Məhkəmə qərarları › İş №1(021)-61/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-61/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-61/2025 20.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1977-ci ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta-ixtisas təhsilli, subay, Şəki rayon X3 rayonu Babaratma kənd tibbi məntəqəsinin müdiri vəzifəsində işləyən, məhkum edilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Şəki rayonu, Qaratorpaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şahid vasitəsi ilə tanıdığı Ağdam rayonu, Sırxavənd kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, 588 saylı Qaçqınlar qəsəbəsi, bina 6, mənzil 20-də yaşayan Zərərçəkmiş şəxs ilə 02 sentyabr 2024-cü il tarixdə dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda mobil telefon vasitəsi ilə danışıb şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandırmaqla etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək hər hansı bir səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs 3500 manat müqabilində Xankəndi şəhərində yerləşən Qarabağ Dövlət Universitetinə laborant vəzifəsinə işə düzəldəcəyi barədə yalandan vəd verib, əslində sonuncuya məxsus pulu ələ keçirmək niyyəti ilə aldadaraq 03 sentyabr 2024-cü ü tarixdə dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda, Bərdə şəhəri H.Aslanov küçəsində yerləşən “Monika” mağazasının yaxınlığında onun cinayətkar niyyətindən xəbəri olmayan Şahid vasitəsilə Zərərçəkmiş şəxs əlbəəl alınmış 3500 manat pulu Şahid vasitəsilə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən Bayraq Meydanının yaxınlığında «Rahat» marketin içərisinə quraşdırılmış «eManat» ödəmə terminalı aparatından istintaqla müəyyən edilməsi mümkün olmayan özünün kart hesabına köçürtməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs 3500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadələri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Belə ki, təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Şahid onun qohumudur. Rəhman 2024-cü ilin avqust ayının sonunda ona zəng edərək tanışı Zərərçəkmiş şəxs Qarabağ Dövlət Universitetində laborant kimi işə düzəlmək istədiyini bildirib işə düzəltmək üçün tanışının olub-olmadığını soruşmuşdur. O, da Rəhmana bir neçə günə xəbər edəcəyini demişdir. Əvvvəlcə həmin şəxsin həkim olduğunu və sertifikasiyadan keçmək istədiyini düşünmüş, sonradan ona məlum olmuşdur ki, zərərçəkmiş şəxs həkim deyil. Zərərçəkmiş şəxsin sertifikasiyadan keçməsi üçün müəyyən şəxslərlə danışmış lakin mümkün olmamışdır. Həmin şəxslər ona 3500 manata Zərərçəkmiş şəxsm Qarabağ Dövlət Universitetində laborant kimi işə düzəldə biləcəyini, demişlər. O, da Rəhmana zəng edib Zərərçəkmiş şəxs 3500 manata Qarabağ Dövlət universitetində laborant kimi işə düzəlməyin mümkün olduğunu demişdir. Gülyanə 3500 manat pulu verməyə razı olmuşdur. Rəhman Bərdə şəhərində Gülyanə ilə görüşüb ona vermək üçün 3500 manat pul alması barədə ona zəng edib məlumat vermişdir. Rəhman həmin pulu tam şəkildə onun özünə vermiş və bu puldan Rəhmana hər hansı ödəniş edilməmişdir. Qarabağ Universitetinə işə düzəltmək üçün hər hansı bir tanışı olmamışdır. Zərərçəkmiş şəxsin ifadələri: Məhkəmədə zərərçəkmiş şəxsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O, Bərdə rayonu, 588 saylı qaçqınlar qəsəbəsi, bina 6, mənzil 20-də yaşayır. Subaydır, Bərdə rayonu, 588 sayh qaçqınlar qəsəbəsində yerləşən Kəlbəcər rayonu, 92 saylı məktəbdə sosial pedaqoq vəzifəsini icra edir. 2024-cü ildə müəllimlərin sertifikasiya imtahanından kəsildikdən sonra X2 işə düzəlmək üçün “CV” göndərmiş və cavab gözləmişdir. Bundan əlavə Qarabağ Universitetinin “Facebook” şəbəkəsində ümumi şərhlərə müraciətinin nəticəsi ilə bağlı şərh yazmışdır. Həmin vaxt “Facebook” şəbəkəsində adını sonradan bildiyi Rəhman adlı şəxs facebookda ona dostluq göndərərək yazmağa başlamışdır. Rəhman adlı şəxs ondan əl çəkməyərək dayanmadan yazmağa başlamış və facebookda yazılan şərhi gördüyünü və ona işə düzəlmək üçün kömək edə biləcəyini bildirmişdir. O, da Rəhmana ilk öncə inanmamış daha sonra onun telefon nöməsini istəmiş və telefonda danışan zaman Qarabağ Dövlət universitetinə işə düzəlməyi üçün pul istədiyini bildirmişdi. O, Rəhmandan nə qədər pul istədiklərini soruşduqda 3500 manat pul lazım olduğunu bildirmişdir. Müəllimlərin sertifikasiya imtahından kəsilməsi onda dərin depresiya yaratmış, işsiz qalmaqdan qorxduğu üçün Rəhmana inanmışdır. Bundan sonra o Rəhmanla xx.xx.2024cü il tarixdə Rəhman Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən “Monika” paltar mağazasınm qarşısında görüşərək, 3500 manat pulu Rəhmana vermişdir. Rəhman da qısa müdət ərzində onun Qarabağ Universitetinə laborant vəzifəsinə təyin ediləcəyini bildirmişdir. O, 3500 manat pulu Rəhmana verən zaman yanlarında heç kim olmamışdır. Belə ki, Rəhman onunla görüşə tək gəlmişdir. Rəhman çıxıb getdikdən sonra ona zəng gəlməmişdir. O, Rəhmana zəng edib 3500 manat pulunu geri qaytarmasını tələb etmişdir. Lakin Rəhman onun 3500 manat pulunu geri qaytarıb vermədiyi üçün Rəhmanın barəsində Bərdə Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən 3500 manat məbləğində vəsait ona geri qaytarılmış, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə “Facebook” sosial şəbəkəsində tanış olmuş və aralarında normal münasibət yaranmışdır. O, Zərərçəkmiş şəxs ilə danışarkən Gülyanə ona müəllimə olduğunu, lakin imtahandan keçə bilmədiyi üçün işdən çıxarılması barədə ona məlumat vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində laborant ştatının boş olduğunu və həmin yerə işə düzəlmək istədiyini bildirib ondan həmin işə düzəlmək istədiyini bildirmişdir. O, da Gülyanəyə tanışının olduğunu demişdir. Bundan sonra uzaq qohumu olan Şəki rayon Mərkəzi xəstəxanasının Babaratma kənd tibb məntəqəsində müdir vəzifəsində işləyən Təqsirləndirilən şəxs tanışının Qarabağ Universitetində laborant kimi işə düzəlmək istədiyini və həmin yerə işə düzəldə bilib-bilməyəcəyi barədə soruşmuşdur. Təqsirləndirilən şəxs da ona öz tanışı ilə danışıb xəbər edəcəyini dediyi üçün o, da bir neçə gün sonra Dilarəyə zəng edib məlumat vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs ilə Gülyanəni həmin universitetə laborant kimi işə düzəltməsi barədə soruşan zaman Dilarə öz tanışı ilə danışdığını və Gülyanəni Qarabağ Universitetində işə düzəltməsi üçün 3500 manat pul istəmişdir. O, da bu barədə Gülyanəyə demişdir. Gülyanə həmin pulu verəməyə razı olduqdan sonra Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən Gülyanənin dediyi ünvana yəni, «Monika» paltar mağazasının qarşısına gəlmişdir. Orada Gülyanə ilə görüşdükdən sonra Gülyanə onun tanışı Dilarə tərəfindən qeyd olunan işə düzəlməsi üçün Dilarəyə çatacaq 3500 manat pulu ona vermişdir. O, 3500 manat pulu Gülyanədən alan zaman yanlarında heç kim olmamışdır. O, pulu götürdükdən sonra getmiş olduğu avtomobilinə əyləşmiş və Dilarəyə zəng edib 3500 manat pulu Gülyanədən götürdüyü barədə məlumat vermişdir. Daha sonra o, Gülyanədən aldığı pulu Dilarəyə vermişdir. Gülyanənin işə düzəlməsi ləngidiyindən Zərərçəkmiş şəxs ona zəng edib 3500 manat pulunu geri qaytarılmasını tələb etmişdir. O, da Təqsirləndirilən şəxs zəng edib Gülyanənin 3500 manat pulunu istədiyini bildirdib 3500 manat pulu geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs da qısa zaman da 3500 manat pulu qaytaracağını bildirsə də Dilarə 3500 manat pulu qaytarmadığı üçün Dilarə onun barəsində Bərdə rayon polis şöbəsinə müraciət etmişdir. Cinayət işinin materiallarına istinadlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 noyabr 2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü il tarixdə Şəki Şəhəri Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 21 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət işinə xitam verilmişdir. Beləliklə Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X10 «Şəki rayon Mərkəzi Xəstəxanası» X7 daxil olmuş 05 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Şəki rayon Mərkəzi Xəstəxanası” X8 Poliklinika şöbəsinin Narkoloji və Psixiatrik kabinetlərinə müraciət etməmiş və qeydiyyatda yoxdur. Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin «Dolmabaxçalar» məhəllə nümayədəsinin 14 fevral 2025-ci il tarixli 23 saylı arayış və xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs Bərdə Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur . xx.xx.2025-ci tarixli Əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 3500 manat pulunu ələ keçirdikdən sonra Şəki rayonu, Qaratorpaq kəndində yaşayan Şahid və hər hansı bir şəxsə pul verməsi faktı müəyyən edilməmişdir. Bundan başqa keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs dələduzluq etməsi barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsini müəyyən etmək mümkün olmamış, o, digər hər hansı bir cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Məhkəmənin istinad etdiyi hüquq və gəldiyi nəticə:

1. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, törədilmiş əməl qəsdən törədilmişdir. Törədilmiş əməl Cinayət Məcəlləsinin 15ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir.

2. Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluğa, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməyə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, həmin Məcəllənin 178.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 7 nömrəli 11 iyun 2015-ci il tarixli Qərarına əsasən, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda baş verir. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərərçəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi dələduzluq kimi qiymətləndirilməlidir. Hazırki iş üzrə cinayət işinin materiallarından və tərəflərin məhkəmədə verdiyi ifadələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şahid və Zərərçəkmiş şəxs tanışlarının əhatəsinin geniş oduğunu, onu pul müqabilində işə düzəldə biləcəyə inandırıb, əslində yalan vəd verib, 3500 manat pulun əldə olunmasına nail olmuşdur. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadədə zərərçəkmiş şəxsi Qarabağ Dövlət Universitetinə laborant vəzifəsinə işə düzəltmək üçün “Bakı şəhərində yaşayan adını xatırlamadığı tanış şəxs” ilə danışdığını bildirsə də, həmin hissədə istintaqda verdiyi ifadəsi məhkəmədə öz təsdiqini tapmamışdır. Həmçinin cinayət işinə əlavə olunmuş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 3500 manat pulu ələ keçirdikdən sonra həmin pulun hər hansı şəxsə verməsi faktı müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatların verdiyinə görə əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”.

3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəllənin) 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə tədqiq olunmuş iş materiallarında olan sənədləri ilə, həmçinin məhkəmədə dindirilmiş təqsirləndirilən, zərərçəkmiş və şahidin ifadələri ilə cinayət əməli sübuta yetirilmişdir.

4. Məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir.

5. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsasların olub-olmaması ilə bağlı məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs ərizəsi və ifadəsindən müəyyən olunur ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 3500 manat zərər ödənilmiş, onun, təqsirləndirilən şəxsə hər hansı şikayət və tələbi yoxdur. Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 72-ci maddənin Qeyd hissəsinin 1-ci bəndinə görə, şəxs Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 noyabr 2024-cü il tarixli Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixində Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş əsasla bir dəfə cinayət məsuliyyətindən azad edildiyindən onun təkrar olaraq məsuliyyətdən azad olunması istisna olunur.

6. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyası həddində cərimə cəzası təyin edilməlidir.

7. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışığın əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini və törətmiş əməldə özünü təqsirli bilərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi.

8. Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə görə, cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixi 4 nömrəli Qərarın 2-ci bəndinə əsasən, təqsirli şəxsə cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır. Cərimə növündə cəza təyin edərkən məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin miqdarı hökm çıxarılan vaxt üçün hesablanmalıdır.

9. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının miqdarı 1500 manat məbləğində müəyyən edilməlidir. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə görə, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Cinayət- Prosessual Məcəllənin 158.2-ci maddəsinə görə, həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırdığı vaxtdan hesablanır. Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs qızı 07 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulub, 09 fevral tarixdə ona ittiham elan olunub və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixi 4 nömrəli Qərarın 20-ci bəndinə əsasən, Cinayət Məcəlləsinin 69.4-cü maddəsi imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Bu qaydada təyin edilmiş cərimə cəzasının miqdarı CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının miqdarının aşağı həddindən də az ola bilər. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 2 gün nəzərə alınmaqla onun üzərində qəti olaraq 1000 manat cərimə cəzası saxlanılmalıdır.

10. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Cinayət-Prosessual Məcəllənin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,

HÖKMETDİ:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1500 (min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin.

2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 2 (iki) gün nəzərə alınmaqla onun üzərində qəti olaraq 1000 (min) manat cərimə cəzası saxlanılsın.

3. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.

4. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

5. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar