təqsirləndirilən şəxs ona fahişəlik etməyi təklif etməmişdir. İstintaq zamanı verdiyi ifadəsində yeməkxanada xidmətçi işlədiyini bildirmiş, lakin orada ona hədə-qorxu gələrək ifadəsini dəyişmişlər. O həmin yeməkxanada cəmi iki gün işləmişdir. Yeməkxanada olan dəftəri görmüş, lakin axşamlar tez çıxıb getdiyindən dəftəri kimin götürməsindən məlumatı olmamışdır. Bərdə şəhərində kirayədə qalmış, hər ay 50 manat kirayə haqqı vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, Bərdə rayonu Dəymədağıldı kəndində yaşayır. İki il öncə Bərdə şəhərində köhnə bazar ərazisində yerləşən Təqsirləndirilən şəxs məxsus kafedə xidmətçi işləmişdir. Təqsirləndirilən şəxs məxsus kafedə əvvəlcə xidmətçi işləmiş, 1 ay xidmətçi işlədikdən sonra pul müqabilində müştərilərlə cinsi əlaqədə olmağa başlamışdır. Hər dəfə cinsi əlaqədə olmağa görə 20-30 manat pul almış, aldığı pulun 10 manatını Sədi Əliyevə vermiş, sonuncu da hər axşam yığılan pulları yeməkxananın sahibi Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs kafeyə hər gün axşam saatlarında gəlmişdir. Təqsirləndirilən şəxs məxsus yeməkxanada 1 il 6 ay işləmişdir. Həmin müddətin 1 ilini fahişəlik etmişdir. Gün ərzində 4-5 kişi ilə, hə müştəri ilə 20-30 manat pul müqabilində cini əlaqədə olmuşdur. Yeməkxananın içərisində otaqlar olmuş, otaqlarda divan, çarpayı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, müxtəlif vaxtlarda, müxtəlif kafelərdə xidmətçi kimi işləmişdir. Təqsirləndirilən şəxs uzun müddət əvvəl tanımış, 2023-cü ildə işsiz olduğundan Təqsirləndirilən şəxs onu öz yeməkxanasında işə götürməsini xahiş etmişdir. Sonuncu da buna etiraz etməmişdir. Bir müddət Təqsirləndirilən şəxs məxsus yeməkxanada xidmətçi kimi işlədikdən sonra görmüşdür ki, dolana bilmir, maddi durumu pisləşir. Qərar vermişdir ki, yeməkxanada fahişəlik etsin. Yeməkxanada 15-20 gün xidmətçi işləmiş, günə 7-8 manat pul qazanmışdır. Hər müştəri ilə görüşəndən sonra yeməkxanada olan dəftərin arasına 10 manat pul qoymuşdur. Təqsirləndirilən şəxs pul verməmiş, pulu dəftərin arasına qoymuşdur. Onun fahişəlik etməsindən Təqsirləndirilən şəxs xəbəri olmamışdır. Sədi Əliyev yeməkxanaya qızlarla gəlib getmiş, yeməkxananı icarəyə götürüb işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərdi ki, yaşadığı Tərtər rayonundan Bərdə şəhərinə paltar almaq üçün gəlmişdir. Bərdə şəhərində “Köhnə bazar” ərazisində yeməkxana olmasından məlumatı olmuşdur. Bilmişdir ki, həmin yeməkxanada qızlar fahişləiklə məşğul olurlar. Həmin yeməkxanaya qızlarla görüşməyə getmişdir. İlk əvvəl orada pivə içmiş, orada olan qızlardan Şəmsiyyəyə cinsi əlaqədə olmağı təklif etmiş, qız təklifini qəbul etmiş, 20 manat müqabilində Şəmsiyyə ilə cinsi əlaqədə olmuşdur. Yeməkxananın kimə məxsus olmasından məlumatı olmamışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 04 dekabr 2023-cü il tarixli 18 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində çayxana fəaliyyəti ilə məşğuldur. Beləliklə, Təqsirləndirilən şəxs 2019-cu ilin əvvəllərindən 2023-cü ilin iyun ayına kimi olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə, tamah məqsədilə fahişəliklə məşğul olmaq və müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olmaq üçün təqdim edilməsi ilə bağlı özünə məxsus olan və ünvan 1 ünvanında yerləşən kafenin otaqlarını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz etməsi, bundan sonra kafeyə müştəri kimi gələn Şahid8, Şahid6, Şahid7, Şahid9 və qeyrilərinin Şahid1, X1, Şahid3, Şahid5, Şahid4 və şəxsiyyəti istintaqa məlum olmayan fahişəliklə məşğul olan digər qadınlarla kafenin otaqlarında cinsi əlaqədə olmalarına şərait yaratması və bunun müqabilində orada fahişəliklə məşğul olan hər bir qadından 10 manat məbləğində pul almaqla ödənişli əsaslarla fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edib saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Sədi Əliyevin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 244.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 05 dekabr 2023-cü il tarixli, 2563 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Kələntərli kənd İƏD üzrə nümayəndəliyinin Qasımbəyli kəndində qeydiyyatdadır və yaşayır. Eyni tarixli Xasiyyətnamə ilə, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 29 may 2023-cü il tarixli Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. İş mаteriаllаrındаn görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Habelə məhkəmə iclasında Təqsirləndirilən şəxs ona rəhm edilməsini xahiş etdi. İşdə olan xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Bu isə onun cinayət törətməyə meyilli olmamasını və cəmiyyət üçün tam yararsız olmamasını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olması kimi nəzərə alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 244.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. CM-nin 49.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinin məzmununa əsasən, təqsirləndirilən şəxslərin islah işləri cəzasını çəkməsinin başlanğıcı onun işləməyə başladığı və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 1(021)-43/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs tutulub Bərdə Rayon Məhkəməsinin sərəncamına verilənədək cinayət işi üzrə icraatın dayandırılması, qərarın icrasının Bərdə Rayon Polis Şöbəsinə və Gəncə 2 saylı İstintaq Təcridxanasına tapşırılması qərara alınmışdır. “Şəxsin tutulması haqqında” 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2024-cü ildə Bərdə rayonu ərazisində tutulmuşdur. CM-nin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin bir günü islah İşləri cəzasının dörd gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbiri seçilməli və o, məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 fevral 2024-cü il tarixdən 13 mart 2024-cü il tarixədək həbsdə olduğu 01 (bir) ay 03 (üç) gün müddətin bir günü islah işləri cəzasının dörd gününə hesablanmaqla 04 (dörd) ay 12 (on iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 07 (yeddi) ay 18 (on səkkiz) müddətə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 07 (yeddi) ay 18 (on səkkiz) il müddətə islah işləri cəzasını iş yeri üzrə çəksin, cəzaçəkmənin başlanğıcı onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbiri seçilsin və məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar