Məhkəmə qərarları › İş №1(021)-46/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-46/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-46/2023 07.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Yevlax rayon Kövər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə" Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 1,231 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 (bir) ədəd gümüşü rəngli falqa bükümündə qanunsuz əldə edərək üzərində saxlamış, 20 iyul 2022-ci il tarixdə saat 11:15 dəqiqədə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, H.Əliyev prospektində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərində şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli şalvarın sağ qabaq cibindən 1 (bir) ədəd gümüşü rəngli falqa bükümündə, təmiz çəkisi 1,231 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, subaydır, arabir yaşadıqları binanın yaxınlığında olan moykada işləyib pulu ilə maşın yuyur, təxminən bir ildən artıqdar ki, narkotik vasitə olan kakos istifadə edir. Artıq bu hadisədən sonra istifadə etmir. Narkotik vasitələrdən istifadə edən zaman heç kimə təklif etməyib və satmayıb. Təxminən 19 iyul 2022-ci il tarixdə yaşadığı binanın yaxınlığında yerdən gümüşü rəngli bir ədəd falqa büküm tapmış və götürüb baxanda kakos olduğunu görmüş, cibinə qoyub və özü istifadə etmək üçün üstündə saxlayırmış. xx.xx.2022-ci il tarixdə saat təxminən 11:00 radələrində Bərdə şəhəri H.Əliyev prospektində imiş, həmin vaxt polis əməkdaşları ona yaxınaşıb özlərini təqdim etdikdən sonra ona narkotik vasitələri qəbul etməyi və gəzdirməyi barədə əməliyyat məlumatı daxil olduğunu bildirib onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona vəkil təqdim olunmuş və bundan sonra vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış keçirilərkən ona üzərində olan qanunsuz əşya ve ya predmetin olub-olmaması soruşulmiş, o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən üzərində gəzdirdiyi 1 ədəd gümüşü rəngli falqa bükümü çıxardıb masanın üzərinə qoymuş və içərisində «kakos», olduğunu bildirmiş və üzərində başqa heç bir qanunsuz əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra üzərində özünün razılığı ilə şəxsi axtarış aparılmış, başqa qeyri-qanuni əşya aşkar olunmamışdır. Vəkilin iştirakı ilə üzərindən götürülmüş bir ədəd gümüşü rəngli falqa bükümdə olan «kakos» elektron tərəzidə çəkilmiş, neçə qram olması yadında qalmamışdır. Həmin gümüşü rəngli bükülüdə olan kakos elektron tərəzidə çəkildikdən sonra zərfdə qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüş, iştirakçılar tərəfindən imzalanmış, o da imza etmiş, təhqiqatçı tərəfindən götürülmüşdür. Bildirmişdir ki, üzərində aşkar edilmiş kakosu özü üçün istifadə edir və öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində üzərində aşkar olunmuş heroini tutulmamışdan bir neçə gün əvvəl təxminən xx.xx.2022-ci il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində yaşadığı binanın yaxınlığında yerdən tapdığını, heç kim bilmədiyini, bu barədə heç kimə heç nə demədiyini, narkotik maddələrin satışı ilə məşğul olmadığını, üzərinizdə aşkar olunan heroini özü istifadə etmək məqsədi ilə saxladığını göstərdi. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahidləri dindirmə protokolları, baxış keçirilməsi haqqında protokol, ekspert rəyi, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bərdə rayonu Divanlı kəndində yaşayır. Bərdə RPŞ-nin Cinayət axtarışı bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayoru rütbəsindədir. 20 iyul 2022-ci il tarixdə polis şöbəsinə Yevlax rayon Kövər kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri, H.Əliyev prospekti ev 155-də yaşayan 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, ona görə də, tərəfindən 20 iyul 2022-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmiş, bundan sonra tərəflərindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə saat təxminən 11 radələrində Bərdə şəhəri H.Əliyev prospektində olan zaman saxlanılmış və Bərdə RPŞ-yə gətirilmiş, burada Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilməklə təhqiqatçı İftixar Səfərov tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onun, Bərdə RPŞ-nin digər əməkdaşları polis baş leytenantı Şahid3 və polis kapitanı Şahid2, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmış, təhqiqatçı X5 Əliyevə hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin kağız bükümü açan zaman içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin kakos olduğunu bildirmiş, həmçinin həmin narkotik vasitəni tapdığını, aludəçisi olduğu üçün şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə tərəflərindən baxış keçirilmiş, üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr elektron tərəzi vasitəsilə ölçülmüş, 1 ədəd bükülünün birlikdə çəkisinin 1,30 qram olması müəyyən edilmiş, aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr təhqiqatçı İftixar Səfərov tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılmış, Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülümüşdür. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş və imzaları ilə təsdiq edilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 dediklərini təsdiq edərək oxşar məzmunlu ifadələr verdilər. Cinayət işinin 1-ci vərəqəsində olan 21 iyul 2022-ci il tarixli cinayət işi başlamaq və aidiyyatı üzrə göndərmək haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb 20 iyul 2022-ci il tarixdə saat 11:15 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri, H.Əliyev prospektində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilməsi, polis şöbəsində sonuncunun üzərində şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən, yəni əynində olan şalvarın sağ qabaq cibindən 01 (bir) ədəd öümüşü rəngli falqa bükümündə, təmiz çəkisi 1,231 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 10-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 20 iyul 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 20 iyul 2022-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 50-51-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 62-63-cü vərəqələrində olan 22 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Bərdə Rayon Polis X2 Yerindən azad edilmişdir. Cinayət işinin 37-40-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 bölməsinin 21 iyul 2022-ci il tarixli 16/863 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut....” sözlər və imzalar olan zərfdəki, 1 (bir) ədəd “gümüşü” rəngli falqa bükümündə təmiz çəkisi 1,231 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İ bəndinə daxildir. Qeyd: Heroinin təmiz çəkisi-1.231 qram, tədqiqat sərf edildi-0.05 qram, qalıq 1.181 qram (Aparılmış tədqiqatın dəyəri 32.40 manat təşkil edir) Cinayət işinin 99-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin xx.xx.2022-ci il tarixli 1788 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 108-ci vərəqəsində olan Bərdə M.T.İ.S-dən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, H.Əliyev prospekti bina 155-də yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 70-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 109-114-cü vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 10 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində təmiz çəkisi 1,231 qram heroinin tədqiqatdan sonrakı qalığı 1,181 qram heroin olan 1 ədəd möhürlənmiş zərf maddi sübut kimi tanınmış və Bərdə Rayon Polis Şöbəsində saxlanması təmin olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntülərin əks edildiyi 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən gənc olmasını, məhkumluğunun olmamasını, törətdiyi əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 22 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 22 iyul 2022-ci il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət (20 iyul 2022-ci il tarixdən- 22 iyul 2022-ci il tarixədək) nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 AZN Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan ümumi təmiz çəkisi 1.181 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixindən 22 iyul 2022-ci il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan ümumi təmiz çəkisi 1.181 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar