Məhkəmə qərarları › İş №1(021)-49/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-49/2025

17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-49/2025 17.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Bərdə Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 02 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin 7(021)- 39/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azadılmış və cəza müddətinin sonu ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Bərdə rayon icra və probasiya şöbəsində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərin qeydiyyat kitabından qeydiyyatdan çıxarılmış, məhkumğulu ödənilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 7,94 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 10 oktyabr 2024-cü il tarixdə saat 18:40 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 7,94 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanda yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. 09 oktyabr 2024-cü il tarixdə Bərdə-Tərtər yolunun üzərində yerləşən dəmiryolu relslərinin ətrafında piyada gəzərkən yerdə şəffaf rəngli sellofanın içərisində 01 ədəd şübhəli kibrit qutusu görmüşdür. Həmin kibrit qutusunu açıb içərisinə baxdıqda narkotik vasitə hesab edilən marixuana olduğunu aşkar etmişdir. İçərisində narkotik vasitə hesab edilən marixuana olan kibrit qutusunu cibinə qoymuşdur. Həmin narkotik vasitəni yaşadığı evə gətirmiş və bir dəfə istifadə etmişdir. 10 oktyabr 2024-cü il tarixdə axşam saatlarında tapmış olduğu narkotik maddə hesab edilən marixuana üzərində olarkən Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsi ərazisində tanımadığı 2 nəfər mülki şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişdirlər. Polis əməkdaşları onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu bildirmişdirlər və onlar birlikdə Bərdə RPŞ-yə gəlmişdirlər. Polis şöbəsində üzərində videoçəkilişlə şəxsi axtarış aparacaqlarını bildirmişdirlər. Buna görə də ona müdafiəçi siyahısı təqdim edilmişdir. O, müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmiş və müdafiəçi ilə ünsiyyət saxlamışdır. Daha sonra şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, üzərində olan narkotik vasitəni, əynində olan göy rəngli şalvarın sağ yan cibindən çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmçinin həmin şalvarın sağ yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefonu və sağ arxa cibindən 04 ədəd 1 manatlıq pul əskinaslarını masanın üzərinə qoymuşdur. Həmin narkotik maddə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 10,69 qram olduğu müəyyən olunmuşdur. Daha sonra isə üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan narkotik maddə 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb möhürlənmişdir. Üzəri imzalanmış və götürülmüşdür, ekspertizaya göndəriləcəyi bildirilmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilmiş, üzərindən hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 01 (bir) qutu siqaret, 01 (bir) ədəd alışqan, 01(bir) ədəd ətir, 2 (iki) manatlıq kağız pul əskinasları və 01 (bir) ədəd dəsmal iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş və o, həmin protokola imza etmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, üzərindən aşkar edilərək götürülmüş 1(bir) ədəd kibrit qutusunun içərisində olan narkotik maddə hesab edilən marixuanaya bənzər kütləni 09 oktyabr 2024-cü il tarixində Bərdə-Tərtər yolunun üzərində yerləşən dəmiryolu relslərinin ətrafında yerdən tapmışdır. O, həmin narkotik vasitədən hər hansı bir şəxsə verməmiş və satmamışdır. O, saxlanılaraq Bərdə rayon polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona hər hansı zor və ya fiziki quvvə tətbiq olunmamışdır. O, narkotik vasitəni tanıdığından həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadəsi, şəxsi axtarış və götürmə aparlması haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istitaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 10 oktyabr 2024-cü il tarixdə Bərdə rayonu ərazisində narkotik vasitələrin əldə edilməsi, saxlanmasında şübhəli bilinən, xx.xx.1984-cü il təvəllüdlü Bərdə şəhəri, Nəsimi küçəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. 10 oktyabr 2024-cü il saat 18:40 radələrində Təqsirləndirilən şəxs Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ərazisində saxlanılmış və Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis kapitanı Şahid2 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu masanın üzərinə qoymuş və içərisində qurudululmuş marixuana olduğunu söyləmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin şalvarın sağ yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefonu, sağ arxa cibindən isə 04 ədəd 1 manatlıq pul əskinaslarını masanın üzərinə qoymuşdur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə 01(bir) ədəd kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 10,69 qram olduğu müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə 01(bir) ədəd kibrit qutusu ilə birlikdə 1 ədəd kağız zərfə qoyularaq üzəri DİNin 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmçinin 01 ədəd “Nokia” markalı mobil telefon da ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. X7 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşı tərəfindən baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmiş, lakin üzərindən əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edib-etməməsi və kiməsə narkotik vasitə satıb-satmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu bildirmiş, lakin heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı zor tədbiq olunmadığını, həmin sellofan bükülünün özünə məxsus olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. X7 tərəfindən proses iştirakçılarından hər hansı bir qeyd və ya etirazın olub-olmaması soruşulmuşdur. Proses iştirakçıları hər hansı bir etiraz və qeydlərinin olmadığını bildirmişdirlər. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatmış, videoçəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Bərdə rayon PŞ-nin KTQ-nun baş inspektor-kriminalisti vəzifəsində işləyən, polis kapitanı Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərilənləri tam təsdiq etmişdirlər. Cinayət işinin 1-ci vərəqəsində olan 11 oktyabr 2024-cü il tarixli cinayət işi başlanması və aidiyyati üzrə göndərmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 11 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin 7-49-cu vərəqəsində olan materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb 10 oktyabr 2024-cü il tarixdə saat 18:40 radələrində Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, saxlanılmasında və istifadəsində şübhəli bilinən ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 7,94 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 15-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 10 oktyabr 2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 60-61-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 71-72-ci vərəqələrində olan 12 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2024-cü il tarixdə Bərdə RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 110-111-ci vərəqələrində olan “MTE və PA” ETT birliyinin Bərdə rayonlararası zona mərkəzinin xx.xx.2024-cü il tarixli 805 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 46-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 11 oktyabr 2024-cü il tarixli 16/1011 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində, “....Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə..” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 7,94 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi-7,94 qram, tədqiqata sərf edildi-0,03 qram, qalıq- 7,91 qramdır. (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir) Cinayət işinin 116-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserinin 18 dekabr 2024-cü il tarixli 1997 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narktoik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 87-93-cü vərəqəsində olan Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(021)101/2021 saylı hökümünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 85-86-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 02 ay müddətində azadlıqdan məhrumetnə cəzasına məhkum edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Bərdə Rayon Məhkəməsinin 1(021)- 101/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş X2 Rayon Məhkəməsinin 7(021)- 39/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azadılmış və cəza müddətinin sonu ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Bərdə rayon icra və probasiya şöbəsində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərin qeydiyyat kitabından qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 84-cü vərəqəsində olan edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixindən “Metafetamin” istifadə asılılığı diaqnozu ilə Bərdə RMX-nin Poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 82-83-cü vərəqəsində olan Bərdə şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşayır, yaşadığı yerdən müsbət, subay, 1 övladı olan lakin narkotikaya meyilli kimi xarakterizə olunmuşdur. Cinayət işinin 118-129-cu vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 7,94 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertizadan sonrakı 7,91 qram qalıq hissəsi və üzərinə şəxsi axtarış və götürülmə keçirilməsini özündə əks etdirən DVD disk iş üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə olan marixuana saxlanılması üçün Bərdə rayon Polis şöbəsinin Maddi sübutların saxlanması otağına təhvil verilmiş, DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)-101/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bərdə Rayon Məhkəməsinin 7(021)- 39/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azadılmış və cəza müddətinin sonu ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Bərdə rayon icra və probasiya şöbəsində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərin qeydiyyat kitabından qeydiyyatdan çıxarılmışdır. Cinayət Məcəlləsinin 18.4.4-cü madəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, məhkumluğunun olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixində saat şübhəli şəxs kimi tutulmuş, 12 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 12 oktyabr 2024-cü il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs Bərdə RMX-nin Poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatında alındığından artıq onun yenidən proflaktik qeydiyyata alınmasını məqsədə müvafiq saymır. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 7,91 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixindən 12 oktyabr 2024-cü il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 7,91 qram narkotik vasitə olan- qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar