Məhkəmə qərarları › İş №1(021)-55/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-55/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-55/2024 14.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X5 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1989-cu ildə Ağdam rayonu Sarıhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 09 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 01 il 02 ay 08 gün müddətə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmış, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olan və Bərdə rayonu Qasımbəyli kəndi ərazisində yerləşən qum-çınqıl karxanasında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ Siyahısına əsasən, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,556 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edərək üzərində saxlamış, 02 noyabr 2023-cü il tarixdə saat 0950 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Qasımbəyli kəndində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli şalvarın sol yan cibindən 1(bir) ədəd sellofan bükümdə olan 1(bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,556 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllərdə narkotik vasitə istifadə etdiyinə görə məhkumluqları olmuşdur. Sonuncu dəfə narkotik vasitəni üzərində saxladığına görə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona 01 il 09 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 01 noyabr 2023-cü il tarixdə Bərdə şəhərində dəmir yol relslərinin yaxınlığında yerdən 01 ədəd büküm tapmış və həmin bükümə baxarkən narkotik vasitə olan heroin olmasını müəyyən etmişdir. Özü heroin istifadəçisi olduğundan istifadə etmək məqsədi ilə həmin narkotik vasitəni özü ilə götürmüşdür. 02 noyabr 2023-cü il tarixdə saat 0950 radələrində Bərdə rayonu Qasımbəyli kəndində piyada hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək polis şöbəsinə gətirmişlər. Polis şöbəsində öz istəyi ilə Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi dəvət olunmuş və üzərinə keçrilən baxışda iştirak etmişdir. Baxış keçirilərkən üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olması ondan soruşulmuş, özü könüllü olaraq üzərində saxladığı bir bükümdə olan narkotik vasitəni masanın üzərinə qoymuşdur. Bundan başqa ona məxsus olan bir ədəd “Samsung” markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini, bir ədəd siqaret qutusunu, üzərində olan elektron nəzarət cihazını da polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən üzərinə baxış keçrilmiş, üzərindən əlavə olaraq hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş, kütləyə baxış keçrilmiş, baxış zamanı polis əməkdaşları həmin kütlənin narkotik vasitə heroinə bənzəməsini bildirmişlər. Kütlə elektron tərəzidə çəkilmiş və cəmi 0,68 qram olduğu müəyyən olunmuşdur. Bükülü proses iştirakçılarının iştirakı ilə müvafiq qaydada bir ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və proses iştirakçıları ilə həmin qablaşdırmanın üzərinə imza etmiş və ekspertizaya göndəriləcəyi qeyd olunmuşdur. Onun üzərindən başqa hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Əməlindən peşmandır. Söz verir ki, bir daha hər hansı qanunsuz əməllərlə məşğul olmayacaqdır. Qeyd etdiklərinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis X1 Qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, 2022-ci ilin iyul ayından Bərdə Rayon Polis X1 Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, xx.xx.2023-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 0950 radələrində Bərdə rayonu Qasımbəyli kəndində saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs dövlət hesabına Müdafiəçi dəvət edilməklə təhqiqatçı Bəhruz Nuriyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Bərdə RPŞ PPXB-nin polis nəfəri Şahid3, Bərdə RPŞ KTQ-nun baş inspektoru Şahid2 və Bərdə rayon Vəkillər Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmiş ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, varsa könüllü olaraq təhvil versin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan qara rəngli şalvarın sağ arxa cibindən bir ədəd mobil telefonu, əynində olan qara rəgli şalvarın sol yan cibindən “Prima” markalı siqarət qutusu, 1 ədəd elektron nəzarət cihazı, özünə məxsus olan şəxsiyyət vəsiqəsini çıxararaq masanın üzərinə qoymuşdur. “Prima” markalı siqarət qutusununun içərisində olan kağız parçasına bükülmüş kütləni çıxararaq masanın üzərinə qoymuş və bükümün içərisində narkotik vasitə hesab edilən heroin olduğunu, narkotik vasitəni öz istifadəsi məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Sonuncunun üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, ümumi təmiz çəkisi kağız parçası ilə birlikdə 0,68 qram olması müəyyən edilmişdir. Kütlə 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və DİN-nin 94 nömrəli möhürü ilə möhürlənərək ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin baxış zamanı sonuncunun üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni Bərdə şəhərində dəmiryol xəttinin yaxınlığından, yolun kənarından tapdığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Bərdə RPŞ-nin Kriminalistik Tədqiqatlar qrupunun ekspert-kriminalisti Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 02 noyabr 2023-cü il tarixli 16/1147 saylı rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maadi sübut” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan bükümdə olan 1 (bir) ədəd gümüşü kağız bükümdə, təmiz çəkisi 0,556 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Qeyd: Heroinin təmiz çəkisi 0,556 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,506 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 30 dekabr 2023-cü il tarixli 2103 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X6 tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli 18-1-28/2-1563/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX”-nın Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,556 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edərək üzərində saxlaması, 02 noyabr 2023-cü il tarixdə saat 0950 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Qasımbəyli kəndində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli şalvarın sol yan cibindən 1(bir) ədəd sellofan bükümdə olan 1(bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,556 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Seyidli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 08 yanvar 2024-cü il tarixli 06 saylı Arayışından və eyni tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Seyidli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sarıhacılı kəndində daimi qeydiyyatdadır. Təqsirləndirilən şəxs hazırda məcburi köçkün kimi Bərdə rayon Beton zavodunun inzibati binasında müvəqqəti qeydiyyatdadır. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Ağdam rayon Seyidli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində olan məlumata əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Bərdə Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. -Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 oktyabr 2022-ci ildən 13 mart 2023-cü ilədək həbsdə saxlanıldığı 04 ay 13 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 08 ay 26 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 09 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin 20 dekabr 2023-cü il tarixli 25/09 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək cəzasının 06 ay 26 gününü çəkmiş və 01 il 02 ay 08 gün çəkilməmiş cəzası qalmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmadan yenidən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmənin qənaətinə görə, bu hal onu göstərir ki, həmin hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsiri olmamışdır və Təqsirləndirilən şəxs cinayət törətməyə meylli şəxsdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin: 67.1-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 02 (iki) ay 08 (səkkiz) günün iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla 07 (yeddi) ay 04 (dörd) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 02 noyabr 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 4(021)-217/2023 saylı qərarından görünür ki, təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbs etmənin başlanğıcı 02 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan o, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 02 noyabr 2023-cü il tarixli 16/1147 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat 40 qəpik) manat təşkil etmişdir. İş üzrə 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 0,506 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 02 (iki) ay 08 (səkkiz) günün iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla 07 (yeddi) ay 04 (dörd) gün azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 0,506 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat 40 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən təqsirləndirilən şəxs rəsmi qaydada aldığı, digər proses iştirakçıları isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar