Məhkəmə qərarları › İş №1(021)-62/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-62/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-62/2024 16.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X2 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1997-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 3 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 07 ay 17 gün müddətinin iki günü bir gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək ona 09 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bərdə rayonu Gərənə kəndində qeydiyyatda olan və Bərdə rayonu Qaradağlı kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, 01 dekabr 2023-cü il tarixdə saat 18 radələrində Bərdə rayonu Qaradağlı kəndində yerləşən “Gülüstan” şadlıq evinin yaxınlığında saxlanılmış Şahid1 etibarnamə əsasında idarə eldiyi Zərərçəkmiş şəxs məxsus nəqliyyat vasitəsi hesab edilən “VAZ-21074” minik markalı, **-ZL-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək həvəsinə gəldiyindən Şahid1 icazəsi olmadan həmin avtomobilin sükanı arxasına əyləşmiş, mühərriki işə saldıqdan sonra avtomobili hərəkət etdirib qaçıraraq talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 01 dekabr 2023-cü il tarixdə günorta saatlarında Bərdə şəhəri ərazisində yerləşən “Nəqşicahan” şadlıq sarayına tanışının toyuna getmiş, orada spirtli içki qəbul etmiş, toydan çıxaraq piyada yaşadığı evə getməyə başlamışdır. Bərdə rayonu Qaradağlı kəndinə çatdıqda yolun sağ tərəfində qəza baş verdiyini görüb ora yaxınlaşmaq istədikdə yolun sağında ağ rəngli “VAZ-21074” markalı avtomobilin dayandığını görmüş, ürəyi avtomobil sürmək istəmiş, həmin avtomobilin içərisinin boş olduğunu görüb oturmuş, avtomobilin açarı üstündə taxılı olmuş, mühərriki işə salıb oradan uzaqlaşmışdır. Avtomobili Bərdə şəhərinin küçələrində bir qədər sürüb “26-lar” deyilən ərazidə yerləşən işıqfordan sağa döndükdə əks yolda dayanmış “VAZ- 21099” markalı avtomobilin ön tərəfindən vurmuş, sonra avtomobili saxlamadan sürüb getmişdir. Qısa vaxt ərzində DYP əməkdaşları onu saxladaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində onun sərxoşluğu yoxlanıldıqda orta dərəcəli sərxoş olduğu müəyyən olunmuşdur. Şahid1 məxsus olan “VAZ-21074” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobili sürmək məqsədi ilə qaçırmışdır. Zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı maddi imkanı olmadığına görə ödəməmişdir. Törətdiyi əməlindən peşmandır. Söz verir ki, bir daha hər hansı qanunsuz əməl törətməyəcəkdir. Qeyd etdiklərinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs göstərdi ki, özünə məxsus “VAZ-21074” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilini Bərdə rayonu Divanlı kənd sakini Şahid2 baş etibarnamə verərək satmışdır. 2023-cü ilin dekabr ayının əvvəllərində həmin avtomobilin ön hissəsinin əzik olduğunu görüb Bəxtiyara zəng edib nə baş verdiyini soruşduqda sonuncu avtomobilin 01 dekabr 2023-cü il tarixdə axşam saatlarında Bərdə rayon sakini Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən oğurlandığını, Fədanın həmin avtomobili qaçırdıqdan sonra başqa bir avtomobillə toqquşduğunu, daha sonra həmin şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığını demişdir. Bəxtiyara “işinin olduğunu, işğaldan azad olunan torpaqlarda günəmuzd işlərdə işlədiyini, tezliklə gəlib bununla bağlı ərizə verəcəyini” bildirmişdir. Onun işləri olduğundan bir qədər gec, yəni 20 dekabr 2023-cü il tarixdə Bərdə Rayon Polis Şöbəsinə gələrək ərizə vermiş, iş üzrə qaçırılmış avtomobilin mülkiyyəti ona aid olduğundan öz adından ərizə yazmışdır. Avtomobilə dəymiş ziyan ödənilməmişdir, həmin ziyanın ödənilməsini istəyir. Təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, “VAZ-21074” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs məxsus olmuş, qardaşı Şahid2 həmin avtmomobili baş etibarnamə əsasında almasına baxmayaraq avtomobili öz adına keçirməmiş, o isə həmin avtomobili qardaşının verdiyi etibarnamə əsasında idarə etmişdir. 01 dekabr 2023-cü il tarixdə saat 18 radələrində avtomobili idarə edərək yaşadığı evə getmişdir. Bərdə rayonu Qaradağlı kəndində yerləşən “Gülüstan” şadlıq sarayının yaxınlığında avtomobillərin dayandıqlarını görmüş, qəza olduğu qənaətinə gəlib avtomobilini yolun kənarında saxlayıb qəza dayanma işıqlarını yandırmışdır. Avtmobilin mühərrikini söndürüb aşağı düşmüş, qəza yerinə tərəf getmiş, orada iki avtomobilin toqquşduğunu görmüşdür. Salamatlıq olduğunu bildikdən sonra öz avtomobilinin olduğu yerə qayıtmışdır. Lakin avtomobili saxladığı yerdə görməmiş, dərhal oğurlandığını bilib bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Avtomobilini saxlayıb düşərkən açarını üstündə qoymuşdur. DİN-nin 102 xidmətinə zəng edib məlumat verdikdən bir qədər sonra ona məxsus avtomobilin tapıldığını və həmin avtmobili oğurlayan şəxsin Təqsirləndirilən şəxsi Ramil oğlu olduğunu öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, 01 dekabr 2023-cü il tarixdə saat 18 radələrində Bərdə şəhəri “26-lar” adlanan ərazidə yerləşən yaşadığı Elçin Əsədov küçəsindən idarə etdiyi özünə məxsus “VAZ 21099” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə rayon mərkəzinə doğru hərəkət edərək həmin küçədə yerləşən yolayrıcındakı işıqforun qadağanedici qırmızı işığında dayanmış, bu zaman qarşıdan həmin küçəyə dönən ağ rəngli “VAZ-21074” markalı avtomobil dayandığı yerdə gəlib onun idarə etdiyi avtomobilin sol ön tərəfindən vurub dayanmadan hərəkətə davam etmişdir. Avtomobildən düşüb orada gözləmiş, bir neçə dəqiqə sonra həmin yerə Bərdə Rayon Polis Şöbəsinin yol patrul xidməti əməkdaşları gəlmiş, polis əməkdaşları onun avtomobilinin fotoşəkillərini çəkmiş, onunla toqquşub qaçan sürücünün həmin avtomobili qaçırdığını və artıq polis əməkdaşları tərəfindən saxlandığını demişlər. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilin ön sol tərəfi və s. hissələri əzildiyindən ona maddi ziyan dəymişdir. Maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməsini istəmiş, lakin sonuncu avtomobilinə dəymiş ziyanı ödəməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ DYPB YPX-nin inspektoru vəzifəsində işləyən Şahid5 ifadə verərək göstərdi ki, 01 dekabr 2023-cü il tarixdə digər iş yoldaşı Bərdə RPŞ DYPB YPX-nin inspektoru Şahid4 ilə birlikdə xidmətdə olmuşdur. Saat 1845-də Bərdə rayonu Qaradağlı kənd ərazisində Şahid1 idarə etdiyi “VAZ- 21074” markalı, **-ZL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin naməlum şəxs tərəfindən qaçırılması barədə Bərdə RPŞ-nin növbətçi hissəsindən məlumat əldə etmişlər. Dərhal həmin hadisənin baş verdiyi istiqamətdə gedərkən Bərdə şəhər “26-lar” deyilən yerdə Bərdə şəhəri E.Əsədov küçəsinə dönən yolda olan işıqforun yanında yol-nəqliyyat hadisəsinin baş verdiyini görüb dərhal ora yaxınlaşmışlar. Orada Şahid3 məxsus VAZ- 21099 markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz zolağında başqa bir avtomobil tərəfindən ön sol hissəsindən vurulduğunu, həmin avtomobilin axtardıqları “VAZ- 21074” markalı, **-ZL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil tərəfindən vurulub hadisə yerindən uzaqlaşdığını öyrənmişlər. Həmin küçə ilə axtarışlarına davam etmişlər və həmin küçədə “VAZ-21074” markalı **-ZL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili qaçıran şəxsi avtomobilin içində olarkən saxlamışlar. Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə gətirmiş, avtomobili isə duracağa yerləşdirmişlər. Təqsirləndirilən şəxs Bərdə RPŞ-də sərxoşluğu yoxlanılarkən onun orta dərəcəli sərxoş olduğu bilinmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, qardaşı Şahid1 idarə etdiyi “VAZ-21074” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında Zərərçəkmiş şəxs almışdır. Həmin avtomobili qardaşı Natiqin də idarə etməsi üçün ona sürmək üçün etibarnamə vermişdir. 01 dekabr 2023-cü il tarixdə axşam saatlarında evdə olarkən qardaşı Natiq ona zəng edərək idarə etmək üçün verdiyi avtomobilin oğurlandığını, bu barədə DİN-nin 102 Xidməti-Zəng Mərkəzinə zəng edib məlumat verdiyini demişdir. Bir qədər keçdikdən sonra qardaşı Natiq ona zəng edərək avtomobilin tapıldığını və duracaqda olduğunu bildirmişdir. Evdən çıxıb avtomobilin olduğu duracağa getmiş, orada qardaşından avtomobilin kim tərəfindən oğurlandığını və avtomobildə olan zədə izlərinin necə yarandığını soruşmuşdur. Natiq avtomobilin Bərdə rayonu Qaradağlı kənd ərazisindən Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını, daha sonra Fəda adlı şəxsin həmin avtomobil ilə digər bir avtomobili ön hissəsindən vurduğunu demişdir. Avtomobil baş etibarnamə ilə ona aid olduğundan Bərdə Rayon Polis Şöbəsinə gedərək ərizə vermişdir. İş materiallarında olan: AE 079928 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ-21074” minik markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Zərərçəkmiş şəxs adına qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli ƏN-İX 084733 nömrəli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs mülkiyyətində olan “VAZ-21074” minik markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üçün Şahid2 etibarnamə vermişdir. xx.xx.2023-cü il tarixli ƏN-Vİ 800366 nömrəli “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamədən görünür ki, Şahid2 etibarnamə əsasında istifadəsində olan “VAZ-21074” minik markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Şahid1 etibarnamə vermişdir. 01 dekabr 2023-cü il tarixli 1636 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu əlaməti olmuşdur. 12 yanvar 2024-cü il tarixli İlkin qiymətləndirmə aktından görünür ki, “VAZ-21074” minik markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 452 manat məbləğində zərər dəymişdir. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 07 dekabr 2023-cü il tarixli 18-1-28/2-1645/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən “heroin” narkomaniyası diaqnozu ilə Bərdə RMX-nın Poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyata alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs 01 dekabr 2023-cü il tarixdə saat 18 radələrində Bərdə rayonu Qaradağlı kəndində yerləşən “Gülüstan” şadlıq evinin yaxınlığında saxlanılmış Şahid1 etibarnamə əsasında idarə eldiyi Zərərçəkmiş şəxs məxsus nəqliyyat vasitəsi hesab edilən “VAZ-21074” minik markalı, **-ZL-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək həvəsinə gəldiyindən Şahid1 icazəsi olmadan həmin avtomobilin sükanı arxasına əyləşməsi, mühərriki işə saldıqdan sonra avtomobili hərəkət etdirib qaçıraraq talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, o cümlədən başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 dekabr 2023-cü il tarixli 5859 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri ünvan 1 ünvanında yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 dekabr 2023-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bərdə Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 yanvar 2023-cü il səhər 04:30-dan 04 yanvar 2023-cü il saat 11:10-dək müddətdə şübhəli şəxs qismində saxlanıldığı 30 saat 40 dəqiqə, yəni 02 gün, habelə 05 avqust 2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 31 gün olmaqla, cəmi 33 gün həbsdə qaldığı müddət, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(021)-52/2024 saylı qərarına əsasən təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)- 111/2023 saylı 04 sentyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 03 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 07 ay 17 gün müddətinin iki günü bir gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək ona 09 (doqquz) ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 16 sentyabr 2024-cü il tarixdən hesablanması, qərarın icrasının Bərdə Rayon Polis Şöbəsinə və Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə görə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar və 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, təqsirli bilindiyi CM-nin 185.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 8 gün 23 gün müddəti hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 02 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 dekabr 2023-cü il tarixdə tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 04 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Bərdə Rayon Polus şöbəsinin MSY-dən azad edilmişdir. Bərdə Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, barəsində “həbs” qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs tutulub Bərdə Rayon Məhkəməsinin sərəncamına verilənədək cinayət işi üzrə icraatın dayandırılması, qərarın icrasının Bərdə Rayon Polis Şöbəsinə və Gəncə 2 saylı İstintaq Təcridxanasına tapşırılması qərara alınmışdır. “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2024-cü ildə Bərdə rayonu ərazisində tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. CM-nin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin başlanğıcı 16 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan “VAZ-21074” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün həmin avtomobilə baş etibarnamə əsasında sahiblik edən Şahid2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 08 (səkkiz) ay 23 (iyirmi üç) gün müddəti hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “VAZ-21074” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün həmin avtomobilə baş etibarnamə əsasında sahiblik edən Şahid2 qaytarılması nəzərə alınsın. Hökmdən təqsirləndirilən şəxs rəsmi qaydada aldığı, digər proses iştirakçıları isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar