Məhkəmə qərarları › İş №1(021)-60/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-60/2021

20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-60/2021 20.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı X2 _ Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 14 noyabr 1975-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 19 noyabr 2020-ci il tarixdə “COVİD-19” xəstəliyinin daşıyıcısı kimi rəsmi qeydiyyata alınmasına, ona 19 noyabr 2020-ci il tarixdən 04 dekabr 2020-ci il tarixədək evdə müalicə təyin edilməsinə və evdə müşahidə edilməyə dair iltizam verməsinə baxmayaraq, 19.11.2020-ci il tarixdən 01.12.2020-ci il tarixədək mütəmadi olaraq, sonuncu dəfə isə 01 dekabr 2020-ci il tarixdə saat 13 radələrində yaşadığı Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən 11 nömrəli evi qəsdən qanunsuz olaraq tərk edib, icarə əsasında işlətdiyi Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “köhnə bazar” adlanan ticarət mərkəzindəki 73 nömrəli ayaqqabı mağazasına gələrək orada digər sağlam şəxslərlə ünsiyyət yaratmaqla karantin rejimin qaydalarını pozub “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “köhnə bazar” adlanan yerdə 73 nömrəli ayaqqabı mağazasını icarəyə götürüb işlədir. Səhhəti ilə əlaqədar olaraq özünü pis hiss etdiyindən Covid-19 virusuna yoluxmağından şübhə etdiyindən 18 noyabr 2020-ci il tarixdə yaxma üsulu ilə test vermək üçün 103 xidmətinə müraciət etmiş, bir neçə dəqiqə sonra X9 Xidmətinin həkimləri yaşadığı ünvana gələrək ondan arvadı Xuramandan və oğlanları Bəhrəm və Hüseyndən yaxma üsulu ilə test götürmüşlər. Həmin vaxt ondan istifadəsində olan mobil nömrəni istəmiş, oğlu Bəhrəmin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni demişdir. Həmin tarixdə saat 16 radələrində ***-***-**-** saylı mobil nömrəsinə “Covid-19” virusuna yoluxmağı barədə sms gəlmişdir. SMS-də 14 gün müddətində ev şəraitində müalicə olunmağı, yaşadığı ünvanı tərk etməməyi, əks halda qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunacağı göstərilmişdir. Həmin mobil nömrəyə arvadı Xuraman, oğulları Bəhrəm və Hüseynin testinin nəticəsi ilə neqativ olması barədə məlumat gəlmişdir. Gecəyə yaxın Xuramanın qızdırması qalxmış, Xuraman da özünü pis hiss etdiyi üçün yenidən 20 noyabr 2020-ci il tarixdə yaxma üsulu ilə test vermişdir. 21 noyabr 2020-ci il tarixdə Xuramanın testinin cavabı pozitiv gəlmiş, o özümü yaxşı hiss etdiyi üçün arvadı Xuramanın test nəticələri ilə onun test nəticələrinin səhv düşdüyünü güman etmişdir. Yaşadığı ünvanda 19 noyabr 2020-ci il tarixdə yaxma götürüldükdən sonra axşama doğru arvadı Xuramanın səhhəti pisləşmiş, Xuramanın səhhətində qızdırma, əzginlik və quru öskürək müşahidə olunmağa başlamış, Xuraman ikinci dəfə test verdikdən sonra testinin nəticəsi pozitiv çıxmasından sonra bir daha əmin olmuş, onunla arvadı Xuramanın nəticələri səhv düşmüşdür. Özünü yaxşı hiss etdiyindən Covid-19 virusu ilə bağlı yaxma üsulu ilə test verdiyi gündən hər gün Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən köhnə bazar ticarət obyektində icarə əsasında qardaşı Bəhruz ilə birlikdə işlətdiyi 73 nömrəli ayaqqabı mağazasına gedib, ayaqqabı satışı ilə məşğul olmuşdur. 01 dekabr 2020-ci il tarixdə hər gün olduğu kimi mağazada müştərilərlə ünsiyyətdə olub, ayaqqabı satışı ilə məşğul olarkən, saat 13 radələrində polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş, Covid- 19 virusu ilə bağlı verdiyi testin nəticəsi pozitiv ola-ola, 14 gün müddətinə özünü izolyasiya etməli olduğu halda, yaşadığı ünvanı tərk etməməli olduğunu bilə-bilə nə səbəbə yaşadığı ünvanı tərk edərək mağazaya gəlməsini soruşmuşdur. Polis əməkdaşına özünü yaxşı hiss etdiyini, arvadı Xuraman ilə test nəticələrinin səhv düşməsini güman etdiyini bildirmiş, daha sonra hadisə yerinə müstəntiq gəlmiş, müstəntiq hal şahidlərinin və həkimin iştirakı ilə hadisə yerinə baxış keçirib, fotoşəkillər çəkmişdir. Protokol ucadan oxunmuş, daha sonra özü, qardaşı Bəylər, həkim və hal şahidləri protokola imza etmişlər. Daha sonra həkimin müşayiəti ilə onu yaşadığı ünvana aparmışlar. Səhərisi gün 02 dekabr 2020-ci il tarixdə 103 xidmətinə zəng edərək, özünü yaxşı hiss etdiyini yenidən yaxma üsulu ilə test vermək istədiyini bildirmişdir. Həkimlər yaşadığı ünvana gələrək ondan yaxma üsulu ilə nümunə götürmüşlər. Səhərisi gün 03 dekabr 2020-ci il tarixdə ***-***-**-** mobil nömrəsinə testinin nəticəsinin neqativ olması cavabı gəlmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Bərdə rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 01 dekabr 2020-ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “köhnə bazar” ərazisində xidmətdə olmuş, saat 12-13 radələrində “köhnə bazar” ərazisində yerləşən ayaqqabı mağazalarının qarşısı ilə, mağazalarda olan şəxslərin portalda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS və “E-Təbib” mobil tətbiqi vasitəsilə 3 saatadək müddətə verilən icazə alıbalmamalarını yoxlamış, 73 nömrəli mağazaya yaxınlaşmış, mağazanın içərisində olan 2 nəfər şəxsin portalda icazəsinin olub-olmadığını yoxlayıb, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 19.11.2020-ci il tarixdə COVİD-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, qanunsuz olaraq yaşadığı evi tərk edərək, işlədiyi mağazaya gəlmişdir. Bu barədə dərhal Təqsirləndirilən şəxs özünə məlumat vermiş, daha sonra bu barədə Bərdə rayon Polis şöbəsinin növbətçi hissəsinə məlumat vermişdir. Bir müddət sonra gün növbəsində xidmətdə olan müstəntiq hadisə yerinə gələrək hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirtmiş, daha sonra Təqsirləndirilən şəxs müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həkimin iştirakı ilə yaşadığı ünvan 2 ünvanına qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Köhnə bazar” adlanan yerdə 71 nömrəli ayaqqabı mağazasını icarəyə götürüb işlədir. Təqsirləndirilən şəxs 2009-cu il tarixdən tanıyır. Bəhruzun mağazası ilə onun işlətdiyi mağazalar qonşuluqda yerləşir. Təqsirləndirilən şəxs Covid-19 virusuna yoxulmasından yalnız 01 dekabr 2020-ci il tarixdə polis əməkdaşları Təqsirləndirilən şəxs mağazasına baxış keçirəndə öyrənmişdir. Polis əməkdaşları gəldikdən sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Covid-19 virusu ilə bağlı yaxma üsulu ilə test vermiş, 19 noyabr 2020-ci il tarixdə onun istifadəsində olan mobil nömrəyə Covid-19 virusuna yoluxması barədə sms gəlmişdir. Müstəntiq Təqsirləndirilən şəxs yaxınlaşıb, 19 noyabr 2020-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə Covid-19 virusuna yoluxması barədə sms gəldiyini bildirmiş, həmin smsdə Bəhruzun Covid 19 virusuna yoluxması, 14 gün müddətində yaşadığı ünvanı tərk etməyərək ev şəraitində özünü izolyasiya edərək müalicə olunmalı olması, əks halda məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edildiyini göstərilmişdir. Baxış keçirdikdən sonra baxış protokolunu tərtib edilmiş, baxış protokoluna imza etmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs qardaşı Bəylər ilə birlikdə hər gün saat 09 radələrində “köhnə bazar”da icarəyə götürdükləri mağazanı açaraq, axşam saat 17 radələrinə kimi ayaqqabı satışı ilə məşğul olmasını bildirmişdir. Təqsirləndirilən şəxs səhhətində problem olmasını eşitməmiş, görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid5 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Köhnə bazar” adlanan yerdə 68 nömrəli ayaqqabı mağazasını icarəyə götürüb işlədir. Təqsirləndirilən şəxs 2019-cu il tarixdən tanıyır. Mağazası Bəhruzun mağazası ilə üzbəüz yerləşir. Təqsirləndirilən şəxs Covid-19 virusuna yoxulmasını yalnız 01 dekabr 2020-ci il tarixdə polis əməkdaşları Təqsirləndirilən şəxs mağazasına baxış keçirən zaman öyrənmişdir. Polis əməkdaşları gəldikdən sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Covid-19 virusu ilə bağlı yaxma üsulu ilə test vermiş, 19 noyabr 2020-ci il tarixdə onun istifadəsində olan mobil nömrəyə Covid-19 virusuna yoluxması barədə sms gəlmişdir. Müstəntiq Təqsirləndirilən şəxs yaxınlaşıb, 19 noyabr 2020-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə Covid-19 virusuna yoluxması barədə sms gəldiyini bildirmişdir. Həmin sms-də Bəhruzun Covid-19 virusuna yoluxması, 14 gün müddətində yaşadığı ünvanı tərk etməyərək ev şəraitində özünü izolyasiya edərək müalicə olunmalı olması, əks halda məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edildiyini göstərilmişdir. Təqsirləndirilən şəxs qardaşı Bəylər ilə birlikdə hər gün saat 09 radələrində “köhnə bazar”-da icarəyə götürdükləri mağazanı açaraq, axşam saat 17 radələrinə kimi ayaqqabı satışı ilə məşğul olduqlarını görmüşdür. Təqsirləndirilən şəxs səhhətində problem olmasını eşitməmiş, görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Köhnə bazar” adlanan yerdə 73 nömrəli ayaqqabı mağazasını icarəyə götürüb, qardaşı Bəhruz ilə birlikdə işlədir. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Bəhruz ilə birlikdə Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində qonşuluqda yaşayır. 2020-ci ilin noyabr ayının ortalarında Bəhruzun arvadı Şahid7 xəstələndiyi üçün Bərdə RMX-na müraciət etməsindən xəbəri olmuşdur. Lakin qardaşı Bəhruzun Covid-19 virusuna yoxulmasından xəbəri olmamışdır. X8-19 virusuna xas olan əlamətlər görməmiş, hiss etməmiş, Bəhruz rahatca yaşadığı ünvandan çölə çıxırmışdır. Lakin Bəhruzun arvadı Xuramanın Covid-19 virusuna yoluxmasından, xəstəliyi ağır keçirməsindən xəbəri olmuşdur. 01 dekabr 2020-ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Köhnə bazar” adlanan yerdə icarə əsasında işlətdikləri 73 nömrəli ayaqqabı mağazasının qarşısında qardaşı Bəhruz ilə ayaqqabıları rəflərə yığarkən, polis əməkdaşı onlara yaxınlaşaraq Bəhruzu soruşmuşlar. Bəhruz qabağa duraraq polis əməkdaşlarından nəyə görə soruşduqlarını maraqlanmış, həmin vaxt polis əməkdaşı qardaşı Bəhruzun Covid-19 virusuna yoluxduğunu, bu barədə 19 noyabr 2020ci il tarixdə qardaşının istifadəsində olan mobil nömrəyə məlumat gəldiyini, 14 gün ərzində yaşadığı ünvanı tərk etməməli olduğu halda qanunsuz olaraq evi tərk etdiyini bildirmişdir. Müstəntiq hadisə yerinə baxış keçirib, fotoşəkillər çəkmiş, hadisə yerinə baxış protokolu tərtib etmiş, izahatlar almışdır. Daha sonra polis əməkdaşlarının hadisə yerinə dəvət etdiyi həkimin müşayiəti ilə qardaşı Bəhruzu yaşadığı ünvana aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir. Əri Bəhruz qaynı Bəylər ilə birlikdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Köhnə bazar” adlanan yerdə 73 nömrəli ayaqqabı mağazasını icarəyə götürüb işlədir. 18 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs səhhətində yaranmış problemlə əlaqədar 103 xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra X9 xidmətinin həkimləri yaşadıqları ünvana gəlmişlər. Həkimlər ondan, Bəhrəmidən və övladlarından yaxma üsulu ilə test götürmüşlər. Əri Bəhruz həkimlərə oğlu Bəhrəminin işlətdiyi ***-***-**-** mobil nömrəsini bildirmiş, həmin tarixdə saat 16 radələrində ***-***-**- ** mobil nömrəsinə onun və oğulları Hüseyn və Bəhrəmin test nəticələrinin neqativ olması ilə bağlı sms gəlmişdir. Əri Bəhruzun isə test nəticəsi pozitiv gəlmişdir. Lakin Bəhruzdan fərqli olaraq onun səhhəti pisləşmişdir. Həmin günün gecəsi onun səhhətində qızdırma, əzginlik və öskürək olduğundan səhərisi gün 20 noyabr 2020-ci il tarixdə yenidən 103 xidmətinə zəng edərək, test vermək istədiyini bildirmişdir. Həkimlər yaşadığı ünvana gələrək yaxma üsulu ilə ondan test götürmüşlər. Bir gün sonra onun Covid-19 ilə bağlı ikinci dəfə verdiyi testin nəticəsi pozitiv gəlmiş, ev şəraitində müalicə alaraq həmin xəstəlikdən sağalmışdır. 01 dekabr 2020-ci il tarixdə saat 13-14 radələrində evdə olarkən əri Bəhruzun həkimin müşayiəti ilə evə gəldiyini görmüşdür. Bəhruz ona 19 noyabr 2020-ci il tarixdə Covid-19 virusu ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olmasına görə evdən çölə çıxmamalı olduğu halda icarə əsasında işlətdiyi mağazaya qanunsuz olaraq getdiyini, buna görə də polis əməkdaşlarının ona yaxınlaşaraq, işlətdiyi mağazaya baxış keçirdiklərini və yaşadığı ünvana həkimin müşayəti altında göndərdiklərini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyinin Bərdə rayon X4 Hüquqi Şəxsin 02 dekabr 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi ev 11 ünvanında yaşayan, 14.11.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 18.11.2020-ci il tarixdə Covid-19 virusuna görə Bərdə RMX-nın TTYS-sı tərəfindən nümunə götürülərək, Xüsusi Təhlükəli İnfeksiyaya nəzarət publik hüquqi şəxsin Şəmkir rayon şöbəsinə göndərilmiş, 19.11.2020-ci il tarixdə cavab pozitiv təyin olunmuşdur. Təqsirləndirilən şəxs evdə müşahidə edilməyə dair iltizam alınmış və evdə müşahidənin vaxtı vətəndaşda heç bir narahatçılıq olmadığı halda 04.12.2020-ci il tarixdə bitir. Müayinə yaxmasında pozitiv olan vətəndaş 14 gün müşahidədə qalmalı və Təbib tərəfindən qəbul olunmuş iltizama əsasən müşahidə müddəti bitdikdən sonra növbəti müayinəyə cəlb olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs 19 noyabr 2020-ci il tarixdə “COVİD-19” xəstəliyinin daşıyıcısı kimi rəsmi qeydiyyata alınmasına, ona 19 noyabr 2020-ci il tarixdən 04 dekabr 2020-ci il tarixədək evdə müalicə təyin edilməsinə və evdə müşahidə edilməyə dair iltizam verməsinə baxmayaraq, 19.11.2020-ci il tarixdən 01.12.2020-ci il tarixədək mütəmadi olaraq, sonuncu dəfə isə 01 dekabr 2020-ci il tarixdə saat 13 radələrində yaşadığı Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən 11 nömrəli evi qəsdən qanunsuz olaraq tərk edib, icarə əsasında işlətdiyi Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “köhnə bazar” adlanan ticarət mərkəzindəki 73 nömrəli ayaqqabı mağazasına gələrək orada digər sağlam şəxslərlə ünsiyyət yaratmaqla karantin rejimin qaydalarını pozub “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə MTİS tərəfindən verilmiş 09 saylı 21 yanvar 2021-ci il tarixli arayışdan və xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi 11 nömrəli evdə yaşayır. Təqsirləndirilən şəxs ünvanda yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 03.02.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar