Məhkəmə qərarları › İş №1(021)-49/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-49/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-49/2023 22.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: X6, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1984-cü il tarixdə Tərtər rayonu İlxıçılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam оrta təhsilli, subay, himayəsində 2 uşağı olan, işləməyən, əvvəllər məhkumluğu olmayan, Tərtər rayonu İlxıçılar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs kifayət qədər toplanmış istintaq sübutları ilə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Bеlə ki, Təqsirləndirilən şəxs 09 iyul 2022-ci il tаriхdə sааt 13 rаdələrində qayınatası Şahid1 yaşadığı Bərdə rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinə gələrək, həmin evin yataq otağında arvadı X6 ilə şəxsi münasibətlər zəminində, ondan icazəsiz ata evinə gəlməsinə irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi istintaqla müəyyən olunmayan bıçaq ilə İlahə Abbasovanın boyun nahiyəsinə qəsdən bir dəfə vuraraq ona boyunun arxa səthinin və başın sol ön təpə nahiyəsinin kəsilmiş yaraları xəsarətləri ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs cinayət işi üzrə ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Tərtər rayonu İlxıçılar kəndində yaşayır. 2-ci qrup əlildir, təqaüd alaraq dolanır və öz həyətində kənd təsərrüfatı ilə məşğul olur. X6 ilə 2009-cu ildə ailə həyatı quraraq evlənmişlər. Birgə nikahlarından 2 övladları dünyaya gəlmişdir. 6 il bundan qabaq İlahə evdən qaçdığı üçün ondan boşanmışdır. Lakin anasının təkidi ilə o yenidən İlahə ilə nikah bağlayaraq, ailə kimi yaşamışlar. 28 iyun 2022-ci il tarixdə axşam saat 22 radələrində arvadı İlahə Abbasova cibindən 200 manat pul götürərək evdən qaçmışdır. Nə qədər axtarsa da 2 gün ərzində İlahəni tapa bilməmişdir. Məcbur qalıb Tərtər rayon polis şöbəsinə müraciət etmişdir. 3 gün sonra İlahənin bacısı Gülnarənin ***-***-**-** saylı nömrəsindən “1000 manat pul hazırlayın yoxsa bacın öləcək, bacın əlimdə bunlar hamısı sənə görə oldu hamısı siz Gülnara deməsəydin qızışmasaydın bacının dünən əlinə nəşə vermişdim apar sarayın yanda parkda sat dünən oranın polisi tutmuşdu dünən bajını sonra buraxdılar bunlar hamısı sənə görə oldu, bajın əlimdə”-sözləri olan sms gəlmişdir. O, İlahənin evə qayıtmadığını görüb, 02 iyul 2022-ci il tarixdə boşanma ilə bağlı Mediasiya xidmətinə müraciət etmişdir. 02 iyul 2022-ci il tarixdə həm də Gülnarın nömrəsinə hesab nömrəsi gəlmiş ki, həmin nömrəyə pul göndərilsin. Tərtər rayon polis şöbəsi əməkdaşlarının köməkliyi ilə 04 iyul 2022-ci il tarixdə saat 15-16 radələrində X8 rayonu ərazisində tutularaq Tərtər rayon polis şöbəsinə gətirilmişdir. Həmin tarixdən İlahə atası Sadıq yaşayan Bərdə rayonu Muğanlı kəndində yaşamağa davam etmişdir. Hadisə baş verən gün, yəni 09 iyul 2022-ci il tarixdə İlahənin bacısı Gülnar ona zəng edərək, ondan İlahənin qonşudan götürdüyü kosmetika materiallarına görə olan borcunu yazdığı kitabçanı gətirməyini xahiş etmişdir. O, həmin kitabçanı götürüb qaynatası Sadıq yaşayan Bərdə rayonu Muğanlı kəndinə gəlmişdir. O, qaynatası Sadıq gilə gələndə evdə qonaqlarının olduğunu görmüşdür. Sadıqa İlahəyə söz deyəcəyini bildirmiş və İlahə ilə görüşmək üçün icazə almışdır. Sonra İlahə yatan yataq otağına daxil olan zaman İlahənin yatağa uzanmış vəziyyətdə olduğunu görmüşdür. İlahə onu görən kimi ayağa qalxıb yatağın üzərində oturmuşdur. Onunla birlikdə qaynanası Sədaqət də içəri girmişdir. O, İlahəyə “sənin kimi adam mənim uşaqlarımın anası ola bilməz, məsələ bitdi”. Bircə mənə maraqlıdı ki, sən 28 iyun 2022-ci il tarixdə saat 22 radələrində evdən qaçandan sonra növbəti günün saat 12 radələrinə kimi nənəliyin Mətanətin evinə gələnə kimi, kim gildə qalmısan”. İlahə danışmaq istəyəndə qayınanası Sədaqət yüksək səslə qışqırmağa başlamışdır. Onun psixoloji problemləri olduğu üçün Sədaqətin qışqırığı onu əsəbləşdirmiş və özündən çıxmışdır. Üzərində olan suvenir alışqan-bıçağı çıxarıb arvadı İlahəyə boyun və baş nahiyəsindən xəsarət yetirmişdir. Otaqdan çıxarkən qaynatası Şahid1la qarşılaşmış, Sadıq onu tutarkən ona da xəsarət yetirmişdir. Əsəbləşəndə etdiyi hərəkətləri dərk etmədiyi üçün İlahəyə və Sadıqa bıçaqla necə xəsarət yetirməyini, evdən hansı şəraitdə və necə çıxmağını xatırlamır. Zərərçəkmiş şəxslə barışmağa çalışmasına və sağlamlığına vurduğu zərərin bir qismini ödəməsinə baxmayaraq zərərçəkmiş şəxslə barışığı baş tutmamışdır. Hal-hazırda əməlindən peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2009-cu il tarixdə ailə həyatı qurmuşdur. 2017-ci il tarixdə Rəşad onu tez-tez döydüyü üçün Rəşaddan rəsmi olaraq boşanmışdır. 16 may 2017-ci il tarixdə isə yenidən Rəşad ilə barışaraq rəsmi nikaha girmişdir. Dəfələrlə əri Rəşad onu döydüyü üçün qonşuların evinə, ata evinə qaçıb getmişdir. 28 iyun 2022-ci il tarixdə gündüz saatlarında əri Rəşad onu səbəbsiz yerə döymüşdür. Həmin tarixdə axşam saat 22 radələrdində Rəşad heyvanları nobatdan gətirdikdən sonra yenidən onu döydüyünə görə evdən qaçmaq qərarına gəlmişdir. O yaşadıqları Tərtər rayonu İlxıçılar kəndində evdən çıxıb, yaşadığı ünvanın qarşısında əvvəllər tanımadığı taksi xidməti göstərən avtomobilə əl etmişdir. Həmin avtomobil ilə Bərdə rayonu Muğanlı kəndinə nənəsi Mətanətin evinə gəlmişdir. O dəfələrlə evdən qaçıb atasıgilə gəlmiş, atasıgil də onu ər evinə qaytardıqları üçün o bu dəfə nənəsigilə getdiyini atası Sadıqa bildirməmişdir. 04 iyul 2022-ci il tarixdə saat 15-16 radələrində Tərtər rayon polis şöbəsinin əməkdaşları nənəsinin evinə gələrək onu Tərtər RPŞ-nə aparmış, daha sonra onu atası Sadıqa təhvil vermişlər. Hadisə baş verən gün 09 iyul 2022-ci il tarixdə saat 13 radələrində atası Sadıqın yaşadığı ünvanda yataq otağında uzanan zaman Rəşad qəfildən otağa daxil olmuş və “nəyə görə evdən qaçmısan” sualını vermişdir. O Rəşada “dözə bilmədim, məni bütün günü döyürsən ona görə evdən qaçmışam”-demişdir. Rəşad onun cavabından əsəbləşərək cibindən bıçaq çıxartmışdır. X14 “bıçağı qoy cibinə uşaqlarınız var, ən yaxşısı boşanmaqdı”-demişdir. Rəşad yenidən bıçağı cibindən çıxardanda anası otaqdan çıxıb kömək çağırmağa getmişdir. Rəşad ona yaxınlaşıb saçından tutub boyun nahiyəsini bıçaqla kəsmiş, həm də baş nahiyəsinə bıçaqla xəsarət yetirmişdir. Rəşad həm də o qışqırmasın deyə ağzını əli ilə bağlamışdır. Aldığı xəsarətdən huşunu itirmişdir. Huşu özünə gələndə Bərdə rayon Xəstəxanasında olduğunu görmüşdür. Rəşadın onu dəfələrlə döyməsindən bezmişdir. Sonradan atası Sadıq Rəşadı evdən çölə çıxartmaq istəyərkən Rəşad atası Sadıqın qol nahiyəsinə xəsarət yetirdiyini öyrənmişdir. 07 iyul 2022-ci il tarixdə boşanma ilə bağlı Mediasiya xidmətinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ilə barışmamışdır. Odur ki, məhkəmədən təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsini xahiş etdi. İş üzrə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Bərdə rayonu Muğanlı kəndində yaşayır. İlahə Abbasova qızıdır. Təqsirləndirilən şəxs isə yeznəsidir. 09 iyul 2022-ci il tarixdə qardaşı arvadı Həqiqət Rusiya Federasiyasından qonaq gəlmişdir. Saat 13 radələrində qonaqlarla birlikdə evin eyvanında oturan zaman kürəkəni Təqsirləndirilən şəxs evinə gəlmişdir. Arvadı Şahid2 çay gətirmiş və 5-10 dəqiqə ərzində çay içdikdən sonra Rəşad ona müraciət edərək “dayı olar İlahəyə söz deyim?” demişdir. O, icazə verdikdən sonra Rəşad içəri daxil olmuş və 5 dəqiqə sonra arvadı Sədaqət “Sadıq Rəşad qızı öldürür”-deyə qışqırmışdır. O içəri evə daxil olmuş və Rəşad əlində bıçaq evdən çıxmağa çalışdığını görən zaman Rəşadın qollarından tutmuşdur. Rəşad əlindən çıxmağa çalışarkən bıçaqla sağ və sol dirsək nahiyələrinə yüngül xəsarət yetirmişdir. 2-3 dəqiqə sonra arvadı Sədaqət “qız öldü”-deyə qışqırmışdır. O Rəşadı buraxıb qızı olan otağa keçmiş, İlahə böyrü üstə al qan içərisində yataqda uzanmışdır. İlahənin huşu özündə olmamışdır. Rəşad İlahənin boyun nahiyəsini bıçaqla vuraraq kəsmişdir. Sonra İlahəni xəstəxanaya çatdırmışdır. Ümumiyyətlə yeznəsi Rəşad ilə İlahə arasında münasibətlər soyumuş, 2022-ci ilin dekabr ayında nikahları məhkəmədə pozulmuşdur. 28 iyun 2022-ci il tarixdən qızı İlahə Rəşad ilə münasibətləri korlandığı üçün onlarda qalır. Əvvəllər də yeznəsi Rəşad dəfələrlə qızı İlahəni döymüş, İlahə də bezdiyi üçün Rəşaddan boşanmaq istəmiş, Rəşad boşanmaq istəmədiyi üçün qızı İlahəni bıçaqla vurmuşdur. İş üzrə şahid qismində ifadə vermiş Şahid2 və Şahid3, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən ibtidai istintaqda verdiyi ifadələri tədqiq və elan edilmiş Şahid4 və Şahid5 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş “MTE və PA” ETT birliyinin Bərdə rayonlararası zona mərkəzinin xx.xx.2022-ci il tarixli 502 nömrəli rəyindən görünür ki, vətəndaş X3 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - boyunun arxa səthinin və başın sol ön təpə nahiyəsinin kəsilmiş yaraları kəsici təsir göstərə bilən alət, ola bilsin bıçaq təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinə əlavə edilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, cinayət hadisəsinin törədilməsində Təqsirləndirilən şəxs heç kəs köməklik göstərməmiş, həmin cinayəti tək törətmiş, rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməmişdir. Həmin hadisə zərər çəkmiş şəxs İlahə Abbasova ilə Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə olmasına görə baş vermişdir. Sözügedən hadisə yerində Təhlükəsiz Şəhər kameralarından və əlavə digər əhatə edən müşahidə kameralarından görüntülərin olması müyyən edilməmiş, hadisə zamanı ictimai qayda kobud surətdə pozulmamışdır. Təqsirləndirilən şəxs hadisə törədərkən istifadə etdiyi suvenir alışqanlı bıçağın yerini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinə əlavə edilmiş X6 ilə Təqsirləndirilən şəxs arasında aparılmış xx.xx.2022-ci il tarixli 602 saylı üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, hər iki tərəf Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Şahid1 Bərdə rayonu Muğanlı kəndində yerləşən evində İlahə Abbasovanın boyun və baş nahiyəsinə bıçaqla xəsarət yetirməsini təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Tərtər RİHB-nın Azad Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xx.xx.2022-ci il tarixli, 556 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayonunun İlxıçılar kəndində arayışda adları göstərilən ailə üzvləri ilə birlikdə yaşayır. Cinayət işinin materiallarına əlavə edilmiş Tərtər RİHB-nın Azad Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Tərtər rayonunun İlxıçılar kəndində özünü yaxşı gənc kimi aparır, başqalarına nümunə olmağa çalışır. Qonşuları və həmyaşıdları ilə münasibəti yaxşıdır. O ictimai işlərdə və kütləvi tədbirlərdə fəal iştirak edir. Barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Tərtər rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 arasında 16 may 2017-ci il tarixdə Tərtər rayon Qeydiyyat Şöbəsində 34 nömrə ilə qeydə alınmış nikah qeydinin pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X2 ataları Təqsirləndirilən şəxs yanında saxlanılması və 50 manat mediasiya sessiyasına çəkilən xərcin İlahə Abbasovadan tutulması qət edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2-ci maddəsinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, material üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 09 iyul 2022-ci il tаriхdə sааt 13 rаdələrində qayınatası Şahid1 yaşadığı Bərdə rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinə gələrək, həmin evin yataq otağında arvadı X6 ilə şəxsi münasibətlər zəminində, ondan icazəsiz ata evinə gəlməsinə irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi istintaqla müəyyən olunmayan bıçaq ilə İlahə Abbasovanın boyun nahiyəsinə qəsdən bir dəfə vuraraq ona boyunun arxa səthinin və başın sol ön təpə nahiyəsinin kəsilmiş yaraları xəsarətləri ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Həmçinin, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspertin rəyi və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsini və aylıq qazancından 20 (iyirmi) faizi məbləğində pulun dövlət nəfinə tutulmasını ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-in 128-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxsə ağır cəzanın təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırki cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X10rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun himayəsində iki uşağının olmasını, onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşmançılıq hissi keçirməsini və məhkumluğunun olmamasını CM-in 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən digər hallar da məhkəmə tərəfindən nəzərə alına bilər. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlinə görə peşmançılıq hissi keçirməsi onu törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən digər təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs оğlunun CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. CM-nin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsi ilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə, işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkum məşğulluq xidməti orqanının ona təklif etdiyi işdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. CPM-in 353.4.12-ci maddəsinə əsasən məhkəmənin hökmü qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli və cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə ekspertiza xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Tərtər rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar