Məhkəmə qərarları › İş №1(021)-47/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-47/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-47/2024 28.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X17 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib, 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bərdə şəhəri Füzuli küçəsi məhəllə 5, ev 8-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ Siyahısına əsasən, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 5,15 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 19 noyabr 2023-cü il tarixdə saat 1120 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri Füzuli küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri ünvan 1 ünvanında yerləşən Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 1220 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofanda olan, 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,15 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Bərdə şəhəri Füzuli küçəsində yaşayır. 19.11 2023-cü il tarixdə Bərdə şəhəri Füzuli küçəsi ərazisində dəmir yolun kənarında olmuşdur. Övladına pul vermişdir ki, gedib evə çörək alıb aparsın. Həmin ərazidə dayanıb şərikini gözləmişdir ki, birlikdə işə getsinlər. Onlar dəmir tullantılarının yığıması ilə məşğul olurlar. Bu zaman tanıdığı polis əməkdaşı İdris Əhmədlinin avtomobili gəlib onun yanında saxlamışdır. Avtomobildə olan şəxslər onu çağırmışlar. Onu avtomobilə əyləşdirib Bərdə Rayon Polis Şöbəsinə aparmışlar. Bərdə RPŞ-də üzərinə narkotik vasitəsini qoyaraq onun olmağını etiraf etməsini ona bildirmişlər. Əslində, narkotik vasitəsini tapmamış, narkotik vasitəni onun üzərinə polis əməkdaşları qoymuşlar. İbtidai istintaq zamanı təzyiq və təsir altında ifadə vermişdir. Belə ki, polis əməkdaşları onu polis şöbəsinə gətirərkən onu döymüşlər və narkotik vasitənin ona məxsus olmasını etiraf etməyə onu məcbur etmişlər. Əvvəllər narkotik vasitə metamfetamindən istifadə etmişdir. O, narkotik vasitə aludəçisi deyil. Qara ciyəri xəstədir, ona “Hepatit C” diaqnozu qoyulmuşdur. Uzun müddət istifadə etdiyinə görə marixuananı tanıyır. Əməliyyatçılar avtomobillə gəlmiş, onu çağırmış, o da onların yanına getmişdir. Üzərində narkotik vasitə olsaydı onların yanına getməzdi. İdris Əhmədlinin rəhbərliyi ilə əməliyyat qrupu onun yaşadığı küçəyə gəlmiş, İdris avtomobildən düşməmiş, əməliyyatçılara onu yanına gətirmələrinə göstəriş vermişdir. Polis əməkdaşları da onu tutaraq avtomobilə əyləşdirmiş və polis şöbəsinə gətirmişlər. Qeyd etdiklərinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, o, həmin ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, Bərdə şəhəri ünvan 3 ünvanda yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Evlidir, Hikmət və Əkrəm adında iki oğlu var. Əvvəllər uzun müddət narkotik vasitələrin müxtəlif növlərindən istifadə etmiş, narkotik vasitənin hər hansı növünü heç kimə təklif etməmiş və satmamışdır. Əvvəllər narkotik vasitə istifadə etdiyi üçün xx.xx.2021-ci il tarixdə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə 05 ay əvvəl cəzadan şərti olaraq vaxtında əvvəl azad edilmişdir. xx.xx.2023-cü il tarixdə Bərdə şəhəri Füzuli küçəsi ərazisində “Dəmiryol priyezdi” adlanan ərazidə piyada gəzərkən yerdə bir ədəd kibrit qutusunun olduğunu görmüşdür. Həmin kibrit qutusu diqqətini çəkdiyi üçün yerdən götürərək onu açıb içərisinə baxdıqda içərisində narkotik vasitə hesab edilən marixuana olduğunu aşkar etmişdir. Narkotik vasitə istifadə etdiyi üçün həmin kibrit qutusunu götürərək yaşadığı evə qayıtmışdır. Növbəti gün xx.xx.2023-cü il tarixdə saat 1120 radələrində Bərdə şəhər Füzuli küçəsində piyada hərəkətdə olarkən tanımadığı 2 nəfər mülki şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu ona bildirərək üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu söyləmişlər və birlikdə Bərdə RPŞ-yə gəlmişdir. Şöbədə üzərində videoçəkilişlə şəxsi axtarış aparacaqlarını bildirildikdən sonra ona müdafiəçi siyahısı təqdim edilmişdir. Müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmiş, o, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişlə üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində olan boz rəngli cins şalvarın sol yan cibində içərisində qurudulmuş marixuana olan 01 ədəd kibrit qutusunu könüllü olaraq təqdim etmişdir. Həmin 01 ədəd kibrit qutusunda olan narkotik maddə elektron tərəzidə çəkilərək kağızla birlikdə ümumi çəkisinin 8,3 qram olduğu müəyyən olunmuşdur. Daha sonra isə üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan narkotik maddə, ağ rəngli kağız zərfə qablaşdırılıb möhürlənmişdir. Üzəri tərəfindən imzalanmış və götürülmüşdür. Bundan sonra şəxsi axtarış qurtarmış, video çəkiliş dayandırılmış, protokol tərtib edilmiş və həmin protokola imza etmişdir. Üzərindən başqa hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Özünü təqsirli bilmişdir. Tutularkən və üzərində şəxsi axtarış keçirilən zaman heç bir qanunsuzluğa məruz qalmamışdır. Bir daha bildirir ki, üzərindən aşkar edilmiş qurudulmuş marixuana ona məxsusdur, özünün istifadəsi üçün saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə Rayon Polis X1 Qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadə verərək göstərdi ki, xatırlamadığı tarixdə Bərdə şəhəri Füzuli küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlaması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Tərəflərindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri Füzuli küçəsində saxlanılaraq Bərdə RPŞ-nə gətirilmişdir. Bərdə RPŞ-də Təqsirləndirilən şəxs dövlət hesabına Müdafiəçi dəvət edilməklə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3, Bərdə RPŞ-nin KTQ-nun baş inspektoru Şahid2 və Bərdə rayon Vəkillər Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı X7 tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəklişdən istifadə etməklə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofanın içərisində olan kibrit qutusunu və şalvarın sağ yan cibindən 1 ədəd alışqanı masaının üzərinə qoymuşdur. Sonuncu kibrit qutusunun içərisində marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə “Dəmiryolu priyezdi”nin yanından tapdığını bildirmişdir. Sonuncunun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 8,3 qram olmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofanın içərisində olan kibrit qutusu içərisində olan kütlə ilə birlikdə 1 ədəd kağız zərfə qablaşdırılıb götürülmüşdür. Zərfin üzəri imzalarla təsdiqlənmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmiş, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxsdən narkotik vasitə istifadə edib-etməməsi soruşulmuş, sonuncu narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilməsinə Şahid3lə birgə getmişdir. İdris Əhmədli həmin əməliyyatda iştirak etməmişdir. Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir təzyiq və təsir olmamış, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoyulmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin X3 baş əməliyyat müvəkkili vəzifəsində işləyən X10 ifadə verərək göstərdi ki, aldığı məlumata əsasən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Bərdə RPŞ-nə gətirilmiş və narkotik vasitələrinin istifadəçisi kimi məsuliyyətə cəlb edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməmişdir. Özünün deməsinə görə ağrıları olur və bu səbəbdən narkotik vasitələrindən istifadə edir. Bərdə RPŞ-nin əməliyyatçıları onun xidməti avtomobili ilə ərazilərdə olurlar və həmin avtomobili tanıyırlar. Ola bilsin ki, onun avtomobili olduğundan Təqsirləndirilən şəxs zənn etmişdir ki, o də əməliyyat tədbirində iştirak etmişdir. Lakin o Təqsirləndirilən şəxs saxlanılmasında və Bərdə RPŞ-nə gətirilməsində iştirak etməmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X14 Bölməsinin 20 noyabr 2023-cü il tarixli 16/1194 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində ‘‘Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuanaya bənzər kütlə” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd səffaf sellofanda olan 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,15 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. -Marixuananın təmiz çəkisi 5,15 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 5,13 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 18 dekabr 2023-cü il tarixli, 2062 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərində narkotik vasitə olmadığını, narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu və polis əməkdaşları tərəfindən döyülərək ona təzyiq və təsir göstərildiyinə görə narkotik vasitənin ona məxsus olduğunu zorla etiraf etməyə məcbur edildiyini bildirmişdir. Qeyd olunan halların araşdırılması ilə bağlı Bərdə Rayon Prokurorluğuna, Bərdə RPŞ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə 2 saylı İstintaq Təcridxanasına sorğular göndərilmişdir. Bərdə Rayon Prokurorluğunun 02 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Bərdə Rayon Polis şöbəsində döyülməsi və təzyiqlər nəticəsində etiraf etməyə məcbur edilməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılmamışdır. Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabından görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2023-cü ildə saat 1925-də Bərdə Rayon Polis Şöbəsində tibbi müayinədən keçirilmiş, lakin üzərində xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə 2 saylı İstintaq Təcridxanasının 30 yanvar 2024-cü il tarixli 3-16-17/39/2-491/2024 saylı məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 2 saylı İstintaq Təcridxanasına daxil olmuşdur. Daxil olarkən bədəni üzərində ilkin tibbi baxış keçirilmiş və heç bir xəsarət aşkar olunmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin (vəkilin) iştirakı ilə bir neçə dəfə dindirilmiş, lakin müdafiəçisinə (vəkilinə) polis əməkdaşları tərəfindən döyülməsi, o cümlədən digər qaydada təzyiq və təsirə məruz qalması barədə məlumat verməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar məhkəmə istintaqı dövründə aparılan araşdırma ilə sübut olunmamışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini özünü müdafiə etmək məqsədi ilə uydurulmuş, gerçəkliyə uyğun olmayan, məhkəməni çaşdırmaq məqsədi güdən ifadə kimi qiymətləndirir. Bundan başqa Təqsirləndirilən şəxs onun Bərdə şəhəri Füzuli küçəsindən əvvəllər tanıdığı polis əməkdaşı İdris Əhmədli tərəfindən saxlanılaraq Bərdə RPŞ-nə gətirildiyini bildirmişdir. Bununla bağlı Bərdə RPŞ-nin X3 baş əməliyyat müvəkkili vəzifəsində işləyən X10 məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş, sonuncu Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmədiyini, lakin əməliyyatçının ona məxsus avtomobillə gedərək Təqsirləndirilən şəxs saxlayaraq Bərdə RPŞ-nə gətirdiyini bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ Siyahısına əsasən, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 5,15 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlaması, 19 noyabr 2023-cü il tarixdə saat 1120 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri Füzuli küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri ünvan 1 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 1220 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofanda olan, 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,15 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələrin onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, o cümlədən başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 dekabr 2023-cü il tarixli 6018 nömrəli arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri Füzuli küçəsi məhəllə 5, ev 8-də yaşayır. Ailə üzvləri: arvadı-1991-ci il təvəllüdlü X2, oğlu-2007-ci il təvəllüdlü X6 və oğlu-2008-ci il təvəllüdlü X4 ibarətdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZE seriyalı 11672074 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X9 xx.xx.2007-ci ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs, “ana” qrafasında anası kimi Əminə Abbasova qeyd edilmişdir. AZE seriyalı 11672021 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X8 xx.xx.2008-ci ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs, “ana” qrafasında anası kimi Əminə Abbasova qeyd edilmişdir. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 1(100)-301/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 aprel 2021-ci il tarixdən 21 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin başlanğıcı 01 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 30 dekabr 2023-cü il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərarı ilə 05 ay müddətinə cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs məhkumluğunu nəzərə alaraq, CM-nin 83.1-ci maddəsinə əsasən cinayətlərin residivini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla, təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. CM-nin 56.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 19 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2023-cü il tarixdə tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Bərdə Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş, Azərbaycan Resbulikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbs etmənin əvvəlinin 19 noyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 19 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan o, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 20 noyabr 2023-cü il tarixli 16/1194 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat 40 qəpik) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 5,13 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 5,13 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat 40 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən təqsirləndirilən şəxs rəsmi qaydada aldığı, digər proses iştirakçıları isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar