Məhkəmə qərarları › İş №1(021)-58/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-58/2024

04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-58/2024 04.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi X1, Təqsirləndirilən şəxs iştirakları ilə, 29 avqust 1997-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri Füzuli küçəsi ev 22 ünvanında qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək Bərdə şəhəri M.Hüseynzadə küçəsi ev 19 ünvanında yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə" Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumi təmiz çəkisi 6,31 qram çəkidə tərkibində narkotik maddələr olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 01 ədəd şəffaf sellofanın içərisində 01 ədəd kibrit qutusunda qanunsuz olaraq əldə edib üzərində saxlamış, 18 noyabr 2023-cü il tarixdə saat təxminən 23 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Səttərxan küçəsində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofanın içərisində 01 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 6,31 qram çəkidə tərkibində narkotik maddələr olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2 ildir ki, təsadüfi hallarda, yəni tapdıqca narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, əvvəllər məhkumluğu olmamışdır. 18 noyabr 2023-cü il tarixdə təxminən saat 21 radələrində yaşadığı küçənin yaxınlığında yerləşən dəmiryol xəttinin üzərində əyləşmiş, əyləşdiyi yerin yaxınlığında bir ədəd kibrit qutusunun olduğunu görərək həmin qutuya baxdıqda, qutunun içərisində narkotik vasitə olan marixuananın olduğunu görmüş, əvvəllər də həmin narkotik vasitəni istifadə etdiyi üçün dərhal onu tanımışdır. Gələcəkdə istifadə etmək məqsədilə həmin narkotik vasitəni götürüb öz üzərində saxlamış, saat təxminən 22 radələrində həmin narkotik vasitədən az miqdarda istifadə etmiş və geri qalan hissəsini kibrit qutusunun içərisində üzərində saxlamışdır. Bundan sonra həmin gün saat 23 radələrində yaşadığı küçəyə yaxın olan Bərdə şəhəri Səttərxan küçəsində olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu saxlayaraq qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli olduğunu bildirmiş və polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gəldikdən sonra könüllü olaraq müdafiəşi seçmək hüququnun olduğu bildirilmiş, özü Bərdə rayonunda vəkil fəaliyyəti ilə məşğul olan Müdafiəçi tanıdığından ona müdafiəçi təyin olunmasını xahiş etmiş, bundan sonra Müdafiəçi Bərdə rayon polis şöbəsinə gəlib ona vəkillik etməyə razılıq vermişdir. Bunun ardınca polis şöbəsində müdafiəçinin və digər şəxslərin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı özü könüllü olaraq təqdim etmişdir. Həmin qutuya baxış keçrilmiş, qutu ilə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş və 9,29 qram olduğu müəyyən olunmuşdur. Ardınca həmin kütlə ağ rəngli zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş və ekspertizaya göndəriləcəyi qeyd olunmuş, protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, məhkumluğunun olmamasını, himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 18 noyabr 2023-cü il tarixdə Bərdə şəhər Füzuli küçəsi ev 22-də qeydiyyatda olmaqla Bərdə şəhəri M.Hüseynzadə küçəsi ev 19-da yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik maddə əldə edərək saxlaması, istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə raportla şöbə rəhbərliyinə müraciət etmiş, ona görə də 18 noyabr 2023-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Ondan, Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kirminalisti, polis kapitanı Şahid3 və Bərdə RPŞ-nin İTB-nin YYCPİTQ-nun inispektoru, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, bundan sonra keçirilmiş tədbirlər nəticəsində digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs olacağı Bərdə şəhəri Səttərxan küçəsinə getmiş, 18 noyabr 2023-cü il tarixdə saat 23:10-da həmin küçəyə çatmış, bu zaman Təqsirləndirilən şəxs həmin küçə ilə piyada hərəkət etdiyini görüb sonuncuya yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra üzərində qanunsuz olaraq narkotik vasitələr əldə edərək saxlaması, istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli şübhəli olduğunu deyib polis şöbəsinə dəvət etdikdə sonuncu onlara etiraz etməmiş və Təqsirləndirilən şəxs Bərdə RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Eşqin Məmmədov tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarışda müdafiəçi qismində Müdafiəçi iştirak etmiş, şəxsi axtarış prosesi Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kirminalisti, polis kapitanı Şahid3 tərəfindən video qeydə alınmışdır. X3 Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirdikdə sonuncu əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofanda olan kibrit qutusunu masanın üzərinə qoyaraq təqdim etmiş, Təqsirləndirilən şəxs həmin maddənin qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərində 5 ədəd 1 manatlıq pul əskinazı aşkar edilmiş və bundan başqa qanunsuz əşya və ya predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddə elektron tərəzi vasitəsilə çəkilmiş, aşkar edilmiş narkotik vasitəyə bənzər maddə X3 tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılmış və Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. O və digər iştirakçılar həmin zərflərin üzərinə imza etmiş, bundan sonra şəxsi axtarış prosesi X3 tərəfindən yekunlaşdırılmış, şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş, o və digər iştirakçılar protokola imza etmişlər. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin İTB-nin YYÇPİTQ-nun inspektoru, polis baş leytenantı Şahid2 və Bərdə rayon PŞ-nin KTQ-nun baş inspektor-kriminalisti, polis kapitanı Şahid3 ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə təsdiq etdilər. Cinayət işinin 1-ci vərəqəsində olan 19 noyabr 2023-cü il tarixli cinayət işi bşlanması və icraata qəbul edilməsi haqqında Qərardan görünür ki, ********* nömrəli cinayət işi 19 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin 4-38-ci vərəqələrində olan materiallardan görünür ki, ********* nömrəli cinayət işinin başlanılmasına səbəb 18 noyabr 2023-cü il tarixdə saat 23 radələrində Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, saxlamasında və istifadəsində şübhəli bilinən Bərdə şəhəri ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs Bərdə şəhəri, Səttərxan küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofanda olan kibrit qutusunuda təmiz çəkisi – 6,31 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 8-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 18 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 18 noyabr 2023-cü il tarixdə saat 23:10 radələrində tutulmuşdur. Cinayət işinin 49-50-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 20 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 64-65-ci vərəqələrində olan 20 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2023-cü il tarixdə Bərdə RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 33-35-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsinin 19 noyabr 2023-cü il tarixli 16/1192 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürtülmüş narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd şəffaf sellofanda olan 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,31qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 6,31 qram, tədqiqata sərf edildi-0,02 qram qalıq-6,29 qram. (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir) Cinayət işinin 90-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 05 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Cinayət işinin 79-80-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 77-ci vərəqəsində olan Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin 76-ci vərəqəsində olan Bərdə rayon İHB-nın Bərdə şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət, lakin narkotikaya meyilli kimi xarakterizə olunur. Cinayət işinin 92-100-cü vərəqələrində olan 20 yanvar 2024-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra 1 (bir) ədəd kağız paketdə 01 ədəd kibrit qutusunda qalıq çəkisi 6,29 qram narkotik vasitə olan qurudulmuş marixuana və şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk iş üzrə maddi sübut kimi tanınmışdır. Maddi sübut kimi tanınmış 6,29 qram qurudulumuş marixuana saxlanılması üçün Bərdə rayon polis şöbəsinin Maddi sübutların saxlanması otağına təhvil verilmiş, bir ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, məhkumluğunun olmamasını, himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, məhkumluğunun olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixində şübhəli şəxs kimi tutulmuş, 20 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 20 noyabr 2023-cü il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün (18 noyabr 2023-cü il tarixdən 20 noyabr 2023-cü il tarixdək) müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 6,29 qram narkotik vasitə olanqurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixindən 20 noyabr 2023-cü il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 6,29 qram narkotik vasitə olan -qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar