Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-66/2022 20.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1988-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bərdə Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərarına əsasən barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən Bərdə Rayon Məhkəməsinin 1(021)-101/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, Bərdə rayonu, Şorəlli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 12 avqust 2021-ci il tarixdə saat 1500 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bərdə şəhəri, Sənaye küçəsində yerləşən fərdi yaşayış evinin arxa tərəfində yerləşən pəncərəsinin torunu cırıb evə qanunsuz daxil olmaqla, həmin evin yataq otağında olan çarpayının üzərindəki yorğan-döşəyin arasında saxlanılan 1815 manat məbləğində pul vəsaitini və qonaq otağında olan güzgülü dolabda saxlanılan 360 manat dəyərində 1 ədəd tam protez dişi gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 2175 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, 2020-ci ildə oğurluq etdiyindən Bərdə Rayon Məhkəməsinin hökmü ilə 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bu səbəbdən ayağına elektron nəzarət cihazı taxılmışdır. 12 avqust 2021-ci il tarixdə saat 1500 radələrində Bərdə şəhəri, Sənaye küçəsində piyada gəzişərkən pambıq istehsalı müəssisəsinin yaxınlığında bir ədəd köhnə fərdi yaşayış evi görmüşdür. Evdə heç kimin olmadığına əmin olduqdan sonra evə gizli yolla daxil olub oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə evin arxa tərəfinə keçməklə oradakı pəncərələrdən birinin torunu cırıb içəri daxil olmuşdur. Yataq otağındakı çarpayının üzərinə baxanda yorğan-döşəyin arasında gözünə kağız pul dəymiş, pulu götürüb saydıqda 1815 manat olmasını müəyyənləşdirmişdir. Daha sonra pulu əynindəki şalvarın cibinə qoyaraq evin içərisinə nəzər yetirməyi davam etdirmişdir. Evin digər otağındakı güzgülü dolabın üzərində qızıldan hazırlanmasını hesab etdiyi dişlər olan diş protezi görmüşdür. Qızıl dişləri satmaq məqsədilə protezi də götürüb evdən çıxmışdır. Dişlər qızıl olmadığından protezi xatırlamadığı ərazidə atmışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək işi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ona dəymiş ziyanın ödənilmədiyini qeyd edərək bütün məhkəmə iclaslarına onun iştirakı olmadan keçirib qərar qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə iclasında Azərbaycan Respublikası CPM-nin 329-cu maddəsinə əsasən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Laçın rayonundan məcburi köçkündür və anası X2 ilə birlikdə Bərdə şəhəri, Sənaye küçəsində yerləşən pambıq istehsalı müəssisəsinin həyətində məskunlaşaraq yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, özünə məxsus olan “VAZ-21074” markalı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olaraq özünü və anasını dolandırır. Anası isə məskunlaşdıqları evin yaxınlığındakı pambıq istehsalı müəssisəsində işləyir. Təxminən bir il yarım əvvəl anasının dişləri xarab olduğundan Bərdə rayonu Əyricə kəndində yaşayan, adını xatırlamadığı həkim anası üçün diş protezi düzəltmiş, həmin protezin üzərində olan dişlərin 3-ü titan materialdan hazırlanmışdır. Həmin protezin hazırlanması üçün diş həkiminə 360 manat pul versə də, anası çox vaxt protezi taxmamışdır. 12 avqust 2021-ci il tarixdə saat 1430-da anası ilə birlikdə evdən çıxmışdır. Anası Qaratel işləri ilə əlaqədar iş yerinə getmiş, özü isə Bərdə şəhəri ərazisində olmuşdur. Saat 1600 radələrində anası mobil telefon vasitəsilə ona zəng edərək evlərindən oğurluq olduğunu demişdir. Dərhal evə qayıdıb pəncərənin torunun cırıldığını və oradan evə daxil olunduğunu görmüşdür. Bundan sonra evin yataq otağındakı çarpayının üzərinə yığılmış yorğan-döşəyin arasını yoxlayıb 1815 manat pulun yerində olmadığını aşkarlamışdır. Həmin pulu hadisədən təxminən 1-2 ay əvvəl "xxxx" ASC-nin Bərdə filialından götürdüyü kreditin xərclənməmiş hissəsi olmuşdur. Daha sonra anası ona diş protezinin də oğurlandığını söyləmişdir. Əvvəlcə, oğurluq hadisəsinin yaxın qohumları tərəfindən törədildiyini zənn etdiyi üçün hüquq mühafizə orqanlarına məlumat verməmiş, oğurluq edən şəxsi müəyyən edə bilmədiyindən 08 sentyabr 2021-ci il tarixdə Bərdə rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Laçın rayonundan məcburi köçkündür, oğlu Zərərçəkmiş şəxs ilə birlikdə Bərdə şəhəri, Sənaye küçəsində yerləşən pambıq istehsalı müəssisəsinin yaxınlığında məskunlaşıb yaşayır. "xxxx" ASC-nin Bərdə filialında fəhlə işləyir. Oğlu İskəndər isə özünə məxsus olan “VAZ-21074” markalı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Təxminən bir il yarım əvvəl dişləri xarab olduğundan Bərdə rayonu Əyricə kəndində yaşayan Qulam adlı həkim onun üçün diş protezi düzəltmiş, həmin protezin üzərində olan dişlərin 3-ü titan materialdan hazırlanmışdır. Protezin hazırlanması üçün İskəndər diş həkiminə 360 manat pul versə də, çox vaxt protezi taxmamışdır. 12 avqust 2021-ci il tarixdə saat 1430-da oğlu ilə birlikdə evdən çıxmışdır. İşləri ilə əlaqədar iş yerinə getmiş, İskəndər isə Bərdə şəhərinə yollanmışdır. Həmin gün saat 1600 radələrində evə qayıtdıqda pəncərənin torunun cırıldığını və oradan evə daxil olunduğunu görmüşdür. Dərhal mobil telefon vasitəsilə İskəndərə zəng edib evə gəlib-gəlmədiyini soruşmuş, sonuncu evə gəlmədiyini bildirmişdir. Bir qədər sonra İskəndər evə gələrək yataq otağındakı çarpayının üzərinə yığılmış yorğan-döşəyin arasını yoxlayıb oradakı 1815 manat pulun yerində olmadığını aşkarlamışdır. Həmin pul vəsaiti İskəndər tərəfindən hadisədən təxminən 1-2 ay əvvəl "xxxx" ASC-nin Bərdə filialından götürdüyü kreditin xərclənməmiş hissəsi olmuşdur. Daha sonra oğluna diş protezinin də oğurlandığını söyləmişdir. Əvvəlcə, oğurluq hadisəsinin yaxın qohumları tərəfindən törədildiyini zənn etdiklərindən hüquq mühafizə orqanlarına məlumat verməsələr də, oğurluq edən şəxsi müəyyən edə bilmədiklərindən İskəndər 08 sentyabr 2021-ci il tarixdə Bərdə rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, yaşadığı ev anası Qaratel və qardaşı İskəndərin yaşadığı evə bitişik yerləşir. Anası "xxxx" ASC-nin Bərdə filialında fəhlə işləyir. İskəndər isə özünə məxsus olan “VAZ-21074” markalı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Anasının dişləri xarab olduğundan təxminən 1 il əvvəl İskəndər anası üçün diş protezi düzəltdirmişdir. Həmin protezin hazırlanması üçün İskəndər diş həkiminə 360 manat pul versə də, anası çox vaxt protezi taxmamışdır. 12 avqust 2021-ci il tarixdə günorta saatlarında qızı ilə birlikdə Bərdə şəhərində yerləşən gözəllik salonuna getmiş, anası və qardaşı həmin vaxt evdə olmuşlar. Həmin gün saat 1600 radələrində anası mobil telefon vasitəsilə ona zəng edib evdən oğurluq edildiyini demişdir. Bir qədər sonra evə qayıtmış və anasıgilin yaşadığı evə oğru girdiyini, yataq otağındakı çarpayının üzərinə yığılmış yorğan-döşəyin arasında saxlanılan 1815 manat pul vəsaitini və anasının protez dişini oğurladığını öyrənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1246 saylı 24 fevral 2022-ci il tarixli rəyindən müəyyən edilir ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən protez dişlər sifariş əsasında bir şəxs üçün hazırlanır. Belə ki, protez dişlər pərakəndə satış üçün nəzərdə tutulmur və bu səbıbdən də protez dişlərin orta bazar satış qiyməti üzrə qiymətləndirmə aparılmır. Beləliklə, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 12 avqust 2021-ci il tarixdə saat 1500 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bərdə şəhəri, Sənaye küçəsində yerləşən fərdi yaşayış evinin arxa tərəfində yerləşən pəncərəsinin torunu cırıb evə qanunsuz daxil olmaqla, həmin evin yataq otağında olan çarpayının üzərindəki yorğan-döşəyin arasında saxlanılan 1815 manat məbləğində pul vəsaitini və qonaq otağında olan güzgülü dolabda saxlanılan 360 manat dəyərində 1 ədəd tam protez dişi gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 2175 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 170 saylı 17 fevral 2022-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Güloğlular kənd İƏD üzrə nümayəndəliyinin Şorəlli kəndində yaşayır. Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə özünü intizamlı aparmış, qeyri normal hərəkətlərə yol verməmişdir. İctimai yerlərdə davranışı müsbət olmuşdur. Müsbət davranışı ilə yoldaşları arasında özünə hörmət qazanmışdır. Onun barəsində Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 29 iyun 2018-ci il tarixli AZ-T 067834 saylı və 26 sentyabr 2018-ci il tarixli AZ-İV 157954 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, 23 may 2013-cü il təvəllüdlü X3 və 18 sentyabr 2018-ci il təvəllüdlü X4 ata qrafasında atası kimi Təqsirləndirilən şəxs qeyd edilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 1(021)-101/2020 saylı 14.09.2020-ci il tarixli hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 22.04.2020-ci il tarixdən 24.04.2020-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 1 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, üzərinə Bərdə rayonu Şorəlli kəndindəki yaşayış evini axşam saat 2200-dan səhər saat 0700 qədər tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 7(021)-136/2021 saylı 28 dekabr 2021-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, təqdimat təmin edilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)-101/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən dərhal azad edilməsi, Təqsirləndirilən şəxs üzərindən məhkumluğunun götürülməsi qərara alınmışdır. Azərbaycan Respublikasının CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, habelə onun əvvəllər də oğurluq cinayətinə görə məhkum olunmasınına baxmayaraq islah olunmamasını və yenidən oğurluq cinayətini törətməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 20 dekabr 2021-ci il tarixli protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 20 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs haqqında “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 ay həddində müəyyən edilmiş, həbsdə saxlama müddətinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan-20 dekabr 2021-ci il, saat 2030-dan hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 20 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 24 fevral 2022-ci il tarixli 9/1246 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs- Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 20 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-66/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-66/2022
20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver