Məhkəmə qərarları › İş №1(021)-51/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-51/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-51/2025 06.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, Dövlət itihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxx 1979-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Nizami rayon məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 1(007)-405/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı CÇM-də cəza çəkən, Yevlax şəhəri Nizami pr, ev 37, mən 12 qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində ünvansız fərdi yaşayış evində yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, özgənin əmlakını informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talama məqsədi ilə 03 oktyabr 2022-ci il tarixdə saat 12:28 dəqiqədə özünün mobil telefonuna əvvəlcədən yüklədiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mobil əlavə tətbiqi sisteminə daxil olaraq Bərdə şəhəri B.Hacıyev küçəsində yaşayan əvvəllər tanımadığı Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-dən verilmiş 4098 0944 2138 8834 hesab nömrəli plastik kartının PİN kodu hesab edilən identifikasiya nömrəsini istintaqa məlum olmayan şəraitdə xüsusi proqram vasitəsi ilə ələ keçirib həmin plastik kartın hesabında olan Zərərçəkmiş şəxs məxsus ümumilikdə 2900 (iki min doqquz yüz) manat məbləğində pul vəsaitini informasiya texnologiyalarından, yəni "xxxx" ASC-nin mobil əlavə tətbiqi proqramından istifadə etməklə "xxxx" ASC-dən öz adına rəsmiləşdirilmiş 4169 73** **** 7034 hesab nömrəli plastik kart hesabına gizli olaraq köçürüb talamaqla Zərərçəkmiş şəxs 2900 (iki min doqquz yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bununlа dа Təqsirləndirilən şəxs Аzərbаycаn Rеspublikаsı CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla göstərilir ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan olunmuş təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, Yevlax rayonu Nizami prospekti, ev 37, mənzil 12-də qeydiyyatda olmaqla, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində fərdi yaşayış evində kirayədə qalmışdır. Hazırda Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə Qaradağ rayonu Qızıldaş qəsəbəsində yerləşən 14 saylı CÇM-də cəza çəkir. O, Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə tanış olmuşdur. Mahiyyəti üzrə bildirir ki, o, özünə məxsus Redmi markalı mobil telefonda Lalafo.Az sosial şəbəkəsində sayt açmışdır. Həmin sosial şəbəkəsinə müxtəlif adda mebel avadanlıqları və mebel qapılar elan kimi yerləşdirərək reklamını aparmışdır. Buna görə də müxtəlif vaxtlarda müxtəlif vətəndaşlar həmin sosial şəbəkəsinə yazaraq mebel və mebel qapılar sifariş etmişlər. Vətəndaşlar sifariş vermək üçün Lalafo sosial şəbəkəsində qeydiyyatdan keçdiyi müxtəlif nömrələrə zəng edirmişlər. O, da həmin vətəndaşlardan sifariş qəbul edib, seçdikləri mebel dəstlərini sifariş əsasında göndərəcəyini demişdir. Həmin vətəndaşların istifadə etdikləri mobil telefonda olan Whatsapp sosial şəbəkəsinə özünə məxsus Kapital Banka məxsus hazırda xatırlamadığı yalnız əvvəlki və son rəqəmləri yadında olan 4169 73** **** 7034 nömrəli bank kartının şəklini göndərirdi. Həmin vətəndaşlar seçdikləri mebel avadanlıqlarının qiymətini soruşur, o, həmin şəxslərə fərqli qiymətlər deyirmiş və öz aralarında telefonda razılaşırmışdılar ki, ilkin olaraq 500, 1000, 2000, 3000 və 4000 manat pulu karta köçürün, yerdə qalan pulu isə müəyyən müddətə yəni, 6 aya, 7 aya və müxtəlif vaxtlara bölək qalanını da həmin şəkildə ödəsinlər. Həmin vətəndaşlarda onunla razılaşmışdılar və öz istədikləri məbləği onun kart hesabına göndərirmişdilər. Beləliklə o, həmin vətəndaşları aldadıb, etibarından sui-istifadə etməklə dələduzluq yolu ilə pullarını ələ keçirirmiş. Bu hərəkətlərinə görə müxtəlif rayon vətəndaşlar ondan şikayət eləmiş və o, Nizami rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.3-cü maddələri ilə 02 il 08 ay 24 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Zərərçəkmiş şəxs şikayəti ilə əlaqədar onu qeyd edə bilər ki, 2022-ci ilin oktyabr ayında onun mobil telefonuna tanımadığı nömrədən zəng gələrək adını İlqar olduğunu və mobil nömrəsini Lalafo.Az sosial şəbəkəsindən götürdüyünü deyib, orada reklamı gedən mebel dəstini almaq istədiyini bildirmişdir. O, da onunla telefonda danışaraq sifariş vermək lazım olduğunu və bəyəndiyi mebeli işarələməsini demişdir. Zərərçəkmiş şəxs bəyəndiyi mebel dəstini işarələmiş və xeyir işlə bağlı həmin mebeli alacağını demişdir. O, da həmin şəxsə həmin mebeli dəqiq xatırlamadığı qiymətə təxmini 6000 manat nəğd pula olduğunu, avtomaşın üçün əlavə 200 manat ödəyəcəyini bildirmişdir. İlqar ona həmin məbləğdə pulu olmadığını, pulun yarı hissəsini verəcəyini, qalan hissəsini isə kreditə götürəcəyini demişdir. O, da ona kreditdə veriləcəyini, lakin əvvəlcədən pulun yarı hissəsini ödəməli olduğunu demişdir. İlqar onunla razılaşmış və ona yenidən zəng edəcəyini bildirmişdir. 03 oktyabr 2022-ci il tarixdə İlqar yenidən ona zəng etmiş və razılaşdığını bildirmişdir. O, da onun mobil telefonunda olan Whatsapp sosial şəbəkəsinə özümə məxsus Kapital Banka məxsus 4169 ****** 7034 nömrəli kart hesabını rəqəmlə ad soyadını isə H...R..R.. sözlərini yazıb göndərmişdir. İlqar onun hesabına ümumilikdə 2900 (iki min doqquz yüz) manat pul ödəmişdir. Həmin vaxtı onun mobil telefonuna pulun karta köçürülməsi ilə bağlı mesaj gəlmiş və o, dərhal 03 oktyabr 2022-ci il tarixdə yaşadığı Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən Bizim marketin qarşısında olan Kapital bank bankomatından ilkin olaraq 280 manat nağd pul, 2000 manat nağd pul, 600 manat nağd pul və 20 manat nağd pulu çıxarmışdır. Həmin pulları götürüb öz ehtiyacları üçün xərcləmişdir. O, Zərərçəkmiş şəxs aldatdığını, ona mebel dəsti satacağı adı ilə aldadıb ümumilikdə 2900 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamın qanunauyğun olmadığını əsas gətirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 üzvləri ilə birlikdə yaşayır, "xxxx" MMC-də lahiyə rəhbəri işləyir. Bərdə RPŞ-nə verdiyi şikayət ərizəsi ilə bağlı deyə bilər ki, əvvəllər ona məxsus “Unibank”a aid qızıl kredit kartı var idi. Həmin kartın 4800 manat kredit limiti olmuşdur. O, həmin kartdan ehtiyac olduqca müxtəlif məbləğlərdə pul çıxardıb istifadə etmişdir. Daha sonra həmin pulu az-az kredit şəklində ödəmişdir. Sonuncu dəfə özü ümumilikdə həmin kartdan 1500 manat pul çəkmişdir. Kartda 3300 manat pul qalmışdır. xx.xx.2022-ci il tarixdə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Unibank”dan 8117 saylı kod gəlmişdir. Həmin smsdə ona göndərilmiş kodun və digər kart məlumatlarının tanımadığı ***-***-**-** nömrəsinə göndərildiyi göstərilmişdir. Belə ki, o, həmin vaxt nə baş verdiyini öyrənmək məqsədilə Bərdə şəhərində yerləşən “Unibank”a məxsus filiala gəlmişdir. Oraya müraciət etdikdə onun kartından 3130 manat pul çıxarıldığını öyrənmişdir. Bundan sonra Bərdə RPŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. Qeyd edir ki, o, kartından pul oğurlayan şəxs və ya şəxslərin müəyyən edilməsini və həmçinin ***-***-**-** nömrəsinin sahibinin bu işdə əlinin olub-olmamasının aydınlaşdırılmasını istəyir. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, baş vermiş oğurluq nəticəsində ona 2900 manat maddi ziyan dəymiş, həmin vaxt konkret olaraq nə qədər pulun çıxarıldığını bilmirmiş, ona görə elə göstərmişdir. Əslində isə ona məxsus kartdan 03 oktyabr 2022-ci il tarixdə 2900 manat pul birdəfəlik çıxarılmışdır. O, mobil telefonuna Lalafo.Az saytı yükləməmiş, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir zaman mobil telefon danışığı olmamış, o, mebel dəsti sifariş etmək üçün onun kartına pul göndərməmişdir. Təqsirləndirilən şəxs yalan danışdığını, adına olan karta müdaxilə edərək Unibank banka məxsus 2900 manat pulu kart hesabına yönləndirərək çıxardığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə o, Laçın rayonu Malbəyli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi döngə 2-də yaşayır, Xəzər rayonu Qala qəsəbəsində yerləşən “Qrand Aqro” şirkətində sürücü vəzifəsində işləyir. O, Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə tanış olmuşdur. Mahiyyəti üzrə bildirir ki, o, 2022-ci ilin aprel ayında özünə ***-***-**-** mobil nömrə almaq üçün Whatsapp sosial şəbəkəsində yadında qalmayan nömrəyə özünə məxsus şəxsiyyət vəsiqəsini göndərərək həmin mobil nömrəni sifariş etmişdir. Həmin nömrəni sifariş etdikdən sonra 28 May metrostansiyasının yaxınlığından əldə etmişdir. Onun şəxsiyyət vəsiqəsinin foto şəkli həmin tanımadığı nömrədə qalmışdır. Bir müddətdən sonra onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə müxtəlif vaxtlarda Yasamal, Xəzər, Nizami, Səbail, Zərdab, Sabunçu və digər rayon polis şöbəsinin əməkdaşları ona zəng edərək onu polis şöbələrinə çağırmışdılar. O, həmin polis Şöbələrində ifadə vermişdir. Məlum olmuşdur ki, onun şəxsiyyət vəsiqəsi ilə müxtəlif nömrələr əldə olunmuş və həmin nömrələr vasitəsi ilə vətəndaşlar aldadılaraq pulları ələ keçirilmişdir. Ona sonradan məlum olmuşdur ki, onun adına nömrələr alan şəxs Yevlax rayon sakini Təqsirləndirilən şəxsdur. Hazırda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə həbs olunmuşdur. Onu qeyd edir ki, o, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir cinayət əməli törətməmiş, Zərərçəkmiş şəxs pulunun ələ keçirilməsindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs onun adına çoxlu sayda müxtəlif nömrələr alaraq vətəndaşları aldadıb etibarından sui-istifadə etməklə pullarını ələ keçirmişdir. Şahid əlavə olaraq bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrə onun adına olsa da o, həmin nömrədən istifadə etməmişdir. Həmin nömrəni Təqsirləndirilən şəxs onun adından onlayn formada əldə edərək istifadə etdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Yevlax şəhər 1 saylı MTİ sahəsindən daxil olmuş 08 yanvar 2025-ci il tarixli, 09 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda qeydiyyatdadır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 07 yanvar 2025ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 66.5, 68.1.1-1, 69.3-cü maddələri ilə 02 il 08 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Məhkəməyə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(032)-146/2023 nömrəli hökmün surətindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-405/2023 nömrəli hökmün surətindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 66.5, 68.1.1-1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Zərərçəkmiş şəxs üzləşmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı “Sən Ruslana bildirirəm ki, xx.xx.2022-ci il tarixdə mənim istifadəmdə olan ***-***-**-** saylı mobil nömrəmə “Unibank”dan 8117 saylı kod gəldi. Həmin sms-də mənə göndərilmiş kodun və digər kart məlumatlarımın tanımadığım ***-***-**-** nömrəsinə göndərildiyi göstərilmişdi. Belə ki, mən həmin vaxt nə baş verdiyini öyrənmək məqsədilə Bərdə şəhərində yerləşən “Unibank”a məxsus filiala gəldim. Oraya müraciət etdikdə mənim kartımdan 2900 manat pulun onlayn formada digər karta yönəldiyini öyrəndim. Sonra ***-***-**-** nömərəli mobil telefona zəng etdim zəng çatmadı. Sən Təqsirləndirilən şəxs yalan ifadə verirsən, mən sən Ruslana nə vaxt zəng etmişəm, səninlə mən nə vaxt telefon əlaqəsi yaratmışam hələ yalan ifadə verirsən. Mən iş gördüyüm yerdə mənim mobil telefonuma mesaj gəlib ki, sizin kartınızda olan mobil nömrə dəyişdi ***-***-**-** nömrəsinə. Sonra mənim kartımdan başladı pul çıxmağa. Mən səninlə əlaqə saxlamamışam, sənə mebel dəsti sifariş etməmişəm. Çünki mənim mebel dəstinə ehtiyacım olmayıb, oğulumu evləndirmişəm, nəvəm var, qız köçürməmişəm və həmin vaxtı xeyir iş etməmişəm. Neynirəm mebel dəstini. Mənim pulumu sən Ruslan onlayn formada ələ keçirmisən” sözləri demiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs üzünə qarşı “Sən İlqara bildirirəm ki, 2022-ci ilin oktyabr ayında mənim mobil telefonuma tanımadığım nömrədən zəng gələrək adını İlqar olduğunu və mobil nömrəmi Lalafo.Az sosial şəbəkəsindən götürdüyünü deyib, orada reklamı gedən mebel dəstini almaq istədiyini bildirdi. X5 ilə telefonda danışaraq sifariş vermək lazım olduğunu və bəyəndiyi mebeli işarələməsini dedim. Sən İlqar bəyəndiyin mebel dəstini işarələdin və xeyir işlə bağlı həmin mebeli alacağını dedin. X4 həmin mebeli dəqiq xatırlamadığım qiymətə təxmini 6000 manat nağd pula olduğunu, avtomaşın üçün əlavə 200 manat ödəyəcəyini bildirdim. Sən mənə həmin məbləğdə pulunun olmadığını, pulun yarı hissəsini verəcəyini, qalan hissəsini isə kreditə götürəcəyini dedin. Məndə Sənə kreditdə veriləcəyini, lakin əvvəlcədən pulun yarı hissəsini ödəməli olduğunu dedim. Sən İlqar mənimlə razılaşdın və mənə yenidən zəng edəcəyini bildirdin. 03 oktyabr 2022-ci il tarixdə Sən İlqar yenidən mənə zəng etdin və razılaşdığını bildirdin. X3 mobil telefonunda olan Whatsapp sosial şəbəkəsinə özümə məxsus Kapital Banka məxsus 4169 ****** 7034 nömrəli kart hesabımı rəqəmlə ad soyadımı isə H...R..R.. sözlərini yazıb göndərdim. Sən İlqar mənim hesabıma ümumilikdə 2900 (iki min doqquz yüz) manat pul göndərdin. Həmin vaxtı mənim mobil telefonuma pulun karta köçürülməsi ilə bağlı mesaj gəldi və mən dərhal 03 oktyabr 2022-ci il tarixdə yaşadığım Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən Bizim marketin qarşısında olan Kapital bank bankomatından ilkin olaraq 280 manat nağd pul, 2000 manat nağd pul, 600 manat nağd pul və 20 manat nağd pulu çıxardım, öz ehtiyaclarım üçün xərclədim. Mən yalan danışmıram” sözlərini demişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi zərərçəkmiş şəxsin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş, ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm– cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-1-ci maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulduğundan, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi əsaslı sayıla bilər. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Mülki iddia üzrə 2900 (iki min doqquz yüz) manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-405/2023 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il 09 (səkkiz) müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərə alınaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu 02 gün, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu 02 gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 gün, ümumilikdə 06 (altı) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 15 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Mülki iddia üzrə 2900 (iki min doqquz yüz) manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar