Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-55/2025 09.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X23 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 12 avqust 1988-ci ildə Bərdə rayonu Samux kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğuİ olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Samux kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, 14 iyun 2024-cü il tarixdə, saat 1940 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan, ayıq vəziyyətdə tanışı Şahid3 məxsus «VAZ-21099» minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin avtomobilə dair etibarnamə olmadan idarə edib Bərdə rayonu 588 saylı Qaçqınlar qəsəbəsi istiqamətdən Bərdə-Yevlax avtomobil yolu istiqamətinə təxminən 50 km/saat sürətilə əks hərəkət zolağı ilə hərəkətdə olarkən qəsəbənin çıxış hissəsində, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməyərək cinayətkarcasına özünə güvənib ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin sol yan qarşı hissəsi ilə hərəkət istiqamətinin solundan sağına doğru yolu keçən piyada Bərdə rayonu 588 saylı Qaçqınlar qəsəbəsi, bina 3 ev 8-də yaşayan Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq sonuncunun sağlamlığına, sağ budun burmalaraltı az yerini dəyişmiş sınığı ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməklə yol hərəkəti qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Bərdə rayonu Samux kəndində yaşayır. X26 İdarəsinin PPXA 13 taqımında bağban kimi, yəni fəhlə işləməklə ailəsini dolandırır. Şahid3 VAZ-21099 markalı avtomobili var. Həmin gün Şahid3 xidmətdə olmuş, avtomobili də dayanacaqda saxlamışdır. Şahid3 xahiş etmişdir ki, avtomobili ona versin, gedib özünə siqaret alıb gəlsin. O da etiraz etməmişdir. Əvvəllər kənd arasında avtomobil idarə etmişdir. Şahid3 məxsus VAZ-21099 markalı avtomobili sürərək yaxınlıqda olan, Bərdə rayonu 588 saylı qəsəbədə yerləşən “Aran” marketdən siqaret almağa getmişdir. Şahid3 avtomobilini birinci dəfədir ki, idarə etmişdir. Avtomobili idarə edərkən tək olmuşdur. Marketdən siqaret aldıqdan sonra avtomobilə oturub sürərək yola çıxıb geri qayıdarkən sonradan tanıdığı piyada Zərərçəkmiş şəxs yolu keçməsini görməmiş və avtomobilin sol yan güzgüsü ilə onu vurmuşdur. Hadisə baş verən vaxt hava işıqlı olmuş, hadisə saat 19 radələrində olmuşdur. Səhvən avtomobili əks istiqamətə sürmüş, zərərçəkmiş şəxs ani olaraq avtomobilin qarşısına çıxmış, piyadanı görərkən əyləci basmış, sonuncunu avtomobilin sol yan güzgüsü ilə vurmuş, zərərçəkmiş şəxs avtomobilə söykənərək dayanmışdır. Dərhal avtomobildən düşüb zərərçəkmiş şəxsə yardım göstərtmiş, sonra isə DYP 13 taqımının əməkdaşı Şahid4 zəng etmiş, sonuncu hadisə yerinə gəlmişdir. Xəsarət almış şəxsi Şahid4 idarə etdiyi avtomobilinə qoyub xəstəxanaya aparmışlar. Özü isə hadisə yerində qalmışdır. Hadisədən sonra zərərçəkmiş şəxsə bütün lazımi maddi köməklik göstərmiş, onun müalicəsinin xərcini tamamilə ödəmişdir. Səhvini başa düşür, əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törədir. Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Himasyəsində işsiz arvadı və iki nəfər azyaşlı qız övladı vardır. Ailəsinin yeganə qazanc gətirən şəxsi odur. Qeyd edilənlərin nəzərə alınmasını və ona rəhm edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisədən sonra tanımışdır. Yaşadığı qəsəbədən çıxıb, yolu keçib başqa istiqamətdə yerləşən beşmərtəbəli binalar olan tərəfə getmişdir. Avtomobil yolunun ortasında olan səkinin üstünə çıxıb yolu soldan sağa keçmək istəmişdir. Yolu keçib səkiyə çıxmaq istəyərkən sol tərəfini gözləmiş, sağdan avtomobil gələcəyini güman etməmişdir. Yolun ortasına çatarkən avtomobil siqnalı səsini eşitmişdir. Avtomobilin onu vurmaması üçün qaçıb səkinin üstünə çıxmaq istəmiş, lakin artıq avtomobil onun durduğu yerə çatmış və onu vurmuşdur. Yerə yıxılmış, avtomobilin sürücüsü dərhal avtomobili saxlayıb, kömək edib onu yerdən qaldırmışdır. Sonra başqa bir avtomobil gəlmiş, onu avtomobilə qoyaraq xəstəxanaya aparmışlar. Sol tərəfi zədələnmiş və sol dizinin qapağı çatlamışdır. Gəncə şəhərində xəstəxanada səkkiz gün müalicə olunmuşdur. Onun müalicəsinin bütün xərclərini Təqsirləndirilən şəxs ödəmişdir. Hazırda vəziyyəti qənaətbəxşdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, sonuncu ilə barışmışdır. Xahiş edir ki, təqsirləndirilən şəxsə cəza verilməsin. Zərərçəkmiş şəxs məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir iddiasının, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin növbətçi hissəsinin sürücüsü işləyən Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs tanımır. Yol nəqliyyat hadisəsi baş verərkən əməliyyat qrupunda olmuş, ona göstəriş verilmişdir ki, İstintaq Bölməsinin müstəntiqini avtomobillə hadisə yerinə aparsın. O, əməliyyat qrupu ilə başqa hadisə yerinə getmişdir. Hadisənin kim tərəfindən törədilməsini, hadisə nəticəsində kimin zərərçəkməsini bilmir. O, sadəcə olaraq müstəntiqi hadisə yerinə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş X25 İdarəsinin PPXA 13-cü taqımının yol patrul xidməti baş inspektoru vəzifəsində işləyən Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımışdır. Sonuncu Baş X26 İdarəsinin PPXA 13 taqımında fəhlə kimi işləmişdir. Xidmətdə olarkən Təqsirləndirilən şəxs siqaret almağa getmək üçün ondan avtomobilini istəmiş, o da avtomobilini vermişdir. Az sonra Təqsirləndirilən şəxs zəng edərək yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilk dəfə idi ki, ondan avtomobilini istəmişdir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olmamasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş X25 İdarəsinin PPXA 13-cü taqımının yol patrul xidməti inspektoru vəzifəsində işləyən Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs Şahid3 zəng edərək yol-nəqliyyat hadisəsi törətdiyini bildirmiş, özü hadisə yerinə gedərək zərərçəkmiş şəxsi xidməti avtomobilinə qoyaraq X11 aparmışdır. Yol-nəqliyyat hadisəsinin baş verməsini ona iş yoldaşı Şahid3 bildirmiş, hadisə qaçqınlar qəsəbəsinin yaxınlığında baş vermişdir. Hadisə yerinə çatanda ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən zərərçəkmiş şəxsə toxunmuş, sonuncu yüngül xəsarət almışdır. Zərərçəkmiş şəxsi tez avtomobilinə qoyaraq xəstəxanaya aparmış, Bərdə Rayon Polis şöbəsinə hadisə barədə məlumat verilmişdir. Hadisədən sonra Bərdə Rayon Polis Şöbəsindən gəlib hadisə yerini müayinə etmişlər. Həmin vaxt özü də orada olmuşdur. Şahid Bərdə Rayon Polis Şöbəsinin KTQ-nun baş inspektoru Şahid1 məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 329-cu maddəsinə əsasən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsini oxuyub elan etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 14 iyun 2024-cü il tarixdə əməliyyat qrupunda olarkən həmin gün, saat 2025 radələrində Bərdə Müalicə və Diaqnostika mərkəzindən Bərdə RPŞ-nin növbətçi hissəsinə Bərdə rayonu 588 saylı qaçqınlar qəsəbəsində yaşayan 1958-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Bərdə Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X12 və Bərdə RPŞ-nin növbətçi hissəsinin sürücüsü, polis baş serjantı X13 ilə birlikdə yolnəqliyyat hadisəsi yerinə getmişdir. Hadisə yerində olarkən yol-nəqliyyat hadisəsini törədənin Bərdə rayonu Samux kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğunu və hadisə yerinə toplaşan tanımadığı bir neçə şəxslərin olduğunu görmüşdür. Həmin vaxt onun, polis baş serjantı X8, Təqsirləndirilən şəxs və 2 nəfər tanımadığı hal şahidlərinin iştirakı ilə baş təhqiqatçı Vüsal Bayramov tərəfindən hadisə yeri müayinə edilmişdir. Hadisə yerində ona Təqsirləndirilən şəxs sürücülük hüququ və nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnaməsi olmadan Şahid3 məxsus idarə etdiyi «VAZ-21099» minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bərdə rayonu 588 saylı Qaçqınlar qəsəbəsi istiqamətdən Bərdə-Yevlax yolu istiqamətində asfalt yolun əks hərəkət zolağı ilə hərəkətdə olarkən Bərdə rayonu 588 saylı Qaçqınlar qəsəbəsinə dönən yol ayrıcında asfalt yolu soldan sağa keçən piyada Bərdə rayonu 588 saylı Qaçqınlar qəsəbəsi, bina 3, ev 8-də yaşayan Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sol yan güzgüsü və sol yan hissəsi ilə vurması məlum olmuşdur. Hadisədən sonra dərhal Təqsirləndirilən şəxs Bərdə-Yevlax yolunun 19-cu kilometrliyində yerləşən Baş X25 İdarəsinin PPXA 13-cü taqımın xidmət etdiyi postun ərazisində günəmuzd olaraq orada təmizlik işləri gördüyü üçün 13-cü taqımda polis nəfəri isləyən Şahid4 zəng edib yol-nəqliyyat hadisəsi törətməyi barədə məlumat verib, hadisə yerinə gəlməsini bildirdiyi üçün Şahid4 idarə etdiyi avtomobillə hadisə yerinə gəldikdən sonra Zərərçəkmiş şəxs hadisə yerindən götürüb Bərdə Müalicə və Diaqnostika Mərkəzinə aparmışdır. Təqsirləndirilən şəxs isə hadisə yerində qalıb polis əməkdaşlarının gəlməsini gözləmişdir. Hadisə zamanı ona Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-21099» minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobildə tək olması məlum olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirilərkən ayıq vəziyyətdə olması müəyyən edilmişdir. O, digər polis əməkdaşları ilə birlikdə hadisənin necə baş verməsini görməsə də, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerinə getmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: “Məhkəmə-Tibbi Ekspertiza və X17” publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin verdiyi 25 noyabr 2024-cü il tarixli,14/5296 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ budun burmalaraltı az yerini dəyişmiş sınığı küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı minik avtomobilinin piyadanı vurması zamanı törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 oktyabr 2024-cü il tarixli, 8/2017 saylı rəyindən görünür ki, “Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21099 markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.” AC 999786 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ-210099 minik markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X9 adına qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli 19 reyestr nömrəli etibarnamədən görünür ki, X14 mülkiyyətində olan nəqliyyat vasitəsini “Nəqliyyat vasitəsinə dair sərəncam hüququ” tipi ilə Şahid3 etibarnamə vermişdir. Etibarnamə xx.xx.2025-ci il tarixədək qüvvədədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsi tərəfindən verilmiş 13 dekabr 2024-cü il tarixli 3-13-16-11/2-4998/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına DİN-nin mərkəzi informasiya sistemində olan məlumata əsasən sürücülük vəsiqəsi qeydiyyatda yoxdur. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 14 dekabr 2024-cü il tarixli, 18-1-28/2-2322/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 783 saylı Aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu əlamətləri aşkar edilməmişdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs 14 iyun 2024-cü il tarixdə, saat 1940 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan, ayıq vəziyyətdə tanışı Şahid3 məxsus «VAZ 21099» minik markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobili həmin avtomobilə dair etibarnamə olmadan idarə edib Bərdə rayonu 588 saylı Qaçqınlar qəsəbəsi istiqamətdən Bərdə-Yevlax avtomobil yolu istiqamətinə təxminən 50 km/saat sürətilə əks hərəkət zolağı ilə hərəkətdə olarkən qəsəbənin çıxış hissəsində, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməyərək cinayətkarcasına özünə güvənib ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin sol yan qarşı hissəsi ilə hərəkət istiqamətinin solundan sağına doğru yolu keçən piyada Bərdə rayonu 588 saylı Qaçqınlar qəsəbəsi, bina 3 ev 8-də yaşayan Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq sonuncunun sağlamlığına, sağ budun burmalaraltı az yerini dəyişmiş sınığı ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməklə yol hərəkəti qaydalarını pozması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli, 02 saylı Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: X24 Xidmət Mərkəzində 25 fevral 2025-ci ildə təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Samux kənd İnzibati Ərazi Dairəsu üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 dekabr 2024-cü il tarixli 365 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Samux kəndində müvəqqəti yaşayır. Ailə üzvləri: arvadı-xx.xx.1988-ci il təvəllüdlü X1, qızı-xx.xx.2014-cü il təvəllüdlü X4 və qızıxx.xx.2016-cı il təvəllüdlü X5 ibarətdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Samux kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bərdə rayonu Samux kənd icra nümayəndəliyi tərəfindən verilmiş 02 iyun 2014-cü il tarixli AZ-İ 934351 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 02 iyun 2014-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Əbdülrəhmanova soyadı verilmişdir. Bərdə rayonu Samux kənd icra nümayəndəliyi tərəfindən verilmiş 13 iyun 2014-cü il tarixli AZ-İİİ 345651 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 20 mart 2014-cü ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs, “ana” qrafasında anası kimi X2 qeyd edilmişdir. Bərdə Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 31 may 2017-ci il tarixli AZ-İİİ 926518 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X15 24 iyul 2016-cı ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs, “ana” qrafasında anası kimi X2 qeyd edilmişdir. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, CM-nin 59.1.12-ci maddəsinə görə isə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi onun cəzasını yüngülləşdirən hallardır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı qız övladı olmaqla o, ailəsinin yeganə qazanc gətirən şəxsidir. Belə olan halda, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması və ailəsinin yeganə qazanc gətirən şəxsi olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 06 dekabr 2024-cü il tarixli Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. İşdə olan xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Habelə işin gerçək hallarından görünür ki, o, səhvini başa düşür, əməlindən peşmandır. Bütün bunlar isə onun cinayət törətməyə meyilli olmamasını və cəmiyyət üçün tam yararsız olmamasını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ilk dəfə cinayət əməli törətməsi, səhvini başa düşərək əməlindən peşman olması və törətdiyi cinayət əməlinə tənqidi yanaşması onun cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olması kimi nəzərə alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsini zəruri sayır. Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 04 oktyabr 2024-cü il tarixli, 8/2017 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan “VAZ 21099” minik markalı, ** ED *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Şahid3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə göndərilməsi onun yaşayış yeri üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan “VAZ 21099” minik markalı ** ED *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Şahid3 qaytarılması nəzərə alınsın. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X7, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-55/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-55/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver