Məhkəmə qərarları › İş №1(021)-59/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-59/2024

04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-59/2024 04.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ndə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 56,76 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 19 dekabr 2023-cü il tarixdə saat 12:50 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Bərdə rayonu, Qaradağlı kəndində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 13:35 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli gödəkçənin sol iç yan cibindən 01 (bir) ədəd ağ rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 56,76 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ünvan 6 olaraq heç bir yerdə işləməmişdir. Evlidir, Uğur, Fərid və Yağmur adında 3 azyaşlı uşağı var. O, 2 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Narkotik vasitənin hər hansı növünü heç kimə təklif etməmiş və satmamışdır. xx.xx.2023-cü il tarixdə Bərdə şəhər Fizuli küçəsinin yaxınlığında olarkən yerdə sellofan bükülü olduğunu görmüş və həmin sellofan büküm diqqətini cəlb etdiyi üçün yerdən götürərək açıb onun içərisinə baxdıqda qurudulmuş marixuana olduğunu görmüşdür. Narkotik vasitə istifadə etdiyi üçün həmin bükülünü götürmüş və cibimə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 12:50 radələrində Bərdə rayonu, Qaradağlı kəndində piyada şəkildə hərəkətdə olan zaman zaman tanımadığı 2 nəfər mülki şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişdirlər. Polis əməkdaşları onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu söyləmişlər və birlikdə Bərdə RPŞ-yə gəlmişdirlər. Şöbədə üzərində videoçəkilişlə şəxsi axtarış aparacaqlarını bildirilmişdir. Buna görə də ona müdafiəçi siyahısı təqdim edilmişdir. O, müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmişdir. Şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişlə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində olan qara rəngli gödəkçənin sol iç cibində içərisində qurudulmuş marixuana olan 01 ədəd ağ rəngli sellofan bükümünü könüllü olaraq təqdim etmişdir. Həmin 01 ədəd ağ rəngli sellofan bükümündə olan narkotik maddə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 59 qram olduğu müəyyən olunmuşdur. Daha sonra isə üzərindən aşkar edilmiş 01 ədəd ağ rəngli sellofan bükümündə olan narkotik maddə, ağ rəngli kağız zərfə qablaşdırılıb möhürlənmişdir. Üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Bundan əlavə ona məxsus olan bir ədəd “kgtel” markalı mobil telefonda istintaq əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş və həmin protokola imza etmişdir. Üzərindən başqa hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Özünü təqsirli bilmişdir. Tutularkən və üzərində şəxsi axtarış keçirilən zaman heç bir qanunsuzluğa məruz qalmamışdır. Bir daha bildirmiş ki, üzərində aşkar edilmiş qurudulmuş marixuana ona məxsusdur, özünün istifadəsi üçün saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, o, başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, hazırda narkotik vasitə qəbul etməyini heç kimə deməmişdir. O, heç kimə narkotik vasitə satmamış, nə də heç bir kəsə verməmişdir. Ona polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq edilməmişdir, onun üzərinə şəxsi axtarış keçirilərkən onu gətirən polis əməkdaşları görmüşdür, kənar şəxslər bunu görməmiş, vəkili Müdafiəçi başqa həmin halı kimsə də görməmişdir. Polislər də onu saxlayanda tək olmuş, yanında heç kəs olmamışdır, bunu da kənar şəxslərdən görən olmamışdır. Uzun müddətdir ki, narkotik vasitə istifadə etməmişdir. Həmin narkotik vasitənidə yerdən tapmışdır. Onun istifadəsind sadə “kgtel” markalı mobil telefon olmuşdur. Həmin telefon üzərinə axtarış keçirilən zaman qablaşdırılaraq götürülmüşdür. Hazırda istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, məhkumluğunun olmamasını, himayəsində 3 azyaşlı uşağının olmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin NMQnin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, Bərdə rayon polis şöbəsinin X1 əməliyyat müvəkkili işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 19 dekabr 2023-cü il tarixdə ünvan 7 ünvanında qeydiyyatda olmaqla Bərdə şəhəri, M.Hüseynzadə küçəsi 43 ünvanında yaşayan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlaması, istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəfindən xx.xx.2023-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra tərəflərindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:50 radələrində Bərdə rayonu, Qaradağlı kəndində saxlanılmaqla saat 13:00 radələrində Bərdə RPŞ-yə gətirilmişdir. Bərdə RPŞ-də Təqsirləndirilən şəxs dövlət hesabına Müdafiəçi dəvət edilməklə X5 tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra, onun, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3, Bərdə RPŞ-nin KTQ-nun baş inspektor-kriminlaisti, polis kapitanı Şahid2 və Bərdə rayon Vəkillər Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X4 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs Azəbaycan Respublikasının CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri X5 tərəfindən izah edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmiş ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, varsa könüllü olaraq təhvil versin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan qara rəngli gödəkçənin sol iç yan cibindən bir ədəd ağ rəngli sellefan bükümünü, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd qara rəngli “kgtel” markalı mobil telefonu qoymuşdur. X5 şübhəli şəxs Təqsirləndirilən şəxs bir ədəd ağ rəngli sellefan bükümünün nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs “nəşə” olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə tərəfindən axtarış keçirilmiş, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi həmin kütlələri haradan alması soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni, dünən yəni xx.xx.2023-cü il tarixdə Bərdə şəhəri dəmiryol reyslərinin yaxınlığından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd ağ rəngli sellefan bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 59 qram olması müəyyən olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd ağ rəngli sellefan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə 01 ədəd ağ rəngli zərfə qoyulmuş, DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya göndəriləcəyi qeyd olunmuşdur. Zərfin üzəri imzalarla təsdiqlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “kgtel” markalı mobil telefon istintaq əhəmiyyəti daşıdığından 01 ədəd ağ rəngli zərfə qoyulmuş, DİN-in 94 saylı möhürü ilə möhürlənib istintaqa veriləciyi bildirilmişdir. Bununla da, baxış başa çatdırılmış və video çəkiliş yekunlaşmışdır. Həmçinin Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs konkret olaraq kimlərəsə də narkotik vasitə və ya psixotrop maddə satmasını bilməmiş, o haqda heç nə deyə bilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin PPXBnin polis nəfəri, polis serjantı Şahid3 və Bərdə rayon PŞ-nin KTQ-nun baş isntektorkriminalisti vəzifəsində işləyən, polis kapitanı Şahid2, Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərilənləri tam təsdiq etdilər. Cinayət işinin 1-ci vərəqəsində olan 20 dekabr 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında Qərardan görünür ki, ********* nömrəli cinayət işi 20 dekabr 2023cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin 4-41-ci vərəqələrində olan materiallardan görünür ki, ********* nömrəli cinayət işinin başlanılmasına səbəb xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-yə Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı üzərindən, yəni əynində olan qara rəngli gödəkçənin sol iç yan cibindən 1(bir) ədəd ağ rəngli sellofan kəsiyi bükümündə, təmiz çəkisi 56,76 qram bitki mənşəlli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 8-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 19 dekabr 2023-cü il tarixdə saat tutulmuşdur. Cinayət işinin 52-53-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 64-65-cü vərəqələrində olan 21 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2023-cü il tarixdə Bərdə RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 36-38-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 bölməsinin 20 dekabr 2023-cü il tarixli 16/1280 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 59 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd ağ rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 56,76 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 56,76 qram, tədqiqata sərf edildi-0,06 qram qalıq- 56,70 qram. (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir) Cinayət işinin 95-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 96 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkolji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Cinayət işinin 89-90-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 83-cü vərəqəsində olan Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin 80-cı vərəqəsində olan Bərdə rayon İHB-nın Bərdə şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət, lakin narkotikaya meyilli kimi xarakterizə olunur. Cinayət işinin 69-cu vərəqəsində olan 21 dekabr 2023-cü il tarixli Qəbzdən görünür ki, görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus olan bir ədəd “kgtel” markalı mobil telefonu təhvil almışdır. Cinayət işinin 98-107-ci vərəqələrində olan 23 yanvar 2024-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd ağ rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 56,76 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 56,70 qram qalmış bitki mənşəlli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və iş üzrə Təqsirləndirilən şəxs üzərinə xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılmasını və götürülməsini əks etdirən bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Maddi sübut kimi tanınmış 56,70 qram qurudulmuş marixuana saxlanılması üçün Bərdə rayon polis şöbəsinin Maddi sübutların saxlanması otağına təhvil verilmiş, bir ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, məhkumluğunun olmamasını, himayəsində 3 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, məhkumluğunun olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 dekabr 2023-cü il tarixində şübhəli şəxs kimi tutulmuş, 21 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 21 dekabr 2023-cü il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 56,70 qram narkotik vasitə olan -qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 19 dekabr 2023-cü il tarixindən 21 dekabr 2023-cü il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 56,70 qram narkotik vasitə olan -qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar