Məhkəmə qərarları › İş №1(021)-58/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-58/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-58/2025 09.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 2000-ci ildə Bərdə rayonu Nifçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Nifçi kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 131.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, 30 avqust 2024-cü il tarixdə saat 00:30 radələrində orta dərəcə sərxoş vəziyyətdə yaşadığı Bərdə rayonu Nifçi kəndininin ərzisində yerləşən Şahid1 məxsus torpaq sahəsində həmkəndlisi, orta dərəcə sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs ilə birlikdə fəhlə qismində ot kipləri yığarkən torpaq sahəsində çöl dovşanı ovlamaq məqsədi ilə istintaqa məlum olmayan tarixdən və mənbədən qanunsuz olaraq əldə edib müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan qanunsuz olaraq saxladığı keçmiş SSRİ dövlətinin Tula silah zavodunda 1956-cı ildə istehsal olunmuş, 12 kalibrli TOZ-B modelli, 10538 nömrəli, çaxmaqlı, yivsiz, hamar qoşa lüləli ov tüfəngini üzərində gəzdirərək oturaqlı vəziyyətdə olan zaman ayağa durarkən ehtiyatsızlıqdan barmağı həmin silahın çaxmağına dəyməsi səbəbindən silahdan açdığı atəşdən yayılmış qırmalar ondan təqribən 3 metrlik aralı məsafədə ot kipinin üzərində uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs sağ bud nahiyəsinin qabaq səthinə dəyərək Zərərçəkmiş şəxs sağlamlığına, sağ budun odlu silah yaralanması, sağ budun burmaaltı çoxqəlpəli yerdəyişmiş açıq sınığı xəsarətləri ilə nəticələnın, insan həyatı üçün təhlükə olan ehtiyatsızlıqdan ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 131.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-nin 131.2-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayonu Nifçi kəndində yaşayır. Zərərçəkmiş şəxs həmkəndlisidir, birlikdə fəhləlik edirlər. Belə ki, 3-4 ildir birlikdə sahələrdən ot kipləri, kələm yığımı, bu kimi sahə işlərinə gedirlər. xx.xx.2024-cü ildə Sərxanla birgə sahədə ot yığımına getmişlər. Həmin axşam içki içmişdir. Ot yığımı zamanı sahədə çöl dovşanı çox olduğundan bu məqsədlə evlərində olan tüfəngi özü ilə aparmışdır. Silah babasından qalan silah olmuşdur. Gecə saatlarında yorulmuş, ot kiplərinin üzərində oturub dincəlmək qərarına gəlmişlər. Sərxanla üz-üzə oturmuşlar. Sahədə Sərxanla özü olmuş, yanlarında heç kim olmamışdır. Silah ayaqda, yəni çaxmağı çəkili vəziyyətə olmuşdur. Bir xeyli dincəldikdən sonra durub getmək istəyərkən, ayağa qalxanda tüfəngi əlinə alarkən qeyri-ixtiyari tüfəngdən atəş açılmış və atəş nəticəsində Zərərçəkmiş şəxs bud nahyəsindən yaralanmışdır. Zərərçəkmiş şəxs lazımi yardımı etmişlər. Sərxanın bütün müalicə xərcini, əməliyyatı, dərmanlarının alınması, xəstəxanada qalmağına görə zəruri olan ödənişləri atası qarşılamışdır. Hadisə ehtiyatsızlığından baş vermişdir. Əvvəllər cinayət törətməmişdir. Törətdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır və zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Göstərdiklərinin nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə həmkəndlidirlər. Sənanla bilrikdə həmişə ot yığımına, kələm yığımına getmişlər. Hadisə olan günü günorta brlikdə nahar edib, spirtli içki içmişlər. Təqsirləndirilən şəxs o demişdir ki, sahədə dovşan olur, tüfəngi özü ilə götürsün. İşləmək üçün sahəyə axşam getmiş, sahədə kip bağlayan maşın kipləri bağlayarkən onlar otu maşının qarşısına toplamışlar ki, maşın kipləri bağlasın. Sonra isə sahədə olarkən dincəlmək üçün ot kiplərinin üzərində qarşı-qarşıya oturmuşlar. Bir xeyli sonra durub getmək qərarına gəlmişlər və ayağa durarkən qəflətən Sərxanın əlində olan tüfəngdən atəş açılmışdır. Nəticədə bud nahiyəsindən güllə yarası almışdır. Bir müddət sonra, yəni xəstəxanaya aparılandan sonra huşunu itirmiş və başqa heç nədən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs onu qəsdən yaralamamışdır. Sonuncu ilə münasibətləri çox yaxşıdır. Təqsirləndirilən şəxs atası onun bütün müalicə xərcini, əməliyyatı, dərmanlarının alınması, xəstəxanada qalmağına görə zəruri olan ödənişləri qarşılamışdır. Artıq altı aydır ki, əməliyyat olunmuşdur. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Bərdə Regional “ASAN xidmət” mərkəzi Notariat Ofisində barışıq ərizəsini özü könüllü olaraq öz iradə ifadəsi ilə vermişdir. Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan atəş açmış, onların aralarında əvvəllər heç bir ədavət və narazılıq olmamışdır. Göstərdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Onun Bərdə rayonu Nifçi kəndində 04 ha torpaq sahəsi var. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs ot kipləri yığmaqla məşğul olurlar. Zərərçəkmiş şəxs onun torpaq sahəsində ot kipləri yığarkən Təqsirləndirilən şəxs zəng edərək dovşan ovlamaq üçün onu sahəyə çağırmışdır. Sərxan Baxışlı da evlərindən ov tüfənini götürüb sahəyə gəlmişdir. Sahədə olarkən Təqsirləndirilən şəxs əlində istəmədən silahdan atəş açılmış və Zərərçəkmiş şəxs budundan güllə yarası almışdır. Sahəsində işləmək üçün Sərxan Uğurlu ilə danışmışıdr. Təqsirləndirilən şəxs sahəyə Zərərçəkmiş şəxs çağırmışdır. Təqsirləndirilən şəxs zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat vermiş, öz avtomobili ilə sahəyə gedib, Zərərçəkmiş şəxs avtomobilinə qoyub xəstəxanaya apararkən yolda hadisə yerinə çağrılmış X6 avtomobili ilə qarşılaşmış və yaralı Zərərçəkmiş şəxs tibb işçilərinə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Özü Ağdam rayonundan məcburi köçkündür. Gecə öz traktoru ilə İlham adlı şəxsin sahəsində biçilmiş otları kiplərə bağlamışdır. Zərərçəkmiş şəxs sahədə tək işləmiş, bir xeyli keçdikdən sonra Təqsirləndirilən şəxs da sahəyə gəlmişdir. Traktorla sahənin aşağısında işləmiş, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs isə sahənin yuxarı hissəsində işləmişlər. Təqsirləndirilən şəxs onun yanına gəlmiş və bildirmişdir ki, əlində silah açılmış, Zərərçəkmiş şəxs yaralanmışdır. Hadisə yerinə getmiş və Zərərçəkmiş şəxs yerdə yaralı vəziyyətdə uzandığını görmüşdür. Sənana su və təmiz əski parçası vermiş, bundan sonra çıxıb getmişdir. Zərərçəkmiş şəxs ayağında olan yaranı paltarın üstündən görmüş, həmin yerdən qan axmışdır. Hadisə yerindən gedərkən maşın gəlmiş və yaralını maşına qoyub aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımır. Bərdə rayonu Nifçi kəndinə İlhamın evinə qonaq getmiş, evdə olarkən zəng edib bildirmişlər ki, sahədə hadisə baş vermişdir. İlhamla bilikdə sahəyə getmiş, hadisə yerində X5 zəng edib məlumat vermişlər. Məlumat verdikdən sonra yaralını avtomobilə qoyaraq kəndə gələrkən yolda təcili tibbi yarim maşını ilə qarşılaşmışlar və yaralı şəxsi maşından götürüb təcili tibbi yardım maşınına qoymuşlar. Təcili tibbi yardım maşını ilə bilrlikdə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gəlmişlər. Şahid1 onun qayınatasıdır. Sonuncunun avtomobilini o idarə etmiş və birlikdə sahəyə getmişlər. Onlar sahəyə çatarkən Zərərçəkmiş şəxs yaralı vəziyyətdə yerdə uzanmışdır. Kənd şəhərdən uzaq olduğundan və təcili tibbi yadım hadisə yerini tapmaqda çətinlik çəkməsin deyə yaralını öz avtomobillərinə qoyaraq rayon istiqamətində gələrkən yolda təcili tibbi yardım maşını ilə qarşılaşmışlar və yaralını tibb işçilərinə təhvil vermişlər. Hadisə necə olub və nəyə görə olub məlumatı olmamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, Bərdə rayonu Əyricə kəndində çayxanada olmuş, Təqsirləndirilən şəxs ona zəng edərək əlində olan silahdan atəş açıldığını və Zərərçəkmiş şəxs yaralandığını demişdir. Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, gəlib onu götürüb Bərdə Rayon Polis Şöbəsinə təhvil versin. O da gedib Təqsirləndirilən şəxs olduğu yerdən götürüb polis əməkdaşlarına təhvil vermişdir. Təqsirləndirilən şəxs kənddən uzaqda olmuş, o da gedib onu götürüb gətirmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evdə olmuşlar. O, hadisə yerində olmamışdır. Təqsirləndirilən şəxs həyəcanlı olmuş, danışa bilməmişdir. Qısa olaraq demişdir ki, dövşan ovlamaq məqsədi ilə sahəyə getmiş, orada qəfildən əlində silah açılmış və Zərərçəkmiş şəxs yaralamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə həmkəndlisidir. Bərdə rayonu Nifçi kəndində yaşayır. Oğlu və Zərərçəkmiş şəxs sahədə ot kipləri yığmağa getmişlər. Zərərçəkmiş şəxs Sənana sahədə dovşan olduğunu, dövşan ovlamaq üçün gələndə silahı da özü ilə gətirməsini demişdir. Sahədə dincəlmək üçün oturmuşlar, ayağa durarkən oğlu Sənanın əlində olan silahdan atəş açılmış və Zərərçəkmiş şəxs yaralanmışdır. Zərərçəkmiş şəxs bütün müalicə xərclərini, əməliyyat olunmasını, dərmanların alınmasını maddi cəhətdən o qarşılamışdır. Zərərçəkmiş şəxs hər zaman maddi və mənəvi dəstək olmağa hazırdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 05 fevral 2025-ci il tarixli, 25/144 nömrəli Rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd, 10538 nömrəli silah, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində Tula silah zavodunda 1956-cı ildə istehsal olunmuş, 12 kalibirli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atış üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamışdır. -DİN KTİ-nin “güllə-giliz” karotekasında yalnız yivli odlu silahlardan atılmış gülləgilizlərin qeydiyyatı aparılmadığından, həmçinin DİN-nin KTİ-də talanmış, itirilmiş silahların uçotu aparılmadığından qərarın 2-ci və 3-cü suallarına cavab verilməmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X1 Bərdə rayon şöbəsinin verdiyi 10 oktyabr 2024-cü il tarixli, 800 saylı Rəydən görünür ki, Zərərçəkmiş şəxs Məhəmmədəli oğlunun məhkəmətibbi müayinəsi zamanı aşkar olunmuş xəsarət – sağ budun odlu silah yaralanması, sağ budun burmaaltı çoxqəlpəli yerdəyişmiş açıq sınığı odlu silah təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü ilə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 02 fevral 2025-ci il tarixli 18-1-28/2-312/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMXnın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 26 dekabr 2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Çələbilər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 yanvar 2025-ci il tarixli, 10 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Nifçi kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Çələbilər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 yanvar 2025-ci il tarixli 09 nömrəli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. X8 Xidmət Mərkəzində 24 fevral 2025-ci ildə təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında tamamilə sübut edilmiş, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, şahidləri dindirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin: 73.1-ci maddəsinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM): 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 43.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. 39.1.8-ci maddəsinə görə, zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 131.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs CM-nin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində sübutların saxlama otağında saxlanılan 1 ədəd 10538 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1956-cı ildə istehsal olunmuş, 12 kalibirli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lülə, odlu yivsiz, texniki cəhətdən saz və atəş üçün yararlı ov tüfənfi qərar qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinə təhvil verilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində sübutların saxlama otağında saxlanılan 1 ədəd 10538 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1956-cı ildə istehsal olunmuş, 12 kalibirli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lülə, odlu yivsiz, texniki cəhətdən saz və atəş üçün yararlı ov tüfənfi qərar qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinə təhvil verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar