Məhkəmə qərarları › İş №1(021)-5/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-5/2023

15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-5/2023 15.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi X5, Təqsirləndirilən şəxs X6 iştirakları ilə, xx xxxx 1993-cü ildə Bərdə rayonu Xanağalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmayan, Bərdə rayonu Xanağalı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, ittahm aktına əsasən, Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixdə saat 15.00 radələrində Bərdə rayon Xanağalı kəndinin girəcəyində olan ərzaq mağazasının yaxınlığında yerləşən kənd arası yolun kənarında, iki gün əvvəl Zərərçəkmiş şəxs onun ünvanına söydüyü söyüşlərə aydınlıq gətirməsi səbəbindən aralarında yaramış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifətinə və bədəninə bir neçə dəfə qəsdən vuraraq sonuncuya alt çənənin sol şaxəsində və sağ qanadında yerdəyişməyən sınıq xətləri, burun nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüyünün orta hissəsinin yerdəyişməyən sınığı ilə müşayiət edilən, dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə rayon Xanağalı kəndində ailəsi və atası evində valideynlərilə birlikdə yaşayır. İkinci Qarabağ müharibəsi iştirakçısı olduğunu, Səfərbərlik elan ediləndə döyüşlərə qatıldığını, Talış kənd, Suqovuşan, Ağdərə, Füzuli rayonunun Yuxarı Ayıbasanlı kəndi, Goranboy rayon Tapqaraqoyunlu kəndi uğrunda gedən döyüşlərdə iştirak etdiyini, bildirdi. . Zərərçəkmiş şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur. Yaşadığı Xanağalı kəndinin ərazisində kəndə yaxın hissədə bibisinin əri pambıq əkmək üçün həmkəndlisi Yalçından üç hektar sahəni icarəyə götürmüş, 16 fevral 2022-ci ildə həmin sahəni növbə əsasında su açıb suvarmağa başlamış, qış əkin aratı suyunu suvarmışdır. 18 fevral 2022-ci il tarixdə saat təxminən 08.20 radələrində o, sahəni suvarmağa getmiş, ondan təxminən bir saat sonra Yalçın ona kömək etməyə getmiş, Yalçınla birlikdə sahəni suvaranda saat təxminən 10:00 radələrində Məmməd tək sahəyə gəlmiş və suyu öz sahəsinə yönəltmiş, suladıqları əkin sahəsinə gələn su qurumuş, o, Məmmədə heç nə deməmiş, bilmişdir ki onunla dalaşacaq, söyüş söyəcək. Çünki Məmməd kiminləsə dalaşanda söyüşlə danışır, ona söyüş söyür. Bu səbəbdən Məmmədə heç nə deməyib Fərmana zəng etmiş, Fərman gəlmiş və Məmmədlə söhbət etmişdir. Fərman və Məmməd öz aralarında razılaşmışlar, suyu onların suvardığı sahəyə yonəltmişlər. Məmməd tək olmuş, çıxıb getmiş, Fərman da çıxıb getmiş, Yalçın və o, sahəni suvarmağa davam etmişlər. Həmin günü 18 fevral 2022ci il tarixdə saat təxminən 17.00 radələində Yalçınla birlikdə həmin sahəni suvaranda əkin sahəsinə gələn su yenə kəsildiyini görmüş, Məmməd, oğlanları Elsevər və Elçin sahəyə qoyunlarını otarmağa aparanda Məmməd suyu öz sahəsinə kəsmiş və aralıdan qışqırıb «sən burda pambıq yeri suvarırsan, mənim heyvanlarımın otlaq yeri susuz qalıb» demiş, onların yanına getmiş, «suyu kəsmisiniz, bir hissəsini də mənə verin mən də suvarım» demiş, «əlində olan beli yerə sancıb belə söykənmiş, Məmməd qışqıra-qışqıra söyüş edəedə gəlib beli onun əlindən almaq istəmiş, həmin vaxt Məmmədin oğlu Elçin gəlib sinəsinə yumruqla bir dəfə vurmuş, Məmməd əlində olan ağacla başına vuranda sol əlini qabağa vermiş sol əlinə dəymişdir. Sonra Məmməd əlindəki ağacla sol çiyninə vurmuş, o, Elçinə nəyə görə onqu vurduğunu demiş, həmin vaxt Elsevər onun ağzına söyüb, yaxşı edib vurduğunu demiş, o, Elsevərə «sən məni yaxşı tanımırsan, mənə niyə söyüş söyürsən, burda nə var ki, mənə söyürsən, mən müharibədə can qoyanda sən burda qabağında otardığın bu boyda qoyunları bəsləyirdin, demiş, Elsevər ona «guya neynəmisiniz» deyərək vətənə, torpağa və qazilərin ünvanına söyüş söymüş, Elsevərin bu söyüşünə bərk əsəbiləşmiş, lakin heç nə deməyib beli də götürüb çıxıb evə getmişdir. Elsevər ona söydüyünə görə hansı səbəbdən söydüyünü aydanlışdırmaq, ondan üzr istəyib etdiyi səhfini başa düşməsini aydınlaşdırmaq üçün sonradan nömrəsini tapıb ona zəng etmək istəmiş, lakin fikrindən daşınmışdır ki, nə vaxt rastlaşsa həmin vaxt ona söydüyü söyüşün səbəbini soruşar. 20 fevral 2022-ci il tarixdə saat təxminən 15.00 radələrində Azər adlı şəxsin mağazasının qarşısına getmiş, təsadüfən Elsevərin maşınının mağazanın qarşısında dayandığını, Elsevər mağazadan çıxıb maşına tərəf getdiyini görmüş, Elsevərə, bir dəqiqə gözləməsini deyib ona yaxınlışmış, Elsevərə iki gün əvvəl nəyə görə hansı səbəbdən ona söydüyünü demiş, Elsevər ona atasının üstünə lapatka ilə gəldiyinə görə söydüyünü, o Elsevərə suyu lapatka ilə suvardığına görə əlində lapatka olduğunu bildirmiş və bir daha ona söyməyinin səbəbini soruşmuş, Elsevər ona «bilirsənmi nə var, biz söyüşü bir dəfə söyürük» demiş, onun deməyindən belə çıxmışdır ki, «yaxşı edib söyürəm». Elsevər ona bu sözləri deyəndə əsəbiləşmiş və Elsevərin sifət nahiyyəsinə bir neçə dəfə, təxminən üç yumruq zərbəsi vurmuş, Elsevərin üzündən qan axmış, Elsevəri vuranda Elsevər də yumruqla bir dəfə sifətinə bir neçə dəfə də bədəninə vurmuş, lakin yavaş dəydiyinə görə bədəni üzərində izi qalmamış, sonra Elsevəri vurmaq imkanı olmuş, lakin ağzı burnu qanadığını görüb vurmamış, həmin vaxt yaxınlıqda bərbərxana işlədən Azər gəlib qolundan tutub çıxıb getməsini bildirmiş, Azər gələnə kimi artıq dava qurtarmışdır. Həmin vaxt Elsevərə söyməmiş, eyni zamanda Elsevər ona söyüş söyməmiş, sonra çıxıb evə getmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 18 fevral 2022-ci il tarixdə aralarında olan hadisəni təxminən 500 metr aralıda olan Yalçın görüb-görmədiyni dəqiq bilmir. 20 fevral 2022-ci il tarixdə baş verən hadisəni kənar şəxslərdən heç kim görməmiş, sonradan bərbər Azər gəlmiş, Azər gələndə artıq dava qurtarmışdı. 20 fevral 2022-ci il tarixdə Elsevəri görəndə ondan iki gün əvvəl ona söydüyü söyüşlərin səbəbini soruşanda yenə ona etdiyi söyüşü təsdiqlədiyinə görə Elsevəri yumruqla vurmuş, Elsevər ondan üzrə istəsəydi, söyüş söydüyünə görə səhf etdiyini bildirsəydi, onu vurmazdı. Elsevəri yumruqla vurmuş, əlində beşbarmaq, yaxub beşbarmağa oxşar alət olmamışdır. Elsevərin mağazada olduğunu ona heç kim deməmiş, təsadüfən görmüşdür. Tuncay qohumu olmadığını, Tuncayla Elsevərə görə heç bir danışığı olmadığını, hadisədən iki gün əvvəl Elsevərlə aralarında olan söhbəti nəinki Tuncaya, ümumiyyətlə heç kimə deməmiş, Tuncay Elsevəri ona görə mağazada söhbətə tutub ləngitməmiş, Elsevəri mağazanın yanına gedəndə təsadüfən görmüşdür. Zərərçəkmiş şəxs ifadəsində «Azər aralaşdırmasaydı onu öldürəcəkdi, öldürmək fikri olmuşdur» göstərməsinə Elsevər yalan danışdığını, onu öldürmək fikri olmadığını, Azər gələndə artıq aralaşmış olduqlarını, Elsevərin ağzından, burnundan qan axdığını görəndə onu vurmadığını, Elsevəri yenə vurmaq imkanı olduğunu, lakin vurmadığını bildirmişdir. Şahid6 və Elçin Məmmədov ifadələrində yalan göstərdiklərini, Məmmədi lapatka ilə vurmaq istəmədiyini, suyu kəsdiyinə görə gedib nəyə görə suyu kəsdiklərini soruşmuş, həmin vaxt Məmməd və Elçin onu vurmuşlar. 18 fevral 2022-ci il tarixdə onu Məmməd və Elçin onu vuranda əvvəl şikayət etmək fikri olmamış, ondan şikayət etdiklərinə görə o da sonradan şikayət etmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yungül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadəsində göstərdi ki, Bərdə rayon Xanağalı kənd sakini Təqsirləndirilən şəxs aralarında dava baş verən günə kimi, yəni 20 fevral 2022-ci il tarixədək tanımamış, qohum deyil, ədavəti yoxdur. 20 fevral 2022-ci il tarixdə saat təxminən 15.00 radələrində idarə etdiyi Qaz 3105 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə tək yaşadığı kəndin mərkəzində olan ərzaq mağazasına çörək almağa getmiş, mağazadan çörək alanda mağazada satıcı olan mağazanın sahibi Azərin oğlu Tuncay onunla mağazada idarə etdiyi avtomobilin mühərriki və buraxılış ili barədə söhbət edib, başını söhbətə qatıb onu mağazada ləngitmiş, o, mağazadan 10 ədəd çörək almış, mağazadan çıxıb maşının sürücü tərəf arxa qapısını açıb çörəkləri maşına qoyanda həmin vaxt arxadan Ruslan yumruqla sol tərəf çənəsinə bir-iki zərbə vurmuş, o, geri çevriləndə görmüşdür ki, Ruslandı. Əvvəlcə Ruslanı tanımamış, davadan sonra orada olan şəxslərdən adını soruşanda bilmişdir ki, adı Ruslandır. Ruslan yenə yumruqla sifət nahiyyəsinə bir neçə dəfə vurmuş, Ruslan onu vuranda əlində dəmir alət olmuş, həmin vaxt dava səsinə mağazanı işlədən Tuncay çölə çıxıb orada bər-bər işləyən Azəri çağırıb onları aralaşdırmağı demiş, Azər Ruslanı ondan aralaşdırmışdır. Azər aralaşdırmasa Ruslan onu öldürcəkdi. Ruslan onu vurduğuna görə burnunun içindən, üstündən, ağzından şiddətli qan axmış, o, dərhal təcili yardıma və 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş, polis şöbəsinə getmiş, ərizə və izahatı alınandan sonra Bərdə şəhər Diaqnostika mərkəzinə getmiş, həkimlər ona yardım etmiş, səhəri günü evə buraxılmışdır. Hadisədən sonra Ruslanın atası gəlmiş Ruslanın atasına oğlu onu döydüyünü demiş və şikayət edəcəyini bildirmiş, Ruslanın atası ona hara istəyir şikayət etməsini demişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı Ruslanı vurmamış, davadan sonra ona elə gəlmişdir ki, Tuncay onunla söhbət edəndə ola bilsin ki, Ruslan əvvəlcədən Tuncaya desin ki, o, mağazaya gələndə onu söhbətə tutub ləngitsin, Ruslan gəlib onu vursun. Tuncay və Ruslan bildiyinə görə qohumdurlar, lakin qohumluq əlaqələrini bilmir. Bu onun ehtimalıdır. Ruslan onu vuranda əlində qara rəngli əl boyda nazik dəmir alət olmuş, həmin dəmir aləti Ruslan ovcünün içərisində sıxmış, Ruslan yumruğunu sıxanda dörd barmağının üstündə dəmir olduğunu ötəri görmüş, dörd barmaq enində olmuş, onun fikrincə beşbarmaq olmuş, Ruslan əlində olan dəmir alətlə üz nahiyyəsinə vurmuş, bədəninə də dəmir alətlə vurmuş, lakin bədənində izi qalmamış, Ruslan onu vuran anda mağazadan çöldə, mağazanın qarşısında heç kim olmamış, hadisə vaxtı Ruslanla aralarında dava olanda nə Ruslan ona, nə də o, Ruslana söyüş söyməmiş, bir-birinə qarşı nalayiq ifadə işlədən, söyüş söyən olmamışdır. 18 fevral 2022-ci il tarixdə sahədə Ruslanla atası Məmmədin və Elçinin arasında su üstündə mübahisə olanda orada olmamış, bildiyinə görə aralarında sözlə mübahisə olmuş, dava olmamış, 18 fevral 2022-ci il tarixdə Ruslanı görməmiş, Ruslana söyüş söyməmiş, 20 fevral 2022-ci il tarxdə Ruslan ondan nə səbəbə söydüyünü soruşmamış, nə də o Ruslana «yaxşı edib söyüş söymüşəm» deməmiş, Ruslan heç bir səbəb olmadan və heç bir söz demədən arxadan gəlib onu vurmuşdur. Ruslan onu vuranda ağzından və burnundan qan axmağına baxmayaraq dalbadal yumruqla vurduğuna görə onu öldürmək niyyətində olduğunu göstərmişdir. Hadisəni evdə anası Almasa danışdığına görə anası da ərizəsində Ruslan onu öldürmək niyyətində olduğunu yazmışdır. Məhkəmə tibbi ekspertizasının 22 fevral 2022-ci il tarixli, 135 nömrəli rəyində Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində sol əl nahiyyəsinin sıyrığı ilə nəticələnən müddəti 18 fevral 2022ci il taritxə uyğun gələn, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət aşkar edilməsinə münasibətdə bu barədə heç nə deyə bilmədiyini, bu barədə heç bir məlumatı olmadığını, 18 fevral 2022-ci il tarixdə Ruslanla atasının və qardaşı Elçinin arasında olan mübahisə vaxtı orada olmadığını bildirmişdir. Zərəçəkmiş şəxs X4 təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzasının verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid X9 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur. Xanağalı kəndinin girişində atası Azərə məxsus ərzaq mağazası var. Mağazanı atası Azər işlədir. Günortalar atası nahar yeməyinə gedəndə arabir onu əvəz edir. 20 fevral 2022-ci il tarixdə saat təxminən 15.00 radələrində mağazada tək olmuş, həmin vaxt Elsevər mağazaya gəlmiş və mağazadan çörək alıb çıxmış, Elsevər mağazadan çıxandan təxminən 3-4 dəqiqə sonra çöldə səs gəlmiş, əvvəl elə bilmişdir ki, kəndin uşaqlarıdı, deyib gülürlər, söhbət edirlər. Çölə çıxanda görmüşdür ki, Ruslan və Elsevər dalaşıb aralaşıblar. Mağazada olduğua görə onların arasında dava necə olduğunu, hansı şəraitdə baş verdiyini bilməmiş, o çıxanda aralaşıb getmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, günorta vaxtı olduğuna görə ətrafda heç kim olmamış, yaxınlıqda bərbərxana işldən Azər orada olmuş, mağazada olanda və mağazadan çöldə olanda da Ruslan və Elsevər bir-birləriə söyüş söymədiklərini, söyüş eşitmədiyini, o görəndə Ruslanın əlində heç nə olmadığını, Ruslan çıxıb getdiyini bildirmişdir. Daha sonra bitldirmişdir ki, Elsevər yalan danışır, Ruslan onun qohumu deyil. O, Elsevəri mağazada söhbətə tutub ləngitməmiş, Elsevər gəlmiş, ondan çörək almış və çıxıb getmişdir. Daha sonra bildirmişdir ki, Elsevər yalan danışır, Azəri o çağırmamış, o mağazadan çıxanda Azər çöldə bərbərxanasının qabağında dayanmışdı, dava qurtarmışdı, Ruslan da çıxıb gedirdi. Ətrafda başqa heç kim olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur. Xanağalı kəndinin girişində bərbərxana işlədir. 20 fevral 2022-ci il tarixdə saat təxminən 15.00 radələrində bərbərxanada olnda çöldə səs gəlmiş, çölə çıxanda Ruslan və Elsevər dalaşıb aralaşdıqlarını, sözlə mübahisə etdiklərini görmüş, onlara yaxınlaşmış, Ruslana təpinmişdir ki, çıxıb getsin. Ruslan onun sözünü eşitmiş və çıxıb getmişdir. O, Ruslanın atası Eldara zəng edib Ruslanın dalaşdığını demiş və Ruslanı gəlib aparmasını bildirmişdir. Təxminən 10 dəqiqədən sonra Eldar gəlmiş, artıq Ruslan çıxıb getmişdir. Elsevər maşınına minib çıxıb evlərinə getmişdir. Bərbərxanada olduğuna görə onların arasında dava necə olduğunu, hansı şəraitdə baş verdiyini bilməmiş, günorta vaxtı olduğuna görə ətrafda başqa heç kim olmamışdır. Bərbərxanada olanda və çöldə olanda Ruslan və Elsevər bir-birlərinə söyüş söyməmiş, söyüş eşitməmişdir. O görəndə Ruslanın əlində heç nə olmamış, Ruslan çıxıb gedirdi. Ruslanın əlində beşbarmağa oxşar alət görməmiş, o, çölə çıxanda dava qurtarmış, bir-birlərini vurduqlarını görməmişdir Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, əsil adı Şəmsidir, kənddə el arasında Yalçın kimi tanınır. Zərərçəkmiş şəxs tanıyır, Elsevərin atası Şahid6 mərhu atası Camalın dayısı oğludur, ədavəti yoxdur. Bərdə rayon Xanağalı kənd sakini Təqsirləndirilən şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur. Xanağalı kəndində ona məxsus olan əkin sahəsini Ruslanın bibisi əri Fərmana icarəyə vermişdir. Həmin sahədə Fərman pambıq əkmək istəmiş, bu məqsədlə həmin sahəyə qış su aratı vurulmuşdur. Fərmana icarəyə verdiyi əkin sahəsini Ruslan suvarmış, o, arabir vaxtı olanda Ruslana əkin sahəsini suvarmaqda köməklik etmişdir. 18 fevral 2022-ci il tarixdə səhər saat təxminən 10:00 radələrində Məmməd onların suvardığı əkis sahəsinə gedən suyu uçurub getmiş, Ruslan zəng edib Fərmana demişdir ki, Məmməd suyu uçurub əkini suvarmağa imkan vermir. Fərman gəlmiş, Fərman gələndə Məmməd də orada olmuş, Fərmanla Məmməd danışıb, razılaşmışlar, Məmməd Fərmana demişdir ki, sulasınlar. Onlar suyu əkin sahəsinə yonəltmitşlər. Həmin vaxt heç bir dava-dalaş, mübahisə olmamış, Məmməd və Fərman söhbət edəndə Elçin və Elsevər orada olmamışlar. Həmin günü, yəni 18 fevral 2022-ci il tarixdə saat təxminən 17:00 radələrində Ruslanla birlikdə həmin sahəni suvarmış, o, sahənin aşağı tərəfində, Ruslan isə baş tərəfində olmuş, həmin vaxt sahənin baş tərəfində Məmmədin səsini eşitmiş, Ruslana suyu nəyə görə kəsdiyini demiş, Ruslan onların yanına getmişdir. Ruslan onların yanına gedəndə mübahisələri kolun arxasında olduğuna görə aralarında nə baş verdiyini dəqiq görməmiş, məsafə uzaq olduğuna görə onların yanına getməyə çatmamış, təxmnən 6-7 dəqiqə sonra Ruslan gəlmiş bildirmişdir ki, Məmməd suyu uçurub. Ruslan tez gəldiyinə görə onların yanına getməmiş, Ruslan ona demişdir ki, Məmməd əlindəki lapatkanı tutub süpürləşmiş, Elçin aralaşdırmış, Məmməd ona söymüş. Ruslan Elservərə atası ona niyə söydüyünü demiş, Elsevər də Ruslana, «söyür zor edib söyür» demişdir. Ruslan əsəbi olduğun görüb «Məmmədi hamı tanıyır» deyib, Ruslanı sakitləşdirmiş, sonra çıxıb evə getmişlər. Sonradan eşitmişdir ki, iki gündən sonra Ruslanla Elsevərin arasındva iki gün əvvəl Elsevərin etdiyi söyüş üstə dava olmuşdur. Bildiyinə görə Ruslan Elsevərdən soruşmuşdur ki, «iki gün əvvəl mənə niyə söymüsən Elsevər deyib ki zor eləmişəm». Ruslan bu səbəbdən Elsevəri vurmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 18 fevral 2022-ci il tarixdə saat 17.00 radələrində əkin sahəsində Ruslanla Məmmədin arasında baş vermiş hadisə zamanı onların yanında Məmmədin oğlanları Elçin və Elsevər olmuş o, sahənin aşağı tərəfində təxminən 400-500 metr aralıda olmuş, başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxs, Elçin Məmmədov və Şahid6 yalan danışdıqlarını, Elsevəri özü öz gözlərilə gördüyünü, Elsevər həmin vaxt atın belində olduğunu, həmin vaxt onlar öz sahələrinə hər üçü qoyunlarını otarmağa apardılqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki, , Təqsirləndirilən şəxs onun oğludur, Ruslan ailəsi ilə onunla birlikdə yaşayır. Zərərçəkmiş şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur. 20 fevral 2022-ci il tarixdə saat təxminən 15:35 radələrində kənddə bərbər işləyən Azər ona zəng edib demişdir ki, Azərin mağazasının yaxınlığında Ruslanla Elsevər dalaşıblar, Elsevər də orada olduğunu və onları gəlib aparmasını bildirmişdir. Həmin yerə getmiş, Ruslan orada olmamış, çıxıb getmişdir. Elsevərə yaxınlıaşmış və ona hansı səbəbdən dalaşdıqlarını soruşmuş, su üstündə dalaşdıqlarını demişdir. Elsevərə «dur gedək evə, səhf edib, qələt edib, gətirəcəm sən də onu vur» demiş, Elsevərdən üzr istəyib onları baprışdırmaq istəmiş, Elsevər ona oğlunu tutduracam demiş və maşınına minib çıxıb getmişdir. Həmçinin Elsevər onu nalayiq ifadələrlə təhqir etmişdir. Həmin günü axşam saat təxminən 19:00 radələrində Ruslan evə gələndə nə baş verdiyini və hansı səbəbdən dalaşdıqlarını soruşmuş, və Ruslanı danlamış, Ruslan ona demişdir ki, iki gün əvvəl sahədə Elsevər onun və müharibə iştirakçılarının ünvanına nalayiq söyüş söymüş, bu gün hansı səbəbdən söydüyünü soruşmuş, fikirləşmişdir ki, bəlkə səhfini başa düşüb üzr istəyə, lakin yenidən söydüyünə görə götürə bilməmiş və Elsevəri vurmuşdur. Bundan sonra özü dəfələrlə Elsevərgilin evinə getmiş, kənddə və rayonda hörmətli seyidləri, mollaları, ağsaqqalları Məmmədin evinə aparmış, üzr istəmiş, Elsevərlə oğlu Ruslanı barışdırmaq və xəstəxanaya çəkdiyi xərcləri ödəmək istəmiş, lakin Məmməd, oğlu Elsevər, arvadı Almas imtina etmişlər, barışmağa razılıq verməmişlər, oğlunu tutduracağını və barışmaqdan imtina etdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur, birlikdə yaşayırlar. Bərdə rayon Xanağalı kənd sakini Təqsirləndirilən şəxs aralarında 18 fevral 2022-ci il tarixdə baş verən mübahisədən sonra və 20 fevral 2022-ci il tarixdə oğlu Elsevəri vurandan sonra tanımış, qohum deyil, ədavəti yoxdur. Onun əkin sahəsi ilə Ruslanın bibisinin əri Fərmanın sahəsinə gedən su arxı birdir, bir su arxından istifadə edirlər. Fərmanın sahəsini 18 fevral 2022-ci il tarixdən on gün əvvəl Ruslan suvarmış, təxminən 12 fevral 2022-ci il tarixdə Yalçına demişdir ki, sahənin suyunu qurtarııb ona versinlər onun növbəsidir, suyu kəsib aparacağını demiş, Yalçın ona heç nə deməmişdir. Fərmanın indi istifadə etdiyi əkin sahəsi Yalçının sahəsidir, Fərmana icarəyə vermişdir. 18 fevral 2022-ci il tarixdə saat təxminən 10.00 radələrində oğlu Elçinlə birlikdə şəxsi təsərrüfatında olan xırdabuynuzlu heyvanları özlərinə məxsus sahəyə aparmışlar. Yalçın və Ruslan sahəni suvarıb qurtardıqlarını görmüş, arxdan suyu bir az açmışdır ki, aparıb özünə məxsus sahəni suvarsın. Həmin vaxt Ruslan əlində lapatka ilə üstünə gəlmiş və onu vurmaq istəmiş, o, lapatkanı tutmuş, buraxmamış, Ruslan lapatkanı əlindən almaq istəmiş, lakin lakin ala bilməmiş, oğlu Elçini çağırmış, Elçin gəlib lapatkanı almış və lapatkanı Ruslanın özünə verib çıxıb getməsini demiş, Ruslan çıxıb getmişdir. Aradan təxminən 10 dəqiqə keçəndən sonra Ruslanın bibisinin əri Fərman onun yanına gəlmiş, Fərmanla söhbət etmiş, Fərman ondan həmin gün üçün su istəmiş, o etiraz etməmiş, bundan sonra evə getmiş, həmin günü sahəni suvarmamış, Ruslan hara getdiyini bilməmişdir. 20 fevral 2022-ci il tarixdə o, və oğlu Elçin sahəyə qoyunları otarmağa aparmış, axşam saat təxminən 17.00 radələrində eşitmişdir ki, saat 15.00 radələrində Ruslanla oğlu Enlsevərin arasında kənddə mağazanın qarşısında dava olmuşdur. Sonra Diaqnostika mərkəzinə getmiş, oğlu Elsevərə həkimlərin yardım etdiyini və Elsevər polis şöbəsinə məlumat verdiyini bilmişdir. Elsevərlə Ruslan hansı şəraitdə və necə dava etdiklərini bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur. Təqsirləndirilən şəxs qayını oğludur, ədavəti yoxdur. Əsil adı Şəmsi olan, kənddə el arasında Yalçın kimi tanınan şəxsə məxsus olan Xanağalı kəndində yerləşən iki hektar əkin sahəsini iki illiyə pambıq əkmək üçün icarəyə götürmüş, bu məqsədlə fevral ayında həmin sahəyə qış su aratı vurulmuş, yəni həmin əkin sahəsi suvarılmışdır. İcarəyə götürdüyü əkin sahəsini Ruslan suvarmış, arabir Şəmsi də Ruslana köməklik etmişdir. 18 fevral 2022-ci il tarixdə saat təxminən 10.00 radələrində Ruslan ona zəng edib, Məmməd suyu uçurub sahəni suvarmağa qoymadığını bildirmiş, o, sahəyə gedənqdə Məmməd əlində lapatka ilə getdiyini görmüş, Məmməddən hara getldiyini soruşmuş, Məmməd ona, sahəni suvarmağa getdiyini bildirmişdir. Həmin vaxt su növbəsi onların olmuşdur. Məmmədlə söhbət etmiş və razılaşmışlar, suyu Ruslan və Şəmsi onun icarəyə götürdüyü yerə istiqamətləndirmişlər, Məmməd özü də suyu onun icarəyə götürdüyü sahəyə kəsməyə köməklik etmişdir. Bundan sonra o çıxıb getmiş, həmin vaxt aralarında heç bir dava-dalaş olmamış, həmin günü saat təxminqən 18:00 radələrində Ruslan ona zəng edib Məmməd, oğlanları Elçin və Elsevər gəlib suyu yenidən uçurduqlarını, suvarmağa qoymadıqlarını, lapatka əllərində ona cumduqlarını, ona söydüklərini demiş, o Ruslana demişdir ki, «dəyməyin sonra mən özüm həll edərəm, çıxın gəlin». Sonra həmin günü saat təxminən 19:00 radələrində sahədən çıxanda Ruslan və Şəmsi ilə görüşmüş, Ruslan ona demişdir ki, Məmməd ona söymüş, ağacla vurmuş, Elsevər də Ruslana söymüşdür. Bundan sonra Məmmədi görməmiş, Məmmədlə heç bir danışığı olmamışdır. 20 fevral 2022-ci il tarxdə saat təxminən 15:30 radələrində Xanağalı kəndinə Ruslanı və başqa işçiləri götürüb sahəyə aparmaq üçün Ruslana zəng etmiş, Ruslan ona, Elsevərlə dalaşdığını bildirmiş, o, çatanda Ruslan tək asfalta tərəf piyada gəldiyini görmüş, Ruslan ona demişdir ki, Elsevərlə mağazanın qarşısında görüşüb, ona iki gün bundan əvvəl hansı səbəbdən ona söydüyünü demiş, Elsevər Ruslana yaxşı edib zor eliyib söydüyünü demiş, bu səbəbdən də Ruslan Elsevəri vurmuşdur. Ruslanı görəndə əlində heç nə olmamış, Ruslan onun yanında su suluyan adamdır, Ruslanda beşbarmaq olsaydı bilərdi. Cinayət işinin 1-ci cildinin 158-159-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 1-ci cildinin 184-185-ci vərəqələrində olan 06 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 23-24-cü vərəqələrində olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 21-22-ci vərəqələrində olan Məhkəmə Tibbi Ekspertizası və PA Birliyi X14 Bərdə rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 10 mart 2022-ci il tarixli 132 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – alt çənənin sol şaxəsində və sağ qanadında yerdəyişməyən sınıq xətləri, burun nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüyünün orta hissəsinin yerdəyişməyən sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 20 fevral 2022-ci il tarixə uyğun gəlir dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin 1-ci cildinin 18- 19- cu vərəqələrində olan Məhkəmə Tibbi Ekspertizası və PA Birliyi X14 Bərdə rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 23 fevral 2022-ci il tarixli 135 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər–sol əl nahiyyəsinin sıyrığı küt əşyanın təsirindən törənmişdir,müddəti qərarda göstərilən 18 fevral 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir Cinayət işinə əlavə edilmiş 20 aprel 2022-ci il tarixdə verilmiş əməliyyat tapşırığına Bərdə rayon Polis Şöbəsinin 30 aprel 2022-ci il tarixli cavabından görünür ki, 20 fevral 2022-ci il tarixdə 20 fevral 2022-ci il tarixdə saat 15:00 radələrində Bərdə rayon Xanağalı kəndinin girişində yerləşən ərzaq mağazasının qarşısında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş dava zamanı Təqsirləndirilən şəxs barmağında üzük, əlində küt alət, beşbarmaq yaxud beşbarmağa oxşar küt alət olub-olmamasını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Zərərçəkmiş şəxs izahatında və ifadəsində göstərilənlər öz təsdiqini tapmamışdır. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs sifətinə yumruqla vuraraq bədən xəsarətləri yetirmişdir. Hadisənin şahidi olmuş X9 və Şahid3 başqa hadisəni görmüş digər şahidlərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, müəyyən olunmuşdur ki, hadisə Xanağalı kəndinin girişində kənd yolunun kənarında ərzaq mağazasının qarşısında baş verən zaman ətrafda heç kim olmamışdır. Tərəflər arasında anidən baş verən dava zamanı yaxınlıqda mağazada işləyən X9 və bərbər işləyən Şahid3 hadisənin şahidi olmuş, başqa heç kim olmamışdır. Cinayət işinə əlavə edilmiş Tibbi ərazi bölmələrini idarəetmə birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi Şüa-diaqnostika şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X1 Kəllənin ön düz rentgenoqrammasında alt çənənin anteriorunda və sol şaxəsində yerdəyişməyən sınıq və alt üst dişlərin proyeksiyasında metal bağlar müşahidə edilmişdir. Burun sümüyünün yan rentgenoqrammasında yerdəyişməyən sınıq xətti aşkar edilir. Cinayət işinin 1-ci cildinin 131-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olunmamışdır. Cinayət işinin 1-ci cildinin 47-ci vərəqəsində olan Bərdə rayon Mehdili kənd İcra Nümyəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur Cinayət işi materiallarına əlavə edilmiş doğum haqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2023-cü il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X3r. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 1(021)114/2022 saylı 05 dekabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Zərərçəkmiş şəxs barəsində təkrar məhkəmətibbi ekspertizası təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8 X14 T104/2023 saylı 28 fevral 2023-cü il tarixli Ekspert Rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir:

1. Vətəndaş Zərərçəkmiş şəxs alt çənənin sol şaxəsinin və sağ qanadının, burun sümüyünün orta hissənin yerdəyişməyən sınığı, burun nahiyəsinin əzilmiş-cırılmış yarası olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aiddir. 2.3.Vətəndaş Zərərçəkmiş şəxs müayinəsi zamanı almış olduğu xəsarətlərlə bağlı halhazırda hər-hansı bir fəsad müşahidə edilmədi. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixdə saat 15.00 radələrində Bərdə rayon Xanağalı kəndinin girəcəyində olan ərzaq mağazasının yaxınlığında yerləşən kənd arası yolun kənarında, iki gün əvvəl Zərərçəkmiş şəxs onun ünvanına söydüyü söyüşlərə aydınlıq gətirməsi səbəbindən aralarında yaramış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifətinə və bədəninə bir neçə dəfə qəsdən vuraraq sonuncuya alt çənənin sol şaxəsində və sağ qanadında yerdəyişməyən sınıq xətləri, burun nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüyünün orta hissəsinin yerdəyişməyən sınığı ilə müşayiət edilən, dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Ruslan Eldar oğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlini etiraf etməsini, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, Vətən Müharibəsi iştirakçısı olması, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirakına görə və “Suqovuşanın azad edilməsinə görə” Azərbaycan Respublikası Medalı ilə təltif edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəli və uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ilk dəfə cinayət törətməsini. , habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 may 2022-ci il il tarixdə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 06 may 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bərdə rayonu, Xanağalı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hаkim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar