Məhkəmə qərarları › İş №1(021)-48/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-48/2022

16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-48/2022 16.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Bərdə rayonu, Mollaisalar kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu, Mollaisalar kəndində qeydiyyatda olmaq-la həmin kənddə yaşayan,barəsində“polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2021-ci il tarixdə, saat 01 radələrində özgə əmlakını qəsdən gizli talamaq məqsədilə Bərdə rayonu Mollaisalar kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin həyətində yerləşən saxlanc yeri hesab olunan tövləyə qapısından qanunsuz daxil olmaqla oradan bir baş 1200 (bir min iki yüz) manat dəyərində inəyi gizli yolla talayıb Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Mollaisalar kəndində anadan olmuş və həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, Zərərçəkmiş şəxs tanıdığını və həmkəndlisi olduğunu bildirmişdir. 02 mart 2021-ci il tarixdə saat 01 radələrində yaşadığı kənddə yerləşən evinə getmək istədiyini, lakin fikrindən daşınıb nənəsigilin yaşamadığı evə getdiyini, nənəsinə məxsus evin həyətində yerləşən tövlədə həmkəndlisi Rafiqə məxsus heyvanların olduğunu və orada iribuynuzlu heyvanlar saxladığını demişdir. Elgiz həyətə məhlə tərəfdə dəmir setka ilə düzəldilmiş qapıdan keçdiyini, həyətdə gəzdikdən sonra ətrafa baxıb heç kimin olmadığını, havanın qaranlıq olduğunu, tövlənin qapısının qarşısına gəldiyini, həmin tövlənin dəmir qapısı aralı olduğunu və dəmir qapını açıb oğurluq etmək üçün tövləyə daxil olduğunu, tövlədə 4-5 heyvan olduğunu, tövlənin qapısının yanında oxura bağlanan inəyi görüb onun kəndirini açdığını, inəyi tövlədən çıxarıb yaşayış evinin yan tərəfində dəmir setkadan düzəldilmiş giriş qapısından çıxarıb evin arxa tərəfinə sahəliyə tərəf apardığını bildirmişdir. Sonra o apardığı inəyi əlində saxladığı kəndir ilə birlikdə sahədə buraxıb öz yaşadığı evə getmişdir. O, həmin vaxtı içkili vəziyyətdə olduğunu nə etdiyini bilməmişdir. Səhəri gün yəni 02 mart 2021-ci il tarixdə yaşadığı kənddə evlərinə yaxın sahəlikdə polis əməkdaşları ona yaxınlaşaraq ondan ad və soyadını soruşmuşlar. O polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğunu demiş, polis əməkdaşları ona Rafiqin bir baş inəyinin oğurlanmasını deyib həmin işdə şübhəli olduğu üçün polis şöbəsinə getməyini bildirmişlər. O etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə Bərdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində o hər şeyi könüllü etiraf edərək həmkəndlisi Zərərçəkmiş şəxs məxsus bir baş inəyi tövlədən oğurladığını və həmin gecə inəyi sahəliyə buraxdığını demişdir. O, Rafiqin bir baş inəyi sahədən tapdığını, oğurluq hadisəsini tək törətdiyini, oğurluq etməyindən heç kəsin xəbəri olmadığını, oğurladığı bir baş inəyi yaşadığı kənddə otlaq sahəsinə buraxdığını, başqa oğurluq hadisəsi törətmədiyini, içkili olduğu üçün törətdiyi əməldən peşiman olduğunu bildirmişdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Bərdə rayonunda anadan olmuş, Birinci Qarabağ müharibəsi veteranıdır və yaşadığı kənddə təsərrüfatla məşğul olur. Yaşadığı evin yanında yaşayış evi və yaşayış evinin həyətində heyvan saxlamaq üçün tövlə var. Orada yaşayış evi olsa da yararsız olduğu üçün heç kim yaşamır. Həmin evdə yaşayış olmadığı üçün ev sahibi Rizvana orada olan boş tövlədə heyvan saxlamağını demiş, Rizvan onunla razılaşıb orada heyvan saxlamağına etiraz etməmiş, həmin yaşayış evinə də baxmağını bildirmişdir. O həmin evin həyətində yerləşən tövlədə 5-6 inək saxlamışdır. O, həmin həyətə dəmir setkadan düzəldilmiş qapıdan keçid olduğunu, 02 mart 2021-ci il tarixdə saat 7 radələrində yaşadığı evdən çıxıb həmin tövləyə heyvanları yemləmək üçün getdiyini, tövlənin dəmir qapısının açıq olduğunu görüb içəri daxil olanda qapının girəcəyinə bağladığı bir baş inəyin olmadığını görmüşdür. İnəyin kəndiri oxurdan açıldığı üçün heyvanın açılıb getdiyini zənn etmiş, tövlədən çıxaraq inəyi axtarmağa başlamışdır. O, oğurlanmış inəyi tapmadığı üçün DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Məlumat verdikdən sonra polis əməkdaşları gəlmiş, onun ifadəsini və ərizəsini almışlar. O yenə də inəyi axtarmağa başlamış, oğurlanmış inəyi kənd camaatı Göyüşlü kəndi ərazisində taparaq ona məlumat vermişdilər. O, həmin yerə gedib inəyi ona məxsus olduğunu görmüş və oğurlanmış inəyi yaşadığı evə aparmışdır. Sonradan polis şöbəsində ona inəyi oğurlayan şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu bildirmişdilər. O, Təqsirləndirilən şəxs onun həmkəndlisi və qonşusu olduğunu, ona məxsus bir baş inəyi tapdığını və hal-hazırda Elgizdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadə verərək bildirdi ki, o, X7 2004-cü il tarixdən, hazır ki vəzifəsində isə 2017-ci il tarixdən xidmət edir. 02 mart 2021-ci il tarixdə Bərdə Rayon Polis Şöbəsinə Zərərçəkmiş şəxs Bərdə rayonu Mollaisalar kəndində yerləşən evin həyətində olan tövlədən bir baş iri buynuzlu heyvanının oğurlanması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında verilmiş əməliyyat tapşırığına uyğun olaraq tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirlərinin nəticəsində, həmçinin agentur məlumat-larla Zərərçəkmiş şəxs məxsus bir baş iribuynuzlu inəyin Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. O, əməliyyat tapşırığı əsasında müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs oğurluq hadisəsini tək törətmiş və hadisədən sonra bir baş iri buynuzlu heyvanı Bərdə rayonu Mollaisalar kəndi ərazisində yerləşən otlaq sahəsinə buraxmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadə verərək bildirdi ki, o, Bərdə rayonu Mollaisalar kəndində anadan olmuş, hazırda ailə üzvləri ilə birlikdə Bərdə rayon Mollaisalar kəndində yaşayır. xx xxxxxx 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs onun doğma oğludur, subaydır, heç bir yerdə işləmir. 02 mart 2021-ci il tarixdə o işdə olan zaman evdən ona zəng gələrək oğlu Elgiz qonşusu Zərərçəkmiş şəxs məxsus inəyi oğurladığını bildirmişlər. O, dərhal yaşadığı evə gəlmiş, həmin vaxtı polis əməkdaşları oğlu Elgizi rayon polis şöbəsinə gətirdikləri üçün onu görməmiş, sonra o Bərdə rayon polis şəbəsinə gəlmiş, orada oğlu Elgizlə görüşmüş, Elgiz ona qonşusu Rafiqin bir baş inəyini oğurladığını demişdir. Elgiz ona həmin vaxtı içkili olduğu üçün özündə olmadığını, səhv etdiyini və inəyi kənddə yerləşən otlaq sahəsinə buraxdığını bildirmişdir. O, sonradan yaşadığı kəndə getdiyini, orada Rafiq oğurlanmış inəyini sahədən tapdığını, Rafiq ona Elgizin içkili olduğunu, səhv etdiyi üçün ondan şikayət və tələbinin olmadığını bildirmişdir. O, həmin hadisədən sonra Elgizi səhv etdiyi üçün danlamış, Elgiz ona həmin gecə içkili olduğu üçün nə etdiyini bilməmiş, ayılanda etdiyi səhvi başa düşdüyü üçün oğurladığı inəyi otlaq sahəsinə buraxmış, etdiyi əməldən peşiman olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksper-tizası Mərkəzinin 16 may 2021-ci il tarixli 9/2234 nömrəli rəyindən görünür ki, bir baş qara rəngli, 6-7 yaşlı, təmiz ət çıxarı 130-140 kilo inəyin 2021-ci ilin mart-iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1200 (bir min iki yüz) manat müəyyən edilir. İş materiallarında olan 05 yanvar 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bərdə rayonu Mollaisalar kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus heyvanların saxladığı tövlədir. İş materiallarında olan 03 yanvar 2022-ci il tarixdə verilmiş əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin 07 yanvar 2022-ci il tarixdə verilmiş cavabından görünür ki, Zərərçəkmiş şəxs məxsus Bərdə rayonu Mollaisalar kəndinin ərazisində yerləşən tövlədən bir baş 6-7 yaşı olan qara rəngli, 130-140 kiloqram, boğaz inəyi oğurlayan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs oğurluq cinayət əməlini tək törətmiş, onun əvəlcədən əlbir olan bir qrup şəxs qismində birləşərək cinayət əməlini törətməsi müəyyən edilməmişdir. İş materiallarında olan Bərdə rayon İcra hakimiyyətinin Bərdə rayon Kolayır kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Mollaisalar kəndinə qeydiyyatdadır və yaşayır. Həmin tarixli xasiy-yətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 14 yanvar 2022-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs oğurladığı bir baş 6-7 yaşı olan qara rəngli, 130-140 kiloqram, boğaz inək cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün qəbzlə sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən X11 oğlunun adına alınmış tələbnamədən də göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti başçısının Kolayır kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 21 saylı 12 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin nümayəndəliyinin qeydiyyatındadır və hal-hazırda Bərdə rayonu, Mollaisalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti başçısının Kolayır kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xasiyyətnamədən görünür ki, xx xxxxxx 1998-ci ildə Bərdə rayon Mollaisalar kəndində anadan olmuş, 2005-cı ildə Mollaisalar kənd tam orta məktəbin birinci sinifinə daxil olub və həmin məktəbin Xİ sinifini bitiribdir. Sakin nümayəndəlik tərəfindən verilmiş tapşırıqlara vaxtı-vaxtında əməl etmişdir. Spirtli içkilərə və narkotik vasitələrə meyillli deyildir. Vətandaş ümumiyyətlə müsbət xarakterizə olunana bir vətandaşdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetər-lilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni,qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə 02 mart 2021-ci il tarixdə, saat 01 radələrində özgə əmlakını qəsdən gizli talamaq məqsədilə Bərdə rayonu Mollaisalar kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin həyətində yerləşən saxlanc yeri hesab olunan tövləyə qapısından qanunsuz daxil olmaqla oradan bir baş 1200 (bir min iki yüz) manat dəyərində inəyi gizli yolla talayıb Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurlamışdır. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı,cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduqları əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq barələrində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzalsarının təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliy-yətinin diferensasiyası,cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fər-diləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differen-siasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X10rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsi cəzasını yüngülləşdirən haldır. İş materiallarında olan 08 fevral 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş X5 ərizəsindən görünür ki, X8, Təqsirləndirilən şəxs ilə barişmışlar. Təqsirləndirilən şəxs heç bir şikayət, tələb və iddiası yoxdur. Çünki,cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərini etiraf etmələri, onların ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirmələri tutduqları əməllərə görə özü-özlərini məzəmmət etdiklərini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxslər tərəfindən törətdikləri cinayət əməllərini səmimi etiraf edərək, peşmançılıq hissi keçirmələri törətdikləri cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsində 02 mart 2021-ci il tarixdən 04 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən halları, ağırlaşdıran haların olmamasını və işin digər hallarını nəzərə alaraq ona cinayət əməllərinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırıması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdir-ilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyul-muşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barələrində azadlığın məhdudlaşdırılması növündə cəzaların təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxslərə təyin edilən cəzaların əsas fəlsəfəsi onları yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirəndirilən şəxslər Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məh-dudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı onun yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir baş 1200 (bir min iki yüz) manat dəyərində olan inəyin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun Bərdə Rayon Polis Şöbəsində 02 mart 2021-ci il tarixdən 04 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə Bərdə rayonunun Mollaisalar kəndi yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir baş 1200 (bir min iki yüz) manat dəyərində olan inəyin Zərərçəkmiş şəxs qaytarıldığından müvafiq olaraq sonuncunun sərəncamına verilmiş hesab olunsun. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar