Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-66/2021 30.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxx 1985-ci ildə Bərdə rayonu Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Hacallı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 avqust 2020-ci il tarixdə saat 11 radələrində Bərdə rayonu Hacallı kənd qəbristanlığının yaxınlığından keçən avtomobil yolunun kənarında, qardaşı Zərərçəkmiş şəxs ilə həmin kənd ərazisində yerləşən və Zərərçəkmiş şəxs məxsus olan 0,5 hektar pay torpaq sahəsindən istifadə üstündə aralarında yaranmış şəxsi münasibətlər zəmnində dalaşaraq, əlindəki balta ilə qəsdən bir dəfə Zərərçəkmiş şəxs sağ bud nahiyəsindən, yumruqla sol bazu nahiyəsindən vuraraq sağ bud nahiyəsinin kəsilmiş yarası ilə və sol bazu nahiyəsinin sıyrığı ilə nəticələnən birlikdə dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur Bununla o, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşıdır. Təxminən 8 il əvvəl qardaşı Zərərçəkmiş şəxs 1000 ABŞ dolları pul verərək ondan 0,5 hektar torpaq sahəsi almışdır. Torpağı qardaşından alsa da aralarında rəsmi alqı-satqı olmamışdır. 04 avqust 2020-ci ildə təxminən saat 10 radələrində qardaşı Elzamin ona bildirmişdir ki, Səxavət torpağı özü əkib-becərmək istəyir. Səxavətə zəng edərək torpağı ondan aldığını bildirmiş, aralarında mübahisə yarandığından telefonda bir-birinin ünvanına nalayiq sözlər işlətmişlər. Səxavət ona kəndlərində olan qəbristanlıq yolunun yanına gəlməsini bildirmiş, özü də həmin yerə getmişdir. Səxavət onu görən kimi ünvanına nalayiq sözlər işlətməyə başlamış, onu bir dəfə yumruqla vurmuşdur. Sonuncunu qorxutmaq üçün avtomobilində olan usta baltasını götürərək sağ ayaq nahiyəsindən bir dəfə vuraraq xəsarətləndirmişdir. Səhvini başa düşür, əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxsla barışdığını, ona vurduğu ziyanı ödədiyini qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır. Təxminə 5 il əvvəl qardaşı Cəsarət ona müraciət edərək 0,5 ha torpaq sahəsindən müvəqqəti istifadə etmək istədiyini bildirmişdir. 04 avqust 2020-ci ildə qardaşı Cəsarətə xəbər göndərərək torpaqdan özünün istifadə edəcəyini bildirmişdir. Cəsarət ona zəng edərək acıqlı danlşmış, onu təhqir etmişdir. Sonuncu onu kənd qəbristanlığı yoluna çağırdığından həmin yerə getmişdir. Saat 11 radələrində Cəsarət deyən yerə çatmış, sonuncunun orada onu gözlədiyini görmüşdür. Cəsarət ünvanına nalayiq sözlər işlədərək avtomobilinə yaxınlaşmış, avtomobildən balta götürərək üstünə gəlmişdir. Sonuncunun onunla dalaşmaq fikrinin olduğunu görüb onunla əlbəyaxa olmuşdur. Cəsarət əlində olan balta ilə sağ ayağından bir dəfə vuraraq xəsarət yetirmişdir. Bundan sonra Cəsarət yerdən daş dötürərək ona məxsus avtomobili daşlamağa başlamışdır. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X2 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 04 avqust 2020-ci il tarixli 691 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ bud nahiyəsinin kəsilmiş yarası kəsici xassəyə malik olan əşyanın təsirindən törənmişdir. Ola bilsin ki, balta ilə, sol bazu nahiyəsinin sıyrığı isə küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə-yəni 04.08.2020-ci ilə uyğun gəlir və dərəcəsinə görə birlikdə sağlamlığın qısa müdətdə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 03 fevral 2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 908 saylı 27 noyabr 2020-ci il tarixli arayışdan və xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Hacallı kəndində yaşayır. Təqsirləndirilən şəxs yaşadığı ərazidə kənd sakinləri ilə ünsiyyətinə görə həmyaşıdlarından daim fərqlənmişdir. O, daim kəndin ictimai işlərində yaxından iştirak etmiş, özündən böyüklərə hörmətlə yanaşmış, kiçiklərə nəzakətlə davranmışdır. Təqsirləndirilən şəxs zəhmətsevər bir ailə başçısıdır. Öz ailə üzvlərinə, bacı və qardaşlarına diqqətçil olmağı ilə gənc ailələrə bir nümunədir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40-cı maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxs barışdıqda cinayət təqibi həyata keçirilməyə və ya cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikasının CPM-nin 43.1 və 43.3-cü maddələrinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verildiyindən və o, cinayət məsuliyyətindən azad edildiyindən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qərar qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qərar qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-66/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-66/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver