Məhkəmə qərarları › İş №1(021)-59/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-59/2021

29.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-59/2021 29.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1962-cı il tarixdə Bərdə şəhərində doğulmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, orta təhsilli, evli, məhkumluğu olmayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bərdə şəhəri ünvan 3də yaşayan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 noyabr 2020-ci il tarixdə “COVİD-19” xəstəliyinin daşıyıcısı kimi rəsmi qeydiyyata alınmasına və 19 noyabr 2020-ci il tarixdən 04 dekabr 2020-ci il tarixədək ona evdə müalicə təyin edilməsinə və evdə müşahidə edilməyə dair iltizam verməsinə baxmayaraq, 29 noyabr 2020-ci il tarixdə, saat 11 radələrində Bərdə şəhəri ünvan 1 ünvanında yerləşən yaşadığı evi qanunsuz olaraq tərk edərək, Bərdə şəhəri Füzuli küçəsində nömrəsiz evdə yaşayan Şahid2 evində elektrik ustası kimi işləyərək digər sağlam şəxslərlə ünsiyyət yaratmaqla karantin rejiminin qaydalarını pozub “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o fərdi əməklə məşğul olur. Noyabr ayının ortalarında xəstələnmişdi. Onun qızdırması 39 dərəcəyə qalxdığından özündən asılı olmayaraq qorxmağa başlamışdı. Buna görə də,17 noyabr 2020-ci il tarixdə Bərdə rayon mərkəzi xəstəxanasına getmək qərarına gəlmişdir. Xəstəxananda həkimlər ona “Covid 19” testi verməyini təklif etmiş və xəstəxanada ondan həkimlər burun və ağız boşluğundan yaxma götürmüşlər. Ona test cavabı gələnədək özünü qorumağı bildirilmişdirlər. 19 noyabr 2020-ci il tarixdə “COVİD-19” xəstəliyi ilə bağlı verdiyi testin cavabı istifadəsində olan ***-***- **-** saylı mobil nömrəsinə pozitiv gəlmişdir. Bundan sonra ona Bərdə rayon mərkəzi xəstəxanansından həkimlər zəng edərək ailə üzvlərini qorumaq üçün evdə maskadan istifadə etməyi, ailə üzvləri ilə təmasda olmamağı bildirmişdirlər. Həmçinin Bərdə rayon Mərkəzi Xəstəxanansında ondan ev şəraitində müalicə almağı və çölə çıxmayacağı ilə bağlı iltizam alındı. Onun qızdırması müalicədən 3-4 gün sonra enməyə başlamışdır. O, özünü rahat hiss edirdi. O, usta işlədiyindən daimi çöl şəraitində işləyir. 29 noyabr 2020-ci il tarixdə qonşusu Bənövşə ona zəng edərək evlərində elektrik kabeli çəkilməli olduğunu bildirmişdir. O, artıq özündə xəstəlik hiss etmədiyimdən Bənövşənin təklifini qəbul etmişdir. Onun həyat yoldaşı Şahid1 xəstə ola – ola getməməyini istəmişdir. Həyat yoldaşına özünü yaxşı hiss etdiyini deyərək, qonşusu Bənövşəgilə getmişdir. Lakin, qonşusu Bənövşə onun “Covid 19” xəstəsi kimi qeydiyyatda olduğunu bilməmişdir. O, saat 11 radələrində Bənövşənin evinə getmişdi. Bənövşə həmin evin həyətyanı sahəsində olan elektrik kabelini ona göstərib düzəltməsini bildirmişdir. O həmin kabeli digər elektrik kabelinə qoşan zaman Bərdə rayon Polis Şöbəsinin əməkdaşları evin həyətyanı sahəsinə daxil olaraq onun aktiv “Covid 19” xəstəsi olduğunu, ev şəraitində təyin olunan vaxta qədər müalicə almalı olduğunu, evdən çölə çıxmağının qadağan olduğunu bildirmişlər. O, polislərə özünü rahat hiss etdiyini, xəstəliklə bağlı səhhətində hər hansı bir problem hiss etmədiyini demişdi. Lakin polislər evdən çölə çıxmağını rəsmiləşdirəcəklərini, qanunamüvafiq qaydada barəsində tədbir görüləcəyini bildirmişlər. Bundan sonra, həmin yerdə protokol tərtib olunmuş, o və orada iştirak edən şəxslər protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişdilər. Qonşusu Bənövşə həmin yerdə polis əməkdaşlarına onun “Covid 19” xəstəsi olduğunu bilmədiyini bildirmişdir. Bundan sonra, Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkimi həmin yerə gələrək onu yaşadığı evə aparmışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. O, usta işləməklə onları dolandırır. Yoldaşı soyuq sudan çox istifadə etdiyindən noyabr ayının ortalarında xəstələnmişdir. Onun qızdırması 39 dərəcəyə qalxdığından qorxmağa başlamışdır. Buna görə də, Namiq onunla məsləhətləşdikdən sonra 17 noyabr 2020-ci il tarixdə Bərdə Rayon Mərkəzi Xəstəxanasına getmək qərarına gəlmişdir. Namiq xəstəxanada həkimlərin ona “Covid 19” testi verməyini təklif etdiyini ona demiş və xəstəxanada həkimlər ondan yaxma götürmüşdür. 19 noyabr 2020-ci il tarixdə “Covid 19” xəstəliyi ilə bağlı verdiyi testin cavabı Namiqin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə sms vasitəsi ilə pozitiv gəlmişdir. Bundan sonra, ona Bərdə Rayon Mərkəzi Xəstəxanasından həkimlər zəng edərək ailə üzvlərini qorumaq üçün evdə maskadan istifadə etməyi, ailə üzvləri ilə təmasda olmamağı bildirmişdirlər. Həmçinin, Bərdə Rayon Mərkəzi Xəstəxanasında ondan ev şəraitində müalicə almağı və çölə çıxmayacağı ilə bağlı iltizam alınmışdır. Onun qızdırması müalicədən sonra enməyə başlamışdır. Bunda sonra Namiq özünü rahat hiss etməyə başlamışdır. Namiq usta işlədiyindən daimi çöl şəraitində işləyirdi. 29 noyabr 2020-ci il tarixdə qonşuları Bənövşə Namiqə zəng edərək evlərində elektrik kabeli çəkilməli olduğunu bildirmişdir. Namiq ona qonşuları Bənövşənin zəng etdiyini, Bənövşənin evinə gedib kabeli çəkəcəyini demişdir. Namiq saat 11 radələrində Bənövşənin evinə getmişdir. Bir qədər sonra Namiqin tanımadığı həkimlə evə gəldiyini gördü. Ondan nə baş verdiyini soruşduqda Namiq ona Bənövşənin fərdi yaşayış evinin həyətyanı sahəsində elektrik kabelini düzəldən zaman Bərdə rayon Polis Şöbəsinin əməkdaşlarının həmin yerə gəldiyini, ona aktiv “Covid 19” xəstəsi olduğunu, evdən çölə çıxmağının qadağan olduğunu bildirdiklərini demişdir. Buna görə də, o, həkim müşayiəti ilə evə gətirildiyini bildirmişdir. Həmçinin, Namiq onun barəsində qanuna müvafiq tədbir görüləcəyini ona demişdir. Yoldaşı Namiq həmin gündən başqa evdən çölə çıxmamışdır. Namiq özünün səhhətində problem olmadığını fikirləşdiyi üçün Bənövşənin evinə getmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. O, elektrik ustası işlədiyindən 29 noyabr 2020-ci il tarixdə saat 11 radələrində o, Namiqin mobil telefonuna zəng edərək yaşadığı evin həyətyanı sahəsində elektrik kabelinin çəkilməli olduğunu bildirmişdi. Namiq etiraz etməyərək gəlib həmin elektrik kabelini çəkəcəyini ona demişdir. Bir qədər sonra Namiq onun yaşadığı ünvana gəlmişdir. O, Namiqə kabelin yerini göstərərək evin pəncərəsinə doğru çəkməsini xahiş etmişdir. Bundan sonra, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı ünvana gələrək Təqsirləndirilən şəxs aktiv “Covid 19” xəstəsi kimi qeydiyyatda olduğunu, onun çölə çıxmasının qadağan olduğunu bildirmişdirlər. O, polis əməkdaşlarına Namiqin “Covid 19” xəstəsi olduğunu bilmədiyini, ona görə də, onu kabel düzəltmək üçün evə çağırdığını demişdir. Bundan sonra, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs “Covid 19” xəstəsi olduğu halda yaşadığı evi qanunsuz olaraq tərk etdiyi üçün protokol tərtib olunmuşdur. Daha sonra Namiq yaşadığı ünvana gələn tanımadığı həkimin müşaiəti ilə evinə aparılmışdır. Məhkəmə istintaqı zamanı Şahid4 ifadə verərək bildirmişdir ki, 29 noyabr 2020-ci il tarixdə, saat 11 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları Bərdə Mərkəzi Rayon Xəstəxanası ilə əlaqə yaradaraq aktiv “Covid 19” xəstəsi kimi rəsmi qeydiyyatda olan Bərdə şəhər sakini Təqsirləndirilən şəxs ev şəraitində müalicə almalı olmasına baxmayaraq qanunsuz olaraq yaşadığı evi tərk etdiyini, hal-hazırda Bərdə şəhəri Füzuli küçəsində yaşayan Bənövşə adlı qadının evinin həyətində elektrik ustası kimi işləyib xəstəliyin yayılmasına real təhlükə yaratdığını bildirmişdir. O da, həmin gün cədvəl üzrə növbətçi həkim olduğundan həmin ünvana getmişdi. O Bənövşə adlı qadının yaşadığı evin həyətyanı sahəsində “Covid 19” xəstəsi Təqsirləndirilən şəxs 14 gün müddətində evdə müalicə almalı olduğunu, evdən çölə çıxmağın qadağan olduğunu demişdir. Həmçinin xəstəlik daşıyıcısı olduğu müddət ərzində evdən çölə çıxmayacağı ilə bağlı Bərdə mərkəzi rayon xəstəxanasında ondan iltizam alındığını bildirmişdir. O, özünü xəstə hiss etmədiyini demişdir. Lakin, o, Namiqə karantin rejiminin qaydalarını yenidən izah etmişdir. Bundan sonra, polis əməkdaşı tərəfindən həmin yerdə Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı evi tərk etdiyi ilə bağlı protokol tərtib olunmuşdur. Həmin protokol onun və digər şəxslərin iştirakı ilə tərtib olunduqdan sonra imzaları ilə təsdiq etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs onun müşaəti ilə yaşadığı ünvana aparılmışdır. İş materiallarında olan 29 noyabr 2020-ci il tarixli, baxış protokoluna və fotocədvələ əsasən müəyyən edilmişdir ki, “Covid 19“ virus infeksiyasına yoluxaraq ev şəraitində izolyasiya olunub müalicəsini davam etdirməli olan Təqsirləndirilən şəxs 29 noyabr 2020-ci il tarixdə, saat 11 radələrində Bərdə şəhəri ünvan 3 ünvanında yerləşən yaşadığı evi tərk edərək, Bərdə şəhəri Füzuli küçəsində nömrəsiz evdə yaşayan Şahid2 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində elektrik ustası kimi işləyib xəstəliyin yayılmasına real təhlükə yaratmışdır. İş materiallarında olan Bərdə rayon Mərkəzi Xəstəxanasının 25 dekabr 2020-ci il tarixli 1/28 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Bərdə şəhəri, Füzuli küçəsi ev 63-də yaşayan, xx xxxxxx 1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 17 noyabr 2020-ci il tarixdə Covid-19 virusuna görə Bərdə RMX-nın TTYS-sı tərəfindən nümunə götürülərək, Xüsusi Təhlükəli İnfeksiyaya nəzarət publik hüquqi şəxsin Şəmkir rayon şöbəsinə göndərilmiş, 19 noyabr 2020-ci il tarixdə cavab pozitiv təyin olunmuşdur. Təqsirləndirilən şəxs evdə müşahidə edilməyə dair iltizam alınmış və evdə müşahidənin vaxtı vətəndaşda heç bir narahatçılıq olmadığı halda 04 dekabr 2020-ci il tarixdə bitir. Məlumat üçün bildiririk ki, müayinə yaxmasında pozitiv olan vətəndaş 14 gün müşahidə altında qalmalı və TƏBİB tərəfindən qəbul olunmuş iltizama əsasən müşahidə bitdikdən sonra növbəti müayinəyə cəlb olunmalıdır. İş materiallarında olan 15 dekabr 2020-ci il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, “Covid 19” xəstəsi kimi rəsmi qeydiyyatda olmuş Bərdə şəhəri ünvan 3-də qeydiyyatda olan və yaşayan xx xxxxxx 1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 29 noyabr 2020-ci il tarixdə Bərdə şəhəri Füzuli küçəsində nömrəsiz evdə yaşayan Şahid2 fərdi yaşayış evinin həyətyanı sahəsində elektrik ustası kimi işləyib sonuncu ilə ünsiyyət qurması müəyyən edilmişdir. Lakin onun qeyd olunandan başqa hər hansı bir şəxslə ünsiyyət qurub xəstəliyin yayılması üçün şərait yaratması müəyyən edilməmişdir. İş materiallarında olan 10 yanvar 2021-ci il tarixli, Azərbaycan Respublikası Dazili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Bərdə şəhər İcra nümayəndəliyinin 22 yanvar 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, ünvan 3-də qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Bərdə şəhər Poliklinikasının 19 dekabr 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 19 noyabr 2020-ci il tarixdə “COVİD-19” xəstəliyinin daşıyıcısı kimi rəsmi qeydiyyata alınmasına və 19 noyabr 2020-ci il tarixdən 04 dekabr 2020-ci il tarixədək ona evdə müalicə təyin edilməsinə və evdə müşahidə edilməyə dair iltizam verməsinə baxmayaraq, 29 noyabr 2020-ci il tarixdə, saat 11 radələrində Bərdə şəhəri ünvan 1 ünvanında yerləşən yaşadığı evi qanunsuz olaraq tərk edərək, Bərdə şəhəri Füzuli küçəsində nömrəsiz evdə yaşayan Şahid2 evində elektrik ustası kimi işləyərək digər sağlam şəxslərlə ünsiyyət yaratmaqla karantin rejiminin qaydalarını pozub “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqa tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında daha yüncül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlunun üzərinə Bərdə şəhəri ünvan 3 ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar