Məhkəmə qərarları › İş №1(021)-63/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-63/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-63/2024 06.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs: 20 avqust 1964-cü ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla vəfat edənədək həmin ünvanda yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, cinayət işinə məhkəmədə baxılan zaman vəfat etmiş mərhum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,409 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edərək üzərində saxlamış, 19 dekabr 2023-cü il tarixdə saat 17:00 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Nüşabə küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 17:45 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli qış gödəkçəsinin üst sol cibindən 1(bir) ədəd şəffaf sellofan kəsiyi bükümündəki göy rəngli kağız bükümdə təmiz çəkisi 0,409 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı məlum olmuşdur ki, iş üzrə Təqsirləndirilən şəxs 22 mart 2024-cü il tarixdə Bərdə rayonunda miokard infarktı səbəbindən vəfat etmişdir. Məhkəmə tərəfindən CPM-in 106-1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin yaxın qohumlarına onun hüquqi varisi qismində tanınmaq istəyini 3 gün ərzində məhkəməyə yazılı surətdə bildirmək barədə mərhum təqsirləndirilən şəxsin yaşadığı ünvana bildiriş göndərilmiş, lakin 20 gün ərzində bildirişə heç bir yazılı münasibət bildirilməmişdir. Məhkəmə baxışı zamanı çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X2 təqsirləndirilən şəxsin ölməsini nəzərə alaraq, cinayət təqibinə bəraət verici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etdi və bununla bağlı yazılı ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında çıxış edən Dövlət ittihamçısı təqsirləndirilən şəxsin ölməsini nəzərə alaraq, mərhum Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirdi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş 19 dekabr 2023-cü il tarixdə «Şəxsi axtarış və götürmə aparılması haqqında» tərtib edilmiş protokoldan görünür ki, həmin gün saat 17:45 dəqiqədən saat 17:57 dəqiqəyədək olan müddət ərzində video çəkilişlə Bərdə RPŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs ona hüquqlarının aydın olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin üst sol cibindən bir ədəd şəffaf paketin içərisində olan göy rəngli bükümün içərisində narkotik vasitə hesab edilən heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynindən “Prima” markalı siqarət, iki ədəd açar və şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsi aşkar edilmiş, bundan başqa heç bir qanunla qadağan olunmuş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 1 ədəd kağız kəsiyi bükümünə baxış keçirilərkən bükümün içərisində narkotik vasitə hesab edilən heroinə bənzər maddə aşkar olunmuşdur. Həmin bir ədəd narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilərək ümumi çəksinin 0,58 qram olduğu müəyyən edilmişdir. Həmin bir ədəd büküm bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmışdır. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqarət və açar özünə qaytarılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirdi ki,üzərindən aşkar olunan narkotik vasitə hesab edilən heroin bükümünü xx.xx.2023-cü il tarixdə Bərdə şəhəri, Nüşabə küçəsində tapmışdır. Daha sonra şəxsi axtarış və götürməni özündə əks etdirən videoçəkiliş bir ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. 20 dekabr 2023-cü il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin video görüntü 11 dəqiqə 15 saniyə müddətdədir və Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3, Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis kapitanı Şahid2 oğlunun və Bərdə rayon Vəkillər Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bərdə RPŞnin TB-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs Azəbaycan Respublikasının CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri X5 tərəfindən izah edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmiş ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olubolmaması soruşulmuş, varsa könüllü olaraq təhvil versin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan qara rəngli qış gödəkçəsinin üst sol cibindən bir ədəd şəffaf sellofan kəsiyi bükümündəki göy rəngli kağız bükümdə olan heroinə bənzər kütləni masanın üzərinə qoymuşdur. X5 şübhəli şəxs Təqsirləndirilən şəxs şəffaf sellofan kəsiyi bükümündəki göy rəngli kağız bükümd nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs “kakos” olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə Şahid1 tərəfindən axtarış keçirilmiş və Təqsirləndirilən şəxs üzərindən “Prima” markalı siqarət, iki ədəd açar və şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Bundan başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi həmin kütləni haradan alması soruşulmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni həmin gün Bərdə şəhəri Nüşabə küçəsindən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd şəffaf sellofan kəsiyi bükümündəki göy rəngli kağız bükümdə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,58 qram olması müəyyən olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd ağ bir ədəd şəffaf sellofan kəsiyi bükümündəki göy rəngli kağız bükümdə olan heroinə bənzər kütlə 01 ədəd ağ rəngli zərfə qoyulmuş, DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya göndəriləcəyi qeyd olunmuşdur. Zərfin üzəri imzalarla təsdiqlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Prima” markalı siqarət və iki ədəd açar özünə qaytarılmışdır. Bununla da, baxış başa çatdırılmış və video çəkiliş yekunlaşmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 bölməsinin 20 dekabr 2023-cü il tarixli 16/1281 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd göy rəngli kağız bükümdə narkotik vasitə hesab edilən heroinə bənzər kütlə...” sözlər və imzalar olan kağız paketdə, 1(bir) ədəd şəffaf sellofan kəsiyi bükümündəki göy rəngli kağız bükümdə təmiz çəkisi 0,409 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olndu ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısının İ bəndinə daxildir. Heroinin təmiz çəkisi 0,409 qram, tədqiqata sərf edildi-0,05 qram qalıq- 0,359 qram. Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserin 26 yanvar 2024-cü il tarixli 115 saylı rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkolji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Bərdə şəhəri, Nüşabə küçəsində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə - heroini əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin, həmçinin, narkotik vasitə və ya onun prekursorlarını, psixotrop maddə satmasını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Xalq Məhkəməsinin xx.xx.1990-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 207-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib əməyə mütləq cəlb olunmaqla 01 il 06 ay şərti cəzasına; Bərdə Rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 207-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinmiş, AR Milli Məclisin xx.xx.1999-cu il tarixli amnistiya qərarı ilə cəzadan azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon Dövlət Arxivindən daxil olmuş 14 nömrəli məktubdan görünür ki, 64 saylı mühafizə edilən Bərdə Rayon Məhkəməsinin 2000-ci ilə aid hökmləri yoxlanılarkən, Təqsirləndirilən şəxs barəsində olan sənədə rast gəlinməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsdən daxil olmuş məktubdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İHB-nin Bərdə şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş 6060 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 4 ünvanında yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş 06 mart 2024-cü il tarixli AZ-İİ 409814 nömrəli ölüm haqqında şəhadətnamənin və TƏBİB “Bərdə rayon Mərkəzi Xəstəxanası” PHŞ-in 03 aprel 2024-cü il tarixli 3183 saylı arayışının surətindən, Bərdə rayon Polis Şöbəsinin 23 aprel 2024-cü il tarixli məktubundan və yaşayış yeri üzrə arayışdan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs 22 mart 2024-cü il tarixdə Bərdə rayonu, Bərdə şəhəri, Nüşabə küçəsi, dalan 4, ev 1də miokard infarktı səbəbindən vəfat etmişdir. Bu haqda ölüm haqqında akt qeydləri kitabında 06 mart 2024-cü il tarixdə 343 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Bərdə rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli məktubundan görünür ki, mərhum Təqsirləndirilən şəxs qeydiyyat ünvanına onun yaxın qohumlarından bildirişi aldıqları gündən 3 gün ərzində mərhumun hüquqi varisi qismində tanınmaq istəyini bildirmələri xahiş edilmiş, həmin istəklərini bildirmədikləri təqdirdə bildiriş alındıqdan 20 gün sonra cinayət işinə müdafiəçinin razılığı ilə bəraətverici əsaslar olmadan xitam veriləcəyi diqqətə çatdırılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxsin müdafiəçisi X1 məhkəməyə ünvanladığı ərizədən təqsirləndirilən Təqsirləndirilən şəxs vəfatı ilə əlaqədar barəsində aparılan 1(021)-63/2024 saylı cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etməsi müəyyən edilir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş şəxslərin ibtidai istintaq zamanı ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,409 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edərək üzərində saxlamış, 19 dekabr 2023-cü il tarixdə saat 17:00 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Nüşabə küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 17:45 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli qış gödəkçəsinin üst sol cibindən 1(bir) ədəd şəffaf sellofan kəsiyi bükümündəki göy rəngli kağız bükümdə təmiz çəkisi 0,409 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət işinin materialları ilə müəyyən edilir ki, barəsində olan cinayət işinə məhkəmədə baxılan zaman CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs 22 mart 2024-cü il tarixdə Bərdə rayonunda miokard infarktı səbəbindən vəfat etmişdir. Bu fakt iş materialları ilə sübut olunmuşdur. Mərhum təqsirləndirilən şəxsin yaxın qohumlarından heç kim qanunvericiliklə müəyyən olunmuş müddətdə onun hüquqi varisi qismində tanınmaq istəyini yazılı surətdə məhkəməyə bildirməmiş, təqsirləndirilən şəxsin müdafiəçisi isə işə bəraət verici əsaslar olmadan xitam verilməsini xahiş etmiş, dövlət ittiahmçısı buna etiraz etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vəfat etdiyindən barəsində olan cinayət işi üzrə icraata bəraətverici əaslar olmadan xitam verilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin vəfat etməsi ilə əlaqədar iş üzrə icraata xitam verildiyindən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri (xərci) olan cəmi 32,40 manat dövlət büdcəsinin hesabına aid edilməlidir. Beləliklə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 106-1.1. Ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. 106-1.2. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində iştirakı olan, yaxud həmin əməllə mənəvi, fiziki və ya maddi ziyan vurulmuş yaxın qohum ölmüş şəxsin hüquqi varisi hesab edilə bilməz. 106-1.3. Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. 106-1.4. Ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. CPM-in 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. CPM-in 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Göstərilənlərə əsasən və CPM-nin 39, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(021)- 63/2024 saylı cinayət işinə Təqsirləndirilən şəxs ölümü ilə əlaqədar müdafiəçisinin razılığı ilə iş üzrə icraata (cinayət təqibinə) bəraətverici əsaslar olmadan xitam verilsin. İş üzrə 32,40 manat ekspertiza xərci dövlət büdcəsinin hesabına aid edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Əsli ilə düzdür Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar