Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-54/2023 01.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X5 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bərdə Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı MTCMnin “Amnistiya aktının tətbiq edilməsi barədə” 11 noyabr 2021-ci il tarixli qərarına əsasən “8 noyabr- Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.3-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olan, Bərdə rayonu Qaradağlı kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə saat 1800 radələrində ictimai yer hesab edilən Bərdə şəhəri Bakı küçəsində yerləşən mərkəzi avtovağzalın qarşısında insanların gur toplaşdığı yerdə ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə avtovağzalda olan insanlara heç bir əhəmiyyət verməyib taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs ünvanına hər hansı bir əsaslı səbəb olmadan nalayiq söyüşlər işlədib ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək üzərində gəzdirdiyi istintaqla müəyyən edilə bilməyən silah qismində əşya hesab edilən bıçaqdan istifadə etməklə Zərərçəkmiş şəxs qarın nahiyəsinin sağ yarısına qəsdən bir zərbə endirib Zərərçəkmiş şəxs sağlamlığına, qarın nahiyəsinin sağ yarısının ön səthinin deşilmiş-kəsilmiş yarası qismində qəsdən yüngül zərər vurması ilə və avtovağzalda olan sürücülərin, sərnişinlərin rahatçılıqlarının pozulması ilə nəticələnən xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Bərdə Rayon Mərkəzi Avtovağzalında dispetçer işləyən atası Eldənizə köməklik edir. 14 oktyabr 2022-ci il tarixdə avtovağzalın qarşısında olmuş, saat 18 radələrində müştəri aparmaq üstündə Dilbazi ilə aralarında mübahisə yaranmışdır. Yaxınlıqda saxladığı özünə məxsus olan “Lada Xəzər” markalı **-PY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilindən meyvə doğramaq üçün saxladığı iri ölçülü mətbəx bıçağını götürüb belinə qoymuş, Dilbaziyə yaxınlaşaraq sol əli ilə belindən bıçağı çıxarıb Dilbazinin sağ tərəf qarın nahiyəsinə yüngül bir zərbə vurmuşdur. Yaxınlıqda olan atası Eldəniz, Elməddin və Tural onu sakitləşdirmiş, sonra Dilbazi avtomobilinə tərəf gedib dəmir yükqaldıranı götürərək ona tərəf gəlmiş, dəmir yükqaldıranı ona tərəf yelləmiş, yükqaldıran sağ qoluna dəymiş, lakin heç bir xəsarət almamışdır. Yenə də atasıgil araya duraraq onları dalaşmağa qoymamışlar. Bundan sonra Dilbazi oradan çıxıb getmiş, özü də Gəncə şəhərinə getmişdir. Zərərçəkmiş şəxs vurduğu bıçağı hadisədən sonra özü ilə aparmış, Gəncə şəhərinə gedəndə yolda Qarabağ kanalına atmışdır. Aralarında olan dava-dalaş təqribən 10 dəqiqə çəkmiş, hadisəni görən kənar şəxslər ora toplaşmışlar. Səhvini başa düşür, əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Qeyd edilənlərin, habelə gənc olmasının nəzərə alınmasını və ona rəhm edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, özünə məxsus olan “Mercedes Benz” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bərdə-Bakı xətti üzrə taksi fəaliyyəti ilə məşğul olur. Bərdə Rayon Avtovağzalında taksi sürücülərinə müştəri tapan Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. 14 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində Avtovağzalda müştəri gözləyərkən Təqsirləndirilən şəxs yanına gəlib gətirdiyi müştərini aparmasını demişdir. Heydərə həmin şəxsin maşından indi düşdüyünü demiş, həmin vaxt Heydər onun ünvanına nalayiq ifadələr işlədərək onu öldürəcəyi, vuracağı ilə hədələmişdir. Sonuncunu özündən aralaşdırmaq istəyəndə Heydər şalvarının arxa tərəfindən xəncərə oxşar iri bıçağı çıxarıb onun sağ qarın nahiyəsindən vurmuşdur. Əvvəlcə Heydərin bıçaqla onu vurmasını bilməmiş, bir neçə saniyə sonra qarın nahiyəsində istilik hiss etmişdir. Baxarkən qarnının qanadığını görmüşdür. Heydərin atası Eldəniz və Mirzahidgil onları aralamışlar. Mirzahid və digərləri onun qarın nahiyəsindən qan axdığını görüb, Mirzahidlə Elməddin onu maşına qoyub X2 Təcili Tibbi yardım şöbəsinə gətirmiş və orada ona ilk tibbi yardım göstərilmişdir. Heydər onu iri ölçülü xəncərə oxşar bıçaqla vurmuşdur. Baş vermiş mübahisə və hadisə təqribən 10-15 dəqiqə çəkmiş, Heydərin söyüş, qışqırıq və hədə səslərinə ətrafda olan şəxlər hadisə yerinə yığılmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, onu bağışlamışdır, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Göstərdiklərinin təqsirləndirilən şəxsə cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir iddia, tələb və şikayətinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Bərdə rayon Avtovağzalında Bakı şəhərinə gedən müştərilərin taksi avtomobili ilə yola salınmasına köməklik edir. 14 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində avtovağzalda olmuş, avtovağzalda taksi sürücüsü Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında müştəri üstündə mübahisə etdiklərinin şahidi olmuşdur. Mirzahid və bir neçə nəfər digər yadında qalmayan sürücülər də kənarda dayanmış, onlar qabağa gələnə kimi Heydər şalvarının arxa bel tərəfindən iri ölçülü bıçağı çıxarıb Dilbazinin sağ qarın nahiyəsindən vurmuşdur. Onlar Heydəri kənara çəkmiş, bu vaxt Heydərin atası Eldəniz gəlmiş, Eldənizlə Mirzahid bir təhər Heydəri kənara çəkmiş, onlar da Dilbazini kənara çəkmişlər. Onlar Dilbazinin qarın nahiyəsindən qan axdığını görmüş, Mirzahidlə birlikdə Dilbazini maşına qoyub X3 Təcili Tibbi yardım şöbəsinə gətirmiş, orada Dilbaziyə ilk tibbi yardım göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Məhkəmə-Tibbi Ekspertiza və X1 Bərdə rayon şöbəsinin verdiyi 19 oktyabr 2022-ci il tarixli 862 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - qarın nahiyəsinin sağ yarısının ön səthinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin ki, bıçaq təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə saat 1800 radələrində ictimai yer hesab edilən Bərdə şəhəri Bakı küçəsində yerləşən mərkəzi avtovağzalın qarşısında insanların gur toplaşdığı yerdə ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə avtovağzalda olan insanlara heç bir əhəmiyyət verməyib taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs ünvanına hər hansı bir əsaslı səbəb olmadan nalayiq söyüşlər işlədib ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək üzərində gəzdirdiyi istintaqla müəyyən edilə bilməyən silah qismində əşya hesab edilən bıçaqdan istifadə etməklə Zərərçəkmiş şəxs qarın nahiyəsinin sağ yarısına qəsdən bir zərbə endirib Zərərçəkmiş şəxs sağlamlığına, qarın nahiyəsinin sağ yarısının ön səthinin deşilmiş-kəsilmiş yarası qismində qəsdən yüngül zərər vurması ilə və avtovağzalda olan sürücülərin, sərnişinlərin rahatçılıqlarının pozulması ilə nəticələnən xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi 12 yanvar 2023-cü il tarixli 112 saylı arayışdan və xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Qaradağlı kəndində yaşayır. Ərazidə yaşadığı müddətdə özünü intizamlı aparmış, qeyri-normal hərəkətlərə yol verməmişdir. İctimai yerlərdə davranışı müsbət olmuşdur. Müsbət davranışı ilə gənclər və kənd sakinləri arasında özünə hörmət qazanmışdır. İctimai işlərdə yaxından köməklik göstərmişdir. Onun barəsində Bərdə rayonu Güloğlular kənd İƏD üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X6 15 dekabr 2022-ci il tarixli 632 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X6 poliklinika şöbəsində ruhi-əsəb və narkoloji kabinetdə dispanser qeydiyyata alınmamışdır. Zərərçəkmiş şəxs 24 yanvar 2023-cü il tarixdə notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir iddia, tələb və şikayətinin olmadığını bildirir. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 1(021)-86/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. “Amnistiya aktının tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 2 saylı MTCM-nin 11 dekabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.3-cü bəndinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını zəruri sayır. Bununla yanaşı, məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını müstəsna hal hesab edərək Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasına inanaraq onun barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə şərti məhkum etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların (Tokio qaydaları) 1.2-ci maddəsinə uyğun olaraq ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən məhkumla davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 25-ci bəndində qeyd olunur ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbаycаn Respublikаsının CM-in: 70.1-ci mаddəsinə əsаsən, islаh işləri, hərbi xidmət üzrə məhdudlаşdırmа, intizаm xаrаkterli hərbi hissədə sаxlаmа və yа müəyyən müddətə аzаdlıqdаn məhrumetmə növündə cəzа təyin edən məhkəmə, məhkumun cəzа çəkmədən islаh olunmаsını mümkün sаyırsа, həmin cəzаnın şərti olаrаq tətbiq edilməsi hаqqındа qərаr çıxаrа bilər. 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş çinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3-cü maddəsinə görə, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 70.5-ci maddəsinə görə, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnа məlumаt vermədən dаimi yаşаyış yerini dəyişməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, özünün dаvrаnışı ilə islаh olunmasını sübut etmək və ictimai faydalı əməklə məşğul olmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin başlanğıcı məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 07 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 noyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin 09 noyabr 2022-ci il tarixli 4(021)-164/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin 03 (üç) ay həddində, yəni 07 fevral 2023-cü il tarixədək müəyyən edilməsi, həbs etmənin əvvəlinin 07 noyabr 2022-ci il tarixdən saat 18:05-dən hesablanması qərara alınmışdır. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında həbsdən azad edilməlidir. İş üzrə maddi sübut olan baş vermiş hadisəni əks etdirən bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 02 (iki) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.5-ci mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnа məlumаt vermədən dаimi yаşаyış yerini dəyişməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, özünün dаvrаnışı ilə islаh olunmasını sübut etmək və ictimai faydalı əməklə məşğul olmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin başlanğıcı məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs dаvrаnışınа nəzаrət onun yаşаyış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut olan baş vermiş hadisəni əks etdirən 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-54/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-54/2023
01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver