Məhkəmə qərarları › İş №1(021)-53/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-53/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-53/2024 14.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X6 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi X2 iştirakı ilə xx xxxx 1996-cı ildə Bərdə rayonu Kətəlparaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 16 iyul 2023-cü il tarixdə saat 0030 radələrində Bərdə rayonu Kətəlparaq kəndində qohumu Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında küçədə qohumu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu və atasını üzbə-üz nalayiq ifadələrlə təhqir etməsinə əsəbləşib atasına məxsus avtomobildən götürdüyü istintaqa məlum olmayan deşici-kəsici alətlə (bıçaq ilə) Zərərçəkmiş şəxs sağ qol nahiyyəsinə qəsdən bir dəfə vuraraq sonuncunun sağlamlığına, mil sinirinin və biləyin açıcı qrup əzələ vətərlərinin kəsilməsi ilə sağ saidin orta 1/3-nin ön-iç səthinin kəsilmiş yarası xəsarətləri ilə müşaiyət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Kətəlparaq kəndində yaşayır. Zərərçəkmiş şəxs ilə həmkəndli olmaqla, həmçinin uzaq qohumdurlar. Bir neçə ay əvvəl Zərərçəkmiş şəxs ilə aralarında ot biçimi ilə bağlı mübahisələri olmuşdur. Bir müddət sonra kəndlərində toy şənliyi olmuş, həmən toya o da dəvətli olmuşdur. Toya getmiş, toyda yeyib içdikdən sonra Zərərçəkmiş şəxs yaxınlaşmış, ot biçimi ilə bağlı məsələyə dair aralarında söhbət olmuşdur. Zərərçəkmiş şəxs onu söyüb, təhqir etməyə, ünvanına nalayiq ifadələr işlətməyə başlamış, özü də ondan aralaşaraq toydan getmişdir. Toydan getdikdən sonra Zərərçəkmiş şəxs zəng etmiş və ona iradını bildirərək, niyə görə ona kənar şəxslərin yanında nalayiq sözlər işlətdiyini soruşmuş, sonuncunu söhbət etmək üçün küçələrinə çağırmışdır. Zərərçəkmiş şəxs özünə məxsus avtomobillə küçələrinə gəlmiş, orada söhbət etmişlər. Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bu söhbətdən qabaq atası zəng etmiş və onu evə çağırmışdır. Atasına Zərərçəkmiş şəxs onu söyüb, təhqir etdiyini, sonuncu ilə görüşüb söhbət edəcəyini bildirmişdir. O, Sənanı aralarında olan söz-söhbəti araşdırmaq niyyəti ilə çağırmışdır. Zərərçəkmiş şəxs bıçaqla vurmaq niyyəti olmamışdır. Bıçağı atasının maşınından götürmüşdür. Sənan İslamyılov onu və atasını söyüb təhqir etdiyinə görə məcbur qalıb onu bıçaqla vurmuşdur. Sənan onu və atasını söyüb təhqir edərkən orada heç kim olmamışdır. Atası sahədə göy-göyərti becərdiyinə və orada bıçaq lazım olduğuna görə həmişə atasının maşınında bıçaq olur. Zərərçəkmiş şəxs dava etmək niyyəti ilə çağırmamış, ona hansı səbəbdən söydüyünü aydınlaşdırmaq məqsədilə çağırmışdır. Bıçağı atasının avtomobilindən Zərərçəkmiş şəxs qorxutmaq niyyəti ilə götürmüşdür. Səhvini başa düşür, əməlindən peşimandır. Bir daha heç bir qanunsuz hərəkətlərə yol verməyəcəyinə söz verir. Qeyd etdiklərinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla əvvəllər heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs bibisi qızı onun arvadıdır. 2023-cü ilin yay aylarında torpaq sahəsində olan otu biçdirmiş, ot kipləri bağlatdırmaq üçün Təqsirləndirilən şəxs yeznəsinə müraciət etmişdir. Yeznəsi ona sabahısı gün səhər saat 09-10 radələrində gələcəyinə söz vermiş, lakin sabahısı gün axşam saat 17 radələrinə qədər dəfələrlə zəng etməsinə baxmayaraq telefon zənglərinə cavab verməmişdir. Məcbur qalıb başqa adamla zəngləşib ot kiplərinin bağlaması ilə bağlı sövdələşmişdir. Həmin günü saat 17-dən sonra Təqsirləndirilən şəxs yeznəsi ona zəng edərək traktoru xarab olduğundan telefonu açmadığını bildirmişdir. Razılaşdığı traktor sürücüsü gəlib sahəyə çatdıqda, Təqsirləndirilən şəxs yeznəsi də öz traktoru ilə onun torpaq sahəsinə gəlmişdir. Sonuncuya gec gəldiyinə görə başqa traktorla razılaşdığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona zəng edərək düzgün hərəkət etmədiyini, yeznəsinin ot kiplərini bağlamasına icazə verməsini demişdir. Sonuncuya yeznəsi telefon zənglərinə cavab vermədiyindən başqa şəxsə söz verdiyini, həmin şəxsin başqa kənddən gəldiyini, hər ikisinin ot kiplərini bağlamalarını demişdir. Lakin Təqsirləndirilən şəxs onunla razılaşmayaraq ot kiplərini ya yeznəsinin, ya da başqa şəxsin bağlayacağını bildirmişdir. Bu səbəbdən aralarında soyuq münasibətlər olmuşdur. Hadisədən xeyli sonra kəndlərində toy olmuş, özü də həmin toya dəvətli olmuşdur. Toyda yeyib içərkən Təqsirləndirilən şəxs ona yaxınlaşmış və ona ot biçimi zamanı düzgün hərəkət etmədiyini irad tutmuşdur. Sonuncuya toy mərasiminin həmin söhbətin yeri olmadığını, başqa vaxt söhbət edə biləcəklərini demişdir. Təqsirləndirilən şəxs gedərək öz yerində əyləşmiş, bir az sonra bir daha onun yanına gələrək onun paltarının yaxasından tutmuşdur. Onları toyda olan şəxslər sakitləşdirmiş və toy sahibi Təqsirləndirilən şəxs toydan çıxıb getməsini bildirmişdir. Toydan getdikdən sonra bir neçə dəfə Təqsirləndirilən şəxs ona zəng edərək çölə çıxmasını tələb etmişdir. Toydan çıxıb gedərkən başqa iki nəfər şəxs də onunla şahid kimi getmişlər. Təqsirləndirilən şəxs dayandığı yerə gəlmişlər. Həmin yerə çatarkən Təqsirləndirilən şəxs onun yaxasından tutmuş, onları aralaşdırmışlar. Onlar uzaqlaşmaq istəyərkən Təqsirləndirilən şəxs atası avtomobillə Müseyib adlı şəxslə onların olduqları yerə gəlmişlər. Təqsirləndirilən şəxs atasını görən kimi bir daha onun üstünə gələrək guya onu döydüyünü, vurduğunu deyib səs küy salmışdır. Özü isə heç bir söz deməmişdir. Atası Təqsirləndirilən şəxs avtomobilə əyləşdirib aparmaq istəmiş, lakin sonuncu avtomobilin ətrafına fırlanaraq avtomobilin qarşı tərəfinə keçmişdir. Bəxtiyar yerdən daş götürərək ona atmış, lakin daş ona dəyməmişdir. Daş atarkən kənara çəkilmiş, daş ona dəyməmişdir. Bəxtiyar ona yaxınlaşıb yumruqla vurmaq istəmiş, yumruq onun burnuna dəymişdir. Təqsirləndirilən şəxs atasına sonuncunu buradan aparmasını bildirmişdir. Atası Təqsirləndirilən şəxs avtomobilə əyləşdirmiş, özü avtomobilə əyləşmək istəyərkən Təqsirləndirilən şəxs avtomobildən yerə düşüb onun üzərinə gəlmişdir. Təqsirləndirilən şəxs ona əl atarkən yanında olan iki nəfər şəxslər Bəxtiyarın əlində bışaq olduğunu bildirmişlər. Əlimi qabağa vermiş və Təqsirləndirilən şəxs onun bilək nahiyəsindən bıçaqla vurmuşdur. Onları aralaşdırmışlar, orada yaşayan qonşular da səsə gəlmişlər. Orada olan şəxslər Təqsirləndirilən şəxs çıxıb getməsini bildirmiş, sonuncu onu yaralamaq üçün deyil, ölümünə vurduğunu bildirmişdir. Bəxtiyarın atasına niyə Bəxtiyarı aparmadığını bildirmiş, sonuncunun atası gücünün çatmadığını demişdir. Bəxtiyarın atası onu avtomobilə əyləşdirərkən ola bilsin ki, sonuncu bıçağı avtomobildən götürmüşdür. Bəxtiyar bütün bu hərəkətləri edərkən onu ölümlə təhdid etmişdir. Həmin vaxt yanlarında Elçin, Məhəmmədəli, Cəsarət adlı şəxslər olmuşdur. Bəxtiyarın atası və Müseyib adlı şəxs bir az kənarda olmuşlar. Təqsirləndirilən şəxs içkinin təsiri altında olmuşdur. O, Bəxtiyara “kişisən, şəxsiyyətin olsun” kimi ifadələr işlətmişdir. Bəxtiyar bıçaqla onu vurmaq istəyərkən əlini qabağa vermişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Onun ifadəsini dəyişdirmişlər. Onu aldadaraq imza etdirmişlər. Kiməsə söyüş söyməmiş, təhqir etməmişdir. İstintaqda verdiyi ifadəsini deyil, məhkəmədə verdyi ifadəsini təsdiq edir. Bəxtiyarla toy olan küçədə görüşmüş, onu Bəxtiyar zəng edərək çağırmışdır. Sonuncunun onu aralarında olan söz-söhbəti araşdırmaq üçün çağırdığını bilmiş, lakin dava olacağını gözləməmişdir. Bəxtiyar ona qarşı hər-hansı hərəkətlər edərkən sonuncuya nə əl qaldırmamış, nə də onun ünvanına nalayiq ifadələr işlətmişdir. Aralarında olan mübahisə 15-20 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs evdə aralarında olan söz-söhbəti atasına bildirdiyindən atası onların olduqları yerə gəlmişdir. Təqsirləndirilən şəxs vurmamış, ona heç bir söyüş söyməmişdir. Hadisədən sonra iki dəfə əməliyyat olunmuşdur, qolu normal qaydada işləmir. Təqsirləndirilən şəxs yaxınları ona 1500 manat pul təklif etmiş, lakin o qəbul etməmişdir. Qolunun sağalması üçün 7000-8000 manat pul xərcləmişdir. Təqsirləndirilən şəxsla barışmamışdır, sonuncunun ciddi cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu kənddə toya getmiş, saat 23 radələrində oğluna zəng edərək evə çağırmışdır. Oğlunun gəlmədiyini görüb özü arxasınca getmişdir. Zərərçəkmiş şəxsla oğlu Təqsirləndirilən şəxs qarşı-qarşıya durduğunu görmüşdür. Oğlu Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs onu söydüyünü, təhqir etdiyini bildirmişdir. Oğlunu tutub saxlamış, avtomobilə əyləşdirmişdir. Avtomobilin qarşı tərəfinə fırlanıb avtomobilə oturarkən, oğlu Bəxtiyar avtomobildən düşüb, arxa tərəfə keçib Zərərçəkmiş şəxs vurmuşdur. Avtomobilində bıçaq olmuş, Bəxtiyarın bıçağı götürməsini bilməmişdir. Zərərçəkmiş şəxs onun yanında söyüş söymüş, söyüş söyməsi nəticəsində oğlu Bəxtiyar Sənanı bıçaqla vurmuşdur. Hadisədən sonra oğlunu götürüb getmişdir. Sənana həmin yerdən çıxıb getməsini bildirsə də, sonuncu “mən uşağın qabağından qaçası deyiləm” demişdir. Hadisə olan yerdə başqa adam görməmiş, hava qaranlıq olmuşdur. Bəxtiyarın avtomobildən bıçağı götürdüyünü bilməmiş, əgər bilsəydi bıçağı götürməsinə imkan verməzdi. X5 vurduğunu görməmişdir. Barışıq üçün Zərərçəkmiş şəxs yaşadığı ünvana üç dəfə getmiş, Sənana barışıq üçün 2000 manat pul təklif etmiş, sonuncu ondan əvvəlcə 8000 manat, daha sonra isə 7000 manat pul tələb etmişdir. Zərərçəkmiş şəxs 2000 manat pul verə biləcəyini, əlavə olaraq köməklik göstərəcəyini bildirmiş, sonuncu isə 2000 manatı az olduğu üçün qəbul etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs qaynı, Təqsirləndirilən şəxs isə həmkəndlisidir. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Hadisə olarkən evdə olmuşdur. Evdə olarkən qaynı Zərərçəkmiş şəxs zəng edərək onu çölə çağırmış, həyətə çıxarkən Sənanın həyətdə olduğunu və qolundan qan axdığını görmüşdür. Nə olduğunu soruşmuş, sonuncu Təqsirləndirilən şəxs onu bıçaqladığını bildirmişdir. Dərhal Zərərçəkmiş şəxs X4 Mərkəzinə aparmışdır. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında olan dava-dalaşı görməmişdir. İş materiallarında olan: Məhkəmə-Tibbi Ekspertiza və X1 Bərdə rayonlararası mərkəzinin verdiyi 21 iyul 2023-cü il tarixli 546 saylı Rəydən müəyyən edilir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-mil sinirinin və biləyin açıcı qrup əzələ vətərlərinin kəsilməsi ilə sağ saidin orta 1/3-nin ön-iç səthinin kəsilmiş yarası kəsici xassəyə malik olan əşyanın (əşyaların) təsirindən törənmişdir (ola bilsin ki, bıçaqla). Törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Beləliklə, Təqsirləndirilən şəxs 16 iyul 2023-cü il tarixdə saat 0030 radələrində Bərdə rayonu Kətəlparaq kəndində qohumu Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında küçədə qohumu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu və atasını üzbəüz nalayiq ifadələrlə təhqir etməsinə əsəbləşib atasına məxsus avtomobildən götürdüyü istintaqa məlum olmayan deşici-kəsici alətlə (bıçaq ilə) Zərərçəkmiş şəxs sağ qol nahiyəsinə qəsdən bir dəfə vuraraq sonuncunun sağlamlığına, mil sinirinin və biləyin açıcı qrup əzələ vətərlərinin kəsilməsi ilə sağ saidin orta 1/3-nin ön-iç səthinin kəsilmiş yarası xəsarətləri ilə müşaiyət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd inzibati ərazi vahidi üzrə nümayəndəsinin 18 dekabr 2023-cü il tarixli 1130 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Kətəlparaq kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd inzibati ərazi vahidi üzrə nümayəndəsinin verdiyi 18 dekabr 2023-cü il tarixli Xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur, səhvini başa düşür, əməlindən peşimandır. Belə olan halda, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 08 dekabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Habelə məhkəmə iclasında Təqsirləndirilən şəxs bir daha hər hansı qanunsuz əməllərlə məşğul olmayacağına vəd verərək ona rəhm edilməsini xahiş etdi. İşdə olan xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs gəncdir, əvvəllər cinayət törətməmişdir. Bütün bunlar isə onun cinayət törətməyə meyilli olmamasını və cəmiyyət üçün tam yararsız olmamasını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, bir daha hər hansı qanunsuz əməllərlə məşğul olmayacağına vəd verməsi onun cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olması kimi nəzərə alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar