Məhkəmə qərarları › İş №1(021)-46/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-46/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-46/2025 02.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X13 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxx 1985-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 221.1 və 29, 186.2.2-ci maddələri ilə təqsirli bilinib aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.5-ci bəndinə əsasən təyin edilmiş cəzadan azad edilmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1ci maddəsinə əsasən 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən qalan 03 ay 07 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, Bərdə şəhəri Vaqif küçəsi döngə 7 ev 1-də qeydiyyatda olan və Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 83,41 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 0310 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Qaradəmirçi kəndində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan açıq boz rəngli cins şalvarın sol arxa cibindən 1 (bir) ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bükümdə təmiz çəkisi 83,41 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər narkotik istifadəçisi kimi məhkum olunmuşdur. Bir ildən artıq müddətdir ki, cəzaçəkmə müəsissəsindən azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan bir gün sonra Bərdə RPŞ-nə qeydiyyata düşmək üçün getmişdir. Polis şöbəsinin qarşısında olarkən qara rəngdə avtomobil dayanmış, avtomobildən bir nəfər şəxs düşərək ona yaxınlaşmış, onunla salamlaşdıqdan sonra onu tanıyıb-tanımamasını soruşmuş, sonuncuya onu tanımadığını bildirmiş, həmin şəxs adının İdris olduğunu demişdir. Sonuncuya onun haqqında cəzaçəkmə müəsissəsində olarkən eşitdiyini bildirmişdir. İdris onun otağına gəlməsini istəmiş, o da Bərdə RPŞ-nin inzibati binasında İdrisin (X8 - Bərdə RPŞ NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyən) otağına getmişdir. Sonuncu ona mobil nömrəsini vermiş və 1-2 gündən sonra ona zəng etməsini istəmişdir. İki gündən sonra İdrisə zəng etmiş, sonuncu harada olmasını soruşmuşdur. İdrisə yaşadığı evdə olduğunu demişdir. Sonuncu onun arxasınca gəlmiş, onu evdən götürmüş, birlikdə Mingəçevir-Bəhrəmtəpə yolu ilə Ağcabədi rayonu istiqamətində gedib tanımadığı yeməkxanada oturub yemək yeyərək araq içmişlər. Yeyib-içdikdən sonra İdris ona bildirmişdir ki, ona hər hansı bir şəxsin adını versin, həmin şəxsi həbs edəcək və guya onun üzərindən 1 kq marixuana aşkar edəcək, tam rəsmiləşdirmə apardıqdan sonra isə həmin 1 kq marixuananın 0.5 kqnı ona verəcək. Sonuncuya belə bir iş görməyəcəyini, ona heç nə lazım olmadığını, ailəsi, uşaqları olduğunu demişdir. İdrislə razılaşmayaraq çıxıb gəlmişlər. İki gündən sonra İdris ona xəbər göndərmişdir ki, “Bərdə şəhərindən çıxsın, əks halda onu həbs edəcək”. O da ailəsini və üç övladını götürüb Bakı şəhərinə köçmüş, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırmışdır. Bakı şəhərində yaşadığı dövrdə İdris ona xəbər göndərmişdir ki, ona 3000 (üç min) manat pul versin və Bərdə şəhərinə qayıdıb rahat yaşasın. Lakin başqa rayonda tutularsa onluq deyil. Sonuncu ilə yenə də razılaşmamışdır. 3-4 ay Bakı şəhərində yaşadıqdan sonra ailəsini dolandıra bilmədiyindən Bərdə şəhərinə, öz evinə qayıtmış, lakin qorxusundan evində yaşamayaraq Tərtər rayonuna köçmüş və orada yaşamışdır. Həmin dövrdə İdris digər polis əməkdaşları Kənan və Nərimanla birlikdə üç dəfə evinə soxulmuş, lakin onu tapmamışlar. Tərtər rayonunda bir müddət yaşadıqdan sonra artıq çarəsizlikdən köçüb Bərdə rayonunda olan evinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə gecə saat 03-04 radələrində Bərdə RPŞ-nin əməkdaşları Kənan, Nəriman, İdris və digərləri qapını döymədən, bildirmədən evinə soxularaq, ailəsinin, uşaqlarının, atasının, qayınanasının gözü qabağında onu şortik (qısa yay şalvarı) və maykada tutub Bərdə RPŞ-nə aparmışlar. Yaşadığı evin işindən onu gecə saat 03 radələrində 5 nəfər polis əməkdaşı - Nəriman, İdris, Elnur və digər iki nəfər polis əməkdaşları tutub aparmışlar. Evin icərisinə onun yatdığı otağın pəncərəsindən İdris daxil olmuş, qarşıdan isə digər polis əməkdaşları daxil olmuşlar. Onu yaşadığı evdə tutarkən əynində qısa ev şalvarı (şortik) olmuş, apararkən əyninə başqa paltar geyinməsinə icazə vermələrini xahiş etmiş, bundan sonra əyninə boz rəngli şalvar, ayağına isə ayaqqabı geyinmişdir. Bərdə RPŞ-də onu döyüb, sifətini beton döşəməyə çırpıb, böyrəklərinə vuraraq ona əzab vermişlər. Sonra sellofan torbada 11 kiloqram maruxuananı qarşısına qoyaraq onun olduğunu etiraf etməsini, ya da 100 qram marixuananın kanalın qırağından tapdığını etiraf etməsini ona bildirmiş və seçim etməsini demişlər. Bərdə RPŞ-də onu döydükdən sonra İdris ona demişdir ki, 100 qram marixuananın onun olduğunu etiraf etsin, Bərdə Rayon Məhkəməsində adam var, onunla danışacaq, ona 1 il 6 ay cəza verəcəklər və onun da hamısını çəkməyəcək. Həmin gecə xx.xx.2024-cu il tarixdə vəkil Müdafiəçi1 ona təqdim etmişlər. Hətta vəkilinə döyüldüyünü göstərmişdir. Bütün bunlardan sonra ailəsi də dağılmış, baş verən hadisələrə görə onunla yaşamaq istəməmiş, və boşanmışlar. Onu etiraf etməyə məcbur edəndən sonra sellofan bükümdə olan marixuananı cibinə qoyaraq demişlər ki, çəkiliş zamanı desin ki, “marixuana onundur, tapmışdır, öz istifadəsi üçündür”. Onun cibinə sellofan bükümdə olan marixuananı İdris qoymuşdur. Baxış zamanı müdafiəçisi Müdafiəçi1 qaşının çapığını göstərmiş və demişdir ki, “bax gör nə ediblər”. Müdafiəçisi də yaraya baxıb təəssüf hissi ilə başını silkələmişdir. Üzərinə baxış keçiriləndən sonra protokolu özü imzalamışdır. Müstəntiq dindirilmədən sonra ona protokol təqdim etmiş, o da işgəncələrə məruz qaldığından, onu döydüklərinə görə məcburən imza etmişdir. Heç bir protokolun altından heç nə yazmamışdır. Ad və soyadını özü yazmış, başqa sözləri yazdığı yadında deyil. Həmin vaxt onun böyrəklərinə təpik və yumruqla o qədər vurmuşlar ki, halı özündə olmamış və nə yazdığını, hara yazdığını xatırlamır. xx.xx.2024-cu ildə onu tutmuş, səhəri gün isə buraxmışlar. Bir gün qaldıqdan sonra ondan 2450 (iki min dörd yüz əlli) manat pul alıb onu zaminliyə buraxmışlar. 2450 manat pulu atası gətirib polis əməkdaşlarına vermişdir. Lakin kimə verdiyini bilmir. O elə bilmişdir ki, 2450 manat verdikdən sonra onu tamamilə buraxacaqlar və barəsində cinayət işi açmayacaqlar. Azadlığa çıxdıqdan sonra Bərdə Rayon Prokurorluğuna ərizə ilə müraciət etmişdir ki, onu və qardaşını şərləyərək, guya ki, onlar narkotik satıcısı və istifadəçisidirlər, onlardan Bərdə RPŞ-də ümumilikdə 4000 manat almışlar. Onu Bərdə Rayon Prokurorluğuna çağırmışlar və orada ondan izahat almışlar. Bərdə Rayon Prokurorluğuna iki ay bundan qabaq şikayət ərizəsi ilə müraciət etmişdir. Bərdə RPŞ-də onun izahatlarını özləri yazmış, ona imza etdirmişlər. Üzərinə baxış zamanı videoçəkilişi İdris aparmış, dəfələrlə silib yenidən çəkmişdir. Şahid3 orada olmuş, lakin onu Şahid3 vurmamışdır. Onun üzərinə baxış keçirilməsi zamanı çəkilişi İdris öz mobil telefonu vasitədi ilə aparmışdır. Qeyd etdiklərinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadə verərək göstərdi ki, icraatına Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri üzərində saxlaması və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Onun rəhbərliyi altında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə gətirilmişdir. Bərdə RPŞ-də Təqsirləndirilən şəxs vəkil təqdim edildikdən sonra onun üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilməsi bildirilmiş, sonuncu buna etiraz etməmişdir. Aparılan videoçəkiliş zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq masaya yaxınlaşaraq masanın üzərinə selofan torba qoymuşdur. Torbanın içinə baxış keçirilərkən torbada narkotik vasitə qurudulmuş marixuana olduğu aşkar edilmişdir. Narkotik vasitə qablaşdırılaraq götürülmüş və protokollaşdırılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs heç bir zor tətbiq etməmişlər. Sonuncu özü könüllü olaraq etriaf etmişdir ki, narkotik vasitə istifadəçisidir. Təqsirləndirilən şəxs üzündə heç bir çapıq müşahidə etməmişdir. Əməliyyat məlumatı daxil olandan sonra gecə vaxtı getmişlər və Təqsirləndirilən şəxs küçədə saxlamışlar. Hadisə yay aylarında olmuşdur. Ancaq aradan çox vaxt keçdiyinə görə günü və saatını dəqiq deyə bilmir, dəqiq yadında deyil. Saxladıqları vaxt Təqsirləndirilən şəxs əynində qara şalvar və qara köynək olmuşdur. Təqsirləndirilən şəxs saxlayarkən onu döyməmişlər. İdris əvvəllər Bərdə RPŞ NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda isə Bakı şəhərində işləyir. Sonuncu əməliyyat tədbirində iştirak etməmişdir. X17 Məmmədovun üzərinə baxış zamanı videoçəkilşin aparılmasında da iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyən Şahid3 ifadə verərək göstərdi ki, Bərdə RPŞ-nə Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri üzərində saxlaması və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı Şahid1 icraatına daxil olmuşdur. Şahid1la keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu Qaradəmirçi kəndi ərazisində saxlayaraq Bərdə RPŞ-nə gətirmişlər. Bərdə RPŞ-də Təqsirləndirilən şəxs vəkil təqdim edildikdən sonra onun üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilməsi bildirilmiş, sonuncu buna etiraz etməmişdir. Aparılan videoçəkiliş zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa könüllü olaraq təqdim edilməsi bildirilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq masaya yaxınlaşaraq əynində olan qara rəngli şalvarın arxa cibindən sellofan bükümü könüllü olaraq çıxararaq masanın üzərinə qoymuşdur. Sellofan torbaya baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuana olduğu aşkar edilmiş, tərəflərindən qablaşdırılaraq götürülmüş və protokollaşdırılaraq imzalanmışdır. Saxlanılarkən Təqsirləndirilən şəxs zor tətbq edilməmişdir. Təqsirləndirlilən şəxsi Bərdə rayonu Qaradəmirçi kəndi ərazisində saxlamışlar. Təqsirləndirilən şəxs evdən gətirməmişlər. Sonuncu kənd ərazisində olmuş, orada saxlayaraq Bərdə RPŞ-nə gətirmişlər. Hadisə payız aylarında, günün ikinci yarısı, yəni gecə saat 00:00-dək olan zamanda olmuşdur. Vaxtı, zamanı tam dəqiq deyə bilmir, çünki işləri çox olur. Bərdə rayonu Qaradəmirçi kəndinə ikisi birlikdə Şahid1 şəxsi avtomobili ilə getmişlər. Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə küçədə saxlayıb gətirmişlər. Təqsirləndirilən şəxs küçədə olmuş, özü maşına əyləşmiş və Bərdə RPŞ-nə gəlmişlər. Sonuncunun üzərinə Bərdə RPŞ-də təhqiqatçının otağında baxış keçirilmiş, otaqda özü könüllü etiraf etmişdir ki, istifadəçidir, narkotik vasitəni yerdən tapmışdır. Təqsirləndirilən şəxs Bərdə RPŞ-də heç kim döyməmişdir. Onun qaşındakı çapığı görməmişdir. Videoçəkilişi Bərdə RPŞ-nin əməkşadı Şahid2 aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin KTQ-nun baş inspektoru vəzifəsində işləyən Şahid2 ifadə verərək göstərdi ki, Bərdə Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri qanunsuz saxlaması və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə gətirilmişdir. Bərdə RPŞ-də Təqsirləndirilən şəxs vəkil təqdim edildikdən sonra onun üzərinə onun tərəfindən videoçəkiliş aparılmaqla baxış keçirilməsi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Tərəfindən aparılan videoçəkiliş zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Sonuncu könüllü olaraq əynindəki şalvarın arxa cibindən 1 ədəd sellofan bükümü çıxararaq masanın üzərinə qoymuş və icərisində marixuana olduğunu bildirmişdir. Həmin sellofan torbaya baxış keçirilərkən icərisində həqiqətən marixuana oduğu müəyyən edilmişdir. Aşkar edilmiş marixuana qablaşdırılaraq götürülmüş və protokollaşdırılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində, o cümlədən üzündə heç bir xəsarət olmamışdır. Bütün çəkilişləri özü aparmışdır. Orada təhqiqatçı suallar vermiş və təqsirləndirilən şəxs özü könüllü olaraq həm etiraf etmiş, həm də özü könüllü olaraq demişdir ki, ona heç kim heç nə etməmiş, üzərində olan marixuananı özü tapmışdır. Çəkiliş zamanı təqsirləndirilən şəxsin üzündə, alnında hər hansı bir çapığ və ya yara görməmişdir. Çəkilişi günün hansı saatında aparmasını xatırlamır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X7 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 4 ay əvvəl 3 qara maşında polis əməkdaşları gündüz saatlarında onların yaşadıqları Bərdə rayonu Qaradəmirçi kəndində olan evlərinə gəlmiş, axtarış apararaq çıxıb getmişlər. Həmin vaxt oğlu Təqsirləndirilən şəxs evdə olmamışdır. 3 gündən sonra gecə vaxtı polislər evə soxularaq uşaqları, onu evin bir kənarına itələyib oğlu Təqsirləndirilən şəxs yataqdan götürüb aparmışlar. Gecə vaxtı olduğundan Xəyal qısa ev şalvarında olmuşdur. Evin əşyalarını dağıdaraq, qıraraq Xəyalı Bərdə RPŞ-nə aparmışlar. X18 RPŞ-də 3 gün saxladıqdan sonra buraxmışlar. Xəyal evə gələndə qaşında böyük çapıq olmuş, biləklərini qandal kəsmişdir. Oğlu əvvəllər narkotik istifadəçisi olmuşdur, lakin hazırda istifadə etmir. Oğlu Təqsirləndirilən şəxs cəzaçəkmə müəsissəsindən cəzasını çəkib gəldikdən sonra İdris adlı polis əməkdaşı zəng etmiş, oğlu Xəyalı yeyib-içməyə aparmış, həmin gün oğlu Təqsirləndirilən şəxs demişdir ki, gərək onunla işləsin, adlar versin, həmin adamları həbs edəcək. Oğlu Xəyal da elə işlərlə məşğul olmayacağını bildirmişdir. Bir neçə gündən sonra İdris oğlu Xəyala zəng edərək mobil telefonda nalayiq ifadələr deyərək, Bərdə rayonundan çıxıb getməsini, əks halda onu həbs edəcəyini demişdir. Oğlu da ailəsini götürüb Bakı şəhərinə getmiş, 3-4 ay yaşadıqdan sonra maddi cəhətdən çətinlik çəkdiyindən ailəsi ilə birlikdə evə qayıtmışdır. Qayıtdıqdan 3 gün sonra isə bu hadisə baş vermişdir. Xəyalın qaşı partlamış, dərin çapıq var idi. Qorxduqlarından bu barədə heç bir yerə şikayət etməmişlər. Oğlunun buraxılmasına görə heç kimə pul verməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 11 sentyabr 2024-cü il tarixli 16/964 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ‘‘Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 94,52 qram çəkidə olan narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bükümdə təmiz çəkisi 83,41 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. -Marixuananın təmiz çəkisi 83,41 qram, tədqiqata sərf edildi 0,08 qram, qalıq 83,33 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 02 dekabr 2024-cü il tarixli, 1919 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 14 oktyabr 2024-cü il tarixli 18-1-28/2-1934/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixində Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji kabinetində “Marixuana” diaqnozu ilə dispanser qeydiyyatındadır. -Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin verdiyi 12 sentyabr 2024-cü il tarixli, 719 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-alın nahiyəsinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində üzərində narkotik vasitə olmadığını, narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu və polis əməkdaşları tərəfindən döyülərək ona təzyiq və təsir göstərildiyinə görə narkotik vasitənin ona məxsus olduğunu zorla etiraf etməyə məcbur edildiyini bildirmişdir. Qeyd olunan halların araşdırılması ilə bağlı məhkəmə Bərdə Rayon Prokurorluğuna və Bərdə Rayon Polis Şöbəsinə sorğu vermiş, Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabından görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2024-cü ildə saat 0805-də Bərdə Rayon Polis Şöbəsində tibbi müayinədən keçirilmiş, sağ gözünün üst nahiyəsinin qərtməkli köhnə yarası xəsarəti aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin xəsarəti Bərdə Rayon Polis Şöbəsinə gəlməmişdən 2-3 gün əvvəl aldığını, şikayətinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli 2-2-110/2- 047143/2025 nömrəli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə RPŞnin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulan və saxlanılan zaman polis əməkdaşları tərəfindən döyülməsi, fiziki zor və sair təziqlərə məruz qalması, eləcə də törətmədiyi cinayət əməlini etiraf etməyə məcbur edilməsi ilə bağlı Bərdə Rayon Məhkəməsinin Bərdə Rayon Prokurorluğu vasitəsi ilə Baş Prokurorluğa daxil olmuş məlumatı əsasında Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və araşdırma ilə polis əməkdaşlarının qanunsuz hərəkətlərə yol vermələri müəyyən edilmədiyindən, toplanmış material üzrə cinayət hadisəsi olmadığından xx.xx.2025-ci il tarixdə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və bu barədə hüquqları izah olunmaqla Təqsirləndirilən şəxs müvafiq məlumat verilmişdir. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş bədən xəsarətlərini nə vaxt, harada və hansı şəraitdə alması xüsusatının araşdırılıb hüquqi qiymət verilməsinin təmin olunması üçün hissəvi ayrılmış material aidiyyəti üzrə Baş Prokurorluğun DİO-nın istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşlarının onu yaşadığı evdən yatılı olduğu vəziyyətdə apardıqlarını, Bərdə Rayon Polis Şöbəsində narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd etdkləri məhkəmə iclasında şahid ifadələri və iş materiallarında olan digər sübularla təkzib olunmuşdur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini özünü müdafiə etmək məqsədi ilə uydurulmuş, gerçəkliyə uyğun olmayan, məhkəməni çaşdırmaq məqsədi güdən ifadə kimi qiymətləndirir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşı İdris Əhmədli tərəfindən təqiblərə məruz qaldığını, saxlanılaraq polis şöbəsinə gətirilməsində sonuncunun da iştirak etdiyini və üzərinə baxış keçirilərkən videoçəkilişin İdris Əhmədli tərəfindən telefon vasitəsilə aparıldığını bildirsə də, məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış protokoluna əlavə edilmiş diskə baxış keçirilərkən baxışda vəkili Müdafiəçi1, Bərdə Rayon Polis Şöbəsinin KTQ-nun baş inspektoru Şahid2, Bərdə Rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid1, Bərdə Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid3 iştirak etdiyi müəyyən olunmuşdur. Həmin vaxt Bərdə Rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş X8 isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsində ümumiyyətlə iştirak etməmişdir. Bundan başqa məhkəmə iclsında şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin KTQ-nun baş inspektoru Şahid2 Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişin onun tərəfindən aparıldığını bildirmiş, digər şahidlər də bu halı təsdiq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs istintaq zamanı dindirilərkən tərtib olunmuş DVD diskə də baxış keçirilmiş, lakin Təqsirləndirilən şəxs göstərdiyi xüsusatların heç biri öz təsdiqini tapmamış, sonuncu törətdiyi cinayət əməlini müdafiəçisinin iştirakı ilə etiraf etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 83,41 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlaması, xx.xx.2024-cü il tarixdə saat 0310 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Qaradəmirçi kəndində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan açıq boz rəngli cins şalvarın sol arxa cibindən 1 (bir) ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bükümdə təmiz çəkisi 83,41 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən, məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikasının Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, o cümlədən başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 noyabr 2024-cü il tarixli, 4965 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri Vaqif küçəsi 7/1 nömrəli evdə qeydiyyatdadır, Bərdə rayonu Qaradəmirçi kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 noyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZE seriyalı 11733393 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2011-ci ildə anadan olmuş X2 “ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs qeyd edilmişdir. AZE seriyalı 11286293 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2012-ci ildə anadan olmuş X3 “ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs qeyd edilmişdir. AZE seriyalı 11733391 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2015-ci ildə anadan olmuş X4 “ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs qeyd edilmişdir. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 08 oktyabr 2024-cü il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs : -Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 221.1, 29, 186.2.2-ci maddələri ilə təqsirli bilinib aylıq qazancının 15% dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.5-ci bəndinə əsasən təyin edilmiş cəzadan azad edilmişdir. -Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. -Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən 03 ay 07 gün müddətə vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.2 və 18.2.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi sayılır. Məhkəmə cəza təyin edərkən CM-nin 83.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunu nəzərə alır və cinayətlərin təhlükəli residivini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla, təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. CM-nin 56.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 11 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2024-cü il tarixdə tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2024-cü il tarixdə Bərdə Rayon Polis şöbəsinin MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bərdə Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalında həbs edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin başlanğıcı 22 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 11 sentyabr 2024-cü il tarixli 16/964 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat 40 qəpik) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 83,33 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 83,33 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat 40 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən təqsirləndirilən şəxs rəsmi qaydada aldığı, digər proses iştirakçıları isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar